Alternativ dərsliklər yaradılacaq
Bu imkan
verəcək ki, şagird yiyələndiyi biliyi bacarıq və
vərdişə çevirsin
Orta məktəb dərslikləri
heç bir psixoloji, fizioloji tədqiqatlar aparılmadan
hazırlanır. Bunu Təhsil
Şurasının sədri Əjdər Ağayev qurumun
ümumi yığıncağında
çıxışı zamanı bildirib. Onun sözlərinə
görə, hazırda dərsliklərin elmi redaktoru yoxdur: “Dərsliklərin
ekspertizadan keçirildikdən sonra tətbiq edilməsi
vacibdir. Bu gün bir adam 3-5 dərsliyin
müəllifidir. Bu isə dünya
praktikasında yoxdur. Bu gün Azərbaycanda
psixologiya institutu yoxdur. Nəticədə
də dərsliklərlə bağlı müəyyən
problemlər yaranır. Bütün bu
problemlər həll edilməlidir”.
Şura sədrinin sözlərinə
görə, sovet təhsil sisteminin təcrübəsi
çox olsa da, bacarıqlar yox idi.
O qeyd edib ki, bu gün ali məktəblərə
qəbulun testlə aparılması tələbələrin
elmi dünyagörüşünü azaldır.
Təhsil Nazirliyi isə dərsliklərin
keyfiyyətinə qeyri-dövlət strukturlarının da nəzarət
etməsini təklif edib. Bu gün dərsliklərin
keyfiyyətinə dövlət tərəfindən nəzarət
edilir. Təhsil naziri Mikayıl Cabbarovun sözlərinə
görə, bu il aparılan islahatlar nəticəsində
dərsliklərin məzmunca hazırlanması ilə
onların çapı prosesi ayrılıb. Bu
da ilk növbədə dərsliklərin ən savadlı
şəxslər tərəfindən hazırlanmasına xidmət
edir.
Cabbarov qeyd edib ki, dərsliklərin
metodoloji baxımdan hazırlanma formasının dəyişdirilməsi
nəzərdə tutulur. Onun fikrincə, yeni
hazırlanan dərsliklər ilk növbədə sınaqdan
keçirilməlidir.
Nazirin sözlərinə görə, ali
məktəblər dərsliklərin hazırlanması ilə
bağlı tenderlərdə iştirak etmirlər: “Bu gün
bir tərəfdən ali məktəblərin maliyyələşdirilmə
mexanizmini axtarırıq. Ancaq bizim bu sahədə ən
yaxşı müəllimlərimiz ali təhsil
müəssisələrində deyillərsə, o zaman onlar
hardadırlar? Burada söhbət həm idarəetmə
baxımından gedir, həm də düzgün həvəsləndirmə
sistemindən gedir”.
Təhsil naziri mətbuata
açıqlamasında onu da bildirib ki, kurikulumlara əsaslanan
yeni və alternativ dərsliklərin yaradılması,
şagird və müəllimlərin müvafiq dərslik
seçiminin təmin olunması, bu sahədə görüləsi
mühüm işlərdəndir. Bunlarla
bərabər, istedadlı uşaqlar üçün
xüsusi inkişaf proqramları, xüsusi qayğıya
ehtiyacı olan uşaqlar üçün inkişaf və
inklüziv təlim proqramları da hazırlanacaqdır”.
Nazirin fikrincə, bütün bunlar bizə o
imkanları verəcək ki, təhsil alan
təkcə bir dərsliyi deyil, daha geniş öyrənmə
mənbələri ilə, sınaqdan çıxmış və
dünyanın mötəbər nəşriyyatlarının
qrifi ilə çap olunan xarici dərslik nümunələri
ilə, o cümlədən, elektron resurslarla tanış ola
bilsin, öyrənməlini öyrənsin, yiyələndiyi
biliyi bacarıq və vərdişə çevirsin: “Məktəb
isə müəllim mərkəzli deyil, şagird öyrənən
mərkəzli olsun”.
