"GEORGİ
XAÇI" KAVALERLƏRİ
Sayad Zeynalov, Osman ağa Gülməmmədov və
başqa qəhrəmanların
ömür yolundan ştrixlər
(Əvvəli qəzetimizin
11 aprel tarixli sayında)
Qazax
"troyka"sının 9 aprel 1931-ci il tarixli hökmü ilə
keçmiş tacir, Müsavat hökuməti vaxtı kənd
starşinası olmuş, 1920-ci ildə ermənilərə
qarşı vuruşmuş Eyyub Vəli oğlu (75 yaş),
Abdulla ağa Ağa bəy oğlu Qiyasbəyov (40 yaş),
Mirzalı ağa Paşa ağa oğlu Qiyasbəyov (60
yaş), Süleyman ağa Məmməd ağa oğlu Qiyasbəyov
(30 yaş) əmlakları müsadirə olunmaqla ailəliklə
5 il müddətinə Qazaxıstana sürgün edildilər.
Qədir İbrahimxəlil oğlu (25 yaş) 1 il yerli həbs
cəzası almaqla canını qurtardı, qardaşı Ədil
İbrahimxəlil oğlu (45 yaş) 3 il müddətinə
konslagerə göndərildi (onların atası İbrahimxəlil
Tülü oğlu 1917-20-ci illərdə Qazaxda Milli Şura
üzvü olmuşdu).
Onlardan bəziləri, o
cümlədən ailələrdəki azyaşlı, zəif
uşaqlardan neçəsi sürgün yerində məşəqqətlərə
dözməyib həyatdan köçdü. Qayıda bilənlər,
məsələn, Əhmədov (Qiyasbəyov) Süleyman Məmməd
oğlu 1938-ci ildə yenidən tutuldu və bu dəfə
güllələndi.
"TATAR POLKUNUN ADI SÖYLƏNDİ DİLDƏ"
Yeri gəlmişkən,
burada cəsur eloğlumuz - Birinci Dünya Müharibəsində
Gəncə Süvari Tatar Alayının və "Vəhşi
diviziya"nın sıralarında Qərb Cəbhəsində
qəhrəmanlıqla döyüşmüş, "Müqəddəs
Georgi" hərb ordeninin bütün dörd dərəcəsinə
layiq görülmüş Sayad Zeynalovun bir sıra məqamlarına
da işıq salınır. Bəlli olur ki, praporşik Sayad
Zeynalov Tatar Alayına 1914-cü ilin avqustunda könüllü
yazılıb, belə ki, kənd varlılarından Emin
ağanın oğlunun əvəzinə cəbhəyə
gedib və buna görə ona 300 manat pul veriblər. Ağköynəkdən
Kərim Yaqub oğlu və Teymur Alı oğlu da
könüllü yazılan gənclər sırasında idilər.
Sayad Zeynalov 1918-ci ildə
Qərb Cəbhəsindən Qazağa qayıdanda zabit olaraq Milli
Orduya yazılıb. Onun qardaşı Mustafa isə sıravi əsgər
olaraq orduya səfərbər edilib.
Sayad Zeynalov 1920-ci ilin
mayında Gəncədə üsyan qalxanda xidmət etdiyi
alayın sıralarında Qarabağda olub. Mustafa isə aprel
çevrilişindən sonra kəndə gəlmişdi. Sayad
Zeynalovun xidmət etdiyi alay Qarabağda Qızıl Ordunun
hücum edən üstün qüvvələri
qarşısında davam gətirə bilməyərək Cəbrayıl
istiqamətində geri çəkilərək İran ərazisinə,
oradan isə Türkiyəyə keçib Ərzurum tərəfdə
Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir paşanın
ordusuna qoşulub. Azərbaycanlılardan ibarət hərbi
bölüklərdən təşkil olunmuş Tatar alayı
9-cu Qafqaz diviziyasının tərkibində 1920-ci il
sentyabrın 29-da Sarıqamışın ermənilərdən
azad edilməsində, oktyabrın 30-da isə Qarsın erməni
qüvvələrindən təmizlənməsində igidliklə
vuruşmuşdu və bu məlum bir faktdır.
