Ramil Səfərov azadlıqda!!!

 

Fitnəkar erməni zabiti ağır cəzalandırmağa məcbur olmuşdu.

 

Budapeştdə neçə il məhbus həyatı yaşadı

  

Budapeştdə məhbus həyatı yaşayan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov dünən saat 13.40-da "Azərbaycan Hava Yolları" Şirkətinin xüsusi reysi ilə Bakıya gətirilib və Vətənə ayaq basan kimi ölkə prezidentinin sərəncamı ilə əfv edilib.

Bəlli olduğu kimi, Ramil Səfərov Azərbaycan bayrağını və xalqını təhqir edən Ermənistan zabiti Qurqen Markaryanı qətlə yetirdiyi üçün 2006-cı ildə Budapeşt paytaxt məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilmiş və hökmə görə onun yalnız 30 il cəza çəkdikdən sonra şərti azadlığa buraxılması hüququ müəyyən olunmuşdur. Buna baxmayaraq Azərbaycan ictimaiyyəti milli bayrağı və bütöv bir xalqı təhqir edən düşmən zabitini öldürmüş bu gəncin heysiyyətini anlamış və onu haqlı sanmış, azad olunmasını vacib bilmişdir.

Bu hadisənin ağır psixoloji təsirini yaşayan erməni tərəf isə Qərbdəki milyonçuları hesabına bu gənci həbsxanada öldürmək üçün yollar aramışlar. Lakin bunu bacarmamışlar. Macar tərəf məhbusun həyatını çox ciddi bir şəkildə mühafizə etmişlər. Buna görə macarıstan hüquq-mühafizə orqanları təşəkkürə layiqdirlər.

Ailəsi qaçqın həyatı yaşayan Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda doğulub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün İzmirə göndərilib.

Orada Maltəpə hərbi liseyini uğurla bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Müdafiə Nazirliyinin sərəncamı ilə Gədəbəydəki N saylı hərbi hissədə taqım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvarında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın paytaxtı Budapeştdə keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da məlum hadisə baş vermişdir. Kurslarda iştirak edən erməni zabiti Qurqen Markaryanı onun layiq olduğu tərzdə cəzasına çatdırmışdır. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.

Belə ki, ölkə prezidenti ordu zabiti Səfərovun əfv edilməsi barədə Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərar verib.

Qərarda qeyd olunur ki, 1977-ci ildə doğulmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikası vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilsin. II.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov məsələnin hüquqi tərəfini APA-ya belə izah edir ki, Ramil Səfərovun qaytarılması "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası əsasında həyata keçirilib. Azərbaycan bu sənədə 2000-ci ildə qoşulub. Konvensiyada məhkum olunmuş şəxsin cəza çəkməsi üçün başqa ölkəyə verilməsinin şərtləri, bu hüquqi tədbirin həm hökm çıxarmış dövlət, həm də şəxsin verildiyi dövlət üçün nəticələri təsbit olunmuş, müvafiq sorğuların verilməsi və onların cavablandırılması qaydasını tənzimləyən müddəalar əksinin tapıb. Bu müddəalara əsasən, Macarıstanın müvafiq dövlət orqanları ilə əlaqələr qurulubRamil Səfərovun vətənə qaytarılması ilə bağlı intensiv danışıqlar aparılıb.

Uzun hazırlıq işinin nəticəsi olaraq bizim Ədliyyə Nazirliyi tərəfindən Macarıstanın Dövlət İdarəetmə və Ədliyyə Nazirliyinə Səfərovun ölkəmizə verilməsinin şərtlərini əks etdirən rəsmi sorğu göndərilib. Macarıstandan müsbət cavab alındıqdan dərhal sonra zabitin Bakıya gətirilməsinin texniki məsələlərinin həlli üçün işə başlanılıb.

