ÖMRÜMÜN SONUNA KİMİ BİR NEÇƏ MAHNI BƏSTƏLƏYƏCƏYƏM"

 

Bəstəkar Oqtay Kazımi mövzu axtarır

 

Vaxtilə müəllifi olduğu mahnıların improvizələr üzərində yeniləndiyini eşidəndə qəzəbini gizlədə bilməyən xalq artisti 77 yaşlı bəstəkar Oqtay Kazımi artıq taleyi ilə barışmalı olub. Gənclərin həyatın nəbzini tutaraq belə bir addım atdığını deyən Oqtay müəllim mahnılarının yeni versiyasını dinlədiyini söylədi: - Başqa çıxış yolumuz yoxdur. Çünki zəmanə dəyişib. İnsanlar kompüterə, müasir avadanlıqlara meyil göstərirlər. Hər bir mahnını istənilən görkəmə salmaq mümkündür bu, gənclər tərəfindən müsbət qarşılanır. Vaxtilə Nurcan adlı gənc müğənni "Ayrılıq olmayaydı" mahnımın ritmini artırıb ona müasir elementlər daxil edəndə bərk qəzəblənmişdim. Fikirlərimi efirdə səsləndirib onun improvizələrinin mahnının dəst-xəttinə xələl gətirdiyini söyləmişdim. Lakin sonradan gənclərin tələbatını görüb susmaq qərarına gəldim. Artıq köhnə mahnılar "retro" adını qazanıb onlara qədər yamaq vurmağa çalışsalar da, bəzi insanlar onun keçmişindən xəbərdardırlar.

- Sizcə, retro mahnılar müasirləşdirilmək məqsədilə dəyişdirilir, yoxsa bu, mahnı yaradıcılığında boşluqdan yaranan bir ənənədir?

- Hər iki fikirlə razılaşmaq olar. Məndən əvvəl bu mövzuda danışan sənətkarların fikrinə həmrəy olaraq bildirmək istəyirəm ki, keyfiyyətli mahnı yazan bəstəkarların sayı azalıb. Düzdür, Bakı Musiqi Akademiyası istedadlı gənclər yetişdirir. Lakin savadsızlar ordusunun qarşısında bu göstərici kiçikdir.

- Səhhətinizin bir qədər əvvəl yaxşı olmadığını eşitmişdik. Bu gün sizi gümrah görürük...

- Yaş öz işini görməkdədir. Bəzən yaxşı oluram, bəzən lap yaxşı, bəzən özümü ağır, xəstə hiss edirəm. İndi şükür Allaha, yaxşıyam.

- Əgər sağlamlığınız imkan verirsə, niyə mahnı yaradıcılığınızı davam etdirmirsiniz? Səhnənin peşəkarların yaradıcılığına ehtiyacı var...

- Fikrimdə var yazmaq. Amma mövzular məni qane etmir. Müşahidələrimdən hiss edirəm ki, bu gün ən aktual mövzu sevgidir.

- Sizin yaradıcılığınızda bu mövzu üstünlük təşkil edib.

- Bəli. Amma onda mən Cabir Novruz, Fikrət Qoca kimi böyük şairlərin şeirlərindən bəhrələnirdim. İndiki şeirlərə nəzər yetirirəm, diqqətimi çəkmir.

- Belə çıxır ki, sizin mahnı bəstələməməyinizin səbəbində mövzu problemi dayanır?

- Mən istəyirəm ki, bir qədər gənc nəslin şeirlərindən bəhrələnim. Lakin axtarışlar hələ ki uğurlu nəticə verməyib. Amma söz verirəm ki, ömrümün sonuna kimi bir neçə yeni mahnımı təqdim edəcəyəm.

- Böyük əsərlər haqqında danışmadınız. Deyəsən, yaradıcılığınızın bu hissəsini "dondurmusunuz"?

- Arxivdə bir çox janrları əhatə edən əsərlərim var. Mənə elə gəlir ki, onlarla öz sözümü deyə bilmişəm. Eyni zamanda, böyük əsər yazmaq üçün insanın fiziki gücü yerində olmalıdır. Saatlarla düşünməli, maraqlı yollar axtarmalıdır. Mənim isə vəziyyətim buna imkan vermir. Əgər belə olmasaydı, mahnı yaradıcılığında tərəddüdlər yaşamazdım. Çünki simfonik əsərlərdə söz olmur bəstəkar düşündüyü mövzunu rahat şəkildə musiqinin dilinə ötürür.

- İndiki gənclərin çoxunu dinləyirsiniz?

- Evdə 240-dan çox telekanal izlənilir. Lakin mən onların bir-ikisinə ancaq baxıram. Efir diqqətimi bir o qədər çəkmir. Amma istedadlı gənclərdən xəbərim var. Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivalının buraxılışlarını da diqqətdən qaçırmamışam. Son illər istedadlıların sayı durmadan artır. Bu məni sevindirir. Həm ona görə sevinirəm ki, bir müddətdən sonra istedadlılar ordusunun sayı o həddə çatacaq ki, həvəskarlar özləri meydandan çəkiləcəklər.

 

 

Z.RƏHİMQIZI

 

Ayna.-2009.-11 aprel.-S.21.