Azərbaycanda hərbi
təhsil:
problemlər və
perspektivlər
Müdafiə Sahəsində Təhsilin Təkmilləşdirilməsi
Proqramının yerinə yetirilməsində lənglik var
Bu günlərdə ölkə mətbuatında
Azərbaycan Silahlı Qüvvələrinin müasir təcrübəli
kadrlarla təmin olunması prosesində ciddi əngəllər
yaranması barədə məlumatlar əksini tapıb. Bizim
Silahlı Qüvvələrin durumu barədə
araşdırma aparan qərb ekspertlərinin fikrincə, əsasən
aşağıdakı problemlər göz önündədir:
1) Ali hərbi məktəblərə
qəbul zamanı yaşanan problemlər (test balının
aşağı olması, kursantların fiziki göstəricilərinin
ümumilikdə qənaətbəxş olmaması);
2) Ali hərbi məktəblərdə
təlim-tədris, zabit hazırlığı prosesində
mövcud çatışmazlıqlar;
3) Yeni rütbə
almış zabitlərin müxtəlif vəzifələrə
təyin olunması prosesində qanunsuzluqlar;
4) Zabitlərin xidməti
inkişafına, karyera artımına əngəl olan
faktorlar;
5) Zabitlərin xarici
treyninqlərə, məşğələlərə
seçim zamanı baş verən ədalətsizliklər;
6) Xarici hərbi təhsil
müəssisələrində təhsil almış və
yaxud təlim və məşğələlərdə
iştirak etmiş zabitlərin milli Silahlı Qüvvələrdə
lazımı vəzifələrə təyin
olunmasındakı problemlər.
Yayılmış
məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin
kadr potensialının durumu üzrə aparılan
araşdırmalar göstərir ki, ümumilikdə, Azərbaycan
ordusunun xidmətdə olan kadrlarının yalnız 20-25 faizi
NATO standartlarına uyğun göstəricilərə malikdir. Bu kadrların tam əksəriyyəti –
təxminən 90 faizi briqada komandiri və daha aşağı
vəzifələrdə çalışırlar. Müşahidələr göstərir ki, müstəqillik
illərində Azərbaycan Silahlı Qüvvələrinin
iri hərbi birləşmələrinin rəhbərliyinə,
eyni zamanda, Müdafiə Nazirliyinin ali idarəetmə
strukturlarına NATO standartlarına uyğun zabitlərin təyin
olması halı baş verməyib. Ekspertlərin fikrincə,
vəziyyətin bu şəkildə davam etməsi əslində
Azərbaycan Silahlı Qüvvələrini ümumi
inkişafdan saxlayır və onun NATO standartlarına
uyğunlaşdırılmasına ciddi əngəl törədir.
Problemin təsviri
Ekspertlər hesab edir
ki, əslində bu gün Azərbaycan Silahlı Qüvvələri
quruculuğunda ciddi qeyri-müəyyənlik yaşanır. Belə
ki, yaxın 5-10 il üçün Azərbaycan ordusunun
quruculuq strategiyası bəlli deyil. Strateji Müdafiə
İcmalının (Strategic Defense Review) qəbul
olunmamasının əsas səbəblərindən biri də
hökumətin ordu quruculuğu üzrə strateji addımlar
üzrə konkret qərara gələ bilmədiyidir.
“Hökumət ordu
quruculuğu prosesi ilə bağlı
çaşqınlıq içindədir. Xeyli sayda silah və
hərbi texnika alınması, hərbi qulluqçuların məvaciblərinin
cüzi olaraq artırılması əslində taktiki hədəflər
üçündür. Strateji baxımdan Azərbaycan ordusunun
quruculuq prioritetləri bəlli deyil. Hakimiyyət bilmir ki, NATO
standartlarına uyğun ordu qursun, yoxsa keçmiş Sovet
standartlarından bəhrələnən sistemə uyğun
addımlar atsın. Bəzən “qarışıq ordu
quruculuğu” tərəfdarlarının da fikirləri ortada
olur. Amma bəllidir ki, bütün bunlar şifahi səslənən
fikirlərdir. Ortada elə bir tutarlı sənəd yoxdur ki,
ona baxıb, ordunun gələcəyi barədə aydın
fikir söyləyə biləsən. Hərbi Doktrina da bu
istiqamətdə dəqiq, müfəssəl bilgiləri,
çərçivələri ortaya qoymur”, – deyə ekspertlər
bildirib. Onların sözlərinə görə, Azərbaycan
hakimiyyəti ordu quruculuğu strategiyası üzrə konkret
sənədlər üzrə işləməli, Strateji
Müdafiə İcmalının qəbuluna
çalışmalıdır. Yalnız bundan sonra ordu
quruculuğunun müxtəlif istiqamətləri, o cümlədən,
kadr təminatının gələcəyi barədə
konkret qənaət ortaya çıxa bilər.
