Mən də uşaq olmuşam

 

Yaqub Zurufçu Təbrizli günlərindən danışırdı

 

Gözəl bir tabloya, əzəmətli bir memarlıq abidəsinə, çiçəklərlə- güllərlə qol-boyun olan şehli çəmənə və ən nəhayət, istedadlı, ecazkar səsli, böyük səhnə mədəniyyəti olan bir ifaçıya qulaq asanda gözümüz dincəlir, könlümüz rahatlanır, ruhumuz qidalanır. Bir anlıq olsa da xəyal səni lap uzaqlara çəkib aparır. Getdikcə getmək, xəyal dünyasından ayrılmaq istəmirsən. O gün də eləydi. Bu ecazkar səsin sahibi ilə görüşəndə ömrünün ən gözəl çağlarından qayğısız, şirin uşaqlıq illərindən, Təbrizli günlərindən, analı-sonalı vaxtlarından, dost-yoldaşlarının səmimiliyindən danışdıqca-danışdı:

- "Mən də uşaq olmuşam" deyəndə Yaqub Zurufçu uşaqlıq illərinin hansı anını xatırlayır, görəsən?

- 7-8 yaşımda nələr olub, demək olar ki, hamısını xatırlayıram. Balaca vaxtımdan başlamışam oxumağa. Məhəllədə, dostlarımın yanında oxuyurdum həmişə. Heç vaxt yadımdan çıxmayacaq bir hadisə oldu bir dəfə. Müəllimim mənim yaxşı səsim olduğunu kimdənsə eşidibmiş. Dərsə gələndə məni çağırdı lövhəyə ki, gəl, bir mahnı oxu, görüm necə oxuyursan. Çıxdım lövhəyə, nə qədər elədim, oxuya bilmədim, sinif yoldaşlarımın, müəllimimin baxışlarından utandım, özümü itirdim. Müəllimin israrlı xahişindən sonra üzümü divara tərəf çevirib "Girdim yarın bağçasına" oxudum. O gün keçirdiyim hissləri heç vaxt unutmuram, çox maraqlıdı ki, hər dəfə səhnəyə çıxanda o gün gəlir yenə gözlərimin önünə, utancaqlıq hissləri yenə də bürüyür məni, bir müddətdən sonra tərk edir.

- "Dil açanda ilk dəfə ana söyləyirik biz. Ana dili adlanır bizim ilk dərsliyimiz." Sevimli şairimiz Bəxtiyar Vahabzadənin məşhur şeirindən misralardır. Bəs, sizdə necəydi, ana dilindəydimi dərsliyiniz?

- Yox, təəssüf ki, ana dilimizdə deyildi. Yadımdadı, birinci sinfə getmişdim. Müəllimim, adı Əfqan idi, dedi ki, "baba, nan dad". Yanımda oturan Məmməddən soruşdum ki, o, nə deyir? Uşaqdan soruşduğumu eşidən müəllim məni elə vurdu ki, gözlərimdə od parladı, qapını açıb birbaşa evə qaçdım. Ağladım, anama dedim ki, mən bir daha məktəbə getməyəcəm. Anam böyük qardaşımla birgə götürüb apardı müəllimin evinə. Dedi ki, bilmir, öyrədin, daha döyməyin mənim uşağımı. Beləcə, başa düşdüm ki, istəməsəm belə, özgə dildə danışmağı, yazmağı, oxumağı öyrənməliyəm. Və öyrəndim.

- Şimal - Cənub. Coğrafiyada buna cəhətlər deyirlər. Bilmək istəyirəm ki, Şimal - Cənub kəlməsini ilk dəfə nə vaxt eşitdiniz? Başqa sözlə, vətənin bölünmüş olduğunu dərk edəndə neçə yaşınız var idi?

- Lap balacalıqdan eşitmişdim. Atamın balaca radiosu var idi. Axtarıb tuturdu Bakı dalğasını. Musiqilərə qulaq asa-asa kədərlənirdi. Bax o vaxtdan bildik vətənin ikiyə bölündüyünü. Cənublu-Şimallı olduğunu.

O vaxtdan könlümün quşu qonmuşdu Bakıya. Bu yerlərdə olmaq istəyirdim.

- Uşaqlıq illərinin sevinci çox olur, yoxsa kədəri? Bilirsizmi niyə soruşuram? Uşaqlıq illəri ağır, çətin keçən insanlarla söhbətləşəndə görürəm ki, o ağır illər danışdıqca şirinləşir sanki. Hər bir acı həyat hekayətlərini elə şirin, elə zövqlə danışırlar ki, elə bil bu ağır həyatı onlar deyil, başqası yaşayıb.

- Sevinci çox olur, əlbəttə ki. Mən 4 il əvvəl oldum Təbrizdə. Ayaq açıb gəzdiyim, dil açıb danışdığım, suyundan içdiyim, havasından udduğum o yerləri gəzdim qarış-qarış. Uşaqlığımı, uşaqlıq dostlarımı aradım. Atamın qəmli, kədərli simasını, anamın nəmli gözlərini axtardım o yerlərdə. Balaca Yaqubu soraqladım. Tapmadım, tapa bilmədim. Doğulduğum şəhər də, o məhəllə də, yaşadığım ev də olduğu kimi qalıb. Təbrizim adi günlərindən birini yaşayırdı o gün.

