Əgər gələcəkdə yaxşı pensiya istəyiriksə...

 

Hər bir işləyən şəxsin gələcək pensiya təminatında birbaşa rol oynaması lazım gəlir

 

Sovet pensiya təminatının maliyyə modeli, habelə pensiyaçıların sayının müntəzəm olaraq artması mövcud pensiya sisteminin sabit fəaliyyətinə mənfi təsir göstərirdi. 1992-ci ilə qədər Azərbaycanda qanunvericilik bazası sovet pensiya sisteminin prinsiplərinə əsaslanırdı. Nəticədə pensiya sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğu müşahidə olunurdu. Bununla yanaşı, pensiya sisteminin mürəkkəbliyi, pensiya məbləğinin üzərinə çoxlu sayda müavinət və əlavələrin hesablanması, müxtəlif dövrlər üçün fərqli hesablama qaydasının tətbiqi subyektiv amillərə şərait yaradırdı.

Vətəndaşların pensiya məbləğlərinin sığorta ödəmələrinə görə deyil, hansı güzəştli kateqoriyaya aid olmasına görə fərqləndirilməsi sosial ədalət prinsipinin pozulması ilə nəticələnirdi.

Əhalinin sosial müdafiəsi sistemində köklü dəyişikliklərin başlanğıcı "Azərbaycanda Pensiya İslahatı Konsepsiyası"nın (2001-2005-ci illər) reallaşdırılması ilə qoyulub. Konsepsiya islahatın mahiyyətini təşkil edən sığorta-pensiya və sosial yardım sistemlərinin bir-birindən ayrılmasını, sığorta münasibətlərinə əsaslanan pensiya sisteminin qurulmasını ifadə edirdi.

2006-cı ildən sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemlərinin bir-birindən ayrılması və beynəlxalq standartlar əsasında fəaliyyət göstərməsi təmin edildi. Bu gün həmin sistem sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərməkdədir.

Həyata keçirilən islahatlarla, keçmiş sovet dönəmindən qalmış pensiya sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun yaratdığı çoxsaylı problemlərin aradan qaldırılmasına tam nail olunub. Azərbaycanın sığorta-pensiya sistemində üçpilləli pensiya təminatı müəyyənləşdirilib. Əmək pensiyalarının baza hissəsi dövlət tərəfindən mütləq rəqəmlə təyin olunur. Sığorta hissəsi fərdi hesabda şərti olaraq uçota alınan və real pul kütləsi olmayan pensiya kapitalına əsasən hesablanır. Yığım hissəsinin isə fərdi hesabda real olaraq toplanan pensiya kapitalına görə təyin olunması nəzərdə tutulur.

Əvvəlki pensiya sistemində pensiya məbləğlərinin müəyyən olunma metodikası əsas problemlərdən biri idi. Həmin qayda kişilər üçün 25 il, qadınlar üçün 20 il iş staj tələbi ilə son 24 ayın və ya bundan əvvəlki istənilən ardıcıl 60 ayın əməkhaqqına məhdudiyyət tətbiq edilməklə hesablamaların aparılmasına əsaslanırdı. Qeyd olunan iş stajına malik şəxs orta aylıq əməkhaqqı məbləğinin 60 faizini pensiya şəklində ala bilir, iş stajı bundan çox olduqda, hər il üçün 2 faiz əlavə olunur, lakin maksimal 85 faiz hədd qoyulurdu. Beləliklə əməkhaqqının çox da böyük olmaması və staj tələbinin sərtliyi pensiya məbləğlərinin aşağı olmasını şərtləndirirdi.

Yeni sistemlə ölkə iqtisadiyyatının inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensyalar həlqəsi qurulub ki, bu şəraitdə sosial sığortaya cəlb olunan əməkhaqqlarının artımı pensiya artımlarını da şərtləndirir. Yəni ayrı-ayrı pensiyaçı səviyyəsində yanaşdıqda, bu, hər bir şəxsin pensiya şəklində alacağı vəsaitlərin ödənilən sosial sığorta haqları ilə əlaqələndirilməsi deməkdir və burada pensiyaların artırılması üçün əsas hədəf sosial sığorta haqları kimi ödənən və fərdi hesablarda qeydə alınan pensiya kapitallarının artırılmasıdır.

Əgər 35-40 il iş stajı ilə hazırkı orta aylıq əməkhaqqı və sosial sığorta normativlərinin şərti olaraq sabit saxlamaqla aparılan hesablamaya diqqət etsək, sistemin 65 faizdən yuxarı əvəzetmə əmsalına malik olduğunu görərsiniz. Bu o deməkdir ki, hər bir şəxs işlədiyi dövrdə sosial sığorta haqlarının tam ödənilməsinə nail olarsa, sistem ona aldığı əmək haqqının 65 faizini qaytaracaqdır.

Özü də fərdi hesaba toplanan məbləğlər hər il inflyasiyaya uyğun indeksləşdirilir ki, bu da sistemin sosial sığorta haqqı ödəyiciləri qarşısında etibarlılığının nümunəsidir.

Azərbaycanda yeni sığorta-pensiya sisteminə keçidin xarakterik xüsusiyyətlərindən biri əvvəlki sistemlə əhatə olunmuş insanların da bu sistemlə əhatə olunmasıdır. Sosial müdafiənin Azərbaycan modelinin əsas cəhəti ondan ibarətdir ki, bu proses, digər keçid dövrü ölkələrində olduğu kimi, "şok" effekti ilə deyil, əvvəlki sistemlə əhatə olunmuş insanların davamlı sosial müdafiə tədbirləri vasitəsilə yeni şəraitə mərhələlərlə tam inteqrasiyası yolu ilə reallaşdırılıb.