Sayad Zeynalovun
ağızlarda dolaşan bir cəbhə mahnısını
(özü şeir həvəskarı imiş) hərbi
tarixçi Şəmistan Nəzirli yazıya alıb:
"Sarıqamış
altında olduq nəzərdə,
Yürüdük irəli,
qalmadıq geridə,
Tatar polkunun adı söyləndi
dildə,
Qürbət elə düşdü
yolum, neyləyim..."
Sayad Zeynalov 1921-ci ilin
avqustunda Qarsdan Qazağa qayıdır, bir başqa məlumata
görə, qardaşı onun dalınca oraya gedir və birlikdə
qayıdırlar. Görünür yer-yurd həsrəti, ailə
dərdi və o illərdə Türkiyədə, xüsusən
də ermənilər tərəfindən
dağıntılara və qırğınlara məruz
qoyulmuş Qarsda yaşayışın çətinlikləri
öz sözünü demişdi. Sayad qayıdan kimi,
AzÇK-nın Qazax qəza şöbəsinə gedir. Onu
burada çekistlər danışdırır,
könüllü qayıtdığını nəzərə
alıb həbs etməməyi lazım bilirlər. Ona
könüllü şəkildə xaricdən geri
qayıtdığına dair arayış verib sərbəst
buraxırlar. Təsərrüfatı ilə məşğul
olub ailəsini dolandırmağa başlayır.
Sayad Zeynalov 1925-ci ildə
süvari milis sıralarına qəbul olunur və Samuxda Məmmədqasımın,
Cəfərqulunun antisovet üsyançı dəstəsinə,
Yaqublu bəylərinin qiyamçı dəstəsinə
qarşı dağlarda aparılan əməliyyatlarda
iştirak edir. 1928-ci ildə səhhəti ilə bağlı
milisdəki işindən ayrılmalı olur və
Qazaxdakı kərpic zavodunda briqadir işləməyə
başlayır (yəni "milis rəisi" vəzifəsində
deyil, sadəcə, milis orqanları sıralarında olub).
1931-ci ildə Sayad
Zeynalovun ailə tərkibi belə idi: arvadı Güllüzar
(35 yaş), Fatma (7 yaş), Cəlal (5 yaş), Sultan (2
yaş), Zeynal (15 yaş), Ziyaddin (12 yaş), Zirəddin (9
yaş)...
Ötən
sayımızda məlumat vermişdik ki, Sayad Zeynalov bir qrup
adamla birlikdə 1931-ci ildə həbs olunmuşdu. O, cəza
müddətinin 2 il 9 ayında Qərbi Sibirin Breçen rayonu
Bestseul sovetliyinin Otradnovka kəndindən ərizə verib evə
buraxılmasını xahiş etmişdi. Orqanlar bu xahişi nəzərdən
keçirir, 1933-cü ilin dekabrında Bakıdan ona Qazağa
qayıtmaq izni verilir. "Çeka" orqanları belə
hesab etmişdi ki, onun Qazaxda yaşaması arzuedilməz nəticələr
verməz. Bununla belə, cəza müddətinin tamamına qədər
Novosibirskdə qalmalı oldu və Qazağa 1934-cü ilin
martında qayıda bildi.
1935-ci ildə
Ağköynəkdə yerli "Komsomol" kolxozuna daxil oldu,
hesabdar işləyirdi. 1937-ci il sentyabrın 12-də onu yenidən
həbsə aldılar. Adı XDİK orqanları tərəfindən
həbs edilməli adamlar siyahısına
salınmışdı. Ona qarşı
saxtalaşdırılmış iş tərtib edildi, lakin bu
kimi hallarda adətən olduğu kimi, onu güllələmədilər,
sentyabrın 28-də "troyka" ona 10 il konslager və
sonrakı 5 ildə siyasi hüquqlardan məhrum edilmə cəzası
kəsdi. 1940-ci ilin iyulunda həbs düşərgəsindən
işi ilə bağlı olaraq hökumətə şikayət
ərizəsi verdisə də, bunun bir faydası olmadı.
