Ölməz sənətkarın “Ölən
dünya”sı
"Ölən
dünyam" (1995) romanının "Müəllifdən"
adlı giriş sözündə İsmayıl
Şıxlı yazırdı: "Mən "Dəli
Kür" romanını yazdıqdan sonra Azərbaycanda 20-ci
illərdə baş verən inqilab tariximizdən yazmaq qərarına
gəldim, müəyyən materiallar topladım, hətta əsərin
adını da oxuculara çatdırdım. "Qanlı təpə"
adlanacaq bu əsər 20-ci illərin mürəkkəb və
ziddiyyətli həyatını əhatə etməli idi".
Lakin
İ.Şıxlı həmin romanı yazmır. Ona görə
ki, siyasi qadağalar şəraitində həqiqəti
axıra qədər deyə biləcəyinə əmin ola
bilmir. Bu şəraitdə yazacağı romanın tariximizin
həmin dövründən bəhs edən məlum əsərlərdən
bir o qədər də fərqlənməyəcəyini duyur.
Yazmaq xatirinə yazmaq isə onu təmin etmir.
XX əsrin 80-90-cı
illərində ictimai-siyasi proseslərin sürətlə dəyişməsi,
milli özünüdərkin cəmiyyət həyatına
nüfuzu, milli müstəqilliyin əldə edilməsi onu
düşündürən konkret tarixi mərhələ və
onun problemləri ilə bağlı öz
"söz"ünü demək üçün
yazıçının qarşısında yeni üfüqlər
açır. O, yeni romanını yazmaq qərarına gəlir
və yazır. Müəllifin romana yazdığı
"Giriş sözü"ndə oxuyuruq: "Mən yeni
roman üzərində işləməyi qərara aldım. Əsərin
ruhu və məzmunu tamam yeni oldu, əsərin adı da dəyişdi.
Mən romanımı "Ölən dünyam"
adlandırdım".
"Ölən
dünyam" mürəkkəb süjet və kompozisiya
strukturuna malikdir. Məlumdur ki, dünya ədəbiyyatında
müxtəlif dövrlərə, zaman kəsiklərinə
aid hadisələri paralel süjet xətləri və mürəkkəb
kompozisiya sistemi ilə bir ideya, müəllif mövqeyi ətrafında
birləşdirən roman ənənəsi mövcuddur. Q.Q.Markesin,
M.Bulqakovun, Ç.Aytmatovun və digərlərinin
yaradıcılığında əyaniləşən bu
struktura Azərbaycan ədəbiyyatında da rast gəlirik.
Y.Səmədoğlunun "Qətl günü",
"Elçinin "Ölüm hökmü" və s.
romanlarda bu ənənə uğurla davam etdirilib.
İ.Şıxlı da
"Ölən dünyam" romanında vermək istədiyi
tarixi materialın bədii ifadəsi üçün müxtəlif
zaman kəsiklərində cərəyan edən hadisələri
əks etdirən süjetlərin bir mürəkkəb
kompozisiya sistemində yerləşdirilməsi üsulundan məharətlə
yararlanıb.
Fikrimizcə,
İ.Şıxlının romanda ənənəvi strukturdan
imtinası "dəb", "yenilik" duyğusundan yox,
daha çox inikas olunmalı materialın təbiətindəki
mürəkkəbliklə bağlı sənətkar
axtarışlarından güc alıb. Başqa sözlə,
"Ölən dünyam"dakı problematikanın
özü mürəkkəb struktur doğurub.
Romanda bədii təsvirin mərkəzində 20-ci illərin
hadisələri durur. Roman qəhrəmanları ilə ilk
tanışlıqlar ailə-məişət hadisələri
çərçivəsində baş verir. Lakin romanın məişət
süjeti də kifayət qədər dramatikdir.
İlkin planda önə
çəkilən və əslində axıra qədər
izlənilən mənəvi-əxlaq kontekstin
açılmasında bu süjet xətti aparıcı rol
oynayır. Alqazaxlılar nəslindən olan Həsənağa
ov zamanı bilmədən çıraqlılar nəslindən
olan dostu, qardaşının qaynı, yaxınlarda toyu olacaq Ələddini
öldürür. Hadisə hər iki tərəfin çox
ciddi narahatlığına səbəb olur. Hər iki tərəfi
narahat edən həm də odur ki, bu iki nəsil arasında
vaxtilə düşmənçilik olub.
