Belə məmləkətdə…
Birdən-birə göy şaqqıldadı, səhranı
amiranə bir səs bürüdü:
- Ey bəni-insan, ayaq saxla!
Əlində əsa, başında çalma,
çiynində xurcun, uzun əbasının ətəkləri
yellənə-yellənə yol gedən insan övladı səhranı
başına götürən bu zəhmli səsdən diksindi.
Vahimə içində ətrafa boylandı və qumlu təpələrdən,
hardasa xışıldayan sirkən kollarından başqa
heç nə görməyəndə dilinə kəlmeyi-şəhadət
gətirib yoluna davam etmək istədi. Amma ikicə addım
atmamış zəhmli səs yenidən səhranı
başına götürdü.
- Sənə dedim, ayaq saxla!
O, bu dəfə əsasını, çiynindəki
xurcunu kənara atıb dizi üstə yerə döşəndi.
Alnını quma sürtdü, sonra diz çöküb əllərini
göyə qaldırdı.
- Ey yeri-göyü yaradan, mən nə günah işləmişəm?
- Kişi, ayağa dur.
İnsan övladı bir az sakitləşdi, ayağa
qalxdı, əlini sinəsində çarpazlayıb qul kimi
dayandı.
- Ey bəni-adəm, bu yol ilə düz gedərsən,
yeddi səhra, yeddi bələn, yeddi çay keçərsən.
Qabağına güllü-çiçəkli,
bağ-bağatlı, axar-baxarlı bir diyar çıxacaq,
orada dayanarsan. Səni həmin məmləkətə peyğəmbər
təyin edirəm.
İnsan oğlu tir-tir əsdi, eşitdiklərinə
inana bilmədi. Ona elə gəldi ki,
axşamüstüdür, bu kimsəsiz səhrada onu qara
basır. Dodaqlarını tərpədib dilinə kəlmeyi-şəhadət
gətirmək istədi ki, şər qüvvələr
başından dağılsın. Elə bu vaxt yenə həmin
zəhmli səsi eşitdi:
- Niyə durmusan, yola düş, uğurun xeyirli olsun…
Kişi tələsik əsasını
götürdü, xurcununu çiyninə aldı, vahimə
içində, tez-tez dönüb geri baxa-baxa, ətəyi
yellənə-yellənə yola düşdü. Yeddi bələn
aşdı, yeddi çay adladı, yeddi səhradan keçdi,
qırx gün-qırx gecə ayaq döyəndən sonra deyilən
yerə gəlib çatdı. Nəfəsini dərib
boylandı. Uzaqda solğun işıq gördü.
İşığa üz tutdu. Gəlib bir dəyirmana
çıxdı.
Dəyirmançı bayırda insan hənirtisi duyub
qapını açdı. Başında çalma, əsa,
çiynində xurcun, uzun əbasının ətəyi yellənən
saç-saqqal basmış, dərvişanə kişini
görəndə başa düşdü ki,
qarşısında dayanan insan uzun yol yorğunudur, ayaq üstə
güclə dayanır.
- Yolun hayanadır, qərib qardaş?
- Elə sizin diyara gəlmişəm. Gecələməyə
yer verərsənmi?
- Buyur, buyur, qərib qardaş, bu nə sözdür,
qonaq Allah qonağıdır. Qərib ikiqat əyilib
qapıdan içəri keçdi. Alaqaranlıqda, evin
ortasında xeyli dayandı. Gözü qaranlığa
alışandan sonra gördü ki, evin pərənləri, kərdiləri
ocaq hisindən qapqara qaralmışdır. Küncdə balaca
bir taxt var, üstünə nimdaş kilim, yamaqlı mütəkkə,
mitil yorğan-döşək atılmışdır. Qara
aftafa hisli buxarıda qaynayır. Dəyirmançı onun
altına döşəkcə atdı, mütəkkə gətirdi.
Qərib əbasını çıxardıb
ayağını soyundu. Mütəkkəyə dirsəklənib
gərnəşdi, sümükləri şaqqıldadı.
İndi başa düşdü ki, yaman yorulmuşdur.
Ayaqları şişib və bütün bədəni gizildəyir.
Dəyirmançı qonaqdan heç nə
soruşmadı. Çay gətirdi, su gətirdi. Ortaya
yamaqlı süfrə saldı. Üstünə
pendir-çörək, süzmə-qatıq qoydu.