Azərbaycanın hərb tarixinə
şanlı səhifə yazmış müharibə qəhrəmanı,
Rusiya İmperiyasının "Müqəddəs Georgi"
ordeninin bütün dörd dərəcəsinə layiq
görülmüş bu igidin ailəsinə onun 1942-ci ildə
Vorkuta həbs düşərgəsində xəstələnib
öldüyü barədə yazılı məlumat
verilmişdir. Sayad Zeynalovun ömür yolu beləcə
başa çatır.
OSMAN AĞA GÜLMƏMMƏDOV
Birinci Dünya
savaşında Qərb Cəbhəsində "Vəhşi
diviziya"nın sıralarında Sayad Zeynalovla eyni alayda xidmət
etmiş Osman ağa Gülməmmədov müstəsna qəhrəmanlıqlarına
görə "Georgi xaçı"nın üç dərəcəsini
və üstəlik, "Georgi xaçı"
medalının üç dərəcəsini
almışdı - ümumilikdə, 6 təltifat.
Belə bir söz var ki,
xasiyyətcə "dinc" adamlardan qəhrəman olmur. İlk
gəncliyindən davakar böyüyən, həyatda bərkə-boşa
düşənlər savaş cəbhələrində qəhrəman
olur, bir millətin başını ucaldırlar. Osman ağa
da məhz belə gənclərdən olub.
Rusiya və Osmanlı
imperiyalarının, Türkiyə Cümhuriyyətinin
yüksək əsgəri nişanları ilə təltif
olunan bu qəhrəman azərbaycanlı zabit sonralar Türkiyə
Silahlı Qüvvətlərinin albayı (polkovniki) rütbəsinə
qədər yüksəldi. ...
Osman ağa Gülməmməd
ağa oğlu Gülməmmədov 16 avqust 1892-ci ildə Qazax
qəzasının Salahlı kəndində doğulmuş,
ibtidai təhsilini Salahlı kənd məktəbində
almışdı. Onun barəsində
danışırdılar ki, erkən gəncliyindən
özünü davakar, silah oynadan, qabağından yeməyən
bir oğlan kimi tanıtmışdı. Məsələn,
1910-cu il iyulun 3-də yaylaqda Sarıbulaq adlanan otlaq yerinin
üstündə Salahlı cavanlarından Aliskəndər
ağa və Məhəmməd ağa Vəkilov
qardaşları, kənd sakinlərindən İskəndər
Qaraəhməd oğlu, Qafar Alı oğlu ilə birlikdə
Borçalı qəzasının Surçin-Daş erməni
kəndinin sakinləri Gevork Sarkisov, Avetik Çobanov ilə
atışma saldığının üstündə
Yelizavetpol qubernatorunun 397 saylı qərarı ilə həbs
edilmiş, ona qanunsuz odlu silah gəzdirmə və saxlama
üstündə 1 ay həbs cəzası kəsilmişdi. Həbs
müddətini Qazax qəza həbsxanasında
keçirmişdi.
1914-cü ilin
sentyabrında sıravi əsgər kimi Birinci Cahan
savaşına yollanan Osman ağa Gülməmmədov "Vəhşi
diviziya"nın Yelizavetpol Süvari Tatar Alayının tərkibində
Avstriya-Macarıstan və Rumıniya cəbhələrində
gedən döyüşlərdə iştirak etmişdir. Arxiv
sənədlərinin də təsdiq etdiyi kimi, 1915-ci ilin
avqustunda ona kiçik uryadnik rütbəsi verilmişdi. Brigen
şəhəri uğrunda gedən döyüşdə
yaralanmış, hospitalda sağaldıqdan sonra yenidən
ön cəbhəyə qayıtmışdı. 1916-cı
ilin martında ona baş uryadnik, 1917-ci ilin iyununda isə milis
yunkeri rütbələri verilmişdi.
