Nisə
Qasımova bu dəfə də keçmişə
körpü saldı
Bugünkü
səhnə həyatından isə danışmadı
Nisə Qasımova ilə hər söhbət
keçmişi bu günə bağlayır. Nəsə
keçmiş sənət həyatından ayrıla bilmir. Bəlkə
də sənət ömrünün ən gözəl
anlarının keçmişdə qalması ilə
bağlıdır. Bu dəfə də eləcə. Bir
zamanların sarışın qıvrım saçları
çiyinlərinə dağılmış, iri mavi
gözlü şıltaq bir ifaçısı. Bunu
xatırladırıq. Gülür.
- Bəli, ilk sarışın mən
olmuşam. O vaxt hamı elə bilirdi ki, mənim gözlərim
mavidir. Əslində isə xameleondur. Zamanla gah mavi olur, gah
açıq yaşıl. Bilirsiniz, mən
işığı çox sevirəm. Efirdə işıq
vururdu gözlərimə, gözlərim də
parıldayırdı… Qəmli mahnıda az qalırdım
kövrəlim, ağlayım. Oynaq mahnılarda
çalışırdım gülüm,
şıltaqlığımı bildirim. Belə şeylər
yox idi o zaman. Mahnı ifaçısı əllərini
yanına salıb oxuyurdu, belə emosiyaları özünə
rəva bilmirdi.
O illərin milli koloritdə oxuyan gənc
qadınlarının ən böyük arzusu səhnədə
Leyli obrazı idi. Təbii ki, bu, mənim də böyük
arzum idi. Ələkbər müəllimin də (bəstəkar
Ələkbər Tağıyev nəzərdə tutulur – red.)
ən böyük arzusuydu bu. O, məni bu obrazda
görürdü. 1974-75-ci illərdə Opera və Balet
Teatrında bu əsər rejissor Mehdi Məmmədovun yeni
quruluşunda hazırlanmağa başladı. Və rəhmətlik
Bəhram Mansurov, Nicat Məlikov və o zamanlar teatrın
direktoru Azər Rzayev və başqaları Leyli roluna məni
hazırlayırdılar. Mən, əlbəttə, öz
potensialıma bələd idim və bilirdim ki, bu obrazı
oynaya bilərəm. Doğrudur, vizual baxımdan heç də
Leyliyə bənzəmirdim. Bilirsiniz ki, Leyli qara ərəb
qızı olub. Mən isə sarışın idim, hətta
bir qədər rus və almanlara bənzəyirdim. Təəssüf
ki, o gün mənim qəlbimdə bir arzu, bir istək olaraq
qaldı. Bəlkə də öldü. Bilmirəm.
- Bu necə
oldu?
- Bilirsiniz, hər şey yaxşı
gedirdi. Operanın ilk premyerası olmalı idi. Və mən
yüz faiz düşünürdüm ki, premyerada Leylini mən
oynayacağam. O vaxt gözəl Leylilər çox idi.
Bilirsiniz, o vaxt bəzi böyüklərimiz mənə
demişdilər ki, a bala, sən getmə ora. Orda neçə-neçə
leylilər var, səni ora yaxın buraxmazlar. Mən isə
inanmırdım bu sözlərə. Çünki o arzu, o istək
qəlbimdə elə dərin kök salmışdı ki, mən
ətrafdan deyilən sözlərə əhəmiyyət belə
vermirdim. Amma belə bir məsəl var ey, deyirlər, elin
sözü düz olar. Oxudum, əl çaldılar, dedilər
əla.
O vaxt səhnədə indiki kimi mikrofon
qoyulmurdu. Mən bilirdim ki, əgər səhnəyə Leyli
kimi çıxsam, anşlaq olacaq, zal ağzına kimi dolu
olacaq. Təəssüflər olsun ki, buna imkan vermədilər.
Səbəbini indiyə qədər bilmirəm.
Bir gün Ələkbər Tağıyevə
Mədəniyyət Nazirliyindən zəng gəldi. O vaxt mədəniyyət
naziri Zakir Bağırov idi. Dedi ki, Nisə Qasımova daha gəlməsin.
Ələkbər müəllim soruşdu ki, axı niyə gəlməsin,
hər şey yaxşı idi, indi birdən-birə nə oldu?
Telefonda bilmirəm ona nə dedilər, Ələkbər
müəllimin rəngi dəyişdi. Nə qədər
soruşdum nə olub, səbəb nədir, bunu mənə
açıqlamadı.
- Gənc
ikən qarşılaşdığınız bu
haqsızlıq sizə necə təsir etdi?
- Bilirsiniz, mən həyatda Ələkbər
Tağıyevdən çox şey öyrənmişəm.
Onu özümə hər zaman müəllim hesab edirəm. O,
həmişə mənə deyərdi ki, məğlubiyyətin
özü də insan həyatında böyük bir məktəbdir.
Deyirdi, məğlub olmaqdan qorxma, qızım, məğlubiyyət
həm də qələbədir. Bax bu sözlər o zamandan
beynimə həkk olub. Bəlkə də onun tövsiyələri,
məsləhətləri olmasaydı, daxilən, mənən
çox sarsılardım.
