Ziqmund Freydin nəticəsindən
“Ailə dəyərləri” sərgisi
Ulu
dədəsi onun üçün
bir mələk, bir ilham pərisidir
Dünyaca məşhur psixoanalitik Ziqmund
Freydin nəticəsi xanım Ceyn Makadam Freyd ilk dəfə
olaraq Azərbaycana gəlib. APA-nın məlumatına görə,
xanım C.M.Freydin Bakıya səfərinin məqsədi
xanım Mila Əsgərovanın rəhbərlik etdiyi və
yeni açılan “Gazelli Art House”da “Ailə dəyərləri”
adlı sərgisinin təşkili ilə bağlıdır.
Öncə media mənsubları
C.M.Freydin sərgisi ilə tanış olub, daha sonra isə
qeyri-formal atmosferdə mətbuat konfransı keçirilib.
“Gazelli Art House”un təsisçisi və direktoru Mila Əsgərova
xanım Freydi Azərbaycanda görməkdən məmnunluğunu
bildirdi. Xatırlatdı ki, ötən ilin oktyabrında
“Gazelli Art House” amerikalı rəssamlar Aziz və Kuçerin sərgisi
ilə fəaliyyətinə başlayıb. Qalereya
insanları incəsənəti dərk etməyə səsləyir.
Ceyn Freyd Bakıya öz həyat
yoldaşı ilə gəldiyini və bu səfərdən
razı qaldığını bildirib. Xanım Freyd eyni zamanda
bildirib ki, Bakıda olduğu müddətdə onun seminarı
da təşkil olunacaq. İxtisasca heykəltəraş olan
Ceyn Freyd 3-4 yaşından artıq özünü bu sənətdə
tapdığını deyir:
“Bu yaşlarımda mən torpaqdan
müxtəlif fiqurlar düzəltməyə başladım və
artıq həmin illərdə dərk etdim ki, məhz heykəltəraş
olmalıyam. Bu sənət mənə həyatın hər
hissini bəxş edə bilir. Mənim yuxularım həyatıma
sirayət edib və hətta ailə həyatı qurmaq
üçün addım ata bilməyəndə məhz yuxuda
gördükdən sonra bunu etdim. Gənc illərimdə hər
zaman öz yolumla seçilməyə
çalışmışam. Görüşlərdə belə
Freyd soyadından istifadə etmirdim, çünki öz yolumu
özüm açmaq istəyirdim. Dədəm mənim
üçün hər zaman bir mələk, ilham pərisi,
arxalandığım biri olub. Hər zaman iki adamın dəstəyini
hiss edirəm – atamın və dədəmin. Mənim
üçün ailə bağları çox önəmlidir”.
Qonaq heykəltəraş onu da bildirib
ki, Bakı arxitekturası onu cəlb edib və o, şəhərdə
bu qədər müasir tikililərin olduğunu öncədən
zənn etməyib: “Səhər pəncərədən
baxdıqda həyat yoldaşıma dedim ki, biz yenidən və
daha rahat bir vaxtda buraya gəlməliyik. Şəhər məni
özünə cəlb edib. Tanıdığım yeganə
azərbaycanlı Miladır və mən məhz onu
tanıdıqdan sonra Azərbaycanın bütün
insanlarını məhz onun simasında sevirəm. Londonda rəhbərlik
etdiyi qalereyada da mənim sərgimi məhz Mila xanım təşkil
edib. Bu gün
də Bakıda onun sayəsindəyəm”.
Ayna.- 2013. - 12 yanvar.- S.20.