Davud
Kazımovun fərdi sərgisi açıldı
Onun
"səyahət coğrafiyası" genişdir
Milli İncəsənət
Muzeyində Davud Kazımovun fərdi sərgisi
açılıb və bu sərgi bir neçə gün davam edəcək. Sərgidə rəssamın
60-a qədər əsəri nümayiş
olunur.
Xalq rəssamı Davud Kazımov (1926) ilk sənət
dərslərini rəssamlıq dərnəyində məşhur
rəssam Kamil Xanlarovdan
alıb, 1945-ci ildə Azərbaycan Dövlət Rəssamlıq
Məktəbini bitirib, 1947-ci ildən isə
respublika və ümumittifaq
sərgilərinin daimi
iştirakçısı olub.
Yaradıcılığının erkən dövrlərində
çəkdiyi ilk əsərləri
"Zuğulba", "Dəniz sahili" kiçik həcmli
lirik mənzərələri, incə koloriti ilə seçilir.
Fırça
ustasının yaradıcılığında bir vaxtlar əmək mövzusu üstün yer tutub, sonralar
kənd və rayonlara səfərlərinin
nəticəsində onun rəsmlərinə
bölgələrdə yaşayan
insanların həyat tərzi, adət-ənənələri,
etnoqrafik özəllikləri, rəngarəng milli
geyimləri köçmüşdür. Bu əsərlər müxtəlif sərgilərdə
böyük rəğbət qazanıb.
"Xəzərin təkində",
"Sağıcılar", "Yollar"
və s. bu kimi rəsmlərində rəssamın öz təbiətinə xas
səmimiyyəti, insanlara məhəbbəti
rənglərin dili ilə
inandırıcı təsir bağışlayır.
Davud Kazımov milli
təsviri sənətdə istedadlı qrafika
ustası kimi də tanınır. Bir vaxt kitab
illüstrasiyası sahəsində daha çox çalışıb. Bu sıradan Cəlil Məmmədquluzadənin,
Cəfər Cabbarlının hekayələrinə, Mirzə Əli
Möcüzün şeirlərinə
çəkilmiş rəsmləri ayrıca qeyd
olunmalıdır. Güney Azərbaycandan satirik şair Mirzə Əli
Möcüzün şeirlərinə
çəkilmiş rəsmlər kəskin publisistik
təsvir dili, obrazların dinamikliyi,
daxili gərginliyi və dramatizmi
ilə seçilir.
Əfsanəvi
"Neft daşları", dəniz
neftçilərinin romantik həyatı,
fədakar əməyi rəssamın sevimli
mövzularından idi. O, dəfələrlə
dəniz şəhərində müşahidələrini rəsm
albomuna köçürüb,
etüdlər edib. Bütün
bunlar sonralar süjetli tablolara, mənzərələrə,
portretlərə çevrilib.
Davud Kazımov bir
vaxt Bolqarıstanda, İspaniyada
yaradıcılıq ezamiyyətlərində olub
(1979, 1980). "Bolqarıstan silsiləsi" və "İspaniya silsiləsi" rəsmləri beləcə
yaranıb. Onun "səyahət
coğrafiyası" genişdir: Almaniya, Çexoslovakiya, İtaliya, İraq,
Türkiyə...
Rəssamın
bir sıra əsərləri Azərbaycan
Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi və Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyat Muzeyində nümayiş
etdirilir.
Davud Kazımov Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının professorudur, boyakarlıq fakültəsində pedaqoq kimi fəaliyyət
göstərir.
Zəminə
Ayna.-
2012.- 22 sentyabr.- S.20.