Sülhəddin ƏKBƏR: "AZƏRBAYCAN STRATEJİ SEÇİM ETMƏLİDİR"

 

Ekspertin fikrincə, ölkənin milli maraqlara əsaslanan balanslı siyasətinin kökündə Avroatlantik məkana inteqrasiya xətti durmalıdır

 

Aprel ayının əsas diqqətçəkən hadisələrindən biri NATO-nun Kehl-Strasburqda keçirilən 60 illik yubiley sammiti oldu. Bu tədbir dünyanın bir çox dövlətlərinin, o cümlədən Azərbaycanın gələcək siyasi və hərbi perspektivlərinin müəyyən edilməsi baxımından ciddi əhəmiyyət daşıdı. Bu və digər suallarımıza Azərbaycan - Avroatlantika Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbərlə aydınlıq gətirmək istədik. Yeri gəlmişkən, bu günlərdə sözügedən qurum "Azərbaycan Respublikasının milli təhlükəsizlik durumunun qiymətləndirilməsi" adlı sənəd ortaya qoyub. İlk sualımız da elə bu sənədin hazırlanması zərurəti ilə bağlı oldu. Xatırladaq ki, elə bu günlərdə Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının qəbul edilməsindən 2 il ötür.

- Bildiyiniz kimi, Azərbaycan Respublikası müstəqilliyini yeni bərpa etmiş və böyük təcrübəsi olmayan bir dövlətdir. Hər bir dövlət kimi onun da Milli Təhlükəsizlik Konsepsiyası və Milli Təhlükəsizlik Strategiyası işlənib hazırlanmalı və həyata keçirilməlidir. Azərbaycan Respublikası gec də olsa, 2007-ci ildə öz Milli Təhlükəsizlik Konsepsiyasını qəbul etdi, lakin onun həyata keçirilməsi strategiyası bu günə kimi işlənib hazırlanmayıb. Təbii ki, milli təhlükəsizlik strategiyası olmayan hər hansı bir dövlətin milli təhlükəsizliyinin, eyni zamanda, geniş təhlükəsizliyinin təmin olunmasından danışmaq ciddiyyətdən uzaq olardı.

Digər tərəfdən, Azərbaycan Respublikasının qəbul edilmiş Milli Təhlükəsizlik Konsepsiyası milli maraqlarımıza, ölkənin daxili və xarici milli təhlükəsizlik mühitinə, eyni zamanda, aktual risklərə və təhdidlərə cavab vermədiyindən adekvat deyil. Bununla yanaşı, konsepsiyada ölkənin milli maraqları, onların kəskinlik dərəcəsi, əhəmiyyətinə və kəskinliyinə görə qradasiyası aydın müəyyən edilməyib.

Bütün bunlarla bərabər, Azərbaycanın geosiyasi, geostrateji, geoiqtisadi və geokültürəl mövqeyi, xarici təsirlərə nə dərəcədə açıq və həssas olması, mövcud təhlükəsizlik durumu nəzərə alınarsa, bu məsələnin ölkəmiz üçün nə dərəcədə aktual olması aydınlaşar. Onu da əlavə etmək istərdim ki, Azərbaycanda bu sahə, demək olar, öyrənilməyib, sistemli araşdırmalar, xüsusən də qiymətləndirmələr aparılmayıb.

- Bu gün ölkənin milli təhlükəsizliyinə təhdidlər daha çox haradan gəlir və bu təhdidlərin qarşısının alınması üçün hansı addımların atılması zəruridir?

- Ölkənin milli təhlükəsizliyinə yönəlik aktual təhdidlərin təhlili və qiymətləndirilməsi göstərir ki, bu gün ən başlıca təhdidlər:

* antidemokratik avtoritar rejimin maraqları ilə milli maraqların toqquşması, dövlətin rəsmi bəyan olunmuş (Konstitusiyada və Milli Təhlükəsizlik Konsepsiyasında təsbit edilmiş) demokratik inkişaf kursu ilə faktik daxili və xarici siyasətinin ziddiyyəti və strateji qərarsızlığı;

* militarist Ermənistanın aqressiv xarici siyasəti, Azərbaycan Respublikasına təcavüzü, ərazilərimizin bir hissəsini işğal altında saxlaması, davamlı etnik separatizmi dəstəkləməsi və Dağlıq Qarabağda oyuncaq hərbi rejim yaratmasıdır.

Bu təhdidlərin zamanında və səmərəli önlənməsi üçün ilk növbədə ölkənin milli maraqları, onların mövcud durumu, eyni zamanda, milli maraqlar əsasında milli təhlükəsizlik durumu və milli təhlükəsizlik maraqlarının prioritetləri düzgün müəyyən edilməlidir. Araşdırmamız göstərir ki, mövcud durumda Azərbaycan Respublikasının əsas milli təhlükəsizlik maraqları demokratik inkişafın təmin edilməsi və Vətənin müdafiəsi olmalıdır.