Qonaq duzsuz dəyirman kömbəsindən, pendir-süzmədən
iştahla yedi. Üstündən bir-iki cəm çay
içdi, özünə gəldi. Elə bu vaxt qapı
cırıldadı. Qıllı boz bir it qabaq
ayaqlarının üstündə sürünə-sürünə
içəri keçdi. Dəyirmançı dönüb ona
tərs-tərs baxanda it zingildədi və qapının
dalında büzüşüb yerini rahatladı.
Yatmazdan əvvəl qonaq bayıra çıxdı.
Göyün üzü tərtəmiz idi. Ulduz ulduzu
çağırırdı. Hava elə xoş, elə
aydın idi ki, adam nəfəs almaqdan doymurdu. Dəyirmanın
yeknəsək taqqıltısı, suların
şırıltısı, qamışların
xışıltısı, gecə böcəklərinin
ciriltisi bir-birinə qarışmışdı. Haradansa
anadillər səsləşirdi. Qonaq sinəsi dolusu nəfəs
aldı. Gərnəşdi. İçəri, dəyirmanın
tozlu-unlu havasına qayıtmaq istəmədi. Qərara
aldı ki, içəridən palaz, yorğan-döşək
gətirsin, elə damın üstündə, açıq
havada yatsın. Fikrini dəyirmançıya söylədi,
kişi razı olmadı. “Bu gecə qar yağacaq, – dedi, –
içəridə yat”. Qonaq göydə sayrışan
ulduzları, ilıq havanı yada saldı, “belə havada qar
yağmaz”, – deyə etiraz etmək istədi, ancaq dinmədi.
Sakitcə taxta yaxınlaşıb paltarını soyundu, dəyirmançının
mitil yorğan-döşəyinin arasına girdi. Yatmazdan əvvəl
dedi: “Mən yorğunam, yatıb yuxuya qalaram, ilkindi
çağı məni oyat ki, səhər namazını
vaxtında qıla bilim”. Dəyirmançı
başını tərpətdi. Qonaq yerin içində dirsəkləndi.
- Niyə soruşmursan, kiməm, hara gedirəm?
- Qonaqdan söz soruşmazlar. Lazım olsa, özü
deyər.
- Elə isə qoy deyim: Xudavəndi-aləm məni sizin
məmləkətə peyğəmbər göndərib.
Dəyirmançı gülümsəmək, bu qəribə
qonağın sözlərinə inanmamaq istədi. Amma birdən
“ey dili-qafil, özünü saxla” – deyib susdu.
Qonaq dərhal yuxuya getdi. Dəyirmançı isə
yerinin içində xeyli eşələndi. Ev sahibi səhər
tezdən qonağı qaldırdı. Qonaq dəstəmaz
aldı, namazını qıldı və əbasını
çiyninə salıb bayıra çıxdı. Gözlərinə
inanmadı. Hər yeri qar basmışdı. Yollar,
cığırlar itmiş, sular sır-sıra buz
bağlamışdı. Qar adamın dizinə
çıxırdı. Dinməz-söyləməz geri
qayıtdı. Gözlərini dəyirmançının
üzünə zillədi:
- Bu sirdən məni agah elə, ey Allahın bəndəsi.
Burada məscid, münəzzim yoxdur, amma məni düz vaxtında
qaldırdın, namazımı qıldım. Gecə
göyün üzündə ulduz ulduzu
çağırırdı. Sən dedin :”Qar yağacaq”.
Sözün düz çıxdı. Sən bunları hardan
bilirsən?
Dəyirmançı gülümsündü:
- Burada elə bir sirr yoxdur. Axşam fikir verdinmi, it
sürünə-sürünə içəri girdi. Onda
bildim ki, gecə qar yağacaq. Səhər damın
üstündə ulaşan çaqqalların səsini
eşitdinmi?
- Eşitdim.
- Bax səhər-səhər çaqqallar damın
üstündə ulaşanda bilirəm ki, namazın
vaxtıdır.
Qonaq başını aşağı salıb xeyli fikrə
getdi. Sonra sakitcə paltarını geyindi, xurcunu çiyninə,
əsasını əlinə aldı. Dəyirmandan
çıxıb gəldiyi yolla geri qayıtmağa
başladı. Dəyirmançı yüyürüb onun
yolunu kəsdi:
- Ay peyğəmbər, cəddinə qurban olum, hara
gedirsən?
Qonaq köksünü ötürdü:
- Bir ölkədə ki, müəzzin çaqqal ola,
münəccim də boz köpək, mən belə məmləkətdə
peyğəmbərlik eləyə bilmərəm.
İsmayıl
ŞIXLI
1985
Ayna.-
2014.- 24 may.- S.4.