Dərsliklərin hazırlanmasında və
istifadəsində alternativlik yeni mövzu deyil. Təhsil islahatları və proqramları həyata
keçirən Şərqi Avropa və MDB ölkələrinin
böyük əksəriyyətində bu məsələ
çoxdan öz həllini tapıb. Filologiya elmləri
doktoru, professor Telman Vəlixanlı (Cəfərov) deyir ki,
ölkənin bütün regionlarının və məktəblərinin
cəlb olunduğu, son illərdə milli təhsil sistemimizdə
köklü dəyişiklik yaradan, yeni tədris
texnologiyalarını və pedaqoji-psixoloji yanaşmaları,
informasiya-kommunikasiya vasitələrini məktəblərimizə
intensiv şəkildə gətirən Milli kurikulum müəllimlər
üçün yeni perspektivlər və
yaradıcılıq imkanları açıb.
“Milli kurikulum əsasında I və V
siniflər üçün 40-dan çox dərslik sifariş
verildiyi halda, cəmi dörd adda dərslik üzrə tenderin
baş tutması narahatedici məqamdır. Bu qədər potensialın qarşısında orta
məktəblər üçün alternativ dərsliklərin
olmaması hansı məntiqə sığır? Bu, yaradıcı məktəb müəllimlərinin,
pedaqoji kollektivlərin marağına cavab verirmi? Ölkəmizdəki multikulturalizm, demokratiya,
yaradıcı mühit, təhsilimizə ayrılan külli
miqdarda vəsait şəraitində bu vəziyyət bizi qane
edə bilərmi? Bu imkanlara malik
olduğumuz halda, nə üçün
övladlarımıza, məktəb və müəllimlərimizə
sərbəst seçim imkanı vermirik? Əgər dərsliklərimiz
100 min nüsxəyə yaxın, bəzən də artıq
tirajla dövlət büdcəsi vəsaiti hesabına
çap olunursa (təlim rus dilində olan məktəblərdə
bu rəqəm 10-12,5 min nüsxə arasındadır),
alternativ dərslik istehsalı üçün hansı maneə
var? Bəzi qonşularımız kimi burada müəyyən hədd
də qoya bilərik: deyək ki, Dövlət standartı,
proqramı və Milli kurikulumun tələbləri əsasında
yaradılmış üç ən yaxşı dərslik
layihəsinə qrif verilə və dövlət vəsaiti
hesabına çap edilə bilər. Alternativ dərslik
hüququ qazanmış tədris vəsaitləri nəşriyyatların
vəsaiti hesabına da buraxıla bilər”.
Vəlixanlı hesab edir ki, nəşriyyatların (söhbət
ənənəvi olaraq tədris ədəbiyyatları üzrə
ixtisaslaşmış nəşriyyatlardan gedir) dərslik
çapına könülsüz və ümidsiz
qoşulması, öz ətrafına metodist müəllimləri,
pedaqoji sahə üzrə mütəxəssis alimləri
toplaya bilməməsi faktı da narahatlıq doğurur:
“Əlbəttə, üç-beş nəşriyyatın
belə imkanları var, lakin onların bu sahədə dominant
rolu bütövlükdə tam səmərə verə bilməz. Macarıstan təcrübəsinə müraciət
etsək, hələ 90-cı illərin sonunda orada orta məktəb
dərslikləri nəşrinə 60-dan artıq nəşriyyat
qoşulmuşdu. Eyni sayda əhaliyə və
eyni böyüklükdə əraziyə malik Azərbaycan
üçün də bu variant məqbuldur. Söhbət nəşriyyat-poliqrafiya sənayesində
monopoliyanın mövcudluğundan getmir, məsələnin məğzi
daha çox yaradıcı insanların – müəllim və
pedaqoq alimlərin, müəllif kollektivlərinin işə cəlb
olunmasından gedir. Heç kəsə
sirr deyil ki, nəşriyyatlar üçün orta məktəb
dərsliklərinin çapı böyük bir stimuldur.
Axı məsələ dərslik, müəllim
üçün vəsait və iş dəftərinin
hazırlanması və çapı ilə bitmir. Nəşriyyatlar dərslik komplektlərindən
törəmə dərslik vəsaitlərinin, tədrisə
yardımçı materialların çapını da üzərlərinə
götürməklə ətraflarında müəllif
kollektivləri, ixtisaslı redaktor və korrektorlar, rəssam və
dizaynerlər toplayır. Geniş mənada
bu həm də müəllimlərin sosial ehtiyaclarının
ödənilməsi, kitab bazarının normal
formalaşması, şagird və müəllimlərin
lazımi ədəbiyyatları əldə etməsi, vergi
ödəyicilərinin sayının artması deməkdir”.
