Peşə liseyi: inkişaf tendensiyalarına baxış

 

Baza güclənir, məzmun dəyişir, müsbət nəticələr göz önündədir

 

Aparıcı ekspertlərin qənaətinə görə, ölkə iqtisadiyyatının dinamik inkişafı üçün ən önəmli sahələrdən biri və bəlkə də ən başlıcası ilk peşə-ixtisas təhsilidir. İkinci Dünya müharibəsindən sonra qısa zaman kəsimində Almaniya və Yaponiya iqtisadiyyatının sürətli yüksəlişi, texnoloji sıçrayış ilk peşə-ixtisas təhsili sahəsinin hesabına baş vermişdi. Cənubi Koreyada əmək fəaliyyəti ilə məşğul olanların böyük əksəriyyətinin texniki peşə təhsili sektorunun hazırladığı kadrlar olduğu da bir başqa misaldır. Fransa və Avstraliya kimi ölkələrdə müasir texnika ilə təchizat bu sektorun payına düşür. Skandinaviya ölkələrində bu kateqoriyadan olan gənclərin əmək bazarında daha tez iş yeri tapmaları real statistikadan aydın görünür. Məhz elə bu kateqoriyadan olan kadr potensialı iqtisadi strukturların - işəgötürənlərin daimi maraq dairəsində qalır.

Ölkənin ilk peşə-ixtisas təhsili sistemi "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007 - 2012-ci illər)" adlı sənədin qəbulu ilə keyfiyyətcə yeni mərhələyə ayaq basdı. Bu sənəddə iqtisadi sektorun ixtisaslı işçi kadrlara olan real tələbatının ödənilməsində istiqamətlər müəyyənləşdirilmişdir. İllər üzrə dəqiq tədbirlər planı təsdiqlənmişdir. Proqramın qəbulundan ötən 4 il ərzində konkret addımlar atılmış, real nəticələr əldə edilmişdir.

Sistem üzrə müsbət tendensiyalar tədris müəssisələrində aparılan məqsədyönlü işlə birbaşa bağlıdır. Beş əsas strateji inkişaf istiqamətini özündə cəmləşdirən texniki peşə təhsilinin nə dərəcədə inkişaf etmiş olduğunu bir tədris müəssisəsi - 18 saylı Bakı Peşə liseyinin timsalında konkret faktlarla şərhi ictimaiyyətdə aydın təsəvvür yaratmağa imkan verər. Fürsətdən istifadə edərək ünvanımızı (8-ci mikrorayon, H.Hüseynov küç, 17A) xatırladır, bu yazıda göstərilən faktlarla əyani tanışlıq üçün oxucuları 1500 tələbənin oxuduğu liseyimizə dəvət edirik.

Aydın məsələdir ki, lazımi şərait - baza olmayan yerdə effektiv işdən, pozitiv nəticələrdən söhbət gedə bilməz. Bu baxımdan ölkə başçısının "İlk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə" 15.09.2010-cu il tarixli sərəncamı işimizdə ciddi önəm daşıyır. Ən azından ona görə ki, məhz elə bu sərəncamla liseyimizdə əsaslı təmir işləri aparılmış, son 50 il ərzində ilk dəfə olaraq liseyin tədris korpusu ən müasir tələblər səviyyəsində yenidən qurulmuş, tədris emalatxanası, yeməkxana, həyətyanı sahə normal vəziyyətə gətirilmiş, təchizat problemi lazımi səviyyədə həll olunmuşdur. Tam məsuliyyətlə qeyd edirik ki, bu gün liseyimiz yüksək səviyyəli tədris müəssisələri sırasına daxildir.

Konkret faktlara müraciət edək. Liseydə müvafiq proqramlarla təchiz edilmiş 2 kompüter sinfi, 1 tədris mərkəzi açılmış, fizika və kimya kabinetləri quraşdırılmış, tam funksiyalı 25 ümumtəhsil və ixtisas fənn kabinetləri yaradılmışdır.

