"O QƏDƏR DƏ SƏMİMİ DEYİLƏM"   

                                                                                                                                              

Röya: "Həyatımda elə məqamlar olub ki, küçəyə çıxsam, məni daşa basacaqlarını düşünürdüm"       

                                                                                                                                              

Rəqib tanımadığını həm səs imkanları, həm də səhnə göstərisi ilə sübuta yetirməyə çalışan Röya Ayxan ən böyük uğuruna keçən il ailə qurmaqla imza atdı. Bu onun həyatının ən unudulmaz hadisəsinə çevrildi. Bir il ərzində Röya və həyat yoldaşı Anar haqqında xeyli söz-söhbət gəzdi. Amma Röya yaradıcılığını uğurla davam etdirməkdədir. O bəzən çox cəsarətli, bəzən kobud olur. Bəzən isə təvazökarlığı ilə hamını təəccübləndirir. Onun mahnılarının sədası yoldan şütüyən maşınların salonlarından, mağazalardan, kafelərdən, bir sözlə, hər yandan səslənməkdədir. Onu sevirlər, tənqid edirlər, qeybətini qırırlar, amma ifasına biganə qalan kəs çətin tapılar. İndi bəziləri "Röya "1 nömrə" deyil" desələr də, bu yerə layiq olan müğənninin də adını çəkməyə çətinlik çəkirlər.

Çox maraqlı həmsöhbətdir. Sualdan qaçmır, sadəcə, düzünü danışır. "Art-club"un bugünkü qonağı olan Röya səngimək bilməyən bəzi söz-söhbətlərə son qoymağa çalışdı.

 

- Quranda deyilir: "Sizin başınıza nə yaxşılıqlar gəlirsə, Allahdandır, pisliklər isə özünüzdən". Siz pisliklərlə rastlaşanda necə olur ki, sınmırsınız?

- Mənim həyatımda pisliklər olmayıb, sadəcə, onlar Allahın mənə yazdığı və yaşatdığı sınaqlar olub. Mən məhz bu sınaqların sahəsində güclənmişəm. Mən əziyyətlərlə, çətinliklərlə rastlaşanda sanki Yaradan mənə deyirdi: "Həyatın bu üzü də var, bu əziyyətləri də var, bunları da keç". Mən də keçib hər bir mübarizəyə hazır olmuşam, çünki həyat mübarizədir.

 - Bəs hansı xüsusiyyətiniz sizə sınmamağa, bu əziyyətlərdən keçməyə kömək edir?

 - Yəqin ki, inadkarlığım, bir də ətrafımdaki mühitlə - işçilərimlə, dostlarımla bölüşə bilməyim. Çox zaman onlarla məsləhətləşib hansısa bir addımı atıram.

 - Deməli, dostlarınız sizi darda qoymurlar...

- Ən yaxın dostlarım işçilərimdir. Pulsuz olduğum vaxtlarda da, mən darda olanda da onlar mənimlə birlikdə idilər.

- Sokrat söyləyib: "Hər kəsin içində bir günəş var, amma imkan verin, o çıxsın". Kimlər Röyanın içində olan günəşin çıxmasına mane olublar? Nə vaxt Röya hiss etdi ki, arzuladığı şöhrət zirvəsindədir?

- Adam düz danışar, yolumu kəsən olmayıb. Həmin günəş isə "Səninəm" mahnısını ifa edəndə göylərdə bərqərar oldu. Bu mahnı bütün məni sevənləri birləşdirdi.

- Nikahınızdan sonra həyatınızda hansı qadağalar peyda olub?

 - Hər bir ailəli qadının həyatında olan qadağalar. Qısqanclıq da edir, məsləhət də verir, hansı verilişdə məni görmək istəmədiyini bildirir, efirdə hansı mövzuda danışmağımı lazım bilmədiyini söyləyir.

- Bəs birdən səhnəyə çıxmamağınızı istəsə?

 - Yox, onu istəməz. Bir dəfə ona söyləmişdim ki, səni o qədər çox sevirəm ki, desən oxuma, oxumayacağam. O da cavab verdi ki: "Mən yanımda ölü gəzdirmək istəmirəm, sən sənətini tərk etsən, ölüyə bərabər olacaqsan. Adicə hansısa mahnına mən lağ edəndə bir saat mənimlə danışmırsan. Deməli, onları məndən çox sevirsən".

 - Siz sevginiz uğrunda çox vuruşdunuz, bəs həyat yoldaşınızı ən çox hansı xüsusiyyətinə görə belə çılğıncasına sevdiniz?

- Hər ikimiz heç kimə nə qulaq asdıq, nə də fikir verdik. Mənim barəmdə ona milyon yalan söyləyirdilər, onun da barəsində mənə. Tam özümüzə güvəndik. Şükür Allaha, indiki xoşbəxtliyimizə heç kəs mane ola bilməz. O, çılğın bir səhnə qadınını evdar xanım etdi, gələcək övladlarının anası kimi gördü. Məncə, kişidə əsas xüsusiyyət öz fikrini yeritməyi bacarmaqdır. O öz fikrini yeritdi: "Mənimdir. Onu alacağam. Düzələcək. Siz görəcəksiniz!". Onu da etdi.