Professorun müşahidələrinə
görə, son illər dərsliklər eyni müəlliflər
tərəfindən yazılır, burada daha çox məktəb
müəllimləri fəallıq göstərirlər. Məsələn, o Zülfiyyə Veysovanın
iştirakı ilə ibtidai siniflər üçün
yazılan uğurlu dərslikləri qeyd edir. Onun fikrincə, bir müəllifin bu qədər dərslik
komplektinə cəlb edilməsini də normal hal deyir.
Bundan başqa, ali məktəbləri təmsil
edən metodist və pedaqoq alimlər orta məktəb dərsliklərinin
yazılmasına həvəslə qoşulmurlar.
“Təbii ki, müəlliflərə nəşriyyatlar
tərəfindən kifayət qədər qonorar ödənilmədiyi
problemi var. Xüsusən də rus bölməsi
üçün dərsliklərə görə müəlliflər
qəpik-quruş alırlar ki, bu da təlim rus dilində olan məktəblər
üçün dərsliklərin yazılmasına tək-tük
müəllifin həvəs göstərməsinə səbəb
olur. Axı tirajın dərslik və müəllimə,
vəsait mətni hazırlayan müəllifə nə dəxli
var? Nəşriyyatlar bu məqama xüsusi
fikir verməlidirlər. Müəllif
üçün qonorarın həcmi çap olunacaq dərslik
və müəllim üçün vəsaitin tirajı ilə
şərtləndirilə bilməz. Nəticədə tələm-tələsik
iş görülür. Çap vərəqinə görə
müəllif kollektivinə 100-150 manat pul ödənilən dərslikdən
nə gözləyəsən?”.
Vəlixanlının qənaətincə, təhsil rus
dilində aparılan məktəblər üçün dərslik
yaradıcılığında güclü rəqabətə
meydan verilməlidir ki, fənn müəllimləri və
şagirdlər digər ölkələrin tədris vəsaitlərinə
– milli dəyərlər və ideologiyamızla,
maraqlarımızla səsləşməyən, həm də
istifadəsi normal tədris prosesi üçün sistemsizlik
yaradan dərsliklərə az müraciət
etsinlər.
Sözsüz ki, aparıcı metodist alimlərin orta məktəb
dərsliklərinin yaradılması prosesinə cəlb edilməsinin
faydası böyük ola bilər. Əvvəllər
dərsliklərin yazılmasına məktəb müəllimlərinin
cəlb olunması problemi var idisə, professor deyir ki, indi əks
proses gedir. Belə ki, metodist alimlərimiz
özlərini işə vermək istəmirlər.
Əgər Milli kurikulumun tətbiqinin əsas qayəsi
bilik və bacarıqlar aşılamaqdırsa, metodist alimin
elmi-pedaqoji fəaliyyətinin mənası şagird və tələbələr
üçün müasir tələblərə cavab verən
dərsliklərin, tədris vəsaitlərinin
yazılmasında iştirakdır:
“Bu problem dərsliklərin qiymətləndirilməsi
prosesində də müşahidə olunur. Ayrı-ayrı fənlər üzrə
dərslik komponentlərinin qiymətləndirməsində ali
məktəblərimizin elmi-pedaqoji potensialından qədərincə
yararlanmağa ehtiyac var”.
Orta məktəblər
üçün alternativ dərslik və dərs vəsaitləri
dedikdə, bizdə, ilk növbədə, orta məktəb dərslikləri
və abituriyentlər üçün vəsaitlər
arasındakı uyğunsuzluqlarla bağlı fikirlər
yaranır. Bunu kütləvi repetitorluğa səbəb olan
amillərdən biri kimi qiymətləndirir, dərslik
materialları və test bankları arasındakı
uyğunsuzluqların mövcudluğunu orta təhsil pilləsi
üçün ən ciddi problem hesab edirik.
Gəlin bir
reallıqla barışaq ki, son bir neçə il ərzində,
xüsusən də yuxarı siniflərdə dərslik ikinci
dərəcəli vəsaitə çevrilib. T.Vəlixanlı
dərslikdən törəmə test proqram və məcmuələrinin
dərsliyi – ilkin mənbəni
sıxışdırmasını anormal hal sayır. Dərs
prosesinin dərslik üzərində deyil, test vəsaitlərinə
istinadən qurulması şagirdlərin aşağı siniflərdə
qazandıqları şifahi və yazılı nitq vərdişlərini
korşaldır və unutdurur.
Ayna.-
2013.- 14 dekabr.- S.3.