Fuad Ələsgərov etiraf edir ki, bu işin biz istəyən kimi həllində problemlər olub, çünki proses elə əvvəldən siyasiləşdirilmişdi. Erməni lobbisi onun Azərbaycana verilməsinə ciddi mane olurdu. Ələsgərov qeyd edir ki, bu müddət ərzində Səfərovun ölkəmizə verilməsi məsələsi daim Azərbaycan prezidentinin şəxsi nəzarətində olmuşdur. Bununla bağlı prezident tərəfindən yüksək səviyyəli danışıqlar aparılıb, onun göstərişinə əsasən məsələnin həlli üçün bütün zəruri tədbirlər görülüb. Son nəticədə zabitin Vətənə dönməsi dövlət başçısının beynəlxalq arenada şəxsi nüfuzu sayəsində mümkün olub.

Fuad Ələsgərov xatırladır ki, Ramin Səfərov Ermənistanın işğalı altında olan Cəbrayıl rayonundandır. Məcburi köçkün həyatı yaşayıb. Bir çox yaxınlarını itiribbu faciələr onun gözü qarşısında cərəyan edib, uşaqlıq yaddaşına həkk olunub. Azərbaycan Ordusunun zabiti kimi NATO tədbirlərinə qatılanda isə erməni zabitlərinin ona qarşı daimi provokasiyaları, Azərbaycan bayrağını və xalqını təhqir etməsi nəticəsində uşaqlığında bütün bu faciələri yaşamış bir insanın emosional vəziyyətini təsəvvür etmək olar.

Prezidentin verdiyi sərəncama gəldikdə, "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasının müddəalarına görə bu müqavilənin iştirakçısı olan istənilən dövlət öz Konstitusiyasına, yaxud digər hüquqi aktlarına uyğun olaraq verilmiş şəxsi əfv edə bilər, onun barəsində amnistiya tətbiq edə və cəzasını azalda bilər. Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən onun əfv edilməsi dövlət başçısının müstəsna səlahiyyətidir və Prezident bu səlahiyyətindən istifadə edib.

Ramil Səfərov və ailəsi bu günü səbirsizliklə gözləyirdilər. o gün gəlib çatdı. Pamil Səfərov sınmadı. Orada hər gün idmanla məşğul oldu, televiziya vasitəsilə ölkəsinin həyatı ilə nəfəs aldı. Vaxtını boşuna keçirmədi və qardaş macar dilini mənimsədi və bu birbaşa bu dildən kitablar tərcümə etdi...

Bu qəfil və qəfil olduğu qəədər də sevindirici hadisə ölkəmizin siyasi mühitində ciddi rezonans doğurmuşdur. "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov demişdir ki, Ramil Səfərovun azadlığa qovuşmasının Azərbaycanın növbəti qələbəsi olduğunu ermənilər başa düşməlidir. Təbii ki, bu bir siyasi məsələ olduğu qədər də azərbaycanlılar və ermənilərin baxış bucağından hərbi-psixoloji məsələ idi. Biz üstün gəldik...

Ölkənin siyasi partiya və təşkilat rəhbərləri Ramil Səfərovun azadlığa qovuşmasını ümumən yüksək qiymətləndirir, belə bir rəy də var ki, zabitin rütbəsi bərpa olunmalı və xidmətini davam etdirməsinə, hətta layiqli hərbi vəzifə tutmasına imkan yaradılmalıdır.

Deputat Qüdrət Həsənquliyev APA-ya açıqlamasında deyir:

"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı Ramil Səfərovun çoxsaylı ailə üzvləri və yaxınları - dinc insanlar ermənilər tərəfindən vəhşicəsinə qətlə yetiriliblər. Baş verən bu hadisələrdən Ramil Səfərov və onun sağ qalmış ailə üzvləri ciddi mənəvi sarsıntı keçiriblər. Bu baxımdan Ramil Səfərovun onu və Azərbaycan bayrağını təhqir edən Ermənistan zabitini qətlə yetirməsinin səbəbi aydın və anlaşılandır. Şübhəsiz ki, Ramil Səfərov bu əməli güclü ruhi sarsıntı vəziyyətində törətmişdi və belə hallarda ən çox 3 ilə qədər həbs cəzası nəzərdə tutulur. Ramil Səfərov isə bu hadisəyə görə 3 qat artıq cəza çəkib və onun azadlığa buraxılması həm hüquqi, həm də mənəvi baxımdan tamamilə ədalətli qərardır".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bu hadisəni Qarabağın azad olunmasının başlanğıcı sayır.