 

Hər bir işləyən şəxs özünün gələcək sosial müdafiəsini təmin edə bilər

 

Beləliklə, sığorta prinsiplərinə əsaslanan pensiya sisteminin ədalətliliyini artırmaq istiqamətində atılan addımlar pensiyaların məbləğinin hər kəsin sistemə verdiyi paya uyğun təyin edilməsi tezisini ortaya çıxardı və bu da sosial müdafiə sistemlərinin inkişafının ən müasir istiqamətlərini müəyyənləşdirdi. Fərdi uçot sisteminin tətbiqində əsas məqsəd ödənilən məcburi dövlət sosial sığorta haqqı ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin təmin edilməsi idi.

Fərdi uçot - qanunvericiliyə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 1 yanvar 2006-cı ildən tətbiq olunan "Əmək pensiyaları haqqında" qanuna əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Cari ilin birinci yarısında dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədilə davam etdirilən tədbirlər nəticəsində, sistemdə fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 mln. nəfəri ötüb. Belə ki, bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 80 889 vətəndaşa sosial sığorta nömrəsi verilibonlar üçün fərdi hesab açılıb. 01.07.2012-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 047 743 nəfərə çatıb. Sığortaolunanların 56,2 faizi kişi, 43,8 faizi isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,8 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21 faizini 30 yaşa kimi vətəndaşlar, 23,1 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 21,7 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,4 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

 

Pensiya sisteminə maliyyə dəstəyi idarəedilən olmalıdır

 

Bu sistemdə qazanılan uğurlarla yanaşı, ekspertlər catışmazlıqların da olduğunu söyləyirlər. Belə ki, hazırkı mərhələdə Azərbaycanda sosial müdafiə xərclərində dövlət transfertləri mühüm rol oynayır. Lakin DSMF mütəxəssisləri bildirirlər ki, sosial müdafiə xərclərinin ümumi daxili məhsula nisbətinə yalnız fondun xərcləri baxımından yanaşmaq doğru olmazdı. Azərbaycanın başqa ölkələrlə müqayisədə vəziyyəti fərqlidir. Çünki Azərbaycanda böyük sayda qaçqın və məcburi köçkün var və onların ehtiyacları üçün kifayət qədər böyük məbləğ ödənilir. Həmçinin dövlət büdcəsindən əhaliyə ödənən sosial yardım və müavinətlər də sosial xərclərin mühüm tərkib hissəsidir. Ümumilikdə baxdıqda, bu xərclərin ÜDM-yə nisbəti hər il yüksəlir və gələn il 6,8 faiz təşkil edəcəkdir.

Bununla bağlı DSMF sədri Səlim Müslümov mətbuata açıqlamasında deyir:

"Əgər neft ixracından daxil olan vəsait və ya digər mənbə hesabına pensiya siseminə əlavə maliyyə dəstəyindən söhbət gedirsə, bu proses də idarəedilən olmalıdır. Ən azı ona görə ki, sosial təbəqəyə verilən hər hansı bir məbləğ heç vaxt azaldıla bilməz və artırılma istiqamətində davam etməlidir. Lakin bu heço anlama gəlməməlidir ki, gələcəkdə əvəzetmə əmsalının artırılması üçün dövlət daim pensiya sisteminə məqsədli transfertlərin ayrılmasını davam etdirməlidir. Doğrudur, hazırkı mərhələdə xərc artımında yürüdülən siyasət təkçə pensiyaçı kimi sistemə qoşulanların maliyyələşdirilməsindən deyil, minimumorta aylıq pensiya məbləğlərinin dövri artırılmasından da ibarətdir. Bunun da əsas səbəbipensiya sistemi ilə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının yerinə yetirilməsidir".

Fond sədri deyir ki, Avropa ölkələri səviyyəsində daha yüksək pensiya təminatına nail olmaq hər birimizin arzusudur:

"Bu bizim əsas hədəfimizdir. Amma bununla yanaşı qəbul etməliyik ki, biz bunun üçün ilk növbədə həmin yüksək pensiya məbləğlərini verəcək pensiya sistemini formalaşdırmalı və inkişaf etdirməliyik. Bu sisemin isə öz qanunları, inkişaf prinsipləri var. Burada təkcə istəklərlə davranmaq mümkün olsaydı, nə biz, nə də bütün dünya ölkələri sərt bazar qanunlarına cavab verən sistemləri yaratmaq və prinsiplərini qorumaq məcburiyyətində qalmazdı. Əgər biz gələcəkdə pensiyaların sürətli artımını istəyiriksə, sistemin inkişafı üçün hər bir işləyən şəxs səy göstərməli, öz gələcək pensiya təminatında birbaşa rol oynamalıdır. Əsas hədəf işləyənlərin yerlərində rəsmiləşdirilməsinə və əməkhaqqının tam leqallaşmasına nail olmaq, bu yolla sosial sığorta haqları kimi ödənən və fərdi hesablarda qeydə alının pensiya kapitallarını artırmaqdır".

 

 

Məqalə Dövlət Sosial Müdafiə Fondunun "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu: İnkişafın 20 ili" mövzusunda müsabiqəyə təqdim edilir.

 

 

A.Əhmədova   

 

Ayna.- 2012.- 15 sentyabr.- S.16.