Üzeyir Hacıbəyli -
127
Əbədiyyətə
qovuşmuş böyük şəxsiyyət
Dünya
professional musiqi mədəniyyətinin meydana gəlməsi və
formalaşması prosesi Qlük, Montoverdi, Hendel, Korelli, Bax,
Haydn, Motsart, Bethoven, Brams, Şopen, List, Berlioz, Bize, Qrik, Rodriges,
Qlinka, Çaykovski, Smetana və b. adları ilə əlaqələndirilir.
Bu adlar bir çox milli çoxsəsli
professional musiqi mədəniyyətlərinin simvoludur.
Belə bir adı qazanmaq o qədər də
asan deyildir. Yalnız öz xalqının mənəvi-mədəni
dəyərlərinə əhəmiyyət verən,
onları zamanın tələbinə uyğun bədii bir
şəkildə əks etdirə bilən sənətkarlar əbədiyyətə
qovuşa, xalqının hafizəsinə və milli mədəniyyətinə
daxil ola bilərlər. Bu böyük şəxsiyyətlərdən
biri də Üzeyir Hacıbəyli idi.
Azərbaycan çoxsəsli musiqi mədəniyyətinin
yaradıcısı sayılan Üzeyir bəy öz
çoxyönlü fəaliyyəti (bəstəkarlıq,
musiqişünas-alim, tənqidçi, ssenarist, jurnalist, tərcüməçi,
pedaqoq və s.) ilə fərqlənən, eyni zamanda,
professional musiqi mədəniyyətinin formalaşması
yolunda çalışan, bir-birindən gözəl əsərləri
ilə Azərbaycan və XX əsr dünya musiqi mədəniyyəti
tarixinə damğasını vuran bir isimdir.
Dünyanın bir çox
tanınmış bəstəkar və
musiqişünasları Üzeyir Hacıbəylinin, həqiqətən
də, nadir bir şəxsiyyət olmasını etiraf
etmişlər. Bu baxımdan XX əsrin ən
tanınmış bəstəkarlarından sayılan
Dm.Şostakoviç, S.Prokofyev, R.Glier, B.Asafyev, Y.Belyayev və
b. tərif ilə söylədikləri sözlər
xüsusilə böyük önəm daşımaqdadır.
Üzeyir bəy XX əsrin əvvəllərində
demokratik prinsipləri müdafiə edən, milli dəyərlərin
bəşəri dəyərlər səviyyəsinə kimi
yüksələ biləcəyinə inanan, eyni zamanda, bu dəyərin
heç də milli dəyərlərə düşmən
olmadığını görən böyük Azərbaycan
mütəfəkkirləri Əli bəy Hüseynzadə, M.Ə.Rəsulzadə,
Cəlil Məmmədquluzadə, M.Ə.Sabir və
başqaları ilə eyni ideoloji platformada idi.
Hələ Qori Seminariyasında oxuduğu
illərdə skripka çalmağı öyrənir, klassik
dünya bəstəkarlarının əsərləri ilə
tanış ola bilir. Peterburq Konservatoriyasında oxuduğu
zaman isə öz professional təhsil və bəstəkarlıq
texnikasını daha da inkişaf etdirməyə
başlayır. Bəstəkarlıq, harmoniya, polifoni, orkestrləşdirmə,
partitura oxunuşu kimi dərsləri o zamanın
tanınmış musiqiçilərindən alan Üzeyir bəy
gələcəkdə öz yaradıcılığında
onlardan ustalıqla istifadə etmişdi.
Komediyalarının musiqi parçaları
bu gün də Azərbaycanda musiqisevərlərin dilindən
düşmür, buradakı gülüş, yumor dolu səhnələr
isə hər zaman gülüş, xoş bir əhvali-ruhiyyə
doğurur. "Arşın mal alan" isə eyniadlı film
kimi də dünyanın bir çox ölkələrində
sevgi qazanmışdır.
Hələ 1908-ci ildə səhnələşdirdiyi
"Leyli və Məcnun" operasında zamanının
tanınmış musiqiçi və aktyorlarını bir
araya gətirmiş, öz zamanı üçün mükəmməl
bir opera əsəri yarada bilmişdir. Muğamların emosional
məzmununu gözəl bilən Üzeyir bəy operasında
bu xüsusiyyətlərdən məntiqi bir şəkildə
istifadə etməklə yanaşı, operanın əsas
ideya-məzmununun açılmasını təmin edə
bilmişdir.
"Leyli və Məcnun" (1908),
"Şeyx Sənan" (1909), "Rüstəm və
Zöhrab" (1910), "Əsli və Kərəm" (1910),
"Şah Abbas və Xurşid Banu" (1911), "Harun və
Leyla "(1915) kimi səhnə əsərlərinin bir
çoxu günümüzə qədər öz estetik təsir
gücünü saxlamaqdadır. Ölməz "Leyli və Məcnun"
operası isə 600-dən çox səhnə həyatına
baxmayaraq, bu gün də Azərbaycan opera səhnəsini
şərəfləndirməkdədir.