Mövzunun
aktuallığını nəzərə alaraq “Ordunun
Aynası” əlavəsinin bu dəfəki sayı
üçün Azərbaycanla NATO arasında hərbi kadr
hazırlığı istiqamətində son 5 il ərzində
cərəyan edən prosesləri araşdırdıq. Bu araşdırmada yerli hərbi mənbələrə,
QHT-lərin, o cümlədən “Doktrina” Jurnalistlərin Hərbi
Araşdırmalar Mərkəzinin, NATO-ya daxil olan bir sıra
ölkələrin, xüsusilə də ABŞ, Polşa,
Çex Respublikası və Rumıniya mənbələrindən
əldə edilən məlumatlara istinad edilib. Qeyd edək
ki, bu məqalə yalnız faktlar və informasiyalar üzərində
hazırlanıb. Ekspertlərin bu məlumatlara münasibəti
barədə geniş araşdırma yazısı isə
“Ordunun Aynası”nın növbəti saylarında sizlərə
təqdim olunacaq.
Üç elementli əməkdaşlıq sənədi
NATO mənbələrinin
məlumatına görə, 2008-ci ildə Azərbaycan
Müdafiə Nazirliyi peşəkar hərbi təhsil sistemini NATO-nun
yardımı ilə təkmilləşdirməyi qərara
alıb. Əslində bu qərar verilən zaman Cənubi
Qafqazın digər iki respublikası eyni qərara artıq gəlmişdilər. Rəsmi Bakı 2008-ci
ilin martında təsdiqlənmiş Fərdi Tərəfdaşlığa
dair Əməliyyat Planının (İPAP) ikinci mərhələsində
bəyan edib ki, təhsilin bir neçə sahəsinə –
çavuş heyətinin kvalifikasiyası, zabitlərin
xüsusi hazırlığı, Silahlı Qüvvələrin
Hərbi Akademiyasında ali zabitlərin hərbi
təhsilinin ciddi şəkildə müasirləşdirilməsinə
NATO tərəfindən yardımı almaqda maraqlıdır
(mənbə: Tomas Fedisin, “Qərblə üz-üzə:
“Müdafiə Sahəsində Təhsilin Təkmilləşdirilməsi
Proqramı üzrə Azərbaycanın iş təcrübəsi”,
2012).
Arayış: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Hərbi Akademiyası Silahlı Qüvvələr
üçün ali hərbi təhsilli komandir və qərargah
zabitlərinin, hərbi-elmi işçilərin
hazırlanmasını, onların ixtisasının
artırılmasını, hərbi iş sahəsində elmi
tədqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli
şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar
hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin
öyrədilməsini təmin etmək məqsədi ilə
Prezidentin 20 fevral 1999-cu il tarixli fərmanı ilə
yaradılıb.
Hərbi Akademiyada iki
il müddətində təhsil alan dinləyicilər taktiki və
operativ səviyyədəki birlik və qərargahlarda komandir
və qərargah zabitləri vəzifələrində
çalışmaq üçün hazırlanırlar.
Hərbi Akademiyada təşkil
olunmuş tədris prosesi hərbi-strateji, operativ-taktiki, eləcə
də, hərbi-siyasi və hərbi-iqtisadi məsələlərin
öyrənilməsini təmin edir. Akademiyanın nəzdində
Strateji tədqiqatlar və dövlət müdafiəsini idarəetmə
və Hərbi diplomatiya kursları da fəaliyyət göstərir.
Kursların vəzifəsi respublikanın müdafiəsi ilə
əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi
məsələlərin öyrənilməsini təmin etməkdir.
Rəsmi Bakı
marağını ifadə etdikdən sonra 2009-cu ildə Azərbaycan
NATO ilə Müdafiə Sahəsində Təhsilin Təkmilləşdirilməsi
Proqramını yerinə yetirməyə başladı. Bu
proqram xüsusi əhəmiyyətə malikdir, ən
azı ona görə ki, hərbi təhsil sahəsində həyata
keçiriləcək dəyişikliklər
üçün konkret hədəfləri, zaman cədvəlini
özündə ehtiva edir.
