"İSLAM MEMARLIĞININ ÇOX
DA BÖYÜK TƏMƏNNASI YOXDUR"
Əməkdar memar Nəriman Əliyev deyir ki, məscidlər
şəhərin arxitekturasında
aparıcı yer tutmalıdır
Məlum olduğu
kimi, bu il Bakı şəhəri
İslam Mədəniyyətinin
paytaxtı seçilib.
Təbii ki, Azərbaycan əhalisinin mütləq əksəriyyətinin
müsəlman olması
Bakının belə
mühüm statusa
sahib çıxmasını şərtləndirən əsas
amildir. Amma paytaxtımızın müvafiq
arxitekturasının da
bu statusa imkan verməsi Bakının "reytinq xalı"nı artıran
şərtlərdəndir.
Memarlıq doktoru, Azərbaycan
Respublikasının Əməkdar memarı, Şərq
ölkələri Beynəlxalq Memarlıq Akademiyasının
müxbir üzvü, professor, "İdeal məkan"
jurnalının baş redaktoru Nəriman Əliyevlə
müsahibəmizi İslam memarlığı barədə
qurduq. Professor söhbətinə İslam memarlığının
tarixinə qısa ekskursla başladı:
- Bildiyiniz kimi, İslam dini yarananda
artıq bir çox dinlər, cərəyanlar var idi. Həmin
dinlərin hər birinin maddi varlıqlarla təzahür
forması var idi - binalar, tikililər. O zamanlar Azərbaycanda
insanların peyğəmbəri Zərdüşt peyğəmbər
idi - eramızdan əvvəl təkallahlığı dilinə
gətirmiş ilk şəxsiyyət. Eramızın
başlanğıncında, İsa peyğəmbər anadan
olanda xaçpərəstlik yarandı və onunla paralel
xaçpərəstliyin memarlığı meydana gəldi. Böyük
tikintilər yaradıldı. Azərbaycanda da həmin məbədlərin
izləri qalıb. Düzdür, atəşpərəstliyin məbədləri
qalmayıb, çünki onların yerində sonradan
yaranmış dinlərin məbədləri qurulmuşdu, yəni
kilsələr və məscidlər.
Əminliklə
söyləmək olar ki, Bakı qalasının içərisində,
Cümə məscidinin və Qız qalasının
yanında olan kilsənin yerində atəşpərəstlik
məbədləri var idi. Belə məbədlərdən
yalnız biri Suraxanıda qalıb. Kilsələr isə şəhərimizin
ayrı-ayrı yerlərindədir.
VI əsrdə
İslam meydana gələndən və biz İslama bidət gətirəndən
sonra tam təbii şəkildə İslam memarlığı
abidələri də şəhərimizdə tikildi. Abidələrin
tikintisi çətinliklə gedirdi. Səbəbini söyləmək
üçün istəyirəm bir az tarixə qayıdım.
Cümə məscidini İçərişəhərin qala
divarları olan zonada tikmək istəyirdilər. Lakin rus
imperatorluğu buna imkan vermədi. Cümə məscidinin
başqa məscidlərdən, tikintilərdən fərqi
miqyasca böyük olması idi. Bütün məbədlərin
ümumi xüsusiyyəti isə yaşayış tikintilərindən
həcmcə böyük olması idi. Çünki onlar cəmiyyəti
cəlb etməli və əhalinin müəyyən hissəsini
özündə yerləşdirə bilməli idi.
- İslam
memarlığının fərqli xüsusiyyətləri
çoxdurmu?
-
Bütün dinlərin məqsədi insanları tərbiyələndirmək,
düz yola dəvət etməkdir. İslam dini isə ən
demokratik din sayılır. Məhəmməd peyğəmbər
(s.a.s) ilk namazını açıq havada
qılmışdı. Yəni bina tikintisi sonradan qərara
alınmışdı. Burada da böyük bir demokratiya var
idi ki, vəzifəsindən asılı olmayaraq hamı məsciddə,
bir yerdə Allahdan nicat istəyirdi. Fikir vermisinizsə, məscidlərin
içərisində vəzifəyə görə yer
bölgüsü yoxdur. Yalnız kişi və qadın
bölgüsü var ki, insanların qəlbinə şeytan
daxil olmasın. Bir halda ki, insan Allahla
təmasa girir, maneə törədən
bir şey olmamalıdır. Ona görə də dinimizdə qadın və kişilərin namazı ayrı yerlərdə qılmağı
buyurulub. Amma kilsələrdə bu qayda yoxdur.
