Ordu üzərində ciddi
dövlət
və vətəndaş
nəzarəti olmalıdır
Əks halda qeyri-döyüş
itkilərinin sayı daha da
arta bilər
Bu günlərdə Nazirlər Kabineti hökumətin 2008-ci il
29 fevral tarixli 59
nömrəli qərarı ilə təsdiq edilmiş
“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də
dəyişiklik edib. Belə
ki, əvvəllər ilkin
hərbi uçota götürülərkən
və ya hərbi xidmətə
çağırılarkən, vətəndaşın hərbi
xidmətə müvəqqəti yararsızlığı
haqqında qərar 3 aydan 12 aya qədər olan
müddətə çıxarılırdı. Bu müddət başa
çatdıqdan sonra vətəndaş təkrar
şəhadətləndirmə keçir
və hərbi xidmətə çağırıla bilərdi.
Bundan sonra isə sağlamlıq vəziyyətinə
görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə
1 ildən artıq olmamaq şərti ilə
veriləcək. 3 ildən sonra, sağlamlıq
vəziyyətindən asılı olaraq
möhlət almış
çağırışçılar, ya müddətli həqiqi hərbi
xidmətə çağırılacaq, ya
hərbi xidmətə yararsız hesab edilərək
hərbi uçotdan
çıxarılacaq, ya da
dinc dövr üçün hərbi xidmətə
yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata
keçiriləcəklər.
Əsasnaməyə bir sıra digər dəyişikliklər də
edilib. Məsələn, ilkin
hərbi uçota götürülərkən
və hərbi xidmətə çağırılarkən vətəndaşın
şəhadətləndirməsini cərrah, terapevt,
nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloqlarla yanaşı, dermato-veneroloq,
psixoloqlar da keçirəcəklər.
İlkin hərbi uçota
götürülmə üzrə komissiya
sədrinin qərarı ilə ilkin hərbi
uçota götürülərkən vətəndaşların
hərbi-uçot ixtisasları üzrə
hazırlanmasını həyata keçirən ictimai təşkilatlarda təhsil almağa, habelə onların nəqliyyat vasitələrini idarə etməyə
yararlılığı müəyyən ediləcək. Vətəndaşların ilkin hərbi
uçota götürülməsi üzrə
komissiyanın, Çağırış komissiyasının
və ya hərbi komissarın qərarı
ilə vətəndaş diaqnozun dəqiqləşdirilməsi,
yaxud müalicə məqsədi ilə
dövlət səhiyyə müəssisələrinə ambulator və ya stasionar müayinəyə və
müalicəyə göndəriləcək.
Ordudakı itkilərin sayı azalacaqmı?
Ekspertlər hesab edirlər ki, Hərbi-həkim
ekspertizası haqqında Əsasnamədə dəyişiklik birbaşa olaraq son illərdə Azərbaycan Silahlı
Qüvvələrində qeyri-döyüş
itkilərinin kəskin artması ilə bağlıdır. Dəyişikliyi
nəzərdən keçirdikdə, bəlli olur
ki, əsas hədəf xəstəliklərdən,
intiharlardan və avtomobil
qəzaları səbəbindən ölümlərin
sayını azaltmaqdır. Nəzərə çatdıraq ki, təhlükəsizlik və müdafiə sektorunda itkilərin əsas səbəblərindən
biri də hərbi qulluqçuların
sağlıq durumu ilə
bağlıdır. Hərbçilərin bir
qismi xidmət dövründə
tutulduqları xəstəliklərdən dünyalarını
dəyişirlər, bir qismi
isə xidmətə xəstə halda
çağırılması səbəbindən.
Ekspertlərin fikrincə,
qaydalarda dəyişiklikləri nəzəri
və praktiki baxımdan şərh etmək
olar. İlk əvvəl
nəzəri baxımdan şərh edək. Son
illərdə hərbi xidmətə yararsız olan vətəndaşların lazım
oldu-olmadı müayinədən keçirilməsi, onlardan rüşvət tələb
olunması kimi xəbərlər çox yayılıb. Hərbi xidmətə
yararsız olanların da əsgərliyə
çağırılması ilə bağlı məlumatlar
var. Adətən belə məlumatlar həmin
əsgərlər ya dünyalarını
dəyişdikdə, ya da
xidmət zamanı ağır xəstəliyə düçar olduqda ortaya çıxır. Beləliklə,
Əsasnamədə edilmiş dəyişiklikdən
sonra belə
çağırışçıların bürokratik
əngəllər olmadan dinc
dövrdə, hərbi xidmətdən azad
olunmasının mümkünlüyü fikri formalaşır. Bu da sözsüz ki, orduda itkilərin
sayının azalmasına gətirib çıxaran əsas
amillərdən biri ola
bilər.
Növbəti dəyişiklik
çağırışçıların müayinəsində
yoxlanılmasına dermato-veneroloq və
psixoloqların da əlavə edilməsi
ilə bağlıdır. Bunun özü bəzi ciddi mətləblərdən
xəbər verir. Bəlli olduğu
kimi, son 10 il ərzində Azərbaycan Silahlı Qüvvələrində,
ümumilikdə müdafiə və təhlükəsizlik sektorunda intiharların sayı kəskin
artıb. Hər il ordumuzda
orta hesabla 1520 əsgər
intihar edir. 5-10 əsgər
isə intihara cəhd edir.
