Cümhuriyyətin banisi
Məhəmməd Əmin Rəsulzadənin
yubileyinə sözardı
“Corc Vaşinqton amerikalılar üçün
kimdirsə, Məhəmməd
Əmin Rəsulzadə
də azərbaycanlılar
üçün həmin
şəxsdir”.
Tadeuş Svyatoxovski
Prezidentin
sərəncamı ruh
yüksəkliyi ilə
qarşılandı, amma
yubiley tədbirləri
sönük keçdi.
Deyəsən, yağan
qarın da təsiri oldu, toplantı, görüş
və çıxışlarda
sevgi işarmadı, bir soyuqluq, candərdilik
duyuldu. Sanki insanlar
nəyi isə demək istəyir, amma kimdənsə ehtiyatlanır, qorxur və ya xoflanırdılar.
Ürəklərində həqiqətin
nə olduğunu bilir, cümhuriyyət banisinin könüllərdəki
yerini anlayır, amma onu dillərinə
gətirməkdən çəkinirdilər.
Bir şey də aydınca duyulurdu: M.Ə.Rəsulzadə
şəxsiyyətinin miqyasını
kiçiltməyə cəhd.
Onun publisist fəaliyyətindən, yazılarının
kəsərindən danışır,
ədəbiyyat və
tarixlə bağlı
araşdırmalarını qabardır, amma siyasi fəaliyyətinə
çox da toxunmurdular. Hətta belə təsəvvür
yaranırdı ki, Azərbaycan siyasi təfəkkürünün daşıyıcısı
olan bu böyük
şəxsiyyət ömür
boyu, sadəcə, qəzetçiliklə, elmi
və ədəbi fəaliyyətlə məşğul
olubmuş, cümhuriyyətlə
ilişkisi isə elə-belə, bir təsadüf imiş…
Qüsura
baxmayın, cənablar,
siz yanılırsınız!
* * *
Ağlını itirmişlərdən
başqa heç kəs dana
bilməz ki, bu gün sahib olduğumuz müstəqil
dövlət üçün
biz Azərbaycan Xalq Cümhuriyyətini yaradanlara,
tarixin fırtınalı
dövründə onu
yaşadanlara borcluyuq.
Bu cümhuriyyət ötən əsrin keşməkeşli illərində
quruldu, müsəlman
dünyasında ilk parlamentli
respublika kimi qısa müddətdə
yaşadı, şüurlarda
parlaq iz qoydu və dünyaya
“müstəqil Azərbaycan”
mesajı verərək
tarixə qovuşdu.
Bu müstəqillik M.F.Axundzadə və H.B.Zərdabi ilə başlanmış yeni ruzgarın, bu ruzgarım XX əsrin əvvəllərində yaratdığı
milli intibahın nəticəsi, həm də yeni ictimai
mühitdə kollektiv
zəkanın formalaşdırdığı
istiqlal düşüncəsinin
məhsulu idi. Əlbəttə, bu dövr tariximiz xalqın milli-ictimai şüurunun oyanmasında misilsiz xidmətlər göstərmiş
parlaq simalarla zəngindir. Bu prosesdə
Sabirin şeirləri də, Mirzə Cəlil, Ü.Hacıbəyli
və Ə.Ağaoğlunun
publisistikası da, Ə.Hüseynzadənin fəlsəfi
baxışları da,
F.Köçərlinin, A.Səhhətin
ədəbi düşüncələri
də, N.Yusifbəyli,
N.Nərimanov, F.Xoyski,
Ə.Topçubaşov və
başqalarının siyasi
fəaliyyəti də,
H.Z.Tağıyevin xeyriyyəçilik
missiyası da misilsiz rol oynayıb.
Lakin bütün bunlarla yanaşı, Azərbaycanın
müstəqilliyi ideyasının
formalaşması və
ən əsası, bu ideyanın gerçəkləşdirilməsində aparıcı rol məhz M.Ə.Rəsulzadəyə
məxsusdur.
Milli hiss, vətənpərvərlik
duyğusu insanlara gen vasitəsilə keçir.
Amma bunun üçün zaman, şərait yetişməlidir. M.Ə.Rəsulzadənin Xalq Cümhuriyyəti yaratmaq haqqında fikrə hələ
1916-1917-ci illərdə düşdüyünü
demək olar. O, Birinci Dünya müharibəsinin müstəmləkə
xalqlara azadlıq gətirəcəyini böyük
uzaqgörənliklə deyirdi.
Deyirdi ki, XX əsr milli azadlıq əsri olacaq.
1916-cı ildə Vilsonun məşhur 14-cü
maddəsi “Millətlərə hüquq, millətlərə
istiqlal” idi. Məhəmməd Əmin isə
“İnsanlara hürriyyət, millətlərə istiqlal”
şüarını irəli sürürdü.
Rusiyada
fevral (1917) burjua-demokratik
inqilabının qələbəsindən, yəni mütləqiyyət
rejiminin süqutundan sonra isə ulu öndər milli-azadlıq
ideyaları, millətlərin öz müqəddaratını
təyin etməsinin vacibliyi haqqında daha açıq
danışmağa başlayır. Bunları
redaktoru olduğu “Açıq söz” qəzetində
böyük elmi-nəzəri və siyasi yetkinliklə yazılmış
məqalələri də aydın şəkildə göstərir.
