Əkrəm Rəhimli - 80

 

Güneylə nəfəs alan alim

 

Ata məzarı o tayda, ana məzarı bu tayda...

 

Azərbaycan MEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan bölməsinin rəhbəri, görkəmli alim Əkrəm Rəhimli 80 yaşını qeyd edir. Əkrəm müəllim məhsuldar alimdir. Güney Azərbaycan şöbəsinə gələn gündən indiyədək "Güney Azərbaycan" ensiklopedik məlumat kitabı (Ş.Tağıyeva və S.Bayramzadə ilə birlikdə), "Güney Azərbaycanda milli-demokratik hərəkat" (1941-1946),"Seyid Cəfər Pişəvəri", "Doktor Salamulla Cavid", "Parçalanmış millətin harayı" kitablarının müəllifi, tərtibçisi və redaktoru, güneyli müəllif Səməd Sərdarniyanın "Arazın hər iki sahilində soyqırım" və "İrəvan müsəlman sakinli şəhər olmuşdur" kitablarının, "Məşrutə hərəkatı 100", "Ş.M.Xiyabani hərəkatı" məqalələr toplusunun elmi redaktoru olmuşdur. İranGüney Azərbaycanın indiki problemlərinə aid elmi məqalələri İran, Türkiyə, Almaniya, Kanada və Bakıda müxtəlif dərgilərdə çap olunub. Hazırda "Güney Azərbaycan Pəhləvilər dövründə" (1925-1979) elmi tədqiqatını başa çatdırmaq üzrədir. XX əsrin 80-ci illərində yazdığı "Çağdaş İranda aqrar kəndli məsələsi" kitabını çapa hazırlayıb.

Danışır ki, ömrünün 50 ildən çoxunu Şərqşünaslıq İnstitutunun kollektivinin əhatəsində keçirmiş, burada hər zaman səmimiyyət, mehribanlıq, qayğı görmüşdür. Həmid Araslı, Əbdülkərim Əlizadə, Ziya Bünyadov, Aida İmanquliyeva kimi görkəmli şərqşünaslarla bir yerdə çalışıb, onlardan həmişə dəstək görüb. İnstitut elmi şurasının üzvü, Cənubi Azərbaycan şöbəsinin rəhbəridir. Güney Azərbaycanı öyrənən alimlərə elmi yardımını əsirgəmir.

Parçalanmış Azərbaycanın ağrılarını öz şəxsi həyatında yaşayır Əkrəm müəllim. Atasının məzarı o tayda, anasının məzarı bu taydadır. Tez-tez ata-anasından, ailə dramından danışır. Atası Rəhim kişi Güneydən Qazax şəhərinə gəlib burada özünə babat güzəran qurubmuş. Dükanı, kiçik bir mehmanxanası varmış. Əkrəm də 1932-ci ilin sentyabrında Qazaxda dünyaya göz açıb. Lakin 1938-ci ildə məlum hadisələr baş verir: Rəhim kişi həbs edilirsonra ailəliklə bütün güneylilər kimi İrana deportasiya olunurlar. Onlar Mərənd əyalətinin Dizə kəndindəki baba evinə qayıdırlar. Rəhim kişi - bu sadə, siyasətdən uzaq, əməksevər adam 1939-cu ildə həbs edilir. Həbsxanada ağır məşəqqətlər görür və az sonra vəfat edir.

7-8 yaşında atasız qalan Əkrəm anası Saranın himayəsində yaşayır, babadan qalmış bağı və kiçik əkin sahəsini hissə-hissə satan anası övladlarını təhsildən ayırmayaraq, onları cəmiyyətə, vətənə yararlı övlad kimi böyüdür. Və sonra müharibə... Əkrəm müəllim danışır:

- Azərbaycanda yerli məktəblərdə tədris farsca aparılmaqla yanaşı, ana dilində danışmaq şagirdlərə yasaq edilmişdi. Azərbaycanca kim danışsa, "xəbərçilər" bunu dərhal müdiriyyətə çatdırırdı. Bir gün məktəbin həyətində dərsdən sonra məhəllədə futbol oynamaq haqda ana dilindəki söhbətimizi müdiriyyətə çatdırmışdılar. Zəng çalındı, şagirdlər siniflər üzrə cərgəyə düzüldülər. Əlinə heyva çubuğu almış, qəzəbli müdir məni, qonşu Əhmədi və Yunisin adını çəkib, qabağa çıxmağımızı əmr etdi. O, bizə farsca "boynu yoğun tərbiyəsizlər, məgər deməmişik ki, türkcə danışmaq yasaqdır?" Biz and-aman etdik ki, türkcə danışmamışıq. Faydası olmadı. Mən onda 3-cü sinifdə oxuyurdum, 10 yaşım hələ tamam deyildi. Bu zalım müdir heyva çubuğu ilə əllərimizə 12 zərbə endirdi. Ovcumuz od tutub yanırdı. Bu cəza ilə ürəyi soyumayan müdir əmr etdi, əvvəlcədən hazırlanmış və üzərində "bizim məktəbin qanmaz şagirdləri" yazılmış karton parçalarını boynumuzdan asdılar və növbəti zəngə qədər məktəbin həyətinin düz ortasında iki əlimizi və bir ayağımızı yuxarıda saxlamağa məcbur etdi. İdman müəllimini isə bizə nəzarətçi qoydu... Bir dəfə isə sinif yoldaşım bilmədən mənimlə türkcə danışdığı üçün hər ikimizi zirzəmidə yerləşən qaranlıq və havasız su anbarında 45 dəqiqə "həbsdə" saxladılar.

Əkrəm müəllim nisgilli söhbətinə davam edir:

- Müttəfiq qoşunları İrana daxil olandan, Rza şah qaçandan sonra siyasi durum müəyyən qədər "yumşaldı". Xalq öz azadlıq hərəkatına başladı. Təbiətcə zirək, dilli-dilavər, qorxmaz bir qadın olan anam da, qardaşım İsmayıl da bu hərəkata qoşulmuşdular. Onların hər ikisi 1945-ci il "21 Azər" (12 dekabr) hərəkatının fəal iştirakçısı idilər. Xalq Azadlıq Ordusunda (Fədailər dəstəsi) fəaliyyətinə və igidliyinə görə İsmayıl Azərbaycan Milli Hökumətinin ali məkafatı "21 Azər" medalı ilə təltif olunub. Güneydə 9 il yaşadıq. Bircə il - Azərbaycan Milli Hökuməti ilində (1945-1946) azadlığın şirinliyini daddıq, milli kimliyimizə qayıtmaq imkanı əldə etdik. Yadımdadır, 1946-cı ilin yanvarında təhsil aldığım farsdilli məktəbdə Azərbaycan Milli Hökumətinin maarif naziri Məhəmməd Biriyanın imzası ilə "bundan sonra Azərbaycan məktəblərində təhsil ancaq ana dilində - azərbaycanca keçirilsin" əmrinin oxunuşu indiyədək qəlbimdə xoş xatirə kimi yaşayır...

Milli hökumət yıxılandan sonra ailəliklə yenidən Quzeyə dönürlər. Yenidən Qazaxa gəlirlər. Burada ali təhsil alır. Elm yolunu tutur. Bütün şüurlu həyatı boyu Güney Azərbaycanla - ata yurdu ilə nəfəs alıb bu dəyərli insan. Müstəqilliyimizin bərpasınadək Əkrəm Rəhimli quzeydə "vətənsiz" ("vətəndaşlığı olmayan") pasportu ilə yaşayıb. Bu il isə Fatma xanımla ailə həyatı qurduğunun 50-ci ili tamam olur. AYNA adından ağsaqqal alimin 80 yaşını və "qızıl toyunu" təbrik edir, onlara cansağlığı arzulayırıq.

 

 

S.Sədrəddin 

 

Ayna.- 2012.- 22 sentyabr.- S.8.