Ancaq adamlar başqaydı, sakinləri başqalarıydı. İndi o məhəllədə, o evdə Yaqub Zurufçunu xatırladan ancaq xatirələrdi, acılı, şirinli xatirələr....

- Nə vaxtsa, bir anlıq olsa belə, uşaqlığınıza qayıtmaq istəmisizmi?

- İstəyirəm. Deyirəm ki, kaş yaşadığım bu ömür bir yuxu olaydı, bir nağıl, xəyal olaydı. Təzədən dönüb uşaq olaydım. Yenə də anamın mənə söylədiyi o nağıllardan ağ atlı oğlan çapıb keçəydi, yenə də göydən üç alma düşəcəyini gözləyə-gözləyə yuxuya gedəydim. Yenə də səhərdən axşamacan çox sevdiyim voleybol oynamağa qaçaydım. Yenə də tor tapmayıb, ipdən tor çəkib oynayaydım. Acanda dostlarımla cibimizdə nə varsa toplayıb gedib yemək yeyəydik. Getdi o günlər. Getdi o təmizlik, səmimilik, saflıq. Qaldı uşaqlığımda, qaldı Təbrizimdə. Qaldı xəyallarımda...

- "Ayrılıq" ilə tanıdılar, sevdilər sizi bu vətəndə. Bəlkə də bir başqası oxusaydı, sıradan bir lirik mahnı kimi qarşılanardı. Amma sizin ifanızda, sizin səsinizdəki yanğı, nisgil, kədər daha populyarlıq qazandırdı mahnıya, elə ifaçısına da. Dərdnən sirdaş olanlar, sevgililərindən ayrı düşənlər, yurdu-yuvası viran qalanlar, əzizlərini itirənlər bu mahnıya qulaq asıb könüllərini ovundurdular. Bilmək istərdim, sizi belə göynədən, sızladan təkcə vətən sevgisi, vətən ayrılığıdı, yoxsa bizim bilmədiyimiz nəsə var yenə?

- Taleyimdəndi bu yanğı, bu sızıltı, göynərti. Vətəni parça-parça bölünən necə olmalıdı, neçə oxumalıdı? Tək ikiyə bölünüb bu torpaq? Hanı Borçalı? Haradadı Dərbənd? Bəs Təbrizin halı necədi, bilən varmı? Bəs Zəngəzur? Qarabağ? Daha haralar, daha nələr, deyə bilmədiyim hələ neçə-neçə dərdlər... Bax bu dərdlərdən, kədərdən, ələmdən gələn damla-damla göz yaşımı səsimə, "Ayrılığa" yönəltdim. Atamın sızıltılarını da əlavə elədim bu ayrılığa. Ona görə çox göynəyir, göynədirəm.

- Hər dəfə Azərbaycana gələndə hansı hissləri keçirirsiz, bəs dönəndə necə olursuz?

- Mən ilk dəfə 1989-cu ildə gəldim Bakıya. Aeroporta düşdüyüm günü keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Qeyri-ixtiyari yaş süzülürdü gözlərimdən. İçimdən bir hayqırmaq, sanki bütün dünyaya eşitdirəcək bir səslə qışqırmaq və hər kəsə bildirmək istəyirdim ki, mən burdayam, gəlmişəm, vətənimdəyəm və daha məni bu torpaqdan heç kim ayıra bilməz. Həmin gün bütün gecəni belə yatmadım, şəhəri qarış-qarış gəzdim, gözümə, könlümə köçürdüm Bakımı. Təbrizimin əkizi, əksi kimi sevdim Bakını.

- Bütün ayrılıqların sonu vüsalla bitəydi kaş...

- Mən səhnə adamıyam. Səhnədə olana hamı tamaşa edir. Yəni tamaşa etmək üçün yaranıb səhnə. Bu məkanda bəzən möcüzə də baş verə bilir. Həyat da belədi. Dünyaya göz açırıq. Hər birimizə ayrılan zaman və məkanda yaşayırıq. Taleyimizi, qədərimizi bilmədən yaşayırıq. Yaşadığımız zamanda da, məkanda da, elə qədərimizdə, taleyimizdə də möcüzə baş verə bilər hər an. Mən indi o möcüzənin olacağına çox ümidliyəm. Gözləyirəm, gözləyə-gözləyə "Vüsal"ı düşünürəm. Və inanıram ki, "Ayrılıq" necə qaldısa yaddaşlarda, "Vüsal" ondan da möhtəşəm olacaq. Yaşından asılı olmayaraq bu mahnının hər kəsin dilinin əzbəri olacağına heç bir şübhəm yoxdur. "Ayrılıq var sonu şirin vüsaldı. Ayrılıq var sonu yoxmuş, ay aman!!!" Gözləməkdən yorulduq axı...

 

 

Bəturə NƏBİYEVA 

 

Ayna.- 2012.- 8 sentyabr.- S.20.