O zaman siyasi xadimlərin əksəriyyəti Azərbaycanın
Rusiya tərkibində muxtariyyətindən
danışırdı, M.Əmin isə tam müstəqillik məsələsini
qoyurdu. O, müstəqillik ideyasına ehtiyatla yanaşanlara
deyirdi ki, müstəqillik, azadlıq, dövlətçilik
istedadı xalqımızın qanında, tarixi
yaddaşımızdadır.
Hansı üzünə
çevirsən, bu həqiqəti
kimsə dana bilməz ki, tarixdə
yalnız qlobal ideyaların daşıyıcısı olan
şəxsiyyətlər qalır. Milləti də
çox zaman, məhz bu şəxsiyyətlərinə
görə tanıyırlar. Bu mənada XX
əsr Azərbaycan siyasi tarixinin fəxr edib qürur
duyduğu ən böyük şəxsiyyətlərdən
biri M.Ə.Rəsulzadədir. Düzdür,
indi cümhuriyyət qurucularından bəhs edərkən onun
adını üçüncü, ya da dördüncü
yerdə çəkirlər, amma nahaq yerə. Tarixdə heç kimin yerini və rolunu danmaq
mümkün deyil. “Azərbaycan” qəzeti
hələ 1919-cu ilin 28 mayında AXC-nin bir illiyi münasibətilə
dərc etdiyi xüsusi nömrəsində M.Ə.Rəsulzadənin
şəklini liderlərin sırasında lap öndə
vermişdi. Deyəsən, o zaman mətbuat da, xalq da,
siyasilər də cümhuriyyətin qurulmasında kimin
hansı rol oynadığını, dövlətdə kimin
hansı mövqe tutduğunu, kimin hansı nüfuz sahibi
olduğunu yaxşı bilirmiş…
İdealları
uğrunda həyatını
qurban vermiş M.Ə.Rəsulzadə bizim
təsəvvür etdiyimizdən də nəhəng şəxsiyyətdir. Bunu elə-belə, dəbə uyub demirəm.
Onun ömür yolunu, ictimai-siyasi fəaliyyətini az-çox
öyrəndikdən, son illərdə bir çox dəyərli
əsərlərini oxuduqdan sonra gəldiyim qənaətdir bu.
Təbii ki, zəngin ədəbi-publisist irsinə, yüksək
intellektinə, dərin siyasi təfəkkürünə,
qeyri-adi düşüncə tərzinə, fitri istedadına,
siyasi fəhminə, uzaqgörənliyinə, istiqlal
ideyasını ömrünün sonunadək
daşımasına, ən başlıcası, Azərbaycan
sevgisinə əsasən də cümhuriyyət banisi
haqqında bu sözləri söyləmək
mümkündür.
* * *
AŞPA-nın Azərbaycan üzrə
keçmiş həmməruzəçisi, estoniyalı Andres
Herkel “Azərbaycan məktubları” kitabında M.Ə.Rəsulzadəni
Xalq Cümhuriyyətinin banisi adlandırıb, bu “güclü
və maraqlı şəxsiyyətə” ayrıca bölmə
həsr edib. Bizlərə “siz öz milli
kimliyinizi, tarixinizi bilməlisiniz” müraciətini uc-uca calayan
müəllif M.Əminin Ankaradakı abidəsini ziyarət
etdiyini deyir, Bakıda hələ də onun abidəsinin
olmamasına münasibət bildirir. Əslində yubiley
günlərində də heykəl məsələsini
çox adam gündəmə gətirirdi…
Əlbəttə, paytaxtın yaxşı bir
yerində M.Ə.Rəsulzadəyə layiqli bir heykəl
qoyulsaydı, pis olmazdı, amma yoxdursa, bunu dərd eləməyə
dəyməz. Heykəl heç nəyi həll
etmir.
A.Bakıxanov
“Gülüstani-İrəm” əsərinin girişində
“tarix nadir” sualına cavab verərkən “tarix bir hökmi-rəbbanidir,
Allah yazısıdır” deyir. Əlavə
edir ki, heç kəs tarix üzərində hakimlik edə
bilməyib. “Tarix, zaman hər şeyi, o
cümlədən hər millətin tarixindəki şəxsiyyətləri
öz yerinə qoyur”. Buna görə də
heç kimin şübhəsi olmasın ki, gec-tez tarix hər
şeyi nizamlayacaq. Ona heykəl
qoyulmamasından da üzülməyə dəyməz,
çünki daş heykəllər heç də həmişə
tarixin qəflətən qopan firtınalarına tab gətirmir.
Amma xalqın ürəyində
ucaldılmış, millətin qanına, iliyinə, ruhuna
işləmiş mənəvi heykəlləri heç bir qüvvə
yerindən qopara bilməz, çünki bu heykəllər
tarixin və zamanın özü qədər əbədidir.
M.Ə.Rəsulzadə özünü və dünyanı dərk edən hər bir azərbaycanlının
qəlbində, könlündə məskən salmış əbədi
mənəvi heykəldir…
Qulu Məhərrəmli
Ayna.- 2014.-
8 fevral.- S.1.