İlham Əsgərovdan Moskva
teatr təəssüratları
Bolşoy Teatrda biletlər
2 ay öncədən satılıb
qurtarır
Bu günlərdə Akademik Milli Dram Teatrının bədii-quruluş
hissəsinin əməkdaşları
Moskvadan qayıdıblar.
Yaradıcı və texniki heyətin peşəkarlıq səviyyəsini
yüksəltmək məqsədilə
bədii quruluş hissə müdiri İlham Əsgərov, işıq sexinin müdiri Rafael Həsənov,
radio sexinin müdiri Həmid Kazımzadə və butaforçu-dekorçu
Samirə Həsənova
Bolşoy Teatr və Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında olublar. Bu günədək
Azərbaycan teatrlarından
heç kim
oralarda yaradıcılıq
mübadiləsində olmayıb.
İlham Əsgərov
bu barədə danışır:
- “Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramında
öz əksini tapan məsələlərdən
biri də dünya teatr məkanına inteqrasiya, beynəlxalq əlaqələrin
qurulması, gənc kadrların dünyanın
qabaqcıl teatrlarında
yaradıcılıq mübadiləsi
və staj keçmələrinin təmin
olunmasıdır. Çox sevinirəm ki, biz dünya teatr məkanında özünəməxsus yeri
və çəkisiylə
fərqlənən Moskva
teatrlarında olmaq, onların iş prinsipi, təcrübəsi
ilə tanış
olmaq, eyni zamanda, öz təcrübələrimizi bölüşmək
imkanı əldə etdik. Moskva teatr
mühiti həmişə
şəxsən mənim
üçün çox
maraqlı olub və Moskvanın Bolşoy Teatr, Vaxtanqov adına
Akademik Teatr, Satira Teatrı kimi nüfuzlu və zəngin təcrübəyə malik
teatrlarının işi
ilə yaxından tanış olarkən çox maraqlı məqamlarla rastlaşdıq.
Moskvada olduğumuz 2 həftəyə
yaxın müddət
ərzində o qədər
maraqlı bir prosesin içində olduq ki, təəssüratlarımızın
hamısını danışmağa
nə vaxt, nə də ki bir söhbət
kifayət edər.
Biz Moskvada əsasən üç teatr – Bolşoy Teatr, Vaxtanqov adına Akademik
Teatr və Moskva Akademik Satira Teatrında olduq. Xüsusən, Bolşoy Teatrla
bağlı çox maraqlı yeni məlumatlar əldə etdik.
- Bolşoy Teatr haqqında danışmağınızı
istərdik…
- Bolşoy Teatrın tarixi 1776-cı ildən hesablanır.
Teatrın ilk dəfə 1780-ci ildə inşa olunan binası o zamandan etibarən dəfələrlə yanıb,
bərpa olunub. Sonuncu dəfə 2011-ci ilin oktyabrında teatrın binası 6 il davam
edən əsaslı təmir-bərpa işlərindən
sonra istifadəyə verilib. Bolşoy Teatrın binasının
möhtəşəmliyini ifadə etmək üçün söz tapa bilmirəm. Tamaşaçı salonundakı çilçıraq
24000 elementdən ibarətdir.
Teatrın tamaşaçı tutumu 1740 nəfərdir.
Ən maraqlısı isə odur ki, təsəvvür
edirsiniz, tamaşalara biletlər 2 ay əvvəldən
satılıb qurtarır.
Biletlərin qiyməti 60 dollardan başlayır. Buna baxmayaraq,
Bolşoy Teatr tamaşaçı sarıdan problem
yaşamır. Teatr təmirdən sonra ən son texnika və
avadanlıqlarla təmin olunub.
- Səhnə texnikası və texnologiyalar
baxımından Akademik Milli Dram Teatrı ilə Bolşoy Teatr
arasında hansı fərqlər mövcuddur?
- Bolşoy Teatrdakı səhnə avadanlıqları ilə bizdəki texnika eyni
firma tərəfindən hazırlanıb.
Sadəcə, orada əsasən opera və balet
tamaşaları nümayiş olunduğuna görə səhnə
texnikası, işıq və musiqi avadanlıqları daha
mürəkkəb sistem əsasında qurulub.
- Bəs dekorasiyaların hazırlanması, səhnənin
qurulması barədə nə deyə bilərsiniz?
- Bolşoy Teatrda əsas binadan əlavə emalatxana da var. Bütün
dekorasiyalar, kostyumlar, dülgər sexi, səsyazma studiyası
və digər yardımçı sahələr emalatxanada
yerləşir. Bu binada əsas səhnə ilə eyni
ölçüdə olan səhnə mövcuddur. Sadəcə,
tamaşaçı zalı yoxdur. Dekorasiyalar bu səhnədə
quraşdırılır. Tamaşanın işıq
partiturası, rekvizitlər, butaforiyalar – hər şey bu səhnədə
hazırlanır, sonra hazır şəkildə əsas səhnəyə
aparılır. Teatrın əsas səhnəsində
quraşdırma işi aparılmır, tamaşadan sonra da
dekorasiyalar sökülmür, bütöv şəkildə səhnənin
altında mövcud olan məkanda saxlanılır. Beləcə,
teatrda bədii quruluş hissəsinin işinin effektivliyi və
sürəti xeyli yüksəlmiş olur.
Moskva teatrlarında rekvizitlər, butaforiyalar,
səhnə geyimləri, qrim ləvazimatları və digər
lazımi avadanlıqlar hazırlanarkən çox yüksək
keyfiyyətli və bahalı materiallardan istifadə olunur.
Teatr tamaşa üçün lazım olan hər şeyi –
boyaq maddələrini, parçaları, qrim və pastijor ləvazimatlarını
Avropada fəaliyyət göstərən
ixtisaslaşmış firmalara sifariş edir. Tamaşalarda
istifadə olunan kostyumlar da məhz bu kimi firmalar tərəfindən
yüksək peşəkarlıqla hazırlanır.
Öz növbəmizdə,
biz də sözügedən firmalarla
müəyyən əlaqələr qura bildik.
Yaxın gələcəkdə bu firmalarla müəyyən
danışıqlar aparmaq mümkün olsa, bəzi ləvazimatları
sifariş etmək niyyətindəyik.
- Moskvada hansı tamaşalara baxa bildiniz? Təəssüratınız…
- Biletlərin hamısının satıldığına
görə çox tamaşalara baxmaq imkanından məhrum olduq. Məsələn, Bolşoy Teatrın
simvolik tamaşalarından
olan “Qu gölü” baletinə baxmağı çox istəsək də, nəsib olmadı. Amma Bolşoy Teatrın “Turandot” (libretto
C.Adami, R.Simoni, quruluşçu rejissor Françeska Zambella), Satira Teatrının “İdeal qətl” (quruluşçu rejissor Andrey Jitinkin), Y.Vaxtanqov adına
Teatrın “Madmazel Nituş” (Bəstəkar F.Erve, quruluşçu rejissor – Vladimir İvanov) tamaşalarına baxdıq.
Hər üç tamaşa həm bədii səviyyəsi, həm də texniki imkanları baxımından
son dərəcə maraqlı
səhnə əsərləri
idi.
ŞƏMS
Ayna.- 2013.- 12 yanvar.- S.20.