Peşə liseyi: inkişaf tendensiyalarına baxış

 

Baza güclənir, məzmun dəyişir, müsbət nəticələr göz önündədir

 

Bizim günlərdə müəllim və mühəndis-pedaqoji işçilərin mütəmadi qaydada yeni biliklərə, müasir texnologiyalara yiyələnməsi aktualdır. Kollektivin 15 pedaqoji kadrı ötən il ixtisasartırma kurslarında peşəkarlıq səviyyələrini yüksəltmişlər. Düşünürük ki, nə üçün bizim təhsil alanlar bilik yarışlarına - fənn olimpiadalarına, müsabiqələrə qoşulmasın, peşədəki ümumtəhsil fənn müəllimləri ilin ən yaxşı müəllimi müsabiqəsinə qatılmasın, istedadlı tələbələr üzə çıxarılmasın, onların yaradıcılıq potensialı inkişaf etdirilməsin? Bu istiqamətdə məqsədyönlü işlər aparılır. Əminik ki, bu öz müsbət təsirini göstərməlidir.

Yeri gəlmişkən, bir məsələyə də aydınlıq gətirilməlidir. 9 illik bazada ümumi orta təhsil almış yeniyetmənin peşəyə yiyələnmə arzusu tam orta təhsil almaq niyyəti ilə müşayiət olunursa, onu bu hüquqdan məhrum etmək, görəsən, hansı məntiqə uyğundur? Bunu söyləməkdə məqsədimiz ilk peşə-ixtisas təhsili pilləsində tam orta təhsil vermənin əleyhinə çıxan bəzi "təhsilşünas"lara mesajdır.

Buna sübut kimi bəzi analitik təhlil nəticələrinə nəzər salaq. 2008/2009-cu tədris ilində tam orta təhsil almaq üçün aparılan test imtahanlarından müvəffəqiyyətlə keçmiş və attestat almış kontingent 35 faiz, 2009/2010-cu tədris ilində 44 faiz olmuşdursa, sonuncu tədris ilinin yekunları 60 faizi ötmüşdür. Göründüyü kimi, bu istiqamətdə tendensiya yüksələn xətlə gedir.

Bəzi hallarda ilk peşə-ixtisas təhsili müəssisələrində geniş profilli kadr hazırlığına ikili münasibətin şahidi oluruq. Bizim liseydə 6 istiqamət üzrə peşə klassifikatoruna uyğun kadr hazırlığı həyata keçirilir. Bütün dünyada birmənalı qəbul olunur ki, peşə-ixtisas təhsili ölkənin əmək bazarında tələbatın çevik təminatçısı rolunu oynamalıdır. Belə olan təqdirdə, əgər bu və digər ixtisasa real tələbat varsa, bunun üçün müvafiq baza yaradıla bilirsə, niyə də həmin sahələr üzrə kadr hazırlığı həyata keçirilməsin? Məgər hamı hüquqşünas və ya həkim olmalıdır? Bəs kiçik səviyyədən olan əsl iş icraçılarının qısamüddətli tədris proqramları çərçivəsində hazırlığını kim və harada həyata keçirməlidir?

Diqqət edin: ötən yay qəbul komissiyasına 320 qəbul (onlardan 5 qrupda 100 nəfər ödənişli əsaslarla) yerinə qarşı 814 nəfər müraciət etmişdir. Onlar arasında valideynlərin iştirakı ilə test imtahanları keçirdik. Bilik səviyyəsinə uyğun seçim nəticəsində 500 nəfərə yaxın yeniyetmə sənədlərini geri götürməli oldu. Deməli, bu sayda gənc ilk peşə ixtisasına yiyələnmə imkanından məhrum oldu. Fikrimizcə, elə bu fakt özü özlüyündə "Peşəyə gələn yoxdur!" deyə ağı qara söyləyənlərə aydın cavabdır.