Qərb mənbələrindən
verilən məlumata görə, qeyd edilən proqram 3
elementlidir. Proqramın ilk elementi çavuş
heyətinin hazırlığını əhatə edirdi və
bu proses Birgə Transformasiya Komandanlığı, Birgə
Əməliyyat Komandanlığı, Litva və Birləşmiş
Ştatlar tərəfindən təmin olunurdu.
İşçi qrupunun səfərləri nəticəsində
çavuş kadrları korpusunun Azərbaycan ordusunda rolunun və
vəziyyətinin artırılması barədə plan
və inkişaf proqramı hazırlandı. NATO qrupu öz səylərini
çavuşların karyera artımları üçün
kursların yaradılmasına və çavuşları
öyrədəcək təlimatçıların
hazırlığına yönəltmişdi.
Proqramın ikinci
elementi zabitlərin xüsusiləşdirilmiş
hazırlığını əhatə edirdi. Bu
proqram Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində
NATO-nun Çex Respublikası, Polşa, Rumıniya və Birləşmiş
Ştatlardan olan nümayəndələri tərəfindən
kursların analizi ilə başladı. Ekspertlərin sözlərinə
görə, bu kurslar öz xarakterinə görə texniki və
taktiki olmaqla kiçik zabitlərin peşəkar hərbi
inkişafı üçün nəzərdə tutulub. Qeyd
edilən hər iki element xarici dil hazırlığı
üzrə Azərbaycanın müstəqil
potensialının yaradılması məqsədilə Dil
Hazırlığının Yoxlanılması üzrə
Avropa Tərəfdaş Mərkəzi tərəfindən dəstəklənir.
Bu proqram çərçivəsində Azərbaycan
Silahlı Qüvvələrinin hərbçiləri NATO-nun təhsil
mərkəzlərində keçirilən kirslarda iştirak
edir. Əsas məqsəd, Azərbaycan Silahlı Qüvvələri
ilə NATO arasında sülhü dəstəkləmə və
lojistik ilə bağlı əməliyyat uyarlılığını
təmin etməkdir.
Üçüncü,
daha vacib element Azərbaycanda ali hərbi və mülki vəzifəli
şəxslərin təhsil kurslarını təkmilləşdirmək
və modernləşdirməkdir. 2009-cu ilin sonunda NATO və Azərbaycanın
Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəhbərliyi
arasında ABŞ-da Birgə Peşəkar Hərbi Təhsil kimi məşhur olan layihə
üzərində müzakirələr başladı. O zaman
Bakının əsas məqsədi strategiya və müdafiənin
planlaşdırılması üzrə proqramı təkmilləşdirmək
idi. Bu istiqamətdə NATO-nun üzərinə ciddi məsuliyyət
düşdü.
Tədris prosesində problemlər
NATO-nun ilk
addımı Azərbaycan üçün hazırlıq
proqramının strategiyasını işləyəcək,
problemin bütün elementlərini analiz etməyə qadir
olacaq daimi komandanın qurulmasını özündə ehtiva
edirdi. NATO-nun akademik qrupuna rəhbərlik ilk əvvəl
ABŞ-ın Milli Hərbi Universiteti tərəfindən həyata
keçirilirdi, daha sonra ABŞ-ın Strateji hərbi-dəniz
kollecinin professoruna həvalə olundu. Qrupa Nyuportdakı
Strateji Hərbi Kollec, Fort Livenuortedəki Quru
Qoşunlarının Strateji Hərbi Kolleci, eləcə də,
Çex Respublkasının və Polşanın milli
müdafiə universitetlərindən olan müəllimlər
daxil idi.
Qərb mənbələrindən
əldə edilən məlumatlara görə, ilk vaxtlar tədris
prosesində bir sıra problemlər yaşanıb:
Birincisi, dinləyici zabitləri
operativ-strateji perspektivlərə hazırlamaq çətin
idi. Çünki, mövcud tədris
proqramları Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasını əks etdirərək əsasən taktiki
məsələlərə hədəflənmişdi.
İkinci problem sovet fəlsəfəsinə
və pedaqoqikasına əsaslanan tədris üslübu idi. Müəllimlər və dinləyicilər
yalnız bir tədris metodu bilirdilər və onların əksəriyyəti
bunun pedaqoji baxımdan səmərəli
olmadığını da etiraf edirdilər.
Üçüncü əsas məsələ
NATO heyəti getdikdən sonra yerli müəllim heyətinin
yeni üslubda tədris planını hazırlanması istiqamətində
imkanlarını artırmaqdan ibarət idi.