Bəstəkarın 1937-ci ildə opera səhnəsinə
gətirdiyi "Koroğlu" haqlı olaraq əski Sovet
İttifaqı dönəmində əhəmiyyətli bir
hadisə olaraq dəyərləndirilmişdir. Üzeyir bəy
müasir opera estetikasının bütün prinsiplərinə
riayət edərək son dərəcə milli bir opera əsəri
yarada bilmişdi. Bəstəkar bu əsərin mətnini
Türk soylu xalqlar arasında əsrlərdən bəri ad
qazanmış, eyniadlı ozan-aşıq dastanından
almışdı. Vətənsevərlik, mərdlik, cəsarət
və saf insani duyğuları ifadə edən opera tez bir
zamanda böyük rəğbət qazandı. Onun
"Bolşoy Teatr" kimi bir sənət ocağında səhnəyə
qoyulması, həqiqətən, o dövrün ictimai-mədəni
həyatında mühüm bir hadisə kimi dəyərləndirildi
və bəstəkar dövrün ən yüksək
mükafatlarına layiq görüldü.
Əsərdə professional bir şəkildə
yazılmış ariyalar, duetlər, kvartetlər,
reçitativlər, xor və orkestr parçaları və s.
ilə rastlaşarsınız.
"Koroğlu" operası
günümüzə qədər Azərbaycan çoxsəsli
musiqi mədəniyyətinin zirvəsini təşkil etməkdədir.
Bu əsərin ifasında xüsusi xidmətləri olmuş
tanınmış solist Bülbülün rolunu xüsusilə
qeyd etmək lazımdır. Koroğlunun ariyası yalnız
onun ifasında öz yüksək bədii zirvəsinə
çata bilmişdi.
Nigar xanım surəti də SSRİ Xalq
Artisti, opera solisti Firəngiz Əhmədovanın məharətli
ifasında hafizələrdə yaşamaqdadır.
Dönəmin aktual mövzularına
(qadın azadlığı, ictimai ədalət,
savadsızlıq və s.) diqqət çəkən sənətkar
mənfi halları gülüş və yumor ilə
qamçılaya bilirdi. Bu musiqili komediyalarda onun güclü
bir yumor ustası olduğu, gülüşün mürəkkəb
psixologiyasına (incə yumor, satira, qrotesk, ironiya) dərindən
aşinalığı üzə çıxır.
"Koroğlu" kimi "Arşın
mal alan" və "Məşədi İbad"
komediyaları da kino dilinə çevrilmiş və
dünyanın bir çox ölkələrində uğurla səsləndirilmişdir.
"Arşın mal alan"ın vaxtilə ABŞ-da belə
filmə alınması bir gerçəkdir. Bu musiqili komediya
bir çox dünya dillərində səhnələşdirilməkdədir.
Tanınmış rus bəstəkarı
Tixon Xrennikov deyirdi: "Üzeyir bəy hələ mənim
yaradıcılıq fəaliyyətimin ilk mərhələsində
mənə dəstək olmuşdu. Bunu mən "Tufana
Doğru" operamı tamamladığım zaman hiss etdim. O
zaman Ü.Hacıbəyli bu ilk əsərimin müdafiəsinə
qalxdı, çünki bəziləri Sovet operasında
mahnı (lied) istiqamətinin əleyhinə idilər".
Bənzər bir fikri Aram Xaçaturyan da
etiraf etmişdi: "Sənətdə ilk addımlarıma
başladığım zaman bu nüfuzlu və
ağıllı adam, gözəl bəstəkar mənə dəstək
oldu, mənim seçdiyim xətti təqdir etdi".
Bəstəkarın İkinci Dünya
müharibəsi ərəfəsində Səməd
Vurğunun sözlərinə yazdığı
"Yaxşı yol", "Vətən Ordusu",
"Şəfqət bacısı" kimi mahnıları
nikbin vətənpərvərlik ruhu ilə günümüzə
qədər öz estetik təravətini saxlamaqdadır.
Üzeyir bəyin şəxsi təşəbbüsü
ilə Bakı Konservatoriyasına Prof.Rudolf kimi məşhur
harmoniya müəllimi, Bretanitski kimi skripka müəllimi,
Knyazkov kimi fleyta, Brenner və Şaroyev kimi fortepiano
pedaqoqları və musiqiçiləri dəvət olunmuş,
artıq o zamanlar ad qazanmış Qlier kimi bir bəstəkar
da dəvət edilmişdir. Qlier burada "Şahsənəm"
operasını yazmışdı və bu opera Azərbaycanda
çoxsəsli musiqinin, eyni zamanda musiqi
ifaçılığının, opera solistlərinin
yetişməsində önəmli rol oynamışdir.
Üzeyir Hacıbəyli bu gün də sənət
dünyasında bir məktəb olaraq işıq
saçmaqdadır.
Babək
QURBANOV
Ayna.-
2012.- 22 sentyabr.- S.20.