"AZƏRBAYCANIN GƏLƏCƏKDƏ
NATO-ya ÜZV OLMASI MƏSƏLƏSİ
VAR"
Siyavuş Novruzov: "Biz bu
işləri bəyanat vermədən həyata keçiririk"
Postsovet məkanına daxil olan
ölkələr sırasında Azərbaycan NATO-nun
proqramlarında iştirak edən ilk ölkələrdəndir.
Keçmiş SSRİ ölkələri arasında NATO-nun
proqramlarında ən çox iştirak edən ölkə də
Azərbaycandır. Bunu APA-ya açıqlamasında Azərbaycanın
NATO Parlament Assambleyasında nümayəndə heyətinin
üzvü, millət vəkili Siyavuş Novruzov bildirib.
"Ölkəmiz təkcə bir
il ərzində NATO-nun 300-dən artıq proqramına
qatılacaq. Bu tədbirlər sırasına Sülh Naminə
Tərəfdaşlıq Proqramı, Parlament
Assambleyasının iclasları, "Rout Rouz"
seminarları və s. daxildir" deyən S.Novruzov bildirib ki,
2007-ci ildən isə Azərbaycan ordusu, demək olar ki,
bütövlükdə - həm tədris, həm təchizat
baxımından NATO standartlarına keçib: "Münasibətlər
hazırda yüksələn xətlə inkişaf edir".
Azərbaycanın NATO-ya üzv
olması zəruriliyi ilə bağlı suala cavabında
S.Novruzov qeyd edib: "NATO-nun özünün də müxtəlif
standartları var və bu standartlara uyğun proqramlar həyata
keçməlidir. Məsələn, bəzi ölkələr
NATO-ya üzv olmaq istəyir və bununla bağlı rəsmi
bəyanat da verir. Amma qurumun müəyyən komissiyaları
işləyir və bu nəticəyə gəlir ki, bu ölkənin
quruma daxil olması hələ tezdir. Tutaq ki, bir neçə
il əvvəl Gürcüstan ilə Ukrayna belə bəyanat
verdi və NATO-ya müraciət etdi. Lakin ABŞ-ın
çox ciddi cəhdlərinə baxmayaraq, NATO ölkələri
onları quruma qəbul etmədilər ki, bu dövlətlərin
müəyyən standartlara uyğunlaşması lazımdır.
Həmçinin NATO ölkələri istəmir ki, bu ölkələr
daxili problemlərini NATO-ya daşısınlar. Orada belə
bir şərt var ki, problemlər həll olunduqdan sonra bu quruma
üzv olmaq mümkündür. Azərbaycan isə belə bəyanat
və müraciət etməsə də, strukturları NATO-nun
proqramına uyğun qurulub və bu davam edir. Bəyanat verib həyata
keçirmək və bəyanat vermədən bu işləri
həyata keçirmək məsələləri var. Biz bu
işləri bəyanat vermədən həyata keçiririk.
Hesab edirəm ki, gələcək perspektivdə Azərbaycanın
bu quruma üzv olması məsələsi var".
Azərbaycanın NATO-ya
üzvlüyünün Dağlıq Qarabağ probleminin həllində
hansı perspektivləri vəd etməsi ilə bağlı
suala cavabında S.Novruzov qeyd edib ki, soyuq müharibədən
sonra NATO-nun qarşısına qoyduğu məqsədlər dəyişib.
"Əgər soyuq müharibə
dövründə NATO və Varşava Müqaviləsi
qarşı-qarşıya dayanmışdısa, soyuq
müharibədən sonra NATO-nun funksiyası əsasən
terrorizmə, etnik təmizləməyə, narkotiklərin
qanunsuz dövriyyəsinə qarşı mübarizədir. NATO
əvvəlki kimi təkcə hərbi qurum deyil, həm də
hərbi-siyasi quruma çevrilib. Ona görə də
Dağlıq Qarabağla bağlı məsələlərdə
də bilavasitə bu funksiya əksini tapır. Yəni bu
gün Dağlıq Qarabağ nəzarətsiz ərazidir,
dünyada olan müəyyən qanunsuz silahlar, nəzarətsiz
məhsullar həmin ərazidə toplanır və yayılır.
Heç kim də deyə bilməz ki, həmin silahlardan Azərbaycanla
yanaşı, Avropa və NATO üzvü olan ölkələrə
qarşı da istifadə olunmayacaq. NATO-nun əsasnaməsinin
beşinci müddəasında göstərilir ki, hər
hansı NATO ölkəsinə qarşı hər hansı
terror aktı baş verərsə, digər NATO dövlətləri
də bu məsələyə qoşulmalıdır. Bu
gün Dağlıq Qarabağa toplanan narkotik vasitələr
bütün Avropaya yayılır. NATO-nun da əsas məqsədi
bunlara qarşı mübarizə aparmaqdır. Bu baxımdan
Dağlıq Qarabağ münaqişəsinin həllində
NATO-nun rolu vacib olaraq qalır və bu olmalıdır", -
deyə o qeyd edib.
C.MƏZAHİROĞLU
Ayna.-2009.-25 aprel.-S.2.