Elmimizin ağsaqqalı, elimizin
ağsaqqalı…
Teymur
Bünyadov – 85
Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, humanitar və ictimai
elmlər bölməsi sədrinin müavini, Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının nəzdində arxeologiya və etnoqrafiya
üzrə Müdafiə Şurasının sədri,
Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya
şöbəsinin müdiri, Əməkdar elm xadimi, tarix elmləri
doktoru, professor, Respublika Yazıçılar Birliyinin, Azərbaycan
Jurnalistlər Birliyinin, Respublika Ziyalılar Birliyinin
üzvü…
Akademik Teymur Əmiraslan oğlu
Bünyadov haqqında bu sadalananlar onun şəxsiyyətini,
böyüklüyünü, millət naminə
gördüyü işləri izah etməkdə acizdir. Bir əsrə
yaxın ömür yolunu vərəqləyəndə Teymur
müəllimin həyatın müxtəlif sahələrində
Azərbaycan xalqının, milli-mənəvi
dünyagörüşümüzün inkişafında,
milli ruhumuzun dərkində, elmimizin inkişafında, gənc
nəslin vətənsevərlik ruhunda tərbiyəsində
oynadığı rolun şahidinə çevrilirsən.
Tale Teymur Bünyadova gəncliyində
acılar yaşatmışdır. Yeniyetmə yaşındaykən
anası dünyasını dəyişmiş, bir il sonra
atası Əmiraslan Bünyadov 1937-ci ilin qara repressiya küləyinin
qurbanı olmuşdur. Həyatın yollarına tək-tənha
düşən Teymur Bünyadovun yeniyetməlik və erkən
gənclik illəri, ta orta məktəbi qızıl medalla
bitirənə qədər inadkar bir yaşam mücadiləsində
keçmişdir. “Göz yaşları” avtobioqrafik
romanından oxuduğumuz kimi, doğmalarını itirməsi,
məşəqqətlər, müharibənin özü ilə
gətirdiyi məhrumiyyətlər onu sındıra bilməyib.
Bu ağır mücadilə, xarakterindəki inadkarlıq,
aydın məqsədyönlülük, əksinə, onun iradəsini
daha da mətinləşdirmiş, ömür yolunda
addımlarını daha inamla atmışdır.
Əlbəttə, dünya
yaxşılardan xali deyil. Həyatda qarşısına
çıxan işıqlı insanların orbitində
uğurlu bir elm yolu tutmuşdur. Bu insanları, onların dəyərli
məsləhətlərini Teymur müəllim kitablarında
ehtiramla yad edir. Teymur Bünyadov 1955-2012-ci illərdə
yazdığı mindən çox monoqrafiya, kitab,
elmi-publisistik məqalə ilə milli etnoqrafiya elmində
özünəməxsus elmi dəsti-xətt
formalaşdırmışdır.
Etnoqrafiya ixtisası üzrə respublikada ilk elmlər doktoru alimlik dərəcəsinə
layiq görülən T.Ə.Bünyadovun Azərbaycan
xalqının çoxəsrlik musiqi
tarixindən bəhs edən “Əsrlərdən gələn səslər”,
“Azərbaycanda atçılığın tarixindən”, “Ana Kürüm”,
“Qızıl qaya”, “Mərd qalalar, sərt qayalar”,
“Zirvəqala”, “Qız var oğuldan
qeyrətli”, “Bir qız bir
oğlanındı”, üç kitabdan ibarət bayatıları və s. elmi, etnoqrafik,
bədii, publisistik əsərlərini həm
oxucular, həm də mütəxəssislər
çox yüksək qiymətləndirmişdir.
Teymur Bünyadovun
yarım əsrdən çox elmi yaradıcılığını təhlil
etdikcə, Azərbaycan elmində nəhəng və yeni bir yolun
əsasının qoyulduğunu aydın
şəkildə görürsən. Onun hər bir
əsəri, monoqrafiyası, kitabı,
çıxışı tədqiqata cəlb edilməli, geniş şəkildə
araşdırılmalıdır. Çünki,
onun əsərlərində Azərbaycanın
qədim tarixi, arxeologiyası,
etnoqrafiyası, eləcə də Teymur Bünyadovun özünün
görə-görə, gələ-gələ
yazdıqları əksini tapır.