- Gələcək övladınızın cinsiyyəti sizin üçün rol oynayır? Hansı adlar ağlınıza gəlir?

 - Yox, rol oynamır. Amma qızım olsa, çox istərdim adını Hülya qoyum, çünki mənim atam adımı məhz Hülya qoyacaqdı, amma anam az qala mən doğulan kimi adımı yazdırmışdı. Bilirdi ki, evdə ad qoymaq üstündə qırğın düşəcək, ona görə də artıq xəstəxanada adımı qoymuşdu.

 - Bəs Röya daha çox anasına bənzəyir, yoxsa atasına?

- Atama. Amma xasiyyətcə anama. Anam kimi sonadək məqsədimin dalınca gedirəm. Atam həyatda bir az çox küsən, inciyəndi.

- Ananız hicablı, ibadət edən qadındır. Bildiyiniz kimi, bu il Bakı İslam Mədəniyyəti paytaxtı seçilib. İslam və Röya bir araya gələ bilərmi?

 - Mən ibadətə hələ hazır deyiləm, amma Quranda bizə buyurulan qayda-qanunlardan xəbərdaram. Mənim anam on ildir namaza gəlib, niyə mən nə vaxtsa gələ bilmərəm? Həyatda hər şey ola bilər. Mənim anam qədər deyib-gülən, zarafat edən insan yox idi. Bu insandan biz ciddi bir şey eşitmirdik. Hətta anam bətnində əkiz qardaşlarımı gözləyəndə atama demişdi ki, əkiz oğulları olacaq. Amma atam inanmırdı. Yəni anam o qədər zarafatcıl insan idi ki... Anam namaz qılır, elə mənim üçün dua edirsə, bəsimdir. Hələ ki, günahlarımı mənim yerimə anam yuyur.

 - Bəs ən böyük günahınız hansıdır?

- Günahsız insan yoxdur, amma mən kiminsə çörəyini əlindən almamışam. Kiminsə ailəsini dağıtmamışam, kiminsə ərini əlindən almamışam. Biz Anarla tanış olanda o artıq birinci həyat yoldaşından ayrılmışdı. Ona görə alnım açıqdır.

- Müsahibələrinizin birində söyləmişdiniz ki, Zülfiyyə Xanbabayeva mənim idealımdır. Amma siz ona oxşamırsınız. Niyə məhz Zülfiyyə Xanbabayeva?

 - Çox istəyirəm onu. Elə oxşamadığım üçün bu sözü alnıaçıq söyləyirəm. Əgər ona oxşasaydım, elə onu yox, özümü sevərdim. Bütövlükdə götürsək, fərqli insanlarıq, amma bizi birləşdirən məqam mahnılarımızda olan lirikadır. İkimiz yanıqlı, ürəkdən ifa edirik mahnılarımızı.

- Sizin "Dəniz" mahnınız öncə Zülfiyyə xanıma təqdim olunmuşdu, amma o mahnını siz ifa etdiniz...

- Bəli Zülfiyyə xanıma Kamal müəllimin bir neçə mahnısı təqdim olunmuş, o, "Ayrılığa dözərəm" mahnısını seçmişdi. Mən "Dəniz" mahnısını ifa edəndən sonra biz zəngləşdik, Zülfiyyə xanım söylədi ki, mahnının bu cür uğuruna inanmazdı. Mənim yaxşı xüsusiyyətlərimdən biri mahnıya qulaq asdığım anda onun mənim olub-olmadığını hiss etməkdir. Bir görürsünüz, ətrafımdakı insanlar deyirlər ki, gündədir bu mahnı. Mən cavab verirəm: "Görün, mən onu necə düzəldəcəyəm".

- Bu gün hər bir populyar insan tamaşaçının qəlbini hansısa bir yeniliklə fəth edib. Röyanın ən böyük yeniliyi nədən ibarət oldu?

- Düşünürəm ki, həmin yenilik mənim pis yaxşı addımlarımdan ibarətdir. Hərdən həyatımda elə hadisələr baş verirdi ki, elə bilirdim çölə çıxsam, məni daşa basarlar. Məndə kompleks var ki, birdən mənim haqqımda deyilən yanlış sözə biri inanmasa da, ikisi inanar.

- Bayaq konsertinizdən danışanda söylədiniz ki, ümid edirəm, konsertimi tənqid etməyəcəksiniz. Tənqiddən qorxursunuz?

- Yox, mənim jurnalistlərlə zarafatım var, ona görə elə söyləyirəm. Obyektiv tənqidin tərəfdarıyam. Baxın çox jurnalistlərimiz söyləyirdilər ki, "Aldanma", "Xəyal", "Evlisən" mahnıları bir-birinə çox oxşayır. Ondan sonra beş ay heç oxumadım, çünki düz söyləyirdilər, bu mahnıları bir bəstəkar yazdığı üçün oxşarlıqlar çox idi.

