"Qovduğu
tələbələrin dalınca özü
adam göndərirdi"
Ramiz
Məlikli də imtahandan qovulub geri çağırılan məşhurlar
siyahısındadır
Bu aktyor teatrsevərlərin
yaddaşında hələ də romantik qəhrəman kimi
qalır. Xalq artisti Ramiz Məlikli daha çox
"İblis"dəki Arif obrazı ilə xatırlanır.
Baxmayaraq ki, bu aktyorun yaradıcılığı bir-birindən
maraqlı obrazlar qalereyasıdır. Onun aktyor oyunu həm teatr
səhnəsi üçün, həm də kino tariximizə
yad deyil. Lakin o, söhbətinə qazandığı
şöhrətdən deyil, keçmişdən
danışmaqla başladı:
- 1963-cü ildə sənədlərimi
Universitetin rejissorluq fakültəsinə təqdim etmişdim.
Qazandığım yüksək bal qəbul olunacağıma
əminlik yaradırdı. O çağın təhsil qanununa
görə, bu fakültəyə qəbul planı on nəfər
idi. Sonradan Təhsil Nazirliyi bu sayı altıya endirmişdi.
Lakin topladığım ən yüksək bal belə mənim
rejissor olmaq arzumu həyata keçirmədi. Səbəb isə
əsgərliyə getməməyim oldu. Yəni o zamanlar əsgəri
xidmətini bitirənlərə ali məktəbə qəbulda
üstünlük verilirdi. Qəbul komissiyasını təmsil
edən rektor Rahib Hüseynov, Rza Təhmasib və Məlik
Dadaşov tərəfindən mənə mədəni-maarif,
dram aktyoru və ya teatrşünaslıq fakültələrindən
birini seçmək təklif edildi. Fakturam etibarilə
aktyorluğa daha yararlı idim. Sonda yanvar ayına qədər
dram aktyorluğu fakültəsində oxumağım qərara
alındı. Mənsə razılaşmayıb gələn
il gələcəyimi dedim. Rəhmətlik Rahib müəllim
hirslə gələn il sənədlərimi qəbul etməyəcəyini
deyib, özü məni qovdu. Ümumiyyətlə, Rahib
Hüseynov sənətkar olmaqla bahəm həm də gözəl
bir insan idi. Əsəblərinə qapılıb qovduğu tələbələrin
sonradan özü dalınca adam göndərirdi. Eldəniz
Zeynalov, Fuad Poladov, Vaqif Həsənov, İsrafil İsrafilov,
elə mən özüm "qovulan" tələbələr
sırasındaydıq. Ümumiyyətlə, tələbəlik
illərinə qədər aktyorluq sahəsində müəyyən
hazırlığım vardı.
1956-cı ildən xalq teatrında
iştirakıma baxmayaraq, Məlik Dadaşov mənimçün
ayrı bir məktəb idi. Müəllimlərim arasında
Rza Təhmasib, Rza Sarabski, Nəsir Sadıqzadə, Tofiq
Kazımovu tez-tez anıram. Bir sözlə, belə
ustadların dərslərinə, aktyorluq sənətinə
aludəliyim rejissorluq həvəsimi unutdurdu. 1967-ci il
martın 12-də on iki məzun Nəsir Sadıqzadənin rəhbərliyilə
İrəvan Azərbaycan Dram Teatrına göndərildi.
Vaxtilə daşnakların bağladığı həmin
teatrın bəraətinə məhz biz nail olduq. İrəvan
Teatrında altı ay işlədikdən sonra 1967-ci ildə
Tofik Kazımov məni Akademik Milli Dram Teatrına qəbul etdi.
- Aktyorluqla
yanaşı, rejissorluq təcrübəniz də var.
"Xurşudbanu Natəvan", "Od gəlini",
"Qızıl teşt", "Üç quruşluq
opera", "Bəxtsiz gəlin", "Qılınc və
qələm" tamaşalarında ikinci rejissor qismində
çalışmısınız. Maraqlıdır ki,
rejissorluğa maraq sonradan sənətə çevrilmədi...
- Əslində həvəsi
professionallığa çevirmək niyyətim vardı. Lakin
tamaşalar, çəkildiyim filmlər bütün
vaxtımı almışdı. Nəhayət, 1991-ci ildə "Debüt"
studiyasında Yadigar Əliyevin "Divar" ssenarisi əsasında
eyniadlı filmi ekranlaşdırdım. Öncələr
çəkildiyim filmlərdə korifey rejissorların işlərini
diqqətlə müşahidə etmişdim. 32 dəqiqəlik
"Divar"ı çəkməkdə məqsədim kino
mətbəxilə daha yaxından tanışlıq idi.
-
Tamaşaçıların yaddaşında daha çox Arif
obrazı ilə qalmısınız. Yenidən bu obraza
qayıtmaq istərdinizmi?
- Təbii ki, daxilən mən hər
zaman Arifi oynamağa hazıram. Ancaq yaş öz
sözünü deyib.
-
1987-ci ildə alman rejissor Karl Georq Kayzer Akedemik Milli Dram
Teatrının səhnəsində Bertold Brextin
"Üç quruşluq opera" tamaşasını
hazırladı. Tamaşanın II rejissoru olaraq bu məsuliyyətli
əməkdaşlığı necə
xatırlayırsınız?
- Ölkələrarası mədəniyyət
mübadiləsi zamanı məhz Karl Georq Kayzerlə əməkdaşlıq
qərara alındı. İkinci rejissor qismində
iştirakımı isə teatrın o vaxtkı baş
rejissoru Hüseynağa Atakişiyev təklif etmişdi. Əsərin
Azərbaycan tərcüməsinin müəllifi Vaqif Səmədoğlu
idi. Çox mədəni, səviyyəli, el dililə desək,
"adam arasına çıxarılacaq" musiqili səhnə
əsərində Fuad Poladov, Yaşar Nuri, Şükufə
Yusifova, Zərnigar Atakişiyeva iştirak edirdilər. Ancaq təəssüflər
olsun ki, belə bir tamaşa nəinki respublika
hüdudlarından, heç teatrın qapısından kənara
çıxa bilmədi. Çünki o vaxtkı respublika rəhbərliyi
Azərbaycan mədəniyyətinin təbliğində
maraqlı deyildi. Mərkəzi Komitənin icazəsi olmadan
teatr rəhbərliyi axı nə edə bilərdi? Hər
halda, bu tamaşanı rejissorun, müəllifin vətəni
Almaniyada oynamaq olardı. Rəhmətlik Tofiq Kazımov həmişə
deyərdi ki, intriqasız teatr yoxdur. Bu teatrda ulduz xəstəliyinə
tutulan, bir rol oynayıb özlərini sənətkar hesab edən
özünəvurğunlar çox olub. 60-70-ci illərdə
Tofik Kazımov cavan, orta və yaşlı nəsl aktyor ənənəsi
yaratmışdı. Bu, teatrın inkişafına da müsbət
təsir göstərirdi.
Şəms
Ayna.-
2012.- 28 yanvar.- S.20.