Əldə olan məlumatlara görə,
NATO ilə Silahlı Qüvvələrin Hərbi
Akademiyasının rəhbərliyi arasında aparılan
müzakirələr konstruktiv olub və sonda Azərbaycan tərəfi
qərbyönlü tədris kursunu seçdiyini bəyan edib. Qeyd edək ki, bu kurs beynəlxalq münasibətlər
sahəsində anlayışları, siyasi elmləri, regional tədqiqatları,
liderlik prinsiplərini, idarəçilik, psixologiya, iqtisadiyyat
və etikanı özünə daxil edir. NATO-nun
əksər hərbi kolleclərində analoji istiqamətlər
kurs planında əksini tapır. NATO heyətlərinin
vaxtaşırı səfərləri, tədris
metodologiyasına dəstək vermələri bir sıra ciddi
irəliləyişlərə səbəb oldu.
Qeyd edək ki, NATO kolleclərində və
postsovet məkanının strateji hərbi kolleclərində
tədris metodikası tamamilə fərqlidir. Verilən məlumata görə, NATO tərəfi
çətinlik çəkmədən SQ Hərbi
Akademiyası rəhbərliyini Sokrat metodunun tətbiq
olunmasının dəyərliliyinə inandıra biliblər.
Sokrat metodunda tələbələr bir-birlərinə
suallar verir və nəticədə bir-birlərinə kömək
edirlər. Amma hər iki tərəf etiraf
etdi ki, bu metodun tətbiq olunması bir sıra səbəblər
üzündən çətinliklər yarada bilər. Bunun ardınca NATO qrupu qərara alıb ki, hər səfər
zamanı Akademiyada NATO ölkələrindən olan
professorların məruzələri kerçəkləşsin.
Bununla da tədricən birtərəfli
kommunikasiyadan seminar müzakirələrinə keçidin
baş tutacağına inam vardı.
“Dublyor-müəllimlər
təşəbbüsü”
Qeyd edilən istiqamətdə problemlər
ortaya çıxdı. Belə ki, NATO-dan Azərbaycana
hərbi təhsil üçün ildə 3 dəfə heyət
səfəri kifayət deyildi. Bu, qısa
müddət ərzində hərbi təhsildə ciddi
islahatlar keçirmək üçün impuls vermirdi. Tədris materiallarının dəyişmək də
vaxt istəyirdi. Bu səbəbdən NATO tərəfi
2009-cu ildə “Dublyor-müəllimlər təşəbbüsü”nü
irəli sürdü. Bu ideyaya görə,
Azərbaycan müəllimləri qərb hərbi kolleclərində
bir neçə həftə keçirməli, orada dərs
keçən həmkarlarının praktik olaraq dublyorları
olmalı idilər. Onlar dərslərin necə
keçirilməsi, müəllimlərin bu dərslərə
necə hazırlanmaları kimi məsələləri diqqətlə
öyrənməli idilər.
Verilən məlumatlara görə, son illərdə
Azərbaycanın 2 professoru iki həftə ərzində
Nyuportda “dublyor” rolunda olublar. Onlar
öz ölkələrinə təkcə elmi biliklərin əks
olunduğu qovluqlarla gəlməmişdilər, onların
ABŞ-dakı peşəkar hərbçilərin milli təhlükəsizlik
problemlərinə dair düşüncələrini necə
inkişaf etdirmələrini daha yaxşı anlamaq
imkanları olmuşdu. Azərbaycan müəllimləri
daha sonra Polşa və Çex Respublikasının müdafiə
universitetlərinə baş çəkmək imkanı əldə
etdilər. Bu ölkələr
keçmişdə SSRİ ilə əlaqələrə
malik olmaları səbəbindən Azərbaycan tərəfi
üçün xüsusilə faydalı hesab olunurdu.
İlk
magistr dərəcələri
Qərb mənbələrindən verilən məlumata
görə, bir neçə il öncə
rəsmi Bakı Avropa kolleclərinin təcrübəsinə
uyğun olaraq SQ Hərbi Akademiyasının elmi dərəcələr
vermək imkanına malik olmasına dair arzusunu irəli
sürüb.
Qeyd edək ki, Polşa və Çex
Respublikası Bolonya modelinə əsaslanan Avropa sistemini tətbiq
edir. NATO işçi qrupunun Avropadan olan
üzvləri hesab edirdilər ki, Azərbaycan da həmin yolu
gedə bilər. Bu səbəbdən
Çex Respublikasında və Polşada həyata keçirilən
“dublyor” rollarında əsas məqsəd Azərbaycanlı
müəllimlərə Bolonya sisteminin quruluşunu
anlatmağa yönəlmişdi.
Beləliklə, 2014-cü ildə Azərbaycan tərəfi
Silahlı Qüvvələrin Ali Akademiyasında təhsil alan ikiillik əməliyyat-taktik kursun məzunlarına
ilk magistr dərəcələrini verəcək. NATO ekspertləri
hesab edir ki, bu, Azərbaycanın 2009-cu ildən bu yana hərbi təhsilin inkişafı üzrə
həyata keçirdiyi islahatların kulminasiya nöqtəsi
olacaq.
Məlumatlara görə, 2012-ci ildə SQ
Hərbi Akademiyasının rəhbərliyi general rütbəsi
almağa namizəd olan polkovniklər üçün 10
aylıq kurs yaradılması barədə qərar verib. Proqnozlara görə, bu kurs 2013-cü ilin
payızından başlanmalı, 20-yə yaxın dinləyicini
əhatə etməli idi. Məqsəd odur
ki, buranı bitirən məzunlar strateji səviyyədə
döyüş komandirləri olmaqla yanaşı Müdafiə
Nazirliyinin adminstrasiyasında işləyərək strategiya və
müdafiənin planlaşdırılma prosesində peşəkar
olsunlar. ABŞ Hərbi-dəniz strateji
kolleci bu istiqamətdə məsləhətlərini və
metodologiyanı təqdim edəcək. Kursun hədəfində
təkcə ali strategiya və milli təhlükəsizlik
məsələləri deyil, eyni zamanda, birgə əməliyyatlar
problemi də olacaq. Verilən məlumata görə,
Akademiyanın professor-müəllim heyəti bu kursun məzunları
üçün milli təhlükəszilik üzrə magistr
dərəcəsi üzrə akkreditasiya almaq məsələsi
üzərində işləyir. Bu prosesin
hazırda nə yerdə olduğunu araşdırmaq
mümkün olmadı.
Yeri gəlmişkən, son bilgilərə
görə, Rumıniya peşəkar hərbi təhsil məsələsində
Azərbaycanla işləmək arzusunu elan edib və
hazırda bu ölkə yuxarıda qeyd edilən proseslərdə
əsas dəstək verən ölkələrdəndir.
Qeyd edək ki, “Təhsil Haqqında Azərbaycan
Respublikası Qanunu”nun tələblərinə əsasən,
Silahlı Qüvvələrdə təhsilin pillələri və
səviyyələri bu şəkildə müəyyən
edilib:
– tam orta təhsil;
– ilk peşə ixtisas təhsili;
– ali təhsilin bakalavr və magistr səviyyələri;
– adyunktura təhsili.
Təhsilin ilk pilləsi – tam orta təhsil xüsusi təyinatlı
tam orta təhsil müəssisələrində
C.Naxçıvanski adına və Heydər
Əliyev adına hərbi liseylərdə həyata
keçirilir. İlk peşə-ixtisas təhsili
xüsusi təyinatlı əlavə təhsil müəssisələrində
(Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində)
gizir və müddətdən artıq həqiqi hərbi xidmət
qulluqçularının hazırlanması kurslarında həyata
keçirilir. Ali təhsilin bakalavr səviyyəsi
üzrə zabit kadrların hazırlanması xüsusi təyinatlı
ali təhsil müəssisələrində
(Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi,
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Azərbaycan
Ali Hərbi Təyyarəçilik Məktəbi, Silahlı
Qüvvələrin Hərbi Akademiyası) həyata
keçirilir.
Perspektivlər
Qərb ekspertlərinin fikrincə, Azərbaycanın
hərbi təhsilində müəyyən ciddi problemlər
qalmaqdadır. Amma ümumi tendensiya ona ümid
verir ki, tədricən, Azərbaycanda hərbi təhsil tam NATO
standartlarına uyğun olacaq. Ümumilikdə,
qərb ekspertləri Azərbaycanın NATO ilə Müdafiə
Sahəsində Təhsilin Təkmilləşdirilməsi
Proqramını yerinə yetirməsi prosesinin ləngliyini qeyd
edirlər. Amma onlar hesab edirlər ki, əsas
səbəblərdən biri rəsmi Bakının
seçimsizliyidir. Qərb mütəxəssisləri
hesab edirlər ki, əgər Azərbaycan öz strateji
inteqrasiya hədəflərini konkretləşdirsə,
Avroatlantik inteqrasiyaya yolunda addımlasa, onda hazırda onun NATO
ilə əməkdaşlığında mövcud olan
bütün problemlər, o cümlədən, hərbi təhsillə
bağlı problemlər həllini tapar.
Cəsur
Məmmədov
Ayna.-
2013.- 19 oktyabr.- S.1-2.