Bir əsərin üzərində
xüsusi olaraq, dayanmaq istəyirik. XX əsrin
ortalarında, Azərbaycanın tarixi,
arxeologiyası, etnoqrafiyası inkar ediləndə
Teymur Bünyadov
1955-ci ildə “Tunc dövründə Azərbaycanda
əkinçilik və maldarlıq” mövzusunda
namizədlik dissertasiyasını uğurla
müdafiə edərək, tarix elmlər
namizədi alimlik dərəcəsi
adını almışdır. 1957-ci ildə onun
“Tunc dövründə Azərbaycanda əkinçilik
və maldarlıq” monoqrafiyasının rus
dilində çap olunması Azərbaycan
elmində inqilabi bir
addım idi, bu kitab keçmiş SSRİ-nin elm həyatında
ciddi müzakirələrə səbəb
olmuşdu. Keçmiş SSRİ-də azərbaycanlıların
“köçəri” olduğu haqqında “elmi ideyalar”ın meydan
suladığı bir dövrdə Teymur Bünyadovun bütün əks iddiaları
darmadağın edərək, o dövrdə
yenilik sayılan iddia
ilə çıxış etmiş, Azərbaycan
tarixinin qədim plastını tədqiq
edərək, Qafqazın əkinçiliyin
vətənlərindən biri olduğunu sübuta yetirmişdir. Əsərdə əkinçiliyin
tunc dövrünün
aparıcı təsərrüfat sahəsi olduğu
sübuta yetirilir, eyni zamanda, maldarlıq təsərrüfatının
əhalinin həyatında mühüm rolu araşdırılır.
Teymur müəllimin 1960-cı
ildə nəşr edilən “Azərbaycan arxeologiyası
oçerkləri” bu gün
də müxtəlif elm sahəsi mütəxəssislərinin,
o cümlədən arxeoloqların stolüstü kitabıdır. Teymur
müəllimin 1964-cü ildə çap
olunan “Azərbaycanda əkinçiliyin inkişaf tarixinə dair”,
1969-cu ildə işıq üzü
görən “Azərbaycanda maldarlığın inkişaf tarixindən” monoqrafiyaları Azərbaycan
etnoqrafiya elminin
möhtəşəm özülləri sayılır.
Bu əsərlər keçmiş SSRİ zamanında böyük əks-səda doğurmuş,
Teymur Bünyadovun gəldiyi
nəticələr o dövrdə çap olunmuş, etnoqrafiyaya dair ümumittifaq səviyyəli dərsliklərdə
də əksini tapmışdır. Müxtəlif millətlərdən
olan böyük bir etnoqraf nəsli Teymur Bünyadovun tədqiqatlarını,
gəldiyi nəticələri öyrənmişdir. Həmin nəticələrdə
isə Azərbaycan xalqının qədim və yüksək
mədəniyyəti, inkişaf yolu əksini tapır.
Ömrünü elmi fəaliyyətə
həsr etmiş T.Ə.Bünyadov
bədii yaradıcılıqla da məşğul
olmuş, onlarla hekayəsini
oxuculara təqdim etmişdir.
Onun bədii yaradıcılıq fəaliyyətində
1991-ci ildə çap edilmiş
“Göz yaşları” romanı ayrıca qeyd edilməlidir. Romanda sovet hakimiyyətinin ilk illərində,
eləcə də repressiya illərində,
müharibə və ondan sonrakı illərdə
bir nəslin üzləşdiyi faciələr
xalqımızın iztirabları bir böyük ailənin timsalında realistcəsinə
təsvir olunmuşdur.
