Şarovski “Puşkin medalı” ilə təltif edildi

 

Fevralda baş rejissorun 65 yaşıdır

 

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovskini mədəniyyətin və incəsənətin inkişafına töhfəyə görə “Puşkin medalı” ilə təltif edib (“Trend”). Bəlli olduğu kimi, “Puşkin medalı” ilə Rusiya vətəndaşları və əcnəbilər incəsənət və mədəniyyət, təhsil və ədəbiyyat sahəsində nailiyyətlərinə görə, mədəni irsin öyrənilməsində və qorunmasına böyük töhfə verənlər, millətlər və millətlərin mədəniyyətlərinin yaxınlaşmasında əməyi olanlar təltif edilirlər.

“Puşkin medalı” bir qayda olaraq, 20 il və ya daha çox humanitar, ictimai işlər üzrə fəaliyyət göstərənlərə təqdim edilir.

Qeyd edək ki, bu ilin fevralında rejissorun 65 yaşı olacaq. O, 1976-cı ildən Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru, 1991-ci ildən quruluşçu-rejissor, 1993-cü ildən teatrın baş rejissoru vəzifələrində işləyir. Bu illər ərzində səhnədə 50-dən çox rol oynayıb, 4 kinofilmdə çəkilib, 54 tamaşa qurub. 1988-ci ildə Şarovski “Əməkdar artist”, 1999-cu ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. “Qızıl dərviş” və “Humay” mükafatları laureatıdır.

 

 

Ayna.- 2013.- 26 yanvar.- S.20.