Xristianlar müharibələrdə
Zəfər tağları
qurardılar, bizdə
isə belə adət olmayıb. Götürək Şəhidlər
xiyabanını - o bizim
qələbəmizin rəmzi
deyilmi? Təvazökarlıqdan
kənar olsa da, onu söyləmək
istəyirəm ki, həmin məscidin təməlini qoyanlardan biri də mən
idim. Yanvarın 20-də
səhər tezdən
yığışıb məsləhətləşirdik.
Dəfn komissiyası yaradılmışdı. Çox
xahiş etdim ki, həmin komitəyə məni də qəbul etsinlər. Komitənin bir üzvü məscidi Dəmir Yol vağzalının yanında tikməyi təklif etdi. Mən isə etiraz etdim. Çünki
uyğun yer deyildi. Söz mənə çatanda şəhidləri Dağüstü
parkda dəfn etməyi təklif etdim, çünki ora müqəddəs yerdir, çünki orada 1918-ci ilin şəhidləri dəfn
olunmuşdu. Bu, islamın
qanunlarına uyğun
olan abidədir. Amma məscid kompleks şəklində tikilməli idi. Muzey-lektoriy də olmalı idi.
İslam memarlığının
o qədər də böyük təmənnası
yoxdur, sadəcə, insanların ibədət etməsi üçün
yer olmalıdır. Kilsələr bərli-bəzəkli
tikilir, amma məcsidlərin bəzəyi
ibadət edənlərdir.
Azərbaycan milli memarlığında da estetik gözəllik unudulmur. Ona görə də məscidlərin tikintisində
də müxtəlif estetik elementlərdən istifadə edirlər. Lakin şəkillər çəkmirlər. Çünki
şəkli çəkib
ona itaət etmək olmaz. İtaət olunan Allahdır. O da gözəgörünən deyil.
Kilsələrdə isə
Allahın da, peyğəmbərin də
şəkilləri çəkilir.
İslam bunu məsləhət görmür.
Amma bu o demək deyil ki, ümumiyyətlə, şəkil çəkmək
olmaz. Məhəmməd
peyğəmbərimizin yastığının
üstündə quş
şəkli var idi. Bu da tarixdən
bəllidir ki, İslamda şəkil çəkməyi rədd
etmirlər, sadəcə,
şəklin qarşısında
əyilib dua etmək məsləhət
deyil. Hərçənd
bir zamanlar belə bir səhv
anlayış yaranmışdı
ki, İslamda şəkil çəkmək
günahdır.
Narazı qaldığım
məqamlara gəlincə,
məscidlər şəhərin
memarlığında aparıcı
yer tutmalıdır. Yəni məscidi təsadüfi bir ərazidə tikmək olmaz. Düzdür, şəhərimizdə elə
məscid hələ ki yoxdur. Memarlar
və mütəxəssislər
adətən tikintidən
əvvəl yerin layiqli, pak olub-olmamasını
araşdırırlar. Həmin
yer xətasız olmalıdır ki, sel-su oranı aparmasın. Məscid tikintisi sürüşmə
zonasında aparılmamalıdır.
Axı buraya kütlə gəlir, təhlükəsizlik vacibdir.
İslam memarlığı
vətəndaş memarlığından
o qədər də aralı deyil və onun hansısa
xüsusi tələbləri
yoxdur. Misal üçün, qotika memarlığında tələb
olunurdu ki, məbəd Allahın şəninə tikildiyinə
görə memarlıqda
binaların Allaha qovuşmaq cəhəti göstərilməlidir. Yəni
binada fiziki ağırlıq, yük
hiss olunmur. Belə memarlıq Fransada, İtaliyada müşahidə
olunur. İslam memarlığı bunu tələb etmir. İslamda əsas tələb tikintinin üzü qibləyə olmasıdır.
- İslam memarlığa hansı yenilikləri gətirdi?
- İslam yarandıqdan sonra memarlıqda bəzi tələblər peyda oldu. İnsanların namaza dəstəmazlı halda durmaları mütləq olduğuna görə, məscidlərin
yanında hökmən
su mənbəyi tikilməlidir. Bu da islamın memarlığa gətirdiyi bir cəhətdir ki, su elementi, hamam
olmalıdır. İslam
memarlığa mədrəsələr
gətirdi. Axı insanlar Quranı, duaları öyrənməli
idilər. Beləliklə,
məscidlərin ətrafında
mədrəsələr də
tikilməyə başladı.
- İslam memarlığının gələcəyini
necə görürsünüz?
- Perspektivli. Amma istərdim ki, insanlar məscidlərə
gəlməklə, ibadət
etməklə yanaşı
bütün günahları
tərk etsinlər. O zaman onların yaratdıqları da daha gözəl olacaq!
Sevinc İSMAYIL
Ayna.-2009.-25
aprel.-S.20.