Teymur Bünyadov
geniş ictimai fəaliyyətlə
məşğul olmuşdur. 1995-ci ildə
parlamentə seçilən, 1996-cı ilin
dekabrından parlamentin Elm
və təhsil məsələləri daimi
komissiyasına sədrlik edən T.Ə.Bünyadov
bu illərdə müstəqil dövlətimizin
həyatında mühüm əhəmiyyətə
malik bir sıra qanun layihələrinin hazırlanmasına rəhbərlik
etmiş, elm və təhsil
sahəsində bir sıra mütərəqqi
qanunların qəbuluna, həyata keçməsinə nail olmuşdur.
Elimizin ağsaqqalı…Elmimizin
ağsaqqalı… Onlarla elmlər namizədi,
elmlər doktoru Teymur Bünyadov etnoqrafiya məktəbinin
yetirməsidir. Teymur müəllim təkcə
elmdə məktəb yaratmamış, eyni
zamanda, insanlıq məktəbini, tərbiyə
məktəbini yaratmışdır. Teymur
müəllim Azərbaycan xalqının sevimlisi,
yüksək qiymətləndirdiyi bir
ağsaqqaldır. Onun hər bir işdə gənclərə
dəstək olması, qol-qanad verməsi
həmişə yüksək dəyərləndirir. Əsərləri
ilə Azərbaycan gəncliyinə, özündən
sonrakı nəsillərə milli ruhumuzu, milli dünyagörüşümüzün
aşılamışdır. Kitabları ilə bir ömür sarayı ucaldan akademikin əsərləri
milli ruhumuzun təcəssümüdür.
Etnoqrafik tədqiqatları bədii şəkildə,
şirin dillə oxuculara
təqdim edən Teymur Bünyadov
tarixi yaddaşımızı
populyarlaşdırır, zənginləşdirir.
Teymur müəllimin hər əsəri
ayrıca tədqiqatın mövzusudur. Əgər
XX əsrin ortalarında yazdıqları monoqrafiyalar
Teymur Bünyadov yaradıcılığının,
Azərbaycan etnoqrafiyasının özülləri idisə, onun redaktorluğu ilə
buraxılmış üçcildlik “Azərbaycan
etnoqrafiyası” kitabı etnoqrafiya elmimizin tacıdır. Bu kitablarda Azərbaycan etnoqrafiyasının hər
bir sahəsi geniş,
detallı şəkildə əksini tapmışdır. Bu
üçcildlikdə xalqımızın çoxəsrlik tarixi, əkinçilik və maldarlıq mədəniyyəti,
qədim məşğuliyyət növləri və sənət
sahələri, maddi mədəniyyəti,
ailə və ailə məişəti, xalq
bayramları, qonaqpərvərlik adətləri, musiqi, din, ədəbiyyat,
elm və təhsil, xalq
təbabəti, ağsaqqalıq və ağbirçəklik institutu, ölçü
vahidləri, rənglər, saylar və s. kimi məsələlər
işıqlandırılmışdır.
Akademik Teymur
Bünyadovun baş redaktorluğu ilə ərsəyə gələn
“Azərbaycan etnoqrafiyası” üçcildliyi
hər kəsin üz tutduğu
fundamental əsərdir. Bizi
özümüzə tanıdan bir əsər…
Ömrünün bu müdrik
çağında bir gənclik şövqü ilə zəhmətdən yorulmayan, elmi və bədii
yaradıcılıq işlərini davam
etdirən Teymur Bünyadovun
gördüyü bu
işlər bizim gözümüzdə ən
müqəddəs işdir. Mənəvi mədəniyyətin
aşınmağa meyilləndiyi, maddi mədəniyyətin
sürətlə dəyişdiyi dünyada
Teymur Bünyadov özünün geniş spektrli yaradıcılığı ilə milli ruhumuzun
istinadgahını yaratmış, bizi
qürurlandırmışdır. Bu istinadgah Azərbaycan xalqını özünə
tanıdır, millətimizdə keçmişə hörmət,
rəğbət və gələcəyə inam
hissi oyadır. Qarşıdan gələn
yubileyi münasibəti ilə akademik Teymur Bünyadovu ürəkdən təbrik edirik, ona uzun
ömür, can
sağlığı arzulayırıq.
Bəhmən ƏLİYEV
İsmayıl UMUDLU
Ayna.-
2013.- 19 yanvar.- S.19.