BİZƏ "ORTAQ ÜNSİYYƏT DİLİ" GƏRƏKDİR
Türkiyə türkcəsi
bu gün Türk Dünyasında ünsiyyət vasitəsi rolunu oynaya bilir
Türk Dünyasının məhsuldar araşdırmaçısı kimi tanıdığımız məşhur türkoloq professor Əhməd Bican Ərcilasun "ortaq türk dili" ideyası barədə "Ayna"nın sualını bu şəkildə dəyərləndirdi.
Hörmətli professor "ortaq ünsiyyət dili" termini işlətdi və bunu daha düzgün sayır. Belə anladıq ki, hansısa süni bir "ortaq türk dili" yaratmaqdansa, bu funksiyanı Türkiyə türkcəsinə həvalə etmək olar. Türkiyə türkcəsi bu gün Türk Dünyasında ünsiyyət vasitəsi rolunu oynaya bilir. Professor deyir ki, türk xalqları ortaq ünsiyyət vasitəsi olaraq Türkiyə türkcəsini asanlıqla mənimsəyə bilir.
Professorun gətirdiyi rəqəmə görə, bu gün Qırğızıstanda 500 min adam Türkiyə türkcəsində danışa bilir, bu dildəki danışıqları başa düşür, mətnləri oxuyub anlayır. Professor qeyd etdi ki, türk ölkələri istiqlal qazandıqdan sonrakı dönəmdə bu coğrafiyada rus dili türk xalqları arasında ünsiyyət vasitəsi rolunu sürətlə itirməkdədir və Türkiyə türkcəsinin bu funksiyanı praktik olaraq üzərinə götürməkdə olduğu müşahidə edilir.
Əhməd Bican Ərcilasun Bakıya Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının dəvəti üzrə gəlmişdi və bu universitetdə təşkil edilmiş növbəti elmi məclisdə Azərbaycanın mötəbər tarixçi və türkoloq alimlərinin qatılması ilə "Qaraxanilər dövrü ədəbi dili və Oğuz türkcəsi" mövzusunda maraqlı bir elmi konfrans keçirildi. Türk dili, ədəbiyyatı, çağdaş türk ləhcə və şivələri barədə çoxlu sayda dəyərli əsərlərin müəllifi olan Əhməd Ərcilasun bu gün türkologiyada nüfuzlu simalardan biri kimi qəbul olunur.
Zəngin elmi bioqrafiyaya malik Əhməd Bican Ərcilasun İzmirdə doğulmuşdur (1943). İstanbul Universiteti ədəbiyyat fakültəsinin məzunudur (1967). Doktorluq elmi dərəcəsini Qars ləhcəsinin tədqiqi əsasında almışdır. "Kutadqu bilik"i dərindən araşdırmışdı. Bir il (1977) Vaşinqton Universitetində (Sietl) çalışmışdır. Atatürk və Qazi universitetlərində elmi-tədris fəaliyyəti ilə məşğul olmuşdur. Qazi Universitetində Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölümünün qurulması onun adı ilə bağlıdır. 1993-2000-ci illər arasında isə Türk Dil Qurumunun başqanı idi. Sonra bir il Qırğızıstanın Manas Universitetində dərs demişdir - qırğız dilində əla danışdığı söylənilir. 2002-ci ildə siyasətə baş vursa da, 2004-cü ilin bələdiyyə seçkilərindən sonra fəal siyasətdən çəkilmişdir. Hazırda Qazi Universitetində (Ankara) dərs deyir.
Professor Qaraxanilər dövlətində danışılan türkcə ilə Oğuz, Göytürk, Uyqur dövlətlərində danışılan türkcələr arasında maraqlı paralellər aparırdı. VII-XI yüzillər dövründə bu dövlətlərdə türk dili saraylarda mötəbər yer tutur, bu dildə bədii əsərlər yaradılırdı. Onların ən möhtəşəmi Yusif Xas Hacib Balasaqunlunun "Kutadqu bilik" və Kaşqarlı Mahmudun "Divani-lüğəti-t-türk" əsəridir. XI əsrin başlanğıcında türk dünyası əhalisinin 70 faizə yaxını müsəlman olmuşdu və onlar "Quran"ı sətiraltı tərcümə etmişdilər. Professor xatırlatdı ki, bu kitablardan üç nüsxə bizim zəmanəyədək gəlib çıxıb. Onlardan biri İstanbulda, ikincisi Mançesterdə, üçüncüsü Sankt-Peterburqda saxlanılır. Bu kitablarda Quran ayələri iri hərflərlə, sətirlərin altındakı türkcə tərcümələri isə xırda hərflərlə yazılmışdı.
Professor başqa
maraq doğuran rəqəmlər gətirdi.
Məsələn, "Kutadqu bilik"də yer almış
2861 sözdən yalnız 334-ü ərəb, 79-u fars sözüdür (toplam 413 söz - bu isə
14 faiz təşkil edir). Kaşqarlı Mahmudun
kitabında isə 8000 söz qeydə
alınmışdır. Yəni o
çağlarda türk dili yetərincə kamil bir dil
halına gəlibmiş. Bütün orta əsrlər
boyunca hun, oğuz, karluk, suvar, qıpçaq, xəzər,
bulqar soyları həm qonşuları, həm də özləri
tərəfindən ortaq bir adla - "türk" adı ilə
tanınırdılar. Cığatayca
yazmış Əlişir Nəvaiyə ta XIX yüzilə qədər
Azərbaycan və Anadoluda cığatayca nəzirələr
yazılırdı. Füzuli isə Orta
Asiya türkləri arasında tərcüməsiz oxunurdu.
Professor Əhməd
Ərcilasun elmi konfransını çox gözəl bir türkcədə aparırdı
- bu nə Türkiyə telekanallarından
dinlədiyimiz türkcə
idi, nə də vərdiş etdiyimiz azərbaycanca. Sintezləşmiş
bir dil təsiri bağışlayırdı, fəqət
çox sirayətedici və anlaşıqlı bir dil və
üslub idi. Deyim ki, mən türkcədə
bu dərəcədə gözəl elmi söhbət dinləməmişdim.
Sonda dinləyici auditoriyasından
ona ünvanlanmış
çoxlu sualları cavablandırdı. Böyük
türkoloq alimin şanlı-şərəfli soyumuzun uzaq
keçmişləri barədə səmimi, canlı və dərin
elmi mahiyyətli bu konfransından xeyli işıqlanmış
halda ayrıldıq.
İsmayıl
UMUDLU
Ayna.-2009.-18
aprel.-S.20.