İrəvanda, deyəsən, bu hadisəni kin və qəzəblə qarşılayıblar. Yəqin ki, tozanaq qaldırmağa başlayacaqlar. Onları anlamaq olar: bu zabitin həyatına son qoymaq üçün sərf etdikləri çox böyük pullar batıb, hər halda. Xəbərlərə görə, dünən Ermənistan prezidenti Serj Sarqsyan Milli Təhlükəsizlik Şurasını fövqəladə toplantıya çağırıb. APA-nın "Armenpress"ə istinadən verdiyi məlumata görə, S.Sarqsyan toplantıya BMT üzvü olan ölkələrin Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərlərini və ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçilərini də dəvət edib.

 

Ramil Səfərov hərbi xidmətini davam etdirməyə hazırdır

 

Bakı hava limanında Azərbaycan pasportu alan Ramil Səfərovun ətrafına çoxlu insan yığışıb. Həyatında baş vermiş bu unudulmaz hadisəni özü üçün "bir az gözlənilməz" hesab edir. Ata evində onun gəlişi münasibəti ilə qurban kəsilib. Atası Sahib Səfərov deyib ki, "Ramilin belə tezliklə gələcəyini gözləmirdim"

Azərbaycana qaytarılmasına, əfv olunmasına görə ölkə prezidenti, Ali Baş komandan İlham Əliyevə təşəkkür edib: "Səkkiz il yarım qürbətdə təkadamlıq kamerada qalsam da, bir gün də ümidimi itirmədim. Vaxtı çatanda Ali Baş komandan məsələni həll etdi. Mən bundan sonra da dövlətimə, millətimə xidmət etməyə hazıram".

Deyir:

"Azərbaycana qayıtmağımdan çox xoşbəxtəm. İnsanın həyatında elə anlar olur ki, onu sözlərlə ifadə etmək çətin olur. Hazırda mən də belə hisslər keçirirəm. İlk növbədə humanist bir addım olaraq əfv sərəncamı imzalayaraq həbsimi başa çatdıran prezident, Ali Baş Komandan İlham Əliyevə həm öz adımdan, həm də ailə üzvlərim adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm".

Səfərov ona göstərilən dəstəyə görə minnətdarlığını da ifadə edib: "Ədliyyə Nazirliyinə, ölkəmizin Budapeştdəki səfirliyinə, bu işdə əziyyət çəkən hər bir kəsə təşəkkürümü bildirirəm. Bütün Azərbaycan xalqını salamlayıram. İllər ərzində mənə və ailə üzvlərimə göstərdikləri diqqətə və qayğıya görə dərin minnətdarlığımı bildirirəm".

Səfərov hərbi xidmətini davam etdirəcəyi barədə ona ünvanlanan suala cavabında bunu mümkün saydığını deyib. Erməni zabiti qətlə yetirdiyi gün barədə suala isə "Mən o günə qayıtmaq istəmirəm" cavabını verib.

Ramil Səfərov Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edibbu ziyarət zamanı onu çoxsaylı vətəndaşlar müşayiət edib. Ziyarət zamanı "Ramil!", "Qarabağ!", "Qarabağı azad edəcəyik!" şüarları səsləndirilib.

 

 

İ.Umudlu,

 

İdrak Abbasov    

    

Ayna.- 2012.- 1 sentyabr.- S.4.