Birinci Cahan
savaşında göstərdiyi müstəsna qəhrəmanlıqlara
görə Çar Rusiyasının ən yüksək
mükafatlarından 4-cü, 3-cü və 2-ci dərəcəli
Müqəddəs Georgi xaçı, 4-cü, 3-cü və
2-ci dərəcəli Müqəddəs Georgi medalı ilə
təltif edilmişdi.
1917-ci ilin avqustunda
Qafqaza qayıdan kornet Osman ağa Gülməmmədov o
günlərdə Tiflisdə general-leytenant Əli ağa
Şıxlinskinin komandanlığı altında təşkil
olunan Azərbaycan Korpusunun sıralarına kiçik zabit
olaraq qatılır. 1918-ci il mayın 16-da 1-ci Süvari Tatar
taburunun korneti Osman ağa Gülməmmədov
starşinalıq imtiyazı ilə poruçik rütbəsi
verilməklə 3-cü bölüyün komandiri təyin
edilir.
Bakı istiqamətində
daşnak-bolşevik sovet qüvvələrinə qarşı
aparılan döyüşlərdə daim ön cəbhədə
olan bu bölük Kürdəmir, sonra Müsüslü
stansiyaları altındakı qanlı döyüşlərdə
düşmənin xeyli canlı qüvvəsinin məhv edilməsində
fərqlənir. Daha sonra Səngəçal
yaxınlığındakı döyüşdə onun
komandası altındakı süvarilər böyük qəhrəmanlıq
göstərib düşmən bölüklərini məğlub
edərək Bakıya sarı geri qovmuşdular.
1918-ci ilin avqustun 17-də kornet Osman
ağa Gülməmmədovun komandası altındakı
süvari dəstə Balaxanı istiqamətindən şəhərə
hücumda erməni-rus qüvvələrinin müdafiə xəttinin
arxasına keçərək onları böyük itkilərə
məruz qoymuş, düşməni çaxnaşma
içində Sabunçu (Razin) təpələrinə qədər
qovmuşdu. Habelə "Nobel evləri" həndəvərində
düşmənin 49 əsgərini, 3 zabitini öldürərək
qalanları qaçmağa məcbur etmiş, 3 pulemyot qənimət
götürmüşdülər. Bu hərbi rəşadətinə
görə general-leytenant Şıxlinskinin Hərbiyyə
Nazirliyi üzrə 17 avqust tarixdən etibarən poruçik
rütbəsinə yüksəldilir. Onun vəzifəsi də
artırılır və 1-ci Süvari Tatar Alayının
3-cü yüzlüyünün komandiri təyin edilir.
1918-ci il sentyabrın
15-də Bakı düşmən qüvvələrindən
tam azad edildikdən sonra Qafqaz İslam Ordusunun komandanı Nuru
paşa kiçik zabit Osman ağa Gülməmmədovun
yaxasına öz əli ilə Osmanlı
İmperiyasının ən şöhrətli təltifatlarından
olan "Məcidiyyə" ordeni asmışdı.
Azərbaycanın
paytaxtında hərbi xidmətini davam etdirən Osman ağa
Gülməmmədov 1919-cu ilin iyununda şimaldan Denikin təhlükəsi
güclənən vaxt öz alayı ilə Qusara göndərilmiş,
burada müdafiə mövqeyində dayanmışdır. Onun
xidmət etdiyi alay "Xaçmaz qoşun dəstəsi"nin
tərkibinə daxil idi.
1920-ci ilin martında Qarabağda
yerli ermənilərin qiyam qaldırması ilə eyni vaxtda Ermənistan
qüvvələri vilayətə soxulanda onun xidmət etdiyi
Tatar Süvari alayı Qarabağa göndərilir. Artıq
ştabs-kapitan rütbəsində olan Osman ağa aprelin 2-də
məşhur Əskəran döyüşünün qəhrəmanı
olmuşdu. Daha sonra Zəngəzurdakı və
Naxçıvan vilayətindəki əməliyyatlarda
iştirak etmişdir (Onun Əskəran və Şuşa ətrafındakı
döyüşlərdə göstərdiyi şücaətlər
barədə Salahlı sakini, həmin döyüşlərdə
kapitan Osman ağa Gülməmmədovun taburunda sıravi
döyüşçü kimi xidmət etmiş Aqqırax Məmməd
oğlunun maraqlı xatirələri vardı).
Gəncə üsyanı baş verəndə
Tatar Süvari alayının tərkibində Zəngəzur səmtində
olmuş, alay komandanlığının qərarı ilə
Gəncəyə yardıma tələsmiş, lakin
gecikmişdilər. Bərdədən Qarabağın içərilərinə
doğru geri çəkilən əsgərlər və
üsyançılarla yolda
qarşılaşmışdılar. Dayanaraq üç
gün Qızıl Ordu hissələrinə qanlı
müqavimət göstərmişlərsə də, təyyarə
hücumlarının qarşısında müqaviməti mənasız
görüb Şuşaya çəkilmişdilər. Oradan Cəbrayıl
yolu ilə İran Azərbaycanına keçmişlər. Bu
hərbi dəstə Arazın o biri sahilindəykən Osman
ağa və digər zabitlər müşavirə
çağırıb Osmanlıya keçməyə qərar
verir və Araz boyunca irəliləyərək Bayazit yolu ilə
Ərzurum hüdudlarına - Kazım Qarabəkir
paşanın ordusuna yetişirlər.
Osman ağanın ikinci
qızı Fatma Lalə xanımın kiçik oğlu
İsmət Kurtbaydan (46 yaşında) aldığım bilgilərə
istinadən (bütün bunları ona anası söyləmişdir),
Osman ağa və qardaşı oğlu Gülməmməd
ağa bölük komandiri olaraq Sarıqamışda erməni
qüvvələri ilə döyüşə girirlər və
onların məğlub edilərək Qarsa doğru
qovulmasında, az sonra isə Qarsın onlardan təmizlənməsində
fərqlənirlər. Artıq yuxarıda qeyd etdiyimiz kimi,
Tatar alayı 9-cu Qafqaz diviziyasının tərkibində
1920-ci il sentyabrın 29-da Sarıqamışın, oktyabrın
30-da isə Qarsın erməni qüvvələrindən təmizlənməsində
igidliklə çarpışmışdı.
Qarsda bir əhvalat baş verir:
... Osman bəy Azərbaycan süvari alayından olan bəzi yaralı və xəstə əsgərlərini
Qars şəhər
"Ordu evi"nin qarşısına
gətirir. Bu vaxt türk hərbi doktor atın belində gəlir. Osman bəy "əsgərlərim
yaralıdır, xəstə
olanları var, müalicəyə ehtiyacları
var" deyirsə, doktor mənalı şəkildə içərini
göstərərək yüksəkrütbəli
komandirlərdən kiminsə
xəstə olduğunu
və oraya getməsinin lazım gəldiyini deyir və atını o səmtə sarı dəhmərləyir. Bu rəftardan hiddətlənən
Osman bəy doktoru atı ilə birgə yerə yıxır və süpürləşirlər.
Türk əsgərləri
ilə Osman bəyin döyüşçüləri
üz-üzə gəlir
və az
qalır tətiklər
çəkilsin. Bu əsnada türkiyəli zabitlər araya girir, məsələnin içini öyrənib Osman bəyə haqq qazandırırlar.
Ona və onun qəhrəman əsgərlərinə bundan
sonra hörmət-izzət
göstərilir...
(Davamı qəzetimizin gələn şənbə
sayında)
İsmayıl UMUDLU
Ayna.-2009.-18 aprel.-S.14.