Ortalama intiharlardan
ölənlərin sayı ümumi itkilərin
təxminən 20 faizini təşkil edir. Beləliklə, müayinəyə
psixoloqların cəlb olunması əslində
çağırışçıların psixoloji
durumunu öyrənmək, problemlərindən
agah olmaq məqsədi
daşıya bilər.
“Doktrina”
Mərkəzinin araşdırmaları göstərir ki, intihar hadisələrinin
bir çoxu, əsgərlərin
ilk xidmət dövlərinə təsadüf
edir. Beləliklə, bir sıra vətəndaşların mülkidən
hərbiyə gəlməsi onlarda psixoloji sarsıntılara səbəb olur və psixoloqların bu
işə cəlb olunması da böyük ehtimalla həmin
sarsıntıları üzə çıxarmaq və aradan qaldırmaq məqsədi
daşıyır.
İlkin baxışa və müayinəyə
dermato-veneroloqların cəlb olunmasının əsas səbəblərindən
biri də yəqin ki,
son illərdə dəri-zöhrəvi xəstəliklərə
tutulmuş əsgərlərin
sayının artması ilə bağlıdır. Bir çox əsgərlər
belə bir xəstəliklə hərbi
xidmətə çağırılır ki,
sonradan hərbi xidmət zamanı bunun ağrısını çəkirlər.
Belə bir xəstəliyə məruz
qalmış əsgər bir çox hallarda xidmətə
yararsız olur. Dəri-zöhrəvi xəstəliklər
bir çox əsgərlərin
xidmət dövründə ölümünə də səbəb
olub. Daha bir diqqəti çəkən məsələ
ilkin hərbi uçota
götürülərkən vətəndaşların hərbi-uçot
ixtisasları üzrə hazırlanmasının nəzərdə
tutulması ilə bağlıdır. Xüsusilə də nəqliyyat
vasitələrini idarə edəcək əsgərlərə
prioritet verilməsi diqqəti əsas məsələyə
yönəldir. Qeyd edək ki, orduda itkilərə səbəb
olan əsas faktorlardan
biri də avto-qəzalarla
bağlıdır. Hər il bu səbəbdən 15-20 hərbi qulluqçu ölür,
30-40 hərbçi isə müxtəlif dərəcəli xəsarət
alır. Beləliklə, aydındır ki,
Azərbaycan ordusuna peşəkar
sürücülər gərəkdir və Əsasnamədə
buna işarə var.
Daha bir məsələ vətəndaşların,
əsgərlərin müalicə üçün
müxtəlif səhiyyə müəssisələrinə
göndərilməsi ilə bağlıdır. Əsasnamədə
bu istiqamətdə müəyyən prosedur dəyişiklikləri əksini
tapır. Ötən illərdə əsgər ölümlərinin
əsas səbəblərindən
biri onlara
lazımı anda lazımi tibbi
yardım göstərilmədiyi, həkimlərin
bacarıqsızlığı, lazım olan
dərmanın tapılmadığı, şəraitsizlik və
s. ilə bağlı olub.
Beləliklə, hiss olunur
ki, Nazirlər Kabineti bu problemi həll etmək,
əsgərlərin Müdafiə Nazirliyinin
və digər hərbi strukturların hospitallarında və tibb məntəqələrində ölüm hallarının
qarşısını almaq istəyir.
Daha bir məsələ, hərbi qulluqçulara müalicə üçün
verilən müddətin vaxtının uzadılması, hərbi
xidmət zamanı sağalmaz xəstəliyə
tutulan əsgərlərin ordudan
tərxis edilmə prosedurunun
yüngülləşdirilməsi ilə bağlıdır. Bütün bunlar əslində, orduda
hərbçilərin xəstəliklərdən ölüm hallarının
dayandırılmasına yönəldiyini ehtimal
etmək olar.
Dəyişikliyin korrupsiya tərəfi
Praktiki yanaşmaya keçək.
Edilən dəyişiklikdə korrupsiya və
rüşvətxorluğun artmasına gətirib
çıxaran məqamlar kifayət qədər çoxdur. Mövcud dəyişiklik
(bir sıra hallarda konkretliyin olmadığı) əslində bəzi
neqativ halların baş
verməsinə imkanlar yarada
bilər. Misal üçün,
qeyd edilən dəyişikliklər
çağırışçılara və əsgərlərə
psixoloji durumlarına görə möhlət
almaq imkanları yaradır. Beləliklə,
ehtimal etmək olar ki, qeyd edilən sahə
rüşvətin əsas mənbələrindən biri ola bilər. Və yaxud,
çağırışçının xəstəliyinə
görə hərbi xidmətdən azad
edilməsi prosesdurunun nisbətən sadələşdirilməsi
də, eyni zamanda,
maraqlı şəxslər üçün
yeni rüşvət imkanları aça bilər.
Beləliklə,
Əsasnamədə edilən dəyişiklik onu
deməyə əsas verir ki,
ordu üzərində ciddi
dövlət və vətəndaş nəzarəti olmasa, rüşvət və korrupsiyanın
miqyası daha da artacaq, qeyri-döyüş
itkilərinin sayı daha da
çoxalacaq…
Cəsur
Məmmədov
Ayna.-
2013.- 19 oktyabr.- S.1-2.