"TOYDA RƏQS EDƏNLƏRƏ BAXANDA
TƏƏSSÜFLƏNİRƏM"
Təranə Muradova:
"Çox fəxr edirəm ki, mən əsgər anasıyam"
Rəqs
incəsənətin mühüm
tərkib hissəsidir.
Rəqsə, sadəcə, əyləncə
növü kimi baxmaq, onu yaxşı
vaxt keçirmək üçün məşğuliyyət
hesab etmək heç də doğru olmazdı. Rəqs həm də bir çox
xəstəliklərdən can qurtarmaq, səhhəti möhkəmləndirmək
üçün ən
gözəl dərmandır.
Rəqs başqalarına öz
duyğuların haqqında hərəkətlə
danışmaq üçün imkan yaradır. O, sənin
şüuraltında gizlənənləri üzə
çıxarır, psixoloji diskomfortu aradan qaldırır,
onunla mübarizə etməyə kömək edir. Axı biz hər
zaman öz hisslərimizi başqalarının yanında
büruzə verməyə cəsarət tapmırıq. Amma
sevgini, nifrəti, heyifsləndiyini, sevindiyini hərəkətlə
də nümayiş etmək olar. Rəqs bəzən
insanın qəlbini sözlərdən də gözəl
müalicə edə bilər. Odur ki, hamıya rəqs etməyi
tövsiyə edirik. Onda özünüzə daha da güvənməyə
başlayacaqsınız. Çünki gözəl rəqs etmək
olarsa, deməli, gözəl yaşamaq da olar.
Bugünkü həmsöhbətim
rəqssiz yaşaya bilmir. O, milli rəqslərimizi
dünyanın, demək olar, hər bir yerində
nümayiş etdirib. Bu gün bizə öz həyatından və
rəqs yaradıcılığından Dövlət Rəqs
Ansamblının solisti, prezident təqaüdçüsü,
xalq artisti Təranə Muradova danışacaq.
- Təranə
xanım, bilirik ki, milli rəqslərimizi təmsil etmədiyiniz
ölkə qalmayıb. İndi də Almaniya və İngiltərədə
səfərdə olmusunuz. Təəssüratlarınız necədir?
- Biz əvvəl Almaniyaya səfər
etdik. Orada Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin təşkil etdiyi sərgi keçirildi
və biz - Dövlət Rəqs Ansamblının solistləri
bu tədbirdə çıxış etdik. Sonra martın 17-də,
Novruz bayramı ərəfəsində, Azərbaycanın
İngiltərədəki səfirliyinin dəvəti ilə həmin
şəhərə səfər etdik. Xaricilər rəqslərimizi
yüksək səviyyədə qəbul etdilər.
Repertuarıma "Uzundərə", "Naz eyləmə",
"Mirzəyi" rəqslərini daxil etmişdim. Konsertdə
soydaşlarımız da iştirak edirdilər.
Tamaşaçılar arasında İngiltərədəki səfirimiz
Fəxrəddin Qurbanov da var idi.
- Sizcə, başqa millətlərin
nümayəndələri milli rəqslərimizi bizim kimi ifa edə
bilərlərmi?
- Xeyr. Bizimkilər isə, əksinə,
xarici rəqslərin öhdəsindən çox gözəl
gəlirlər. Mən həmişə demişəm ki,
xalqımız hərtərəfli istedadlı xalqdır. Biz
başqa ölkələrə səfər edəndə həmin
ölkələrdə gəlişimiz üçün ənənəyə
sadiq olaraq milli rəqslərimizi oynayırlar, amma o dəqiqə
hiss olunur ki, nəsə çatışmır. Bizim milli rəqslərimizin
xüsusiyyətləri sındırmalar, süzmələrdir.
Rəqqasların üzünün ifadəsi də
mühüm rol oynayır. Həmçinin bir çox
xırdalıqlar var ki, xarici rəqqaslar onları qavraya bilmirlər.
Misal üçün, "Naz eyləmə" rəqsində
xanım tərəf müqabilinin gözlərinə
baxmamalıdır.
- Ailənizdə incəsənətlə
əlaqəsi olanlar olub? Nə üçün siz məhz
milli rəqsi seçdiniz?
-
Yaxın qohumlardan yalnız aktrisa Əminə Yusifqızı
incəsənətdədir. Valideynlərim mənim peşəkar
rəqslə məşğul olmağıma qarşı idilər.
