Sərxan Sərxan: "Özümü Bakıda ancaq bir qonaq kimi görürəm"

 

Hətta buranın atmosferində özünü yad hesab edir

 

Uzun illərdir Moskvada yaşayan azərbaycanlı sənətçi Sərxan Sərxan Azərbaycan şou-biznesində köhnə mahnıları ilə xatırlanır. İldə bir neçə dəfə Bakıya yolu düşür. Amma Moskvadakı işindən nisbətən razı qalıb, bura təməlli dönmək barədə düşünmür. Arabir köhnə mahnıları ilə yaddaşları təzələməklə kifayətlənir. Deyir:

- Planımda heç bir layihə yoxdur. Sadəcə, ildə iki-üç dəfə Vətənə gəlir və yaxınlarıma baş çəkirəm. Burada hər şey çox dəyişib. Özümü Bakıda ancaq bir qonaq kimi görürəm. Artıq buranın səhnəsi mənə heç uyğun gəlmir. Lap açıq desəm, burada özümü yad hesab edirəm.

Bəzi sənətçilər puldan ötrü ancaq toy səhnəsində olurlar. Səhnə mədəniyyəti yoxdur, olan da artıq ölüb. Mənim mədəniyyətim isə toy mədəniyyəti ilə uyğun gəlmir. Ona görə də özümü burada heç görmür və buranın atmosferini özümə yad hesab edirəm.

- Azərbaycan toylarının səviyyəsi ilə də razı deyilsiniz...

- Bəli, razı deyiləm. Ona görə ki, adət-ənənə itib, heç kim bir-birinə qulaq asmır. Şəhər əhalisi, ziyalılardan ibarət toy olanda qonaq kimi iştirak edir beş mahnı oxuyub gedirəm. Moskvada da toylar, yubileylər olur və məni çağırırlar. Ancaq Moskva mərasimlərində daha çox ziyalılar olur. Burada mən qonaq kimi toya getmişdim və gördüklərim məni təəssüfləndirdi. Fikir verdim ki, heç kəs müğənniyə qulaq asmır, heç səsə qulaq asmır ki, görək bu nə oxuyur, necə oxuyur? Çox qəribədir, müxtəlif səbəblərə görə Bakıdan Moskvaya gedən azərbaycanlılar oxuyana diqqətlə qulaq asırlar. Bu da bir mədəniyyətdir, dinləyici mədəniyyəti...

- Bunlardırmı sizi Azərbaycandan uzaqlaşdıran?..

- Bəlkə . Öz sənət yolumu Moskvadan başlamışam. Moskvada populyar olub buraya gəlmişəm. Əvvəl heç bilmirdilər ki, Bakıda Sərxan adında biri var. Ancaq biləndən sonra, yəni Moskvada məşhurlaşandan sonra nazirlikdən göstəriş verildi ki, bəs niyə Sərxan orada çalışır, gəlsin Azərbaycana və burada çalışsın. Sərxanın yanında Azərbaycanın adı olması da çox ağıllı düşünülmüş, reklam qazanmaq üçün yaxşı addım idi. Ölkəni həmişə idmançı və sənətçi reklam edir. O zamanlar mən Bakıda çox konsertlər verirdim. Yaşıl Teatrda, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, qəsəbələrdə konsertlər verirdim. Məndən çox konsert verən olmayıb.

- Deməli, birdəfəlik gəlmək fikriniz yoxdur.

- Tutaq ki, birdəfəlik gəldim. görəcək, işlə məşğul olacağam. Bəlkə lap qocalanda, artıq əldən düşəndə gəlib burada yaşamağa qərar verdim.

- Moskvada konsert proqramlarınız, çıxışlarınız olurmu? Qastrol səfərlərinə gedirsiniz?

- Əlbəttə, silsilə konsertlərim təşkil olunur. Müxtəlif ölkələrdə, eləcə Rusiyanın şəhərlərində konsertlər verirəm. Xaricdəki konsertləri ruslar özləri təşkil edir.

- Yeni sənətçilərdən kimləri tanıyırsınız?

