Polyak əsilli şamaxılı memar xatırlandı

 

Bu kitab-albom üç dildə nəşr olunub

 

Şamaxıdan millət vəkili seçilmiş Elxan Süleymanovun fərdi saytı 3 dildə yeni kitab çap edib. Azərbaycan, polyak və ingilis dillərində işıq üzü görən “Keçmiş Persidskaya küçəsindəki sehrli bina və onun şamaxılı müəllifi” kitabı polyak əsilli şamaxılı memar Yevgeni Skibinskiyə və onun 1899-cu ildə Bakıda yaratdığı binaya həsr edilib. Burada taleyin hökmü ilə bizim torpaqları özünə məkan seçmiş polyakların daha bir məşhur təmsilçisi və onun Azərbaycandakı memarlıq yadigarı, bu Aropa xalqı ilə bizi birləşdirən daha bir bağlantı haqda oxuyuruq.

Yevgeni Skibinski 1858-ci ildə Şamaxıda dünyaya göz açıb. Az sonra valideynləri artıq quberniya mərkəzi olan Bakıya köçmüşlər. Skibinski 1886-cı ildə Peterburq Rəssamlıq Akademiyasını bitirmişdir. 1896-cı ilə qədər Bakı şəhər idarəsində texnik işləmiş, sonra isə Bakı texniki məktəbində müəllimlik etmişdir. O, çoxlu layihələr işləmiş, əsasən klassik memarlığın order sistemində birmərtəbəli evlərdən tutmuş üçmərtəbəli evlərə qədər çoxlu binalar tikmiş, Zivər bəy Əhmədbəyov, İ.Qoslavski, K.Skureviç, İ.Pıoşko, İ.Edel, A.Eyxler kimi o da klassik memarlıq üslubundan, o cümlədən Azərbaycanın və Şərqin memarlıq irsindən öz işlərində istifadə etmişdir. 1900-cü ilə qədər 250-dən çox layihə hazırlamışdır.

Başqa memarlar kimi Skibinski də Şərq memarlığının motivlərindən istifadə edir, Bakı və Abşeronun qədim memarlıq ənənələrinə meyil göstərirdi.

Skibinskinin Bakıda ən parlaq memarlıq işi köhnə Persidskaya küçəsindəki (indiki Muxtarov, 24, 1899; hazırda burda Memarlar Evi yerləşir) Ağabala Quliyevin mülkü olmuş binadır. Quliyevın yaşayış evi Şirvanşahlar sarayı memarlığının bilavasitə təsiri altında tikilmişdir. Sifarişçi o vaxta qədər Avropanı səyahət etmiş, Avropa şəhərlərinin tikililərini görmüşdü, buna baxmayaraq, qərara gəlmişdi ki, evini milli-romantik ruhda tikdirsin.

Binanın həcm kompozisiyası tamdır və plastikliyi ilə seçilir. Bu bina Şərq üslublu digər tikililərin fonunda fərqlənir. Memar Y.Skibinski çoxlu yaşayış evləri tikmişdir, ancaq onlar şəhərin dar küçələrinin adi tikililəri arasında o qədər də seçilmirdi, onun yaradıcılıq tərcümeyi-halında yalnız Ağabala Quliyevin evi Azərbaycan memarlıq tarixində şərəfli yer tutur. O, həmçinin 1883-cü ildə inşa olunan Bakı dəmiryol vağzalının tikintisində iştirak etmişdir.

Sözügedən nəşrin ideyası Elxan Süleymanova məxsusdur. Mətnin və dizaynın müəllifi Fuad Babayevdir. Kitab-albomda Elçin T.Əliyevin və Fərid Xayrullinin fotoları yer alıb. Nəşr şamaxılı millət vəkilinin təşəbbüsü ilə Azərbaycan heyətinin yanvarın 30-dan başlanan Polşa səfəri zamanı təqdim ediləcək.

Qeyd edək ki, Polşaya səfərə çıxan heyətə təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, millət vəkilləri – BDU rektoru, akademik Abel Məhərrəmov, ADU rektoru, professor Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Şamaxı rayon İH başçısı Asif Məmmədov, o cümlədən ölkəmizin AvroNest PA-da nümayəndə heyətinin üzvləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev və Ceyhun Osmanlı daxildir.

Elxan Süleymanov səfərdə əsas məqsədin Polşa və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq, müəllim və tələbə mübadiləsi üçün həlli vacib məsələləri müzakirə etmək olduğunu bildirib.

 

 

Ayna.- 2013.- 26 yanvar.- S.20.