FİRƏNGİZ
MÜTƏLLİMOVA 50 YAŞINI QEYD EDƏCƏK
Aktrisa yubiley proqramı üzərində
çalışır
Mayın 1-də Azərbaycanın
xalq artisti aktrisa Firəngiz Mütəllimovanın 50
yaşı tamam olur. Bu münasibətlə sənətçi
xanım geniş və maraqlı proqram hazırlayır. Lakin
yubiley proqramı mayın 1-də deyil, bir neçə gün
sonra həllini tapacaq. Bunu təfərrüatı ilə
danışan Firəngiz xanım belə dedi: "Mayın 1-də
yazıçı-dramaturq İlyas Əfəndiyevin yubileyi
münasibətilə hazırlanan "Şeyda"
tamaşasının təqdimatı olacaq. Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının rəhbərliyi mənim
yubileyimdən xəbərsiz olduğu üçün belə
bir addım atıb. Yubileyim günü mən səhnədə
tamaşaçılarla bir çevrədə olacağam.
Növbəti günlərdə isə haqqında
danışdığım yubiley proqramı gerçəkləşəcək.
Təfərrüatı ilə əvvəlcədən
danışmaq istəmirəm. Çünki proqramda bəzi dəyişikliklər
ola bilər. Lakin deyə bilərəm ki, bu, yubileyə
yaraşan bir ssenari olacaq".
Firəngiz xanım 50
yaşının dövlət səviyyəsində qeyd
olunmayacağını bildirdi: "Adətən sənətkarların
50 yaşı dövlət səviyyəsində qeyd olunurdu. Lakin
son illər ənənələr bir qədər dəyişib.
Artıq sənət adamlarının 60 yaşı dövlət
tərəfindən silsilə tədbirlərlə qeyd olunur. Əslində,
bu məni sevindirir. Bu yubileyi dostlarımla özümün
planlaşdırdığım səviyyədə keçirərəm.
10 ildən sonra isə dövlət tərəfindən qeyd
olunar".
Bir
neçə gün əvvəl Türkiyədən
qayıdan Firəngiz xanım orada çəkildiyi filmdən
də danışdı: "Sərxan Kərəmoğlunun
ekranlaşdırdığı "Alın yazısı"
filminin bəzi hissələri Türkiyədə lentə
alınıb. Bu məqsədlə mən qonşu ölkədə
səfərdə olmuşam. Həmişə ekrandan izlədiyim
və sənətinə hörmətlə
yanaşdığım "Yaprak dökümü"
serialının qəhrəmanı Halil Ergünlə tərəf-müqabil
olmuşam. Onun serialda göstərdiyi insani keyfiyyətlər
həyatda da ona məxsusdur. Olduqca səmimi və gözəl
insandır. Səfər zamanı bir sıra film təklifləri
almışam. Aktrisa Məlahət Abbasova məni bir sıra
yaradıcı insanlarla tanış edib. Əgər
apardığımız söhbətlər müsbət nəticə
verərsə, yaxın aylarda türk filmlərində çəkiləcəyəm.
Bundan başqa, Məlahətin iştirak edəcəyi kino
layihələrindən birində də mənim adımın
təsdiq olunması gözlənilir. Məlahət
Abbasovanın bir neçə gündən sonra Bakıya səfəri
olacaq. Ətraflı məlumatı ondan öyrənə bilərik".
Söhbət zamanı neçə illərdir səsi-sorağı eşidilməyən müğənni bacısı Nərgiz Mütəllimovanı xəbər aldıq. Məlum oldu ki, uzun zaman xaricdə yaşayan və yenidən Bakıya qayıdan Nərgiz xanım artıq səhnə üçün darıxıb: "Hiss edirəm ki, bacım yenidən səhnəyə can atır. Ona bu işdə köməyimi göstərəcəyəm. Belə qərara gəlmişik ki, tezliklə yeni mahnılarından birinə klip çəkilsin. Nərgizin müğənnilik sənətinə böyük marağı var. Səhnəyə çıxmadığı müddətdə məşqlər edirdi, yeni mahnılar axtarışında idi. Yaxın aylarda tamaşaçıları onu yeni ampluada izləyə biləcəklər".
Z.RƏHİMQIZI
Ayna.-2009.-18
aprel.-S.20.