İkincisi, ölkənin milli təhlükəsizlik strategiyası səmərəli, harmonik balanslı olmalı, eyni zamanda, milli resursların məhdudluğu və yetərsizliyi mütləq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının milli təhlükəsizlik strategiyasının səmərəliliyini təmin etmək üçün:

* onun uzunmüddətli təməl milli maraqları əsas götürülməli;

* milli maraqların kəskinlik dərəcəsi və qradasiyası;

* əsas milli təhlükəsizlik maraqları;

* xarici və daxili təhlükəsizlik mühiti;

* xarici təsirlərə açıq və həssas olması;

* qlobal və regional inkişafın başlıca meyilləri və çağırışları;

* milli ehtiyatların məhdudluğu və yetərsizliyi xüsusilə nəzərə alınmalıdır.

Bununla yanaşı, Azərbaycan Respublikasının milli təhlükəsizlik strategiyasının qurulmasında və həyata keçirilməsində bir-biri ilə qarşılıqlı əlaqəli olan maraqlar sisteminin hər üçünün - dövlət, cəmiyyət və şəxsiyyətin maraqlarının harmonik balansının yaradılmasının zəruriliyi də nəzərə alınmalıdır. Milli təhlükəsizlik strategiyasının qurulmasında və həyata keçirilməsində maraqların disbalansına yol verilməsi bir qayda olaraq aktual təhdidlərin qiymətləndirilməsində də anoloji disbalansa, mövcud durumun reallıqları ilə uyğunsuzluğa gətirib çıxarır.

Onu da qeyd etməliyəm ki, Azərbaycan Respublikasının milli təhlükəsizlik strategiyasının səmərəliliyi, xarici (qlobal, regional və ya lokal) təhdidlərə səmərəli şəkildə müqavimət göstərməyə nə dərəcədə hazır və qadir olması xeyli dərəcədə ölkənin daxili vəziyyətindən, daha doğrusu, onun mövcud daxili təhdidləri vaxtında və məharətlə aradan qaldıra bilməsindən, eyni zamanda, dövlət, ictimai və şəxsi maraqların harmonik balansını necə təmin etməsindən asılıdır.

Azərbaycan kimi kiçik, zəif və xarici təsirlərə həssas olan ölkələr milli təhlükəsizlik strategiyasını qurarkən çox vaxt məhz xarici təhdid və risklərin bir çox daxili təhdidlərin katalizatoru kimi çıxış etdiyini də xüsusilə nəzərə almalıdır.

Ölkəmizin milli təhlükəsizliyinin mövcud durumu, milli ehtiyatlarının məhdudluğu və yetərsizliyi, mürəkkəb və həssas regionda əlverişsiz əhatədə yerləşməsi, xüsusən də Gürcüstan böhranından sonra Cənubi Qafqazda yeni şəraitin yaranması və sürətlə qloballaşan dünyada təhlükəsizliyin bölünməzliyi prinsipinin xüsusi önəm qazanması müasir mərhələdə milli təhlükəsizliyin təmin edilməsinə kollektiv təhlükəsizlik strategiyası kontekstində (yəni xarici risk, təhdid və təhlükələrin, eyni zamanda, hərbi təcavüzün dəf edilməsinə potensial müttəfiqlərilə birgə, vahid hərəkət sistemi çərçivəsində) baxmağı tələb edir. Bu durum da Azərbaycanın NATO-ya üzvlük məsələsini aktuallaşdırır.

Deyilənləri ümumiləşdirsək, Azərbaycan ilk növbədə vaxt itirmədən strateji seçim etməli, bütün sahələrdə gerçək demokratik islahatlara başlamalı, hərtərəfli və davamlı iqtisadi inkişafını təmin etməli, silahlı qüvvələrini müasirləşdirməli və müasir mərhələdə milli təhlükəsizliyinin təmin edilməsinə kollektiv təhlükəsizlik strategiyası kontekstində baxmalıdır.

- Azərbaycan rəsmiləri ölkənin balanslı siyasət yürütdüyü barədə açıqlamalar verirlər. Sizcə, bu gün Azərbaycan Respublikasının yürütdüyü siyasəti balanslı adlandırmaq olarmı?

- Əgər nəzərə alsaq ki, mövcud hakimiyyət milli maraqlara deyil, öz siyasi maraqlarına üstünlük verir, bu baxımdan, onların dedikləri əsasən doğru hesab edilə bilər. Etiraf edilməlidir ki, mövcud iqtidar öz siyasi hakimiyyətini qoruyub saxlamaq və ömrünü uzatmaq üçün, eyni zamanda, həm Moskva, həm Brüssel, həm də Vaşinqtonla dil tapa bilir.

Yox, əgər məsələyə milli maraqlar və milli təhlükəsizlik maraqları kontekstində yanaşsaq, təbii ki, bu doğru deyil, eyni zamanda, rəsmi Bakının apardığı siyasət milli maraqlarımıza cavab vermir. Bu gün Azərbaycan qeyri-demokratik hakimiyyətin siyasi maraqları ilə milli maraqların ziddiyyəti içərisində çabalamaqdadır. Azərbaycanın milli maraqları, eyni zamanda, qüvvədə olan Konstitusiyası və Milli Təhlükəsizlik Konsepsiyası onun demokratik seçim etməsini və Avroatlantik məkana inteqrasiyasını tələb edir. Milli maraqlara əsaslanan balanslı siyasətin əsasında bu strateji xətt durmalıdır.

Rəsmi Bakının apardığı "balanslı" siyasətin nəticəsində Azərbaycan bu gün siyasi cəhətdən avtoritar Rusiyaya, iqtisadiyyat, enerji sahəsində isə əsasən demokratik Qərbə bağlanmış, hərbi-siyasi sahədə isə imitasiya ilə məşğuldur. Göründüyü kimi, Azərbaycan hakim elitanın qrup maraqları ilə milli maraqlar arasında çıxılmaz vəziyyətdə qalıb.

Azərbaycanın milli maraqları, Konstitusiyası və Milli Təhlükəsizlik Konsepsiyası onun "balanslı" siyasət aparmasını deyil, strateji seçim etməsini, demokratik inkişaf və demokratik dünyaya (NATO və Avropa Birliyinə) inteqrasiya yolu tutmasını tələb edir. Etiraf edilməlidir ki, bu yol çətin, problemli və riskli yoldur. Lakin hakim elitanın da əsas vəzifəsi milləti və dövləti özünün deyil, məhz onların (yəni millətin və dövlətin) seçdiyi bu yolla aparmaqdır.

- Azərbaycanın NATO ilə əməkdaşlığını necə qiymətləndirirsiniz? Daha sıx inteqrasiyaya nail olmaq üçün tərəflər hansı addımları atmalıdır?

- Bu gün Azərbaycan - NATO əməkdaşlığı əsasən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (IPAP) çərçivəsində həyata keçirilir. Bildiyiniz kimi, Azərbaycan NATO-nun tərəfdaş ölkələrlə əməkdaşlıq tarixində ilk dəfə olaraq IPAP-ın ikinci mərhələsinə adladı. Azərbaycan bu mənada NATO ilə münasibətlərdə "sinifdə qalıb" desək, yanılmarıq. Səbəbsə çox sadədir. IPAP-ın son mərhələsində İntensiv Siyasi Dialoq başlamalı və tərəfdaş ölkə bundan sonra NATO ilə münasibətləri necə qurmaq istədiyinə dair suala cavab verməlidir: o təşkilata üzv olmaq istəyir, ya yox. Azərbaycanın mövcud hakimiyyəti isə Şimali Atlantika alyansına üzv olmaq niyyətində deyil. Çünki NATO-ya üzvlük ölkədə gerçək demokratik islahatların aparılmasını, eyni zamanda, demokratik seçkilərin keçirilməsini tələb edir. Bu tələbə də hakim elita siyasi hakimiyyətinə ciddi təhdid kimi baxır. Digər tərəfdən də, Rusiya amilinin mənfi təsiri artmaqda davam edir.

Bütün bunları nəzərə alaraq demək olar ki, daha sıx inteqrasiyaya nail olunması üçün hər iki tərəf ciddi addımlar atmalıdır. Azərbaycan strateji seçim etməli, demokratiyaya keçid etməli, alyans isə Rusiya amilini "neytrallaşdırmaq" üçün təsirli addımlar atmalıdır. Gürcüstan böhranından sonra Cənubi Qafqazda yaranmış durum bu məsələni xüsusilə aktuallaşdırıb.

- NATO-nun Şərqə doğru genişlənməsi Rusiyanı narahat edir. Bu məsələ ilə bağlı tərəflər arasında həmişə ziddiyyətlər ortaya çıxır. NATO-nun yubiley sammitinin gedişindən belə bəlli oldu ki, alyans Moskva ilə münasibətləri qaydaya salmaqda maraqlıdır. NATO ilə Rusiya arasındakı münasibətlərin perspektivini necə görürsünüz?

- İstər NATO, istərsə də alyansın aparıcı dövləti olan ABŞ bir çox məsələlərdə, xüsusilə də kütləvi qırğın silahının yayılmaması, nüvə silahının və daşıyıcılarının ixtisarı və məhdudlaşdırılması, terrorizmlə mübarizə, Əfqanıstan, İran və Şimali Koreya məsələlərində Rusiya ilə əməkdaşlıqda maraqlıdır. Buna görə də bir sıra məsələlərdə ciddi fikir ayrılığına baxmayaraq alyans ikitərəfli əməkdaşlığı bərpa etmək barədə qərar qəbul edib.