Konfrans zalı ən müasir avadanlıqlarla gücləndirilmişdir. İstilik sistemi üçün yeni qazanxana quraşdırılmış, müşahidə sistemləri qoşulmuş, xeyli sayda yeni dəzgah və cihazlar alınmışdır. Liseyin inventarları tam şəkildə yeniləri ilə əvəz olunmuşdur. İş otaqları normal fəaliyyət üçün zəruri mebel və texniki avadanlıqlarla təchiz edilmişdir. Kitabxana fondu 3 mindən artıq dərslik və ədəbiyyatla təmin edilmişdir. Əgər 2 il öncə 80 tələbəyə 1 kompüter düşürdüsə, bu gün nisbət 20/1 həddindədir. Hamı üçün internetə qoşulma imkanı yaradılmışdır. Dərslərdə tədris materialının təqdimatı əsas etibarı ilə proyektorlar və noutbuklardan istifadə yolu ilə həyata keçirilir.

Tələbələr əyani vəsaitlərlə təmin olunmuşlar. Gənc nəslə milli ruh aşılamaq üçün stendlər qurulmuş, narkomaniyanın, immun çatışmazlığının, erkən ailə qurmanın fəsadları, gənclər siyasəti, dövlət atributlarımız, ali qanunumuz - Konstitusiya, hüquq və vəzifələr kimi vacib işlər onlarda əks etdirilmişdir.

Büdcə ayırmaları artan tendensiya ilə gedir. Bu gün bir tələbəyə xərclənən illik maliyyənin həcmi 1000 manata yaxındır. Bu göstərici bütün təhsil pillələri üzrə ali təhsildən sonra ikinci səviyyə deməkdir. İdarəetmənin optimallaşdığı bir dövrdə biz növbəti illər üçün davamlı inkişaf, üstün maliyyələşmə, təchizat təminatın elmi planlaşdırılması prinsipinə əməl edirik. Təhsil Nazirliyi mütəxəssisləri tərəfindən təklif edilən "1+3" modeli üzrə əsaslandırılmış proqnozlaşdırmaya uyğun olaraq sifarişlərin əvvəlcədən müəyyənləşdirilməsi mexanizminin tətbiqini reallaşdırırıq. Bunun üçün sərf olunacaq maliyyə vəsaitini dəqiq məqsəd gözlənilən nəticələri açıqlamaqla hesablayır, xarici təcrübədə daha çox istifadə olunan əlavə gəlir gətirmə mənbələri barədə məlumatlardan istifadə edirik. Məlumdur ki, yalnız büdcə ayırmalarına istiqamətlənmə halları getdikcə arxa plana keçir. Ötən tədris ili ilə müqayisədə liseyin əlavə gəlirlərinin 3,5 dəfə artırılacağı proqnozlaşdırılır.

Yaxşı bilirik ki, dövlət sifarişi üzrə daha çox qəbul planına yiyələnmək, başqa sözlə, daha çox dövlət ayırmaları əldə etmək üçün rəqabət mühiti yaranır. Anlayırıq ki, bu halda biznes strukturlarının, işəgötürən təşkilatların maraqlarını peşəyə yönəltmək üçün işimizi gücləndirməliyik. Qarşılıqlı maraqlar çərçivəsində hazırda 60-a yaxın müəssisə ("Diplomat" Azərbaycan-Amerika birgə müəssisəsi, Bakı "Elektriktökmə" ASC, "Royal" bank, "SİLK VOY Avia şirkəti" MMC-nin "SOY CATEKİNQ", "Həyat hotel", "Paşa İnşaat" MMC, Bakı rabitə tikinti təchizat MMC, "Səma - 3" MTK, "LAND MARK" hotel s.) təşkilat, səhmdar cəmiyyət, hüquqi şəxs statuslu kiçik müəssisə ilə ikitərəfli müqavilələr imzalamışıq. Peşədə marağı olan baza müəssisələrinin - biznes strukturlarının sayı ötən ilə nisbətdə 5 dəfə artmışdır.

"Azərbaycan HOSPİTALİTİ CJSC"in Bakıda fəaliyyət göstərən argentinalı mütəxəssisi cənab Karlos Martin Repetto istehsalat təlimi ustaları, ixtisas fənn müəllimləri tələbələrimizlə vaxtaşırı təlimatlandırma işlərini aparır. Bizim 25 tələbə "Paşa İnşaat" MMC- müsabiqə prosedurasından keçmiş, işlə təminat üçün müsbət rəylər almışlar. Azərbaycan Tacirlər Sahibkarlar Palatası, "Buta Palas"ın rəhbərliyi ilə aparılan danışıqlar məzunlarımızın həmin obyektlərdə işlə təminatına ümid verir.

Ötənilki buraxılışımızın 50 faizi 8 dövlət 41 qeyri-dövlət müəssisəsində konkret yerləri ilə təmin olunmuşdur. Bu gün bizim xeyli sayda məzunumuz Sərhəd Xidməti strukturlarında işə cəlb edilmişdir.

İdarəetmənin optimallaşdırılması işində bütün dünyada qəbul edilmiş bir modelə üstünlük verilir. Söhbət ondan gedir ki, vertikal mexanizmlər horizontal idarəetmə prinsipləri ilə əvəzlənir, başqa sözlə, bir çox menecment funksiyaları alt strukturlara ötürülür. Kollektiv qərarçıxarma formasına keçid təmin edilir. Bu baxımdan liseyin ali orqanı - Pedaqoji Şuranın işi təkmilləşdirilmişdir. Müzakirə olunan məsələlərin spektri genişləndirilmişdir.

Təhsil alanlar onların valideynlərinin idarəetmə prosesinə cəlbolunma prinsipi prioritet istiqamət olmaqla "Təhsil haqqında" qanunda öz əksini tapmışdır. Bu postulat ilk növbədə "Tələbə parlamenti" və "Valideyn-müəllim" Birliyinin formalaşdırılmasında ön plana çəkilir. Liseydə yaratdığımız hər iki qurumun üzvləri Pedaqoji Şuranın iclaslarında iştirak edir, qərarlar çıxarılmazdan əvvəl onların rəy və təklifləri dinlənilir. Yeri gəlmişkən, liseydə "Tələbə parlamenti" - təhsilalanların özünüidarə orqanını ona görə yaratmışıq ki, onlar təhsil mühitini qiymətləndirə bilsin, şəxsi fikirlərini çəkinmədən söyləsin, idarəetmə prosesinə qoşulsun.

Tədris müəssisəsi üzrə 2 struktur - dərs hissəsi və istehsalat təcrübəsi ilə bağlı bölmə fəaliyyət göstərir. Onların əlaqəli işinin təmin edilməsi üçün iş otaqlarını belə birləşdirmişik. Bu heç də texniki yerdəyişmə deyil. Bununla da istehsalat təlimi ustalarının uzun illərdən bəri müəllim korpusundan - tədris prosesindən, demək olar ki, kənar qalma tendensiyası aradan qaldırılmış olur. Onlar tədris və istehsalat proseslərinin iştirakçılarına çevriliblər. Daha ümumtəhsil fənn müəllimləri və istehsalat təlimi ustaları struktur bölməsində həyata keçirilən işlər zamanı biri digərindən xəbərsiz olmur. Əlaqəli fəaliyyətin təminatı baxımından biz funksiyaları daha da dəqiqləşdirdik, yeni iş modelləri müəyyənləşdirdik. Nəticədə daha demokratik və şəffaf mühit yarandı. Əlaqəlilik təmin olundu.

