“Mən sevirəm,
amma Leyli kimi yox”
Lalə Məmmədovaya görə, "elə sevmək heç kimə nəsib olmayıb"
Lalə Məmmədova artıq
Opera və Balet Teatrında “Leyli və Məcnun”un
əsas qəhrəmanıdır.
Deyir ki, indi səhv
edib, sonra onu düzəltməyə
çalışan çılğın
bir qız yaşında deyil. Ötən illərdən bəri çox şeylər dəyişib. Əvvəllər səhv etməyə yaşı çatırdısa,
indi səhv etmək hüququ azalıb. Qorxur ki, illər boyu sənətində topladıqları bir səhv ucbatından məhv ola
bilər. Sənət işləri öz
yerində, bir pedaqoq olaraq ingilis dilindən dərs deyir. Soruşuruq: Onda ingiliscə necə deyərdiniz: “Bu şou-biznes
ki var, çox
qəliz məsələdir”?
(gülür) …This show
business is very difficult matter.
- Bəs bu qəliz
mühitdə baş çıxara bilirsiniz?
- Nəyə görə şou-biznes deyəndə pis şeyləri nəzərdə
tuturlar? Mən əgər bu
gün yaradıcılığımla
pul qazanıramsa, deməli, mən şou-biznesdəyəm və
təəssüf ki, qazanc yerimiz yalnız toylardır.
Arzu edərdim ki, sivil ölkələrdəki
kimi, bizim də qazanc mənbəyimiz konsertlər,
buraxdığımız albomlar,
televiziya çıxışlarımız
olsun.
- Atalar deyiblər ki, iki qoçun
başı bir qazanda qaynamaz. Şou-biznesi
bir qazana bənzətsək, görün
orada neçə qoçun başı bir yerdə qaynayır?
- Çoxdur… (gülür) Mən deyərdim, şou-biznesdə
qoçlar çoxdur,
amma onların başları bir qazanda qaynadığı üçün də bişən yeməyin dadı tamaşaçını
qane etmir.
-
Od olmayan yerdən,
doğrudan, tüstü
çıxmır?
- Düz fikirdir. Heç vaxt elə-belə
tüstü çıxmaz.
Səbəbsiz heç nə
olmur.
- Özünüz haqda bu günədək hansı xoşagəlməz
şayiə eşitdiniz?
- Təzə ailə qurmuşdum. Bir gün qəzetdə oxudum ki, guya
mən həyat yoldaşımla dalaşmışam
və qayınanam məni qəbul eləmir. Bu xəbəri oxuyanda ailəlikcə çox güldük. Mən çox
gözəl anlayıram
ki, çoxları inana bilmirlər ki, sənət adamının həyatında
hər şey yolunda gedə bilər.
- Əvvəl məşhurlaşmaq asan idi, yoxsa indi?
- Məşhurlaşmaq
əvvəllər daha
çətin idi. Əgər kifayət qədər istedadın, normal repertuarın
yox idisə, səni efirə və radioya buraxmazdılar. Amma bu gün televiziya və radiolarda kommersiya saatları var ki, həmin
vaxtlarda pulun varsa, keyfiyyətsiz mahnın və ifanla efirdə səslənə və görünə bilərsən.
Ona görə də əgər pulun varsa, “məşhur”
ola bilərsən.
- Bəs gənclər tanınmaq üçün hansı üsullardan istifadə etməlidirlər?
- Əgər istedadı varsa, hər zaman öz üzərində çalışmalı, intellektini
artırmalıdır.
Yox, əgər istedadı yetərincə deyilsə,
o zaman peşəsini dəyişməlidir.
- Qadın həmkarlarınızla
bir araya gələndə kim özünü daha çox dartır, kim isə hər zamankı kimi sadədir?
- Mən özünü dartan, göylə aparan heç bir həmkarımı görmürəm.
Yaşından, başından asılı
olmayaraq, kimsə mənim yanımda özünü göylə
aparanda mən onun kompleksli olduğunu düşünürəm.
- Sənət adamlarında sevmədiyiniz
özəllik nədir?
- Bilirsiniz, nəyi bəyənmirəm?
Efirdə bir cür danışıb, kimlərəsə
“həyat fəlsəfəsi”
dərsini keçən,
özünü örnək
göstərən, adi
həyatda isə dediklərinə tam zidd həyat tərzi sürənləri sevmirəm.