Çıraqlılar gənc Ələddinin ölümünə
nə qədər yansalar da, onları daha çox narahat edən
budur ki, görəsən, burada qisas hissi, xəyanət var, ya
yox? Alqazaxlıları isə qorxudan budur ki,
çıraqlılar işin əslini öyrənməsələr,
düşmənçilik yenidən qızışa bilər.
İnsanların qəlbini
didən, onları gərgin psixoloji anlar yaşamağa məcbur
edən bu hadisə yazıçının qələmində
obrazların daxili aləminə nüfuz etməyin
açarına çevrilir.
Alqazaxlıların
ağbirçəyi Güllü arvad, çıraqlılar nəslinin
ağsaqqalı Ömər koxa yazıçının
romanında yaratdığı möhtəşəm
obrazlardır. Güllü arvad da, Ömər koxa da
dünyanın hər üzünü görmüş,
böyük həyat təcrübəsi toplamış
müdrik insanlardır. Onlar həyatın mənasını
namusla yaşamaqda görürlər.
Romanda Güllü
arvadın da, Ömər koxanın da həyatı üç
mərhələdə izlənir: I. Çar hökuməti
dövründə; II. Sovet hökumətinin ilk illərində;
III. Sinfi mübarizənin kəskinləşdiyi və gərginləşdiyi
illərdə - 20-ci illərin sonu - 30-cu illərdə. Əsas
süjet xətti qəhrəmanların həyatının son
illərini əhatə edən ikinci və
üçüncü mərhələ ilə
bağlıdır. Onların sovet hökumətinə qədərki
həyat yollarını bütövlükdə bədii təsvirin
obyektinə çevirmək müəllifin məqsədinə
daxil deyil. Obrazların həyatının əvvəlki mərhələsi
Güllü arvad və Ömər koxanın keçmişlə
bağlı xatirələrində - retrospeksiya yolu ilə
oxuculara çatdırılır, həm də
bütövlükdə yox, fraqmentlər şəklində.
Əslində, müəllifin
məqsədi ayrı-ayrı fərdlərin həyat yolunu izləmək
deyil. Həm Güllü arvad, həm də Ömər koxa fərqli
xarakterin ümumiləşdirilmiş obrazı kimi
yaradılmamışdır. Baxmayaraq ki, Güllü
arvadın da, Ömər koxanın da xarakteri çox aydın
və parlaq cizgilərlə cızılır, özünəməxsus
fərdi keyfiyyətləri olan obrazlar kimi oxucu
yaddaşında silinməz izlər buraxır. Bununla belə,
Güllü arvadın və Ömər koxanın simasında
cəmləşdirilən keyfiyyətlər daha çox sovetləşmədən
əvvəlki dövrün mənəvi-əxlaqi mühitini səciyyələndirmək
missiyası daşıyır. Müəllifi xarakterlərin fərdi
taleyi deyil, dəyişən, bir-birini əvəz edən
zamanların səciyyəsi maraqlandırır.
Bu mənada Güllü
arvad da, Ömər koxa da milli-tarixi varlığın rəmzləri
olmaqla, bu tarixi gerçəkliyə məxsus ən əlamətdar
keyfiyyətlərin daşıyıcısı kimi bədii təsvirin
mərkəzinə çəkilirlər.
Əks cinsdən olmalarına baxmayaraq hər birisi bir nəslin
başçısı kimi təqdim olunsa da, geniş planda bu
obrazlar bir-birinin davamıdır. Həyat yollarının
romana gətirilən ilk mərhələsində onların hər
ikisi milli xarakterin bir-birini tamamlayan bədii təcəssümü
kimi maraq doğurursa, sonrakı mərhələlərdə
obrazların simvolik-metaforik yükü dəyişir. Ömər
koxa uzun illər ömür sürdüyü bu dünyadan
narahat gedir. Həm də ona görə yox ki bir az da
yaşamaq istəyir. Yox. Ömər koxa əcəlinin gəldiyini
bilir, onun gəlməsindən narazı da deyil. Çünki
uzun bir ömür sürüb. O bütün yaxınları
ilə görüşüb halallaşır və
yatağına uzanıb canını tapşırır:
"Ömər koxa oğlu Şamilin gözü
qabağında elə bil yuxuya getdi. Şamil
yorğan-döşəkdə yatan bu pilə saqqallı, bəyaz
sifətli kişinin atasımı, yoxsa müqəddəs bir
məxluqmu olduğunu xeyli müddət ayırd edə bilmədi".