Məzmun islahatı İnkişaf Proqramının ana xəttini təşkil edir. Artıq bir sıra peşə ixtisasları üzrə ilk dəfə olaraq yeni dərsliklərin yazılması, modul seqmenti əsasında tədris materialları hazırlanması, ixtisaslar üzrə tədris vəsaitlərinin istifadəyə verilməsi obyektiv reallıqdır. Milli dərsliklərin hazırlanmasının əhəmiyyətindən geniş danışmaq artıqdır. Yalnız onu qeyd edirik ki, liseydə hazırlığı həyata keçirilən bəzi ixtisaslar üzrə 8 dərsliyin 5 müəllifi elə bizim liseyin əməkdaşlarıdır. Bu tədris ilində 2 yeni dərsliyin də bizim mütəxəssislər tərəfindən hazırlanması işinə başlanılmışdır.

Məzmundan danışarkən bir sual doğulur: məzmunu kim müəyyənləşdirir, bunun üçün hansı fəaliyyət həyata keçirilməlidir? Etiraf edək ki, əvvəlki məzmun sistemli deyildi. Burada əsas meyar kimi yalnız bilik səviyyəsi götürülürdü, bacarıqlar yaddan çıxarılırdı, hədsiz yüklənmə müşayiət olunurdu. Məzmunun yeniləşdirilməsi, ayrı-ayrı ixtisaslar üçün modul seqmentinin tətbiqi ilə müasir kurrikulum variantlarının hazırlanması, tamamilə haqlı olaraq, ilk peşə-ixtisas təhsilinin son illərdəki nailiyyətlərindən hesab edilə bilər. Bu gün biz "Nəyi öyrədirik?, "Necə öyrədirik?", "Necə qiymətləndiririk? və "Kim öyrədir?" kimi suallara cavab verə bilir, işlərimizi bu təməllər üzərində qururuq.

Əgər əvvəllər təhsil alanın biliyinə formal şəkildə qiymət yazılırdısa, indi yeni qiymətləndirmə modeli mövcuddur. Müəllimin fərdi fikrinə əsaslanan biliyə qiymətvermə tələbi bu gün təhsilalanın inkişaf nailiyyətinin qiymətləndirilmə modeli ilə əvəz olunmuşdur. Yəni liseydaxili qiymətləndirmə prosesi "təhsil alan hansı səviyyədə idi və hansı səviyyəyə qalxdı?" kimi sualları cavablandırır, inkişaf dinamikasının izlənilməsi postulatı əsas kimi ön plana çəkilir.

Biliyin qiymətləndirilməsi üzrə yeni mexanizmlərə keçidlə bağlı bu tədris ilindən etibarən ilk dəfə olaraq 2 tədris qrupunda biliyin qiymətləndirilməsinin yeni mexanizmlərinin tətbiqinə eksperiment qaydasında başlanılmışdır. Artıq diaqnostik, formativ qiymətləndirmə mərhələsi yekunlaşdırılmış, summativ qiymətləndirilmənin reallaşdırılması üçün zəruri vəsaitlər (testlər, tapşırıq variantları) hazırlanmışdır.

Bütün hallarda bu və ya digər bir yeni mexanizmin həyata keçirilməsindən əvvəl biz xüsusi treninqlərin təşkili, öyrədənlərin öyrədilməsi sisteminin tətbiqinə diqqət yetiririk. Son ilyarım ərzində, o cümlədən də xarici ekspertlərin dəvət olunması ilə 30 müəllim və 17 istehsalat təlimi ustası üçün 50-yə yaxın treninq və öyrədici seminarlar təşkil edilmişdir. Bu müddət ərzində əməkdaşlarımız 1 dəfə Yaponiyada, 2 dəfə isə Türkiyədə təlim səfərlərində olmuşlar.

 

 

Ardı var

 

Rəhim AĞAMALIYEV,

18 saylı Bakı Peşə liseyinin direktoru

 

Ayna.- 2012.- 7 yanvar.- S.16.