 - Bu gün sənət aləmində sizinlə yaş fərqi olan, illərlə dostluq edən sənətçilərimiz bir qalmaqal ortaya çıxarıb bir-birlərini efirdə təhqir edirlər. Hamıya məlumdur ki, bir qadın sənətçimizlə sizin münasibətləriniz bir o qədər hamar deyil. Bəlkə, bu bir şou-biznes qanunudur ki, mütləq kiminləsə yola getməməlisən?

 - Yox, qətiyyən. Əslində, bu münaqişənin əsas səbəbkarları jurnalistlərdir. Məni tanıyan jurnalistlərin biri deyə bilərmi ki, on il ərzində, son iki il istisna olmaqla, mən bu xanımın ünvanına bir acıqlı, pis söz söyləmişəm!? Ortada dolaşan insanlar var idi, çünki mənim onunla, ümumiyyətlə, ünsiyyətim yox idi. O, "10-lar" verilişinə çıxıb makiyaj söhbətini başladı ki, Röya çıxsın efirə makiyajsız mən çıxım makiyajsız. O bir ara efirə çıxmır, qapalı həyat sürürdü, elə insan isə hər sözə inanır. Ortada olsaydı, kimdənsə soruşar, kiminləsə müzakirə edərdi. Bu səbəbdən onu da, bəlkə, qınamaq olmaz. O mənimlə üzbəüz danışmalı idi, amma bu həngaməni ortaya çıxardı bundan sonra mənimlə görüşmək istədi, onda artıq mən istəmədim.

- Bəs yaşda kiçik olduğunuzu nəzərə alıb bu barışıq addımını niyə atmadınız?

 - Çünki bir kiçik kimi mənim qəlbim sınmışdı. Mən istərdim ki, birlik olsun, o mənim konsertimə gəlsin. Hətta mən iki il öncə söyləmişdim ki, Aygün Kazımova ilə duet ifa etmək istərdim. O isə çıxıb efirdə dedi: "Qoy o növbəyə dayansın". Artıq onda mən barmağımı dişlədim ki, burada nəsə var, deməli, mən onu qıcıqlandırıram. Mən heç bir böyük sənətçiyə qarşı hörmətsizlik etməmişəm. Məndən bir yaş da böyük olan insanı görəndə ayağa qalxıb onu qucaqlayıb öpmüşəm. Bu barədə alnım açıqdır. Mən xoşlayıram ki, sözü üzümə söyləsinlər. Yoxsa mənimlə görüşür, öpüşür, ertəsi günü efirə çıxıb başıma ağıl qoyur. Mənim atam, həyat yoldaşım, işçilərim, dostlarım var, onların tənqidinə dözə bilərəm, amma yad insanın sözü varsa, efir vasitəsilə yox, gəlib sözünü üzümə desin.

Təsəvvür edək ki, 10 ildən sonra hansısa bir gözəl, səhnəyə yenicə çıxmış müğənni dəniz kənarında foto-sessiya keçirəcək şəkli jurnalların üz qabığında çıxacaq, mən isə deyəcəyəm ki: "Bunu yığışdırmaq lazımdır! Bizim mentalitetimizə uyğun deyil". Bu qədər düzgün olar? Halbuki, mənə belə irad tutan insanlar bu yolları məndən qabaq keçiblər.

- Çoxları Röyanı səmimiliyinə görə sevir. Röya qədər səmimidir?

- Mən o qədər səmimi insan deyiləm. Üç il qabaq baş verən bir hadisədən danışmaq istəyirəm. Bir dəfə konsertdə çıxış etməli idim, səhnə arxasına keçdim orada jurnalistlər var idi, məni uzaqdan salamladılar. Ardımca mənim yaşıdım olan bir müğənni girdi içəri, amma sənətdə populyarlıqda hər baxımdan ondan böyük idim. Hamı ayağa durub onun yanına qaçdı. O da nazla gəlib oturdu. Onda anladım ki, insan gərək özünü "yekəxana" aparsın ki, onun qabağına qaçsınlar, ona hörmət etsinlər. Sabah hansısa verilişin aparıcısı səni görəndə: "Az, necəsən?" deyib müraciət etməsin, çünki sabah o bircə damcı yüksəlsə, bilmək olmaz ki, başına oyun gətirə bilər. Mənə hörmət etməyənlərə qarşı səmimiliyim yoxdur. İnsanlara hörmət qoyuram. Bəzilərinə qarşı hörmət saxlamıramsa, orada söyüş , dava da ola bilər. Amma çox xoşbəxtəm ki, kinsiz insanam.

- Xoşbəxtliyi bir sözlə ifadə edin...

- SEVGİ. Məni yaşadan xoşbəxt edən insanların mənə qarşı sevgisidir.                                

 

 

Sevinc İSMAYIL 

 

Ayna.-2009.-18 aprel.-S.19.