Artıq biz yeni tədris ilinə qəbul planlarını formalaşdırmaq üçün əmək bazarını öyrənirik. Əgər bu halda tələbat istiqamətləri dəyişərsə, onda təminatçı tərəf kimi biz mütləq tədris bazasını çevikliklə təkmilləşdirməli, kadr potensialını formalaşdırmalı, yeni ixtisas hazırlığına doğru əməli addımlar atmalıyıq. Məgər dünya məhz bu modelə üstünlük vermirmi? Qəbul üçün bizə müraciət edənlər arasında apardığımız sorğu nəticələrinin təhlili də bəzi məqamlardan xəbər verir. "Bizi hansı mənbədən tanıdınız?" sualına müraciət edənlərin 26 faizi - vaxtilə bu tədris müəssisəsini bitirənlərin liseydə zəruri təhsil mühiti olduğu barədə məlumatlarından, 21 faizi - KİV-dən, 20 faizi - peşəyönümü üzrə iş aparılmış ümumtəhsil məktəblərindən, 18 faizi - internetdən, 13 faizi liseyin yaşayış yeri üzrə ünvanda yerləşdiyindən və müasir tədris bazası olduğundan, cəmi 2 faizi isə təsadüf nəticəsində bizim liseyə gəldiklərini bildirmişlər. Göründüyü kimi, bu təhsil pilləsindəki ixtisaslara real maraq var. Bu maraq isə, təbii ki gələcəkdə əmək bazarında konkret ixtisas üzrə iş yeri tapma faktoru ilə səciyyələnir. Texniki peşə təhsilinə olan sosial tələbat "kortəbii diplom almaq məqsədindən, peşəyə - ixtisasa yiyələnməyə" doğru istiqamətlənir.

İctimai statusun qaldırılması işi yalnız "sadədən mürəkkəbə doğru" prinsipinə uyğun aparıldıqda müsbət nəticə verə bilər. Bu baxımdan xatırladırıq ki, müasir təhsil sisteminin ilk peşə-ixtisas təhsili pilləsində köhnə "PTU" məfhumu leksikondan çıxıb. Köhnə "texpeşə" (proftex) artıq ixtisas statusu alaraq ilk peşə-ixtisas təhsilinə çevrilmiş, təhsilin ixtisas verilən 3 səviyyəsinin birinci pilləsində qeyd olunmuşdur. Yeni təhsil qanunvericiliyində göstərildiyi kimi, 18 nömrəli Bakı Peşə liseyində də müxtəlif sənətlər və peşələr üzrə ixtisaslı işçi kadrları hazırlanır, fəhlə yox! Bizim müəssisədə təhsilə yiyələnən gənclər tələbə təqaüdü alır, onlar da ali və orta ixtisas təhsilində olduğu kimi tələbə bileti daşıyırlar. Məzunlarımız işəgötürən təşkilatlarda ixtisas təhsili səviyyəsi üzrə ilk peşə-ixtisas təhsili pilləsinin məzunu kimi, kiçik səviyyəli mütəxəssis kimi qəbul edilirlər.

Bir çoxları belə düşünür ki, əgər biz - ilk peşə-ixtisas təhsilinin iş icraçıları, əsas prinsip kimi inkişafetdirici tədris mühitinin yaradılmasını bəyan ediriksə, belə halda tərbiyə konsepsiyasının zəruri müddəaları arxa plana çəkilə bilər. Bu cür fikirlərlə qəti razılaşmaq olmaz. Bəlli olduğu kimi, təlim və tərbiyə prosesinin vəhdəti təhsil qanunvericiliyində öz əksini tapmışdır. Təlimlə tərbiyəni bir zəncirin əsas həlqələri kimi xarakterizə etsək, heç də yanılmarıq.

İlk peşə-ixtisas təhsili sistemində təhsil alanların "aşağı səviyyəsi" stereotipinin aradan qaldırılması məhz elə tərbiyə konsepsiyasının lazımi səviyyədə reallaşdırılması ilə birbaşa bağlıdır. Aydın məsələdir ki, burada hərbi-vətənpərvərlik, fiziki tərbiyə, psixoloji xidmət strukturlarının müasir tələblər səviyyəsində fəaliyyəti son dərəcə vacibdir. "Müəllim - tələbə" münasibətlərinin düzgün tənzimi üzrə tərəfimizdən hazırlanmış tövsiyələr daim diqqət mərkəzində saxlanılır. Valideynlərlə qurulan təmaslar gedən proseslərdə onların birbaşa iştirakının təminatına istiqamətləndirilir. Bu mənada lisey üzrə yaradılmış və 30 nəfər üzvü olan "Valideyn - müəllim" Birliyinin fəaliyyəti müsbət effekt verir. Tələbələrin valideynlərinin fikirləri öyrənilir, onlar açıq dərslərə dəvət edilir, konkret hallarda qarşılaşdığımız konkret problemin həlli ilə əlaqədar yeniyetmə gənc ilə birgə iş aparılır.

Bu gün liseydə 43 nəfər valideyn himayəsindən məhrum olmuş yeniyetmə təhsil alır. Onlarla aparılan iş "İnsan Hüquqları klinikası" ilə əlaqələndirilir. Klinikanın mütəxəssisləri mütəmadi qaydada liseyə dəvət olunur, bu tələbələrlə treninqlər keçirilir. Hər tədris ilinin başlanğıcında bu kateqoriyadan olan tələbələrimizə müvafiq tədris ləvazimatı, zəruri geyim, kitab və dərsliklər paylanılır, onların bir hissəsi yataqxana ilə təmin olunurlar. Əgər biz - 18 nömrəli Bakı Peşə liseyi əməkdaşları uşağını vaxtilə atmış anaya qarşı qəlbində nifrət hissi yaşadan bir yeniyetmədə anasına hörmət hissi oyada biliriksə, ciddi xəstəlik tapmış bir tələbənin tam sağaldılmasını öz imkanlarımızla təmin ediriksə, doğru yolda olmayanı sağlam yola qaytarmağı bacarırıqsa, deməli, işimiz düzgün istiqamətdədir.

Liseyin psixoloji xidmət strukturu Azərbaycan Psixoloqlar Assosiasiyası və Bakı Pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanma institutunun psixologiya şöbəsi, eləcə də Azərbaycan Müəllimlər İnstitutunun psixologiya kafedrasının əməkdaşları ilə əlaqəli iş aparır. Əsas məqsədimiz ondan ibarətdir ki, pedaqoji kadr heyətinin psixologiya elmi sahəsində biliklərini dərinləşdirək, tələbələr üçün psixoloji xidmət lazımi səviyyədə qurulsun. Bütün təhsil alanların və pedaqoji heyətin temperament tipləri AYZENK sorğusunun tətbiqi ilə aparılmış, nəticələr geniş təhlil olunmuşdur. Uşaq hüquqları klinikası, Uşaq və gənclərin sosial reabilitasiya Mərkəzi, SOS uşaq kəndləri Assosiasiyasının Gənclərin güvənc şəbəkəsinin liseydə həyata keçirdikləri layihədə 40 nəfərə yaxın tələbəmiz iştirak etmişdir.

Bu gün, 15 tələbə, valideyn himayəsindən məhrum olmuş yeniyetmələr də daxil olmaqla, GRBS MMC-nin xətti ilə liderlik bacarıqları təliminə və ingilis dili kurslarına cəlb edilmişdir. Psixoloqlar Assosiasiyanın prezidenti E.Mirzəyeva tərəfindən müəllimlərimizlə xüsusi treninqlər keçirilmişdir. Artıq onların hər biri üçün müvafiq psixoqrammalar tərtib olunmuş, nəticələr üzrə strateji fəaliyyətin perspektivləri müəyyənləşdirilmişdir.

Liseyin ən önəmli göstəricilərindən biri davamiyyətin monitorinqi ilə bağlıdır. Böyük nailiyyət kimi xüsusi vurğulanmalıdır ki, gündəlik davamiyyət göstəriciləri 92-94 faizdən aşağı düşmür. Davamiyyətin monitorinqi İKT-nin tətbiqi ilə iki kompüter proqramı çərçivəsində aparılır. Biz hər an, konkret tələbə, qrupümumi lisey üzrə 4 kateqoriyada (dərsə gəlməyənlər, dərsdən yayınanlar, dərsə gecikənlər və üzrlü səbəbdən dərs buraxanlar) gündəlik, həftəlik, aylıq, rüblük, yarım illikillik məlumatları əldə etmək imkanı yaratmışıq. Bu gün valideynlər birmənalı şəkildə başa düşürlər ki, üzrsüz səbəbdən dərs buraxma barədə mövcud reqlamentlərin şərtlərinə dəqiq əməl olunur. Buna sadə bir misal göstərək. Yeni dərs ilində üzrlü səbəb olmadan həddindən artıq dərs buraxmış müxtəlif kursların 16 nəfər tələbəsi Pedaqoji Şurada müvafiq müzakirələrdən sonra liseydən xaric edilmiş, onlar barəsində dərhal hərbi komissarlıqlara məlumatlar göndərilmişdir.

