Əlilliyi olan uşaqların təhsili: formatlar nə göstərir?

 

Bu yöndə təhsilin təşkilində problemlər qalır

 

Hələ 1992-ci ildə ölkəmiz BMT Uşaq hüquqları Konvensiyasına qoşulub və bununla uşaqların və özəlliklə əlilliyi olan uşaqların hüquqlarını daha yaxşı müdafiə üçün bir sıra sahələrdə, o cümlədən qanunvericilikdə, sosial təminat sistemində və təhsil siyasətində dəyişikliklər etməyi öhdəsinə götürüb.

Gerçəklik belədir ki, təhsil sistemi əlilliyi olan uşaqların təhsil tələbatını ödəyir, lakin bu, cəmiyyətdən təcrid olunmuş formatda: evdə təhsil və xüsusi təhsil müəssisələri formatındadır. Lakin reallıq necədir? Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi, Təhsil Nazirliyi və YUNICEF ilə əməkdaşlıqda həyata keçirilən tədqiqat nəticəsində bəzi rəqəmlər əldə etmək mümkün olub. Məsələn, sorğuda iştirak edən valideynlərin 84%-i bildirib ki, onların əlilliyi olan uşaqları təhsilə bu və digər şəkildə cəlb olunublar. Bundan əlavə, valideynlər və təhsil işçiləri əlilliyi olan uşaqlara kömək edirlər: sorğuda iştirak edən valideynlərin 96%-dən çoxu, müəllimlərin isə təxminən 95%-i bildirib ki, onlar əlilliyi olan uşaqların təhsil almalarına tərəfdardır.

Araşdırma göstərib ki, əlilliyi olan uşaqların valideynlərinin 93,1%-i uşaqlarına təhsil verən müəllimlərdən razıdır. Belə ki, valideynlərin təxminən 55%-i müəllimlərin onların uşaqlarına, 25%-i isə müəllimlərin valideynlərə göstərdiyi müsbət münasibətin (davranış) olduğunu vurğuladı. Valideynlərin yalnız 17%-i sinif otağı şəraitində tədrisdən razı qaldığını bildirdi. Nəticələr onu göstərir ki, əlilliyi olan uşaqların tələbatını ödəmək üçün ev təhsili, inklüziv və inteqrativ sinif otaqları, xüsusi məktəblər kimi müxtəlif təhsil növləri mövcuddur. Lakin əlilliyi olan uşaqların tələbatını ödəyə bilmək üçün həmin növlərin heç biri infrastruktur, müəllim hazırlığı, tətbiqi üsullar və s. kimi imkanlara malik deyildir.

 

Evdə təhsil

 

Əlilliyi olan uşaqlar üçün dövlət tərəfindən ən çox göstərilən təhsil xidməti ev təhsilidir. Sorğuda iştirak edən valideynlərin təxminən yarısı (48,5%) bildirir ki, onların uşaqları evdə təhsil alır. Təhsilin bu növündə müəllim əlilliyi olan uşaqların evinə gedir və ona xüsusi kurrikulum əsasında dərs keçir. Bu təhsil növü şəhərlə müqayisədə kəndlərdə üstünlük təşkil edir: kəndlərdə yaşayan əlilliyi olan uşaqların təxminən 64%-i evdə təhsil alır, şəhər uşaqlarının isə 44,4%-i evdə təhsil alır.

Sorğuda iştirak edən 51 məktəbdən 11-i bildirdi ki, o ya ev məktəbi, ya da ümumtəhsil məktəb olaraq əlilliyi olan uşaqlara ev təhsili xidməti göstərir. Araşdırma qrupu ev təhsili xidmətlərinin iki növünü müşahidə etmişdir: xüsusi ev təhsili məktəbləri yalnız evlərdə təhsil xidmətləri göstərir və daha çox şəhərlərdə var. Ümumtəhsil orta məktəbləri isə ev təhsili üzrə əlavə xidmət kimi rayon və kəndlərdə fəaliyyət göstərirlər.

Əvvəlki qaydalara uyğun olaraq, məktəb müəllimi ev təhsili üçün əlavə məvacib alır, yeni qaydalara uyğun olaraq isə, müəllimlər heç bir əlavə məvacib almadan, öz direktorlarının göstərişi ilə evlərdə dərs keçirlər. Müşahidələr göstərir ki, fərdi ev təhsilinin keyfiyyəti çox aşağıdır. Dərslər ümumi otaqda, yaşayış otağında, nahar masasının arxasında keçilir.