Bu, təbii bir
ölümdür. Öz evində, qohum-əqrəbasının,
oğul-uşağının əhatəsində
"dövranını çoxdan sürən" qoca
ölümü haqq işi kimi qəbul edərək
dünyasını dəyişir. Məntiqə görə,
dini və milli inanca görə, o bu dünyadan rahat getməli
idi. Bəs Ömər koxa niyə bu dünyadan narahat gedir?
Oğluna vəsiyyətləri onun bu
narahatlığını doğuran səbəbləri
aydınlaşdırır: "Sənə iki vəsiyyətim
var. Biri odur ki, mən öləndən sonra
çalış, araya qan düşməsin. Onsuz da dünya
qana çalxalanır. Belə getsə, deyəsən,
adamları bir-birinin üstünə qaldırıb
üz-göz edəcəklər, araya qırğın
salacaqlar. Divan-dərəyə lotu-potular
yığılıb, bala, ehtiyatlı olun. Bir-birinizdən
göz-qulaq olun...".
Ömər koxanın sözləri dünyanın dəyişməsinə
işarədir. O, böyük həyat təcrübəsi və
iti düşüncəsi, ağsaqqal fəhmi ilə baş
verənləri və verəcəkləri düzgün qiymətləndirir.
Ömər koxanın yaşadığı həyat namus,
kişilik qanunu ilə idarə olunur. Bu mühitdə
sözübütöv, igid, təmiz namuslu insanlara xüsusi dəyər
verilir. Belə insanlara böyük ehtiram göstərilir.
Ömər koxanın yaşadığı mühitdə
ağsaqqal, böyük sözünə nəhayətsiz
ehtiram var. Böyüyün, kiçiyin, qadının,
kişinin, oğulun, qızın, atanın milli əxlaq
qanunları ilə tənzimlənən davranış tərzləri
var. Kimsə bilərəkdən bu qanunları poza bilməz.
Pozarsa, cəzasını alar, həm də bu cəza etirazla
qarşılanmaz. Bu cəmiyyətdə şəxsiyyətə,
yerini, hərəkətini, oturuşunu, duruşunu bilən
insana böyüklüyündən və kiçikliyindən
asılı olmayaraq dərin ehtiram var, namussuzluq və xəyanətə
isə güzəşt yoxdur.
Güllü arvadın çox-çox illər qabaq Ömər
koxa ilə bağlı xatırladığı bir əhvalat
o zamanın səciyyəsini başa düşmək
üçün çox maraqlıdır. Güllü arvad
xatırlayır ki, hələ balaca qız olduğu vaxtlarda
Ömər koxanın gəlinlərinin biri alt paltarını
itirmişdi: "Bu biabırçılıq idi. Qızın,
ya gəlinin alt tumanını itirməsi namusunu itirməsi demək
idi. Namusunu itirənin eybini isə yalnız qara torpaq örtməli
idi". Bu hadisə bütün tayfanı lərzəyə gətirir.
Tayfanın ağsaqqalı dərdin
ağırlığından iki gün dilinə çörək
vurmur, alaçığın çırağı
yandırılmır. Kimsənin nəfəsini çəkməyə,
ona söz deməyə iqtidarı olmur. Yalnız təsadüfən
paltarın camış tərəfindən yeyilməsi bilinəndə
"kişinin (Ömər koxanın - T.S.) qan
sağılmış gözləri elə bil
işıqlandı, deyəsən, sifəti də
açıldı. Dodaqlarında gülüşə bənzər
bir şey sezildi".
Ömər koxa
özünə məxsus beş camışın
üçünü bir-bir doğratdırıb onların mədəsində
itmiş paltarı axtarır. İtmiş paltar isə
üçüncü camışın mədəsindən
çıxır. Ağsaqqal dərindən nəfəs
alır, rahatlanır. "Elə o gecə gəlini atası
evinə yola saldılar. El yaylaqdan arana dönəndən bir
az sonra isə onun meyidini Gəmiqayanın alt tərəfindən,
çiləkənin yanından tapdılar".
Ömər koxa nə
üçün bu qədər narahat olur? Gəlini elə əvvəldən
qovmaq yaxