FRANKFURTDA SEVDA ƏLƏKBƏRZADƏNİN ALBOMUNUN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

 

Bu gündən müğənni turneyə başlayır

 

Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadənin Almaniyanın "Network Medien" musiqi şirkəti ilə müqaviləsi əsasında ikinci albomunun işıq üzü görəcəyi barədə məlumat vermişdik. Hazırda Almaniyada səfərdə olan müğənni bizimlə telefon bağlantısı zamanı son məlumatları çatdırdı. Bildirdi ki, iki gün əvvəl Frankfurtun məşhur konfrans mərkəzlərinin birində onun albomunun təqdimat mərasimi keçirilib. Tədbirin adıçəkilən şirkət rəhbərliyi tərəfindən təşkil olunduğunu bildirən müğənni növbəti təqdimatın Azərbaycanda düzənlənəcəyini söylədi: "Almaniyadakı tədbirdə yerli mətbuat və televiziya nümayəndələri, musiqi tənqidçiləri və bir sıra musiqi şirkətlərinin nümayəndələri iştirak ediblər. Bu gündən etibarən isə Avropanın bir sıra radio dalğalarında albomda yer alan mahnıların səsləndirmə prosesi başlayacaq".

Söhbət zamanı bəlli oldu ki, Sevda Ələkbərzadənin Almaniyaya səfəri bununla yekunlaşmır. Təqdimat mərasimindən bir gün sonra müğənninin Avropa turnesinə start veriləcək: "İlk səfərim Lüksemburqdan başlayır. Orada konsert proqramım təşkil ediləcək. Ümumilikdə 5-6 şəhərdə çıxışım nəzərdə tutulub. Turne "Network Medien"lə müqaviləyə əsasən həyata keçirilir. Azərbaycanın milli mahnılarının yer aldığı albomun təbliğində şirkət bütün imkanlarını səfərbər edib. Onu da qeyd edim ki, avropalılar bizim folklorumuza böyük maraq göstərirlər və onlar konsert proqramlarının sayını artırmaq üçün şirkət rəhbərliyinə müraciət ünvanlayıblar. Bu, şirkətin işi olduğundan mən hər hansı bir müdaxilə etmirəm. Onu da əlavə edim ki, mənimlə bağlı layihələrin anonsu reklam kimi hazırlanaraq radiolarda səsləndirilir və eyni zamanda afişa şəklində bir neçə şəhərin küçələrinə vurulub".

Xatırladaq ki, Sevda Ələkbərzadə turnesini başa vurandan sonra Almaniyada keçiriləcək Beynəlxalq Caz Festivalına qatılacaq. Təklif müğənniyə Almaniyanın "Elen music" şikətindən gəlib.

 

 

Z.RƏHİMQIZI

 

Ayna.-2009.-25 aprel.-S.20.