Mənim qanadlarımı elə
qırdılar ki, inanın, hətta bu günə qədər
çapalayıram. Əsl Nisəni axtarıram. Çox gənc
yaşlarımda kəşf etmişdim onu. Amma mənə
qadağa qoydular. Dedilər, muğam oxuma. Çaşıb
birdən oxuyarsan ha! Axı mən sənətə ilk dəfə
muğamla gəlmişəm. Yadıma gəlir ki, Ceyran
xanımın ansamblında (“Lalə” qızlar ansamblı nəzərdə
tutulur – red.) həmişə muğam oxuyurdum. Mirzə
Hüseyn segahı, Çahargah dəsgahı və s. Tez-tez
rayonlarda qastrollarda olurduq.
- Yəni
potensialınızı içinizdə boğdular?
- Bəli, boğdular. Düzü, mən əvvəllər
inanmırdım bu sözə. Deyirdilər, filankəsin
potensialını boğdular və ya ruhdan saldılar. İllər
keçdikcə inandım bu sözə. Həyata yenidən
atılmaq istədim. Amma yenə…
-
90-cı illərdə Moskvaya gedişinizin sizə olan
haqsızlıqlarla əlaqəsi vardımı?
- Bəli, var idi. Bilirsiniz ki, 1996-97-ci illərdə
ilk əyləncəli şou-proqramı mən eləmişəm.
AzTV-də “Ulduzlar görüşəndə” proqramı ilə.
Məqsədim o idi ki, mənimlə küsülü olan
müğənnilər vardı o vaxt, mən cavan da olsam,
çox istəyirdim barışıq olsun. Ömür əbədi
deyil. Bir gün gələn bir gün də gedəcək.
Axı biz nəyi paylaşmırıq? Cavabı budur:
hansısa bir nailiyyəti, uğuru. Bəli, kiminsə
uğurunu kiminsə gözü götürmür. Bax faciə
bundadır. Moskvaya gedişim də elə-belə olmadı.
“Ulduzlar görüşəndə” teleşousunda mən
dekolte geyinmişdim. Adi dekolte. İnsanı xalqın
gözündə utanca vardırmayan bir dekolte. Bu gün anam rəhmətliyin
sözü olmasın, tumançaqlar, yaxası-başı
açıqlar, abır-həya bilməyənlər efirlərdədir.
İnsanların gözünü mazol ediblər. 1995-ci illərdə
mən Moskvanın iki nəhəng konsert salonuna dəvət
aldım. Dəvəti qəbul etdim. Çünki maddi vəziyyətim
ürəkaçan deyildi. Çox sənətçilər
öz var-dövləti ilə gündəmdə idilər.
Vaxt vardı ki, Nisə Qasımovanın adının
yanında heç vaxt demirdilər ki, imkanlıdır,
villası var. Bir ad, bir familiya bəs eləyirdi. Mən hiss
etdim ki, bəzi çevrələrə, bəzi
qruplaşmalara bu lazımdır ki, Nisəni məzlum, ruhdan
düşmüş görək. Bu isə çox toxunurdu mənə.
- Amma dəvətlər
olurdu, şübhəsiz?
- Bəli, dəvətlər olurdu. Rəhmətlik
Elşad Quliyevə (Az.TV-nin keçmiş rəhbəri – red.)
nə qədər zənglər gəlirdi mənə görə.
Yəqin ki, oğlu Cəmil bilər, Elşad müəllimə
zəng edib deyirdilər ki, təzə bir maşının
açarını verirəm ona, istədiyi qədər də
pul verirəm, gəlsin əkiz qızlarımın toyunda
oxusun. Amma mən toylara getmirdim.
- Sizə
sevgi etirafı edən çox olub?
- Olub. Bir dəfə maraqlı bir hadisə
oldu. Bir restoranda oxuyurdum. Oradan çıxanda gördüm ki,
çox yaraşıqlı bir kişi, yanında da 29-30
yaşlarında bir qızla yaxınlaşdılar mənə.
Kişi dedi ki, Nisə xanım, tanış olun, bu mənim
qızımdır, adı da Nisədir. Dedim çox sağ
olun ki, mənim adımı vermisiniz. Dedi yox, bunun bir səbəbi
var. Dedim nədir? Gördüm kişi orada haldan-hala
düşdü. Qızı da elə gözəl
baxışlarla mənə baxırdı ki, elə bil
doğma bir insana baxırdı. Heç demə, bu
yaraşıqlı kişi vaxtilə vurulubmuş mənə.
Hər gün gələrmiş Az.TV-nin yanına ki, məni
görsün, sevgisini bildirsin. Bəzi hallarda məni görərmiş,
yaxınlaşa bilməzmiş. Bəzən gözləyərmiş,
gözləyərmiş, çıxıb gedərmiş. Evlənmək
istəyirmiş mənimlə. Mən də ki, imkan
yaratmırdım. Axırda başqası ilə evlənir. Və
qızı doğulur, adını da qoyur Nisə. Özü
danışırdı ki, evdə də bunu bilirlər. Dedi,
siz mənim ilk məhəbbətim olmusunuz. Sizə çox
vurğun olmuşam. Görünür, bu da bir qismət,
alın yazısıdır. Nə etmək olar ki?
XATUN
Ayna.-
2013.- 2 fevral.- S.21.