İranda müasirliyin simvolu idi

 

Ququşu sənətdən uzaq salmaq mümkün olmadı

 

Məşhur "Ayrılıq" mahnısının ilk ifaçısı Ququş 70-ci illərin ən çox sevilən sənətçisi idi. Azərbaycan kökənli bəstəçi Əli Səliminin bu mahnısını sonralar digərləri səsləndirsə də, ən gözəl ifaçısı həmişə Ququş olub. Sovet dönəmində İranda yaşayan məşhur modern bir sənətçinin dilindən Azərbaycan türkcəsində həsrət, ayrılıq daşıyan bir nəğmədə həm də siyasi notlar arayıb bulurduq... Ququş həm də Bakıda neçə illər öncə nümayiş olunan "Ən uzun gecə" filmindəki baş rolun qəhrəmanı olan bir aktrisa kimi də yadımızda qalıb.

Ququş 1950-ci ilin 5 mayında Tehranın Sarıçeşmə məhəlləsində doğulub. Valideynləri Sabir və Nəsrin Atəşinlər Ququş doğulmazdan öncə Quzey Azərbaycanın Gəncə mahalından köçüb gəlmə idilər. Əsl adı Faiqə Atəşindir. Akrobat və rəqqas olan atası balaca Faiqəyə farsca kəlmələr öyrədən zaman qızcığaz yanılaraq "in çeşm, in quş" (bu gözdü, bu da qulaq) yerinə in...qu quş söyləyərmiş. Elə o vaxtdan adı Ququş qalır. Valideynləri ayrılandan sonra atası balaca qızını tək qoymamaq üçün tamaşa göstərdiyi meydanlara aparırdı. Faiqə Atəşin sonralar daha çox mahnı ifaçısı kimi tanınacaqdı, nəinki aktrisa.

Uşaqlığından gözəl səsi olduğundan atası ilə birlikdə səhnədə çıxış edir. 7 yaşından başlayaraq filmlərdə çəkilməyə başlayır. Ququşun 10 yaşında oxuduğu "Gecə və qorxu", "Mələk" mahnılarından başlayaraq 1979-cu ildə ifa etdiyi "Bu gecə kimsə ağlayır" hitinə kimi keçdiyi yol onu böyük sənət zirvəsinə gətirib çıxarır. 1977-ci ildə çəkildiyi "Uzun gecə", sonra "Uzun yol" filmləri isə onun mahnı ifaçılığı ilə bərabər, nəhəng aktrisa istedadını təsdiqləyir.

1971-ci ildə, 21 yaşında Kann şəhərində fransız dilində oxuduğu "Retour de la ville" və "J'entends crier je t'aime" mahnılara görə birinci yerə və qızıl mükafata layiq görülür. Bu mahnılar 70-ci illərin hitinə çevrilir. 1972-ci ildə "Karfagen musiqisi" festivalında da birinci yeri tutur.

 Həmin ildə həm Tunisdə incəsənət sahəsindəki xidmətləri yüksək dəyərləndirilir. 1973-cü ildə keçirilən San-Remo musiqi festivalında ilin ən yaxşı artisti titulunu qazanır.

Azərbaycan fars dillərini bilən Ququş ingilis, fransız, italyan dillərində mahnılar oxuyur. İranda böyük populyarlıq qazanan bu azərbaycanlı bu ölkədə müasirliyin rəmzinə çevrilmişdi. Lakin 1978-1979-cu illərdə İranda baş verən inqilabdan sonra Ququşa ölkədə səhnəyə çıxmaq yasaq olunur. 2000-ci ildə Los-Anceles şəhərinə köçür bu günədək orada öz yaradıcılıq fəaliyyətini davam etdirir.

2002-ci ildə BBC-nin verdiyi məlumata görə, onun "Qəribi-Aşina" mahnısı Yaxın Şərqin ən məşhur mahnısı elan edilir. Ququşu Şərqdə sevdirən bu "Qəriblik" mahnısı onun yaşadığı həyatın ifadəsidir.

Roma, Nyu-York, Paris, Elisey meydanı - Şanzelize, Los-Anceles, London - dünyanın heç yeri mənə doğma olmadı! Bircə otağını da sığınacaq bilmədim bu şəhərlərin... - Bu, Ququşun oxuduğu bir mahnının sözləridir. Elə həyatında yaşadıqları da oxuduğu bu mahnıdaki kimi idi.

Ququşun türkcə ifa etdiyi ən populyar mahnı "Ayrılıq"dır. Bu mahnını ilk dəfə 1972-ci ildə Bakıda qastrolda olarkən səsləndirmişdi. Sonralar mahnı onun repertuarının bir növ "vizit kartı"na çevrilir heç bir konserti bu mahnısız ötüşmür.

Ququşun ilk nikahından yeganə oğlu Kambiz doğulur. Oğlunu atası Mahmud Qurbani İranın musiqi meydanında ayaq üstə durmağa kömək etsə , eyni zamanda "bataqlığa yuvarlanaraq" ona ancaq əzablar verir. 1974-cü ildə səsi ilə birgə Ququşun özünə aşiq olan iranlı aktyor Behruz Vüssaqi ilə növbəti evlilik 14 aydan artıq çəkmir. Humayun Müstəqi ilə nikahına Xomeyni hakimiyyəti son qoyur - Ququş üç ay zindan cəzasına məhkum olunduğundan bu nikah xətm olunmuş sayılır (onların şəriət qanununa görə ərlə arvad müəyyən müddət ayrı yaşayıblarsa, onlar boşanmış hesab olunur). 1991-ci ildə direktor işləyən Məsud Kimiai ilə ailə həyatı qurur.

2000-ci ildə Amerikada yaşayan İran kökənli Fərhad Zamani onun keçməkeşli maraqlı həyatını özündə əks etdirən "Ququş" filmini çəkir. Filmin ruhuna onun oxuduğu mahnının sözləri hopur elə bil. "Hansı küçədə, şəhərdə axtarım səni, ətrini hansı güldən alım, fal açıb hansı ulduzdan, kimdən səni soruşum, nəyi, necə soruşum səndən, müqayisə edə bilmədiyim, ey var olub da görünməyən, qaranlıq dərənin dibinəmi, yoxsa Günəşin zirvəsinəmi haray çəkim? Bircə Səni görsəydim...".

2009-cu ilin Novruz bayramı günlərində Ququş bu əziz bayramda öz həmyerliləri ilə bərabər onlara yaxın olmaq üçün ortaq bir məkanda - Dubayda konsert verir. İran körfəzini aşıb keçən yüzlərlə həmyerlisi onun səsini dinləməyə gəlmişdi.

Hərtərəfli fəaliyyəti ilə diqqət mərkəzində olan Ququş 2009-cu ilin 22 iyulunda Mahmud Əhmədinejadın prezident seçkilərinin nəticəsini saxtalaşdırdığına etiraz səsini qaldırıb meydanda siyasi nitq söyləmişdi. 600 nəfərin hələ həbsdə saxlanmasını pisləmişdi. Meydandakı transfaretlərdə öldürülənlərin adı qırmızı hərflərlə yazılmışdı. Ququş onlara işarə edərək demişdi: "Mən bura dinc nümayişlərdə əzizlərini itirmiş anaların kədərini bölüşmək həmyerlilərimə həmrəy olmaq üçün gəlmişəm"...

 

 

Pərvanə MƏMMƏDLİ 

 

Ayna.- 2012.- 14 yanvar.- S.20.