 

Xüsusi təhsil

 

Ölkədə uşaqların təhsil hüququnun təminolunma vəziyyətinə dair BMT-nin Uşaq Hüquqları Komitəsinə Alternativ QHT Hesabatında qeyd edilir ki, əlilliyi olan uşaqların təxminən 11%-i xüsusi və internat məktəblərində təhsil alır. Təhsil Nazirliyinin verdiyi məlumata görə, təxminən 16 internat məktəb və 7 xüsusi məktəb onun tabeliyindədir. Hazırda həmin məktəblər əlilliyi olan uşaqlara əsas bilik və bacarıqların öyrədilməsi sahəsində əsas rol oynayır. Bakının xüsusi məktəblərinin müəllimləri ilə keçirilən müsabiqələrin nəticələrinə uyğun olaraq, həmin məktəblər əlilliyi olan uşaqların təhsil tələbatlarını ödəməkdə yeganə ixtisaslaşmış və geniş təcrübəsi olan müəssisələrdir. Onların dediklərinə görə, əlilliyi olan uşaqlar məhz xüsusi məktəb və internatlarda təhsil almalıdırlar (direktorların 27,5%-i və müəllimlərin 25%-i).

Bəlli olur ki, xüsusi məktəblər gələcəkdə əlilliyi ağır formada olan uşaqları qəbul etməyi planlaşdırır, lakin məktəblərin fəaliyyətinin və binalarının həcmi bütün bu kimi uşaqları əhatə etməyə imkan vermir. Xüsusi məktəblərin mövcudluğuinkişaf etdirilməsi həm də "De-İnstitutlaşmaAlternativ qayğı" və "Sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı"nın müddəalarına zidd ola bilər.

Xüsusi məktəb və internatlarda təhsilin keyfiyyətinə gəldikdə, müşahidələr ondan xəbər verir ki, bu məktəblər xüsusi təhsil tələbatına malik uşaqların ehtiyaclarını ödəmək üçün lazımi imkanlara malik deyildir.

 

Yeni yanaşma - inklüziv təhsil

 

2005-ci ildə qəbul olunmuş İnklüziv Təhsilin İnkişafı Dövlət Proqramı ölkədə təhsilin bütün uşaqlar üçün mümkün olması sahəsində şərait yaratmaqda böyük rol oynayır. 2004-cü ildən bəzi şəhər və rayonlarda əlilliyi olan uşaqlar ümumtəhsil məktəblərinə cəlb olunmuş, öz tipik yaşıdları ilə təhsil almaq imkanlarına malik olublar.

Sorğuda iştirak edən valideynlərin təxminən 15,8%-i bildirir ki, onların uşaqları inklüziv sinif şəraitində dərslər keçirlər. Sorğuda iştirak edən 51 məktəb direktorundan 18-i öz məktəblərində inklüziv dərslərin keçirildiyini bildirir.

Təhsil Nazirliyinin məlumatına görə, inklüziv təhsilin inkişafına dair Dövlət Proqramı başlandıqdan sonra 182 əlilliyi olan uşaq inklüziv təhsil proqramlarına (78 əlilliyi olan uşağı məktəbəqədər təhsil müəssisələrinə, 104 nəfər isə ibtidai məktəblərə) cəlb edilib. Beynəlxalq uşaq müdafiəsi təsisatlarının və vətəndaş cəmiyyəti təşkilatlarının dəstəyi sayəsində əlilliyi olan uşaqların təhsil hüquqlarına dair dövlət siyasəti dəyişməkdədir.

2005-ci ilin inkişaf proqramı və "Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitusionalizasiya) və Alternativ qayğı Dövlət Proqramı" (2006-cı il) sayəsində dövlət orqanları tərəfindən əlilliyi olan uşaqların ümumtəhsil məktəblərinə qəbulu üçün şərait yaradılıb. İnklüziv təhsilə diqqət yetirilməsi islahatların həyata keçirilməsinə zərurət yaradır.

Uşaq Hüquqları üzrə QHT Alyansının milli koordinatoru Nabil Seyidov bizimlə söhbətində qeyd etdi ki, xüsusi qayğıya ehtiyacı olan (əlilliyi olan) uşaqlar ümumtəhsil orta məktəblərinə 2004-cü ilin pilot layihəsindən öncə də qəbul olunurdu. Azərbaycanın "Uşaq hüquqları haqqında" qanunu (1998-ci il) və "Xüsusi təhsil haqqında" qanunda (2001) bəyan edilir ki, "Azərbaycanın qanunvericiliyinə uyğun olaraq, əlilliyi olan şəxslər tibbi-pedaqoji-psixoloji komissiyanın və ya tibbi-sosial ekspert komissiyasının qərarı əsasında ümumtəhsil müəssisələrində yaradılan xüsusi şəraitdə təhsil almaq hüququna malikdirlər:

"Bu qanunlar əsasında yeni təhsil növü yaradılmışdır, o da inteqrativ təhsil idi. İnklüziv təhsil yanaşmasından fərqli olaraq əlilliyi olan uşaqlar üçün ümumtəhsil məktəblərində xüsusi siniflərin açılması ilə kifayətlənir və onlarla xüsusi pedaqoqlar məşğul olurlar. Tədqiqat nəticəsində məlum oldu ki, məktəb ictimaiyyəti əlilliyi olan uşaqların ümumtəhsil məktəblərində təhsilə cəlb olunmasını dəstəkləyir. Sorğuda iştirak edən məktəb direktorlarının təxminən 37%-i və müəllimlərin eyni faiz nisbəti hesab edirdi ki, əlilliyi olan uşaqlar inklüziv siniflərə qəbul edilməlidir. Eyni zamanda tədqiqatdan bəlli oldu ki, ayrı-ayrı məktəblər və ya rayon təhsil şöbələri əqli cəhətdən əlilliyi olan uşaqları ümumtəhsil məktəblərinə qəbul etmək barədə müstəqil surətdə qərar qəbul etmişdirlər. Sorğuda iştirak edən 43 kənd məktəbi müəllimindən 23-ü bildirdi ki, onların məktəbində inklüziv sinif vardır. Bu, sevindirici hal idi. Çünki rəsmi qaydada inklüziv təhsil yalnız dörd rayon mərkəzində (şəhər məktəbləri) sınaqdan keçirilmişdi və ölkənin heç bir kənd məktəbinə inklüziv siniflər təsis etmək barədə rəsmi göstəriş verilməmişdi".

Əldə edilmiş bilgilərdən aydın oldu ki, Naxçıvan Muxtar Respublikasının 16 kənd məktəbi və Azərbaycanın yerdə qalan ərazisində 7 kənd məktəbi TN-in rəsmi qərarı olmadan inklüziv siniflər təsis etmişlər. Naxçıvan məktəblərinə gəldikdə, NMR Təhsil Nazirliyi müvafiq qərar qəbul etmişdi. Qalan məktəblərin direktorları isə əlilliyi olan uşaqları ümumi məktəbə qəbul etmək qərarını özləri qəbul etmişdilər. Bundan belə ehtimal etmək olar ki, rayon icra hakimiyyəti orqanları və təhsil şöbələri əlilliyi olan uşaqlar üçün təhsil imkanları yaradılmasını dəstəkləyir və inklüziv təhsilin qurulmasına çalışırlar.

Lakin Alternativ QHT Hesabatının müəllifləri qeyd edirlər ki, bir çox hallarda həmin səylər yalnız əlilliyi olan uşaqların ümumtəhsil məktəbinə gəlməsinə imkan yaratmaqla kifayətlənir və bu yanaşmanın tətbiqinin keyfiyyətilə bağlı ciddi çatışmazlıqlar mövcuddur. Belə ki, əlilliyi olan uşaqları qəbul etmiş məktəblərin (pilot layihələrdə iştirak edən məktəblər istisna olmaqla) kadr potensialı bu kateqoriyadan uşaqların xüsusi ehtiyaclarını ödəmək üçün hazır deyildir. Müəllimlər, müəllim köməkçiləri, direktorların xüsusi qayğı tələb edən uşaqlarla işlərinin təşkilində boşluqlar var. Bu boşluqlar təlim vəsaitlərinin çatışmazlığını, müəlimlər üçün ixtisasartırma kursları və metodoloji resursların azlığını, məktəblərdə uyğunlaşdırılmış infrastrukturun olmamasını əhatə edir.

Respondentlər qeyd etmişlər ki, əlilliyi olan uşaqları təhsilə cəlb etmiş məktəblərdə xüsusi xidmətlərin göstərilməsi ilə də çətinliklər var. Belə ki, keçmişdə əlilliyi olan uşaqların tipik uşaqlarla birgə təhsil almadığından ümumtəhsil məktəblərində xüsusi pedaqoqlar, nitq terapevtləri (loqopedlər), psixoloqlar və inkişaf terapevtləri yox idi. Bundan əlavə, ali təhsil müəssisələrində bu çatışmazlığı aradan qaldıra biləcək kadrlar yetişdirmək üçün lazım olan proqramların sayı kifayət qədər deyildir.

Müəllimlərin təxminən 55%-i, məktəb direktorlarının isə 60-70%-i sorğuda bildirir ki, əlilliyi olan uşaqların məktəb binalarına daxil olmaları və yerləşmələri çətindir və məktəb binaları əlilliyi olan uşaqların ehtiyaclarına cavab vermir. Bu nəticə Təhsil Nazirliyinin iki əməkdaşı tərəfindən də təsdiq edildi və onlar qeyd etdilər ki, məktəb binalarının xeyli hissəsi əlilliyi olan uşaqların ehtiyaclarını ödəyə bilmir. Bütün bunlar inklüziv təhsilin inkişafına ciddi maneələr yaratmaqdadır və onların aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir.

 

 

Aynurə   

 

Ayna.- 2012.- 20 yanvar.- S.15.