Bir də yaşından, sənətindən asılı
olmayaraq, hansısa sənətçi hansısa
verilişdə və
ya saytda çıxıb geyiminin brendindən danışanda
çox qıcıqlanıram,
ürəyim sıxılır.
Mənə elə gəlir
ki, o insan bu brendi heç
vaxt görməyib və indi görüb,
insanlara nümayiş
etdirir ki, mən brend geyinirəm.
-
Lalə Məmmədova
bu gün konsert versə, zalı tam doldura bilər?
- Mən hər zaman deyirdim ki, mən
özüm heç vaxt konsert verməyəcəm,
yalnız təklif gəlsə, edərəm.
Elə alındı ki, Rəşid Behbudov adına
Mahnı Teatrının
solisti seçildim və onlar mənə
konsert təklifi etdilər. İnşallah, bu ilin sonunadək iki günlük konsertim nəzərdə tutulur.
Amma tarixi hələ dəqiqləşməyib. O ki qaldı zalın
dolmasına, mən çox rahatam. “Leyli və Məcnun” tamaşasını
oynayanda üç gün ərzində bütün biletlər satıldı. Hər kəs
məndən bilet istəyirdi. Elə bilirdilər,
biletləri mən paylayıram. Utandığımdan telefon nömrəmi də dəyişmişdim.
Onda əmin oldum ki, məni sevənlər
çoxdur və mən bilet satışından zərrə
qədər də narahat deyiləm.
- Açıq etiraf edə bilərsiniz, kimlə rəqabət aparırsınız?
- Mən hamını özümə
rəqib bilirəm. İstəyir, yeni olsun, istəyir illərdir sənətdə olsun.
Amma yaxşı mənada.
Bu, düşmənçilik
deyil, sağlam rəqabətdir. Kim deyirsə ki, mənim rəqibim yoxdur, düz deyil.
- Ailə qurmaq sizin hansı planlarınızı yarımçıq
qoyub?
- Heç bir planım ürəyimdə qalmayıb.
Mən 8
ildir ailəliyəm və bu günədək
sənətimdə bir
dəqiqə belə fasilə verməmişəm.
Mənim
ən böyük dəstəkçim elə
yoldaşımdır. Yoldaşım kimi məni
bu qədər tanıyan ikinci bir prodüser olmayıb, olmayacaq da.
- Qızınız bacısız,
qardaşsızmı böyüyəcək?
- Qızım çox istəyir (gülür). Elə mən də
yenidən ana olmaq istəyirəm.
İstəmirəm, qızım tək
böyüsün. İnşallah, Allah nə vaxt qismət
etsə, o vaxt da olar.
- Şou-biznesdə
ən gözəl qadın həmkarınız
kimdir?
- Mən əgər plastik gözəlliyə üstünlük
versəydim, sizin gördüyünüz Lalədən
qat-qat gözəl olardım. Amma mən təbiiliyi
sevirəm. Əlbəttə, yaş özünü göstərəndə nələrəsə
əl atmaq olar, amma çərçivədən
çıxmamaq şərtilə.
Bu günədək istəsəydim, burnumu, bədənimi korreksiya etdirərdim, amma Allah verənlə kifayətlənirəm.
O gün disk almaq üçün mağazaya
girmişdim, rəflərə
baxıb gördüm
ki, disklərin üstündəki müəllif
rəsmləri hamısı
bir-birinə oxşayır.
Qabarıq dodaqlar, kəsilmiş
burunlar, hədəqədən
çıxmış qaşlar.
Haradasa ürəyim ağrıdı
onlara. O vaxtın
gözəl aktrisaları
vardı ki, heç bir plastik əməliyyat keçirmədən gözəl
qala biliblər. Məsələn, Leyla Bədirbəyli, Nəcibə
Məlikova…
- Leylini mükəmməl oynadınız, həyatda
da Lalə Leyli kimi sevir?
- Mən sevməsəydim, heç
vaxt ailə qurmazdım. Qaldı ki Leylinin sevgisi, elə sevmək hələ heç kimə nəsib olmayıb. O
sevgi nakam sevgidir, fəlsəfi və ilahi sevgidir.
Mən sevirəm, amma boynuma alım ki, Leyli kimi
yox.
Ayna.-
2013.- 26 yanvar.- S.21.