Lakin NATO-nun "açıq qapı" siyasətini davam etdirməsi, xüsusən də Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı Buxarest sammitinin qərarını təsdiq etməsi, münaqişəyə cəlb olunan ölkələrin - Moldova, Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, ABŞ-ın Polşa və Çexiyada RƏM sistemi elementlərini yerləşdirmək planlarından vaz keçməməsi, digər tərəfdən isə, bu məsələlərdə Rusiyanın əks mövqeyində israrlı olması və yeni militarist siyasətə başlaması NATO ilə Rusiya arasındakı münasibətlərin perspektivi haqqında nikbin olmağa imkan vermir.

İkitərəfli münasibətlərdə qeyd edilən müsbət qarşılıqlı asılılıq qalmaqla yanaşı, zamanla ziddiyyətlərin artacağını düşünürəm. Rusiyanın aqressiv enerji strategiyası və Şimali Atlantika Alyansının gələcək strateji konsepsiyasında enerji təhlükəsizliyinə xüsusi yer ayırmağı nəzərdə tutması, məncə, bu ziddiyyətləri daha da artıracaq.

- Yaxın illərdə NATO-nun postsovet məkanı ölkələri hesabına genişlənməsi perspektivi görünürmü? Bu perspektivdə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın yerini necə görürsünüz?

- Qlobal maliyyə və iqtisadi böhranın "dib"inin, eyni zamanda, onun müxtəlif ölkələrdə doğura biləcəyi sosial, siyasi təsirlərin nəticələrinin tam olaraq görünməməsi, qlobal və regional dəyişikliklərin lokomotivi olan ABŞ-da hakimiyyətin dəyişməsi və yeni administrasiyanın xarici siyasətinin tam olaraq formalaşmaması, Moldova, Ukrayna, Gürcüstanda yaranan siyasi böhranın davam etməsi, Azərbaycan ətrafında isə beynəlxalq vəziyyətin mürəkkəbləşməsi yaxın perspektivdə NATO-nun genişlənməsi haqqında proqnoz verməyi çətinləşdirir.

Sürətlə dəyişən və mürəkkəbləşən durumda cavabını gözləyən suallar çoxdur. Hər halda, AFR və Fransa başda olmaqla bir sıra Avropa ölkələrinin Rusiyadan, eyni zamanda, alyans daxilində ABŞ - yönlü ölkələrin xüsusi çəkisinin artmasından çəkinərək Ukrayna və Gürcüstana Üzvlük Əməliyyat Planına (MAP) dəvət verilməsinin qarşısını alması və bunun ardınca cəsarətlənən Rusiyanın Gürcüstana hərbi təcavüzü NATO-nun Şərqə doğru genişlənməsinin yaxın perspektivinə ciddi zərbə vurub.

Qlobal maliyyə və iqtisadi böhranın, eyni zamanda, neftin dünya bazarında qiymətinin kəskin enməsinin Rusiyaya təsirləri, yeni Obama administrasiyasının Rusiya və postsovet məkanına yönəlik siyasəti, bu sahədə ABŞ və AB siyasətinin nə dərəcədə əlaqələndirilməsi və regionun siyasi və geosiyasi inkişafı bu məsələnin, xüsusən də Ukrayna və Gürcüstanın yaxın perspektivinə həlledici təsir edəcək amillərdir.

Moldovada kommunistlərin hakimiyyətdə olduğu və konstitusiyasına əsasən neytral ölkə olduğu, Azərbaycanın isə siyasi hakimiyyətinin belə bir niyyətinin olmadığı nəzərə alınarsa, bu iki GUAM ölkəsinin yaxın perspektivdə NATO-ya üzvlüyü görünmür.

- Rusiya Kollektiv Təhlükəsizliyə dair Müqavilə Təşkilatını gücləndirmək niyyətini gizlətmir. Sizcə, bu təşkilat yaxın gələcəkdə regional qüvvə kimi formalaşa biləcəkmi?

- Rusiyanın aqressiv xarici siyasət aparması və getdikcə siyasətini hərbiləşdirmək istəməsi göz önündədir. Lakin davam etməkdə olan maliyyə-iqtisadi böhranın və neftin qiymətinin kəskin düşməsinin Rusiyaya təsirləri, onun maliyyə ehtiyatlarını sürətlə "əritməsi", eyni zamanda, gözlənilən sosial-siyasi təsirləri və ümumiyyətlə, milli potensialının məhdudluğu, xüsusən də NATO-nun genişlənməsi və güclənməsi fonunda KTMT-nin yaxın perspektivdə ciddi regional gücə çevrilməsi real görünmür

 

 

C.SÜMƏRİNLİ

 

Ayna.-2009.-18 aprel.-S.14.