Mən isə balerina olmaq arzusunda olmuşam. Uşaqlıqdan
"Min bir gecə", "Yeddi gözəl", "Məhəbbət
əfsanəsi" baletlərini sevərək izləyirdim. Amma
qəbul komissiyası mənim balet üçün kifayət
qədər uyğun olmadığımı qərara
aldı. Lakin xeyli müddət sonra Leyla Vəkilova və bir
çox müəllimlərim belə qənaətə gəldilər
ki, mən daha çox klassik rəqsə uyğun gəlirəm
və gərək balerina olaydım. Mən balet-xoreoqrafiya məktəbində
Leyla Vəkilova, Yelena Butunina və Xumar Zülfüqarova kimi
mükəmməl müəllimlərdən dərs
almışam. Hələ xoreoqrafiya məktəbində
oxuduğum dövrdə Leyla Vəkilova mənə Afaq Məlikovanın
rəhbəri olduğu Azərbaycan Dövlət Rəqs
Ansamblında çalışmağı təklif etdi. Elə
o zamandan bəri ansambldayam.
- Mənim ən
xoşladığım rəqs "Turacı"dır. Bu,
bütöv bir ssenaridən ibarət möhtəşəm
bir rəqsdir. "Turacı"da bu quşun gözəlliyi və
zərifliyi əks olunur. Onun hərəkətləri,
uçuşu və hətta ölümü belə o qədər
dəqiqliklə nümayiş olunur ki, insanın tükləri
biz-biz olur. Bəs sizin daxili aləminizi,
duyğularınızı və həyatınızı əks
etdirən rəqsiniz varmı?
-
Milli rəqslər arasında - "Uzundərə" rəqsi.
Bu rəqs mənə həyata bir yol açdı. "Uzundərə"
rəqsinin yaranma ideyası ümummilli lider Heydər Əliyevə
məxsusdur. Belə ki, o, "Uzundərə"ni eşidən
kimi, bu musiqiyə uyğun rəqsin nədən
olmadığını soruşdu. Bu, kamera
və folklor orkestri arasında möhtəşəm bir sintez idi. Elə həmin
gün mənə
"Uzundərə" rəqsini
hazırlamağı tapşırdılar.
Hər dəfə bu rəqsi ifa edəndə bütün həyatım gözümün
qarşısından keçir.
Mən bu rəqsi dərindən
hiss etdim və dövlət tədbirində
ifa etdim.
- Maraqlıdır,
neçə saat rəqs edə bilirsiniz? Sizin müəyyən bir normanız varmı?
- Mənə elə gəlir ki, mən bütün günü və ömrüm boyu rəqs edə bilərəm (gülür).
Biz gündə 4-5 saat məşq edirik. Əlbəttə ki, bəzi çətinliklərimiz olur
və bu səbəbdən də fasilə etməli oluruq. Bizim problemimiz nəfəsimizlə
bağlıdır.
- Bu gün bizim kifayət qədər çox rəqs ansamblımız var. Hətta
başqa ölkələrdən
müəllim də dəvət olunur. Amma bir çoxları
bəyan edir ki, bu ansambllar
dünya standartlarına
uyğun gəlmir. Siz ansambllarımızın fəaliyyətindən
razısınızmı?
- Peşəkar kollektivlərin
üzvləri, təbii
ki, xoreoqrafiya məktəblərini bitirirlər.
Onların səviyyəsi "özfəaliyyət" ansambllarından
yüksəkdir. Onu deyə
bilərəm ki, bu gün mən
də həmin yüksək səviyyəni
görmürəm.
- Bu nə ilə əlaqədardır?
- Düşünürəm ki,
bu, gənclərimizin
istəyi və peşə seçimi ilə bağlıdır.
Axı peşə seçimi insanın tam ürəyincə
olmalıdır. Çox zaman
valideynlər uşaqlarını
bu və digər sənəti seçməyə sövq
edirlər. Bu zaman müəllimin heç bir günahı yoxdur. İnsan istəsə, müəllimsiz
də məşq edə bilər, amma müəllim tərəfindən düzgün
təməl qoyulmalıdır.
Rəqqas müəyyən tələblərə cavab
verməlidir. Bu, ritm, takt və
sairədir. Çoxları rəqsə bədən quruluşunun korreksiyası
kimi baxır. Rəqsə gəlirlər və düzgün, gözəl
bədən quruluşlarının
olmasını istəyirlər.
- Yəqin ki, siz toylarımızda
qonaq qismində tez-tez iştirak edirsiniz. Sizcə, xalqımız necə
rəqs edir?
- Sözün düzü, toyda oynayanlara baxanda təəssüflənirəm ki,
xalqımız rəqs
etməkdən utanır.