- Əslində maraqlanmıram, heç tanımıram da. Yeniləri çoxdur, qoy olsun, amma gərək bir-birini didməsinlər , yeməsinlər.

- Bəs Azərbaycana gələndə hansı sənətçi ilə əlaqə saxlayırsınız?

- Ancaq Cavan Zeynallıya zəng edirəm, görüşürük, söhbət edirik. Onunla məhəllə uşağıyıq. Söhbətimizdə nostalji hisslər üstünlük təşkil edir. Başqa heç kimlə görüşmürəm.

- Bu gün müxtəlif ölkələrdə konsertlərlə çıxış edən, Moskvada yaşayan azərbaycanlı Sərxan getdiyi hər yerə Azərbaycanın adını özü ilə aparırmı?

- Əlbəttə, aparıram. Bir müddət əvvəl Moskvada yaradıcılıq gecəm keçirildi. Mən Sovet Azərbaycanının əməkdar artistiyəm. Düzdür, indi o ölkə yoxdur, amma özümü necə təqdim edə bilərəm, axı indiki ölkənin adı məndə yoxdur. Məndə olan ancaq 1986-cı ildə aldığım bu addır. İndiki dövrdə ümumiyyətlə fəxri ada ehtiyac da yoxdur, çünki bu gün buna o qədər də önəm verilmir. O dövr keçdi getdi. O zamanlar əməkdar artist adını almaq çox çətin idi. Mənim heç xəbərim də yox idi ki, mən bu adı almışam, öz adımı qəzetdən oxudum. O zaman heç nə indiki kimi deyildi. Çox insan, elə müğənnilər də Azərbaycandan çox şey umur. Ancaq mən qətiyyən heç nə ummuram, əksinə, hesab edirəm ki, mən özüm Azərbaycana nə isə verməliyəm. Yeni mahnılar, yeni yaradıcılıq uğurları...

- Yaşınızdan çox cavan görünmənizin bir sirri varmı?

- Əlbəttə, var. Bunun əsas sirri münasibətdir... Mənim tamaşaçılara səmimi münasibətim. Əgər mən qonorar məsələsini fikirləşsəydim, saçım ağappaq olacaq, ürəyim ağrıyacaq, tez əldən düşüb qocalacaqdım. Mən özümü bu baxımdan çox xoşbəxt hesab edirəm. Gör necə xoşbəxtlikdir ki, səndə belə imkan var: insanların qarşısında çıxış edir, onların sevgisini qazanırsan. Sənə hələ pul verirlər. Heç verməsələr də, sən onsuz da xoşbəxtsən. Bu sənətə çox böyük məhəbbətlə və məhz sənətə görə gəlmişəm, daha qonorara görə yox... Bütün bunlar da insanı cavan saxlayır. Həm də axı mənim içimdə paxıllıq yoxdur. Paxıllıq hissi insanı tez qocaldır. Bilirsiniz, insan nə qədər ucalsa da, yüksəklərdə olsa da, hər zaman düşünməlidir ki, hələ də heç nə eləməyib. Bu da insanın cavan qalmasına kömək edir. Nə zaman ki, insan elə bilir ki, artıq hər şey edib, yüksəkdədir, hamıya yuxarıdan aşağı baxır, özünü hamıdan üstün tutur, bax o zaman tez qocalır.

- Eşitmişik ki, Moskvada özünüzə iş qurmusunuz...

- Bu barədə heç zaman düşünməmişəm, heç düşünmərəm də. Bu, sənətimə də, özümə də xəyanət olardı. Bir tikə çörəyim var, mən niyə başqa işlə və ya bizneslə məşğul olmalıyam? Mənim münasibətim belədir. Yoxsa Bakıda baxırlar ki, kim hansı maşında gəldi, kim hansı evdə yaşayır, kimin villası çoxmərtəbəlidir. İnsan özü-özünü təqdim etməlidir, daha maşınla, evlə yox. Maşına meymun da minir, indi yaxşı maşında gəzən meymunla salamlaşmalıyam ki, a, bu nə yaxşı adamdır!.. Bakıda mənə heç maşın da lazım deyil...

 

 

Şəms

 

Ayna.- 2012.- 15 sentyabr.- S.21.