Liseydə "Qaynar xətt" xidməti (əlaqə tel: 408 13 90) fəaliyyət göstərir. Bu xidmətə edilən müraciətlərin dərhal təhlili aparılır, müvafiq qərarlar qəbul olunur, verilən təkliflər əksər hallarda nəzərə alınır. İnternet saytımız (www.18bpl.com E-mail: BPL.18@mail.ru) açılmışdır.

Liseyin ən yaxın zamanda akkreditasiyadan keçirilməsi üçün Təhsil Nazirliyinə rəsmi məktub göndərmiş buna müsbət cavab almışıq. Əminik ki, may ayına planlaşdırılan akkreditasiya prosesinin yekununda biz həm əldə etdiyimiz nəticələrin layiqli qiymətini ala biləcək, həm çatışmazlıqlar barədə daha dəqiq məlumatlanacağıq.

Bütün bunlar, eləcə inkişaf tendensiyalarının şərhi oxucularda belə təəssürat yaratmasın ki, 18 nömrəli Bakı Peşə liseyində heç bir problem yoxdur biz artıq hər şeyə nail olmuşuq. Əsla bu, belə deyil. Təbii ki, bizim hələ öz müsbət həllini gözləyən problemlərimiz var. Belə ki, liseyin əsas korpusunda həyətyanı sahəsində hələ 7 qaçqın ailəsi yaşayır. Bu səbəbdən 400 kv. metr sahədə fəaliyyət göstərə biləcək auditoriyalarımız qaçqın məcburi köçkün ailələrinin istifadəsindədir. 1300 kv. metr həyətyanı sahədən məqsədi üzrə istifadə etmək imkanlarımız məhduddur.

Lisey üçün idman meydançası qurulmasına hələ imkan yoxdur. İnternat məktəblərini bitirdikdən sonra təhsilini davam etdirmək üçün sənədləri liseyə göndərilmiş bəzi gənclərin aylarla axtarışı gözlənilən nəticəni vermir, onların bir qismi daim dərslərdən yayınırlar. Mülki müdafiə yanğından mühafizə avadanlıqlarından istifadə üçün real tələbat hələ tamlıqla ödənilməmişdir. İstehsalat təlimi ustalarına olan kadr tələbatının ödənilməsində yaranmış problemlər öz həllini hələ lazımınca tapmamışdır. Bu kateqoriyadan olan mütəxəssislər əməkhaqqının cəlbedici olmaması səbəbindən digər sahələrdə əmək fəaliyyəti ilə məşğul olmağa daha çox üstünlük verirlər.

Ali orta ixtisas təhsili müəssisələrində ilk peşə-ixtisas təhsili müəssisələri üçün kadr hazırlığının spektri qaneedici deyil. "Kompüter texnikasının sazlayıcısı" ixtisası üzrə istehsalat təliminin keçirilmə obyektlərinin müəyyənləşdirilməsində xeyli çətinliklərlə üzləşirik. Bu məsələdə bir sıra müəssisələrin maliyyə şərtlərini ortaya atması həmin problemin həllinin uzanması ilə nəticələnir.

Tam orta təhsil bazasında qeyri-üzvi kimyanı yaxşı mənimsəməyən, yaxud da xarici dilin ilk anlayışlarını belə vaxtında öyrənməyən bir gəncə tədris planlarımızda bu elm sahələrinin davamı kimi nəzərdə tutulmuş üzvi kimya ya xarici dil materiallarının tədrisi çətinliklər yaradır. Bu vəziyyət keyfiyyət göstəricilərinə öz mənfi təsirini göstərir.

 

 

Rəhim AĞAMALIYEV,

18 saylı Bakı Peşə liseyinin

Direktoru

 

Ayna.- 2012.- 14 yanvar.- S.16.