RAMİZ MİRİŞLİ 75 YAŞINI GERİDƏ QOYDU
Bəstəkarın yubiley tədbirində
mahnıları səsləndirilməyib
Bu həftə Azərbaycanın xalq artisti, bəstəkar Ramiz Mirişlinin 75 yaşı tamam olub. Yubileyini ailə üzvləri ilə birlikdə kiçik çevrədə qeyd edən bəstəkarı sənət dostları və dövlət nümayəndələri ötən gün təbrik ediblər. Qeyd edək ki, aprelin 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın yubiley gecəsi keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışından sonra bədii hissə başlayıb. İlk dəqiqələrdə Ramiz Mirişlinin simfoniyaları, kantataları, daha sonra tar üçün yazdığı simfonik əsərləri və "Oxu tar" balladası səsləndirilib. Sonuncu kompozisiyanı Azərbaycanın xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova ifa ediblər.
Ramiz Mirişlinin əlavəsinə görə, həmin gün onun mahnı yaradıcılığına yer ayrılmayıb. Bunu bir konsert proqramına sığdırmağın mümkünsüz olduğunu deyən bəstəkar daha bir yaradıcılıq gecəsinin bu ilin mayında eyniadlı konsert salonunda təşkil ediləcəyini bildirdi. Qeyd etdi ki, həmin gün onun yalnız mahnı yaradıcılığına yer ayrılacaq. Ötəngünkü proqramın yükünü çiyinlərindən atandan bir neçə gün sonra bəstəkar növbəti konsert proqramının repertuarını müəyyən edəcək. Söhbət əsnasında öyrəndik ki, aprelin 19-da yubiley münasibəti ilə Musiqili Komediya Teatrında bəstəkarı Ramiz Mirişli olan "Qısqanc ürəklər" tamaşası nümayiş etdiriləcək. Yaxın aylarda isə Ramiz müəllimin musiqi həyatı verdiyi "Kürəkən" tamaşasının təqdimatı keçiriləcək.
Z.RÜSTƏM
Ayna.-2009.-18 aprel.-S.21.