Bütün dünyada yaşından
asılı olmayaraq rəqs etməyi sevir və öyrənirlər.
Rəqs həm faydalı, həm də gözəldir. Sanki indi harmoniya yoxdur və çox nadir hallarda toylarda gözəl rəqs edənləri müşahidə etmək
olar.
- Bəs boş vaxtlarınızda hansı musiqiləri dinləyirsiniz?
- Mən klassiklərimizi dinləməyi
çox sevirəm: Üzeyir bəy Hacıbəylini, Qara Qarayevi, Tofiq Quliyevi. Tofiq Quliyev rəqs
üçün çoxlu
əsərlər yazıb.
Bu gün isə,
demək olar, Eldar Mansurovdan başqa, rəqslər üçün musiqi yazan yoxdur. Xaricilərdən isə daha çox Papattini və Xulio İqlesiası
dinləyirəm.
- Maraqlıdır,
səhnə libaslarınız
necə ərsəyə
gətirilir?
- Solo konsertlərim
üçün səhnə
libaslarımı özüm
seçib sifariş edirəm. Ansamblın kostyumları ilə
isə Mədəniyyət
və Turizm Nazirliyi məşğul olur. Opera və
Balet Teatrında bu libasları rəssamların eskizləri
üzrə hazırlayan
atelye fəaliyyət göstərir. Adətən dərzilər kostyumlarımızı
hazırlayanda tarixi ədəbiyyatdan istifadə
edirlər. Bu gün
biz arxaik nümunələrdən
əlavə, folklor modellərdən bir az seçilən
müasir modellərə
də müraciət edirik.
- Gələcək
planlarınızı bizimlə
bölüşə bilərsinizmi?
Hansı
səfərləriniz və
repertuarınızda hansı
yeni rəqslər gözlənilir?
- Mənim gələcək
üçün çox
böyük planlarım
var. Hazırda bir material
var əlimdə, onu hazırlayıram və böyük musiqi baqajı, rəqs üçün süjetlər yığmışam.
Bunları həyata keçirmək
istəyirəm.
- Bu sənəti
seçənlərə nə
arzu etmək istəyərdiniz?
- Öncə arzu edərdim ki, onlar bu
sənəti ürəkdən
sevsinlər. Əgər
insan nüfuz, ad, bədən ölçülərini
saxlamaq üçün
və s. şeylərə
görə rəqsə
gəlirsə, o, heç
zaman peşəkar ola bilməz.
Mən ömürlərinin müəyyən
hissəsini rəqsə
həsr etməyi düşünən rəqqaslara
bu sənəti sevməyi və tamaşaçılarına gözəllik
bəxş etməklərini
arzu edirəm.
- Ən böyük arzunuzu dilə gətirə bilərsinizmi?
- Oğlum
Teymur Cəlilov artıq dörd aydır Azərbaycanın
sülhməramlı əsgərləri
arasındadır. Xidmətdən əvvəl o, televizorda
ordumuzun İraqda, Əfqanıstanda sülhməramlı
xidmət etdiyini görüb çox həvəsləndi, öz
seçimini etdi.
Özü gedib ərizəsini
yazdı, məhz həmin hissələrə
qəbul olundu. Sözün düzü, həmişə
düşünürdüm ki, bizim ordumuz
o qədər də yüksək səviyyədə
deyil, amma mənə və bir sıra sənətçilərimizə
sülhməramlı əsgərlərin
qarşısında konsert
proqramı ilə çıxış etmək
nəsib oldu və mən oradakı nizam-intizama, təmizliyə, səliqəyə,
təşkilatçılığa heyran oldum. Mən Müdafiə Nazirliyinə
minnətdarlığımı bildirirəm. Doğrudan da,
bizim oğullarımız
əsl pəhləvanlar
ordusuna bənzəyirdi.
Ən böyük arzum oğlumun tezliklə hərbi xidmətdən, Əfqanıstandan qayıtmasıdır.
Bir ana kimi həm
sevinc, həm də kədər hissi keçirir, hər gün Allaha dua edirəm
ki, oğlum sağ-salamat evə qayıtsın.
- Xoşbəxtliyi
bir sözlə ifadə edin...
- Heç kəs deyə bilməz ki, o, tam xoşbəxtdir. Hamımızın həyatında kədərli,
sevincli məqamlar olur. Xoşbəxtlik
bir MƏQAMDIR və mən sevinirəm ki, həyatımda sevincli məqamlar çox olur...
Sevinc İSMAYIL
Ayna.-2009.-25 aprel.-S.19.