"VƏZİYYƏT DURULDUQCA ÖMRÜMÜZ BULANIR"

                                                                                                                                              

Xalq şairinin fikrincə, dəyərsiz əsərlər uğurla təbliğ olunur                                             

                                                                                                                                              

Bu həftə bir çox ölkələr Ümumdünya Kitab gününü qeyd edib. Azərbaycanda kitaba marağın göstəricisi yüksək olmadığından bu bayram təmtəraqla qeyd olunmayıb. Ədəbiyyat adamlarını həvəsdən salan oxucu problemi özünü açıq şəkildə göstərir. Belə məqamlarda qələm sahiblərinin qınaq yerinə gənc nəslin nümayəndələri çevrilirlər. Onlar iddia edirlər ki, gənclər əllərinə kitab alıb oxumağa maraq göstərmirlər. Halbuki, onların diqqətini özünə çəkməyən həmin kitablar yazıçı şairin böyük əməyinin bəhrəsidir əziyyətlə çap olunur.

Azərbaycan ədəbiyyatındakı problemlərə açıq şəkildə yanaşan xalq şairi Musa Yaqub onu narahat edən məqamlardan danışarkən bunları dedi: "Sözə, sənətə geniş meydan açıldığı bir dövrdə dəyərsiz əsərlər uğurla təbliğ olunur. Ədəbiyyat haqqında müsbət və mənfi meyillərlə bağlı apardığımız araşdırmalar əsasında danışa bilərik. Bu gün söz, həqiqətən də, qiymətdən düşüb. İndiki dövrdə yaradıcılıqla məşğul olmaq üçün hər cür imkan var. Mən demirəm ki, senzura olsun. Amma şeirdən, yazıdan başı çıxanlar bu işə meyil göstərsinlər. Əliqələmli adamların nəyi isə cızma-qara edib sonra çapa verib satışa çıxarmaq ixtiyarı var. Amma bu sərbəstlik ədəbiyyata zərbə rolunu oynayır. Bu gün hansısa yaradıcılıq işini reklam etdirmək üçün bir çox vasitələr mövcuddur. Yəni ədəbiyyata zərbə vuran bəzi əsərlər reklam vasitəsilə aşağı zövqlü oxuculara yol tapa bilir. Həmin əsərləri mütaliə edən insan fikirləşir ki, bu cür özü də yaza bilər və bir müddətdən sonra onun şairlik eşqi cuşa gəlir. Beləliklə də, yalançı ədəbiyyatçıların sayı çoxalır. Nəticədə ədəbiyyatda fikir ayrılığı yaranır".

M.Yaqubun fikrincə, bu cür vəziyyət zamanla durularaq əvvəlki yerini alacaq. Lakin xalq şairi həmin günü görə biləcəyinə ümidli deyil: "Vəziyyət durulduqca bizim də ömrümüz bulanır. Amma başqa çarəmizin olmadığını da başa düşməliyik. Əgər bu gün kitablara qəpik-quruş da verməsələr belə, biz yazıb-yaratmaqda davam etməliyik".   

 

 

XATUN

 

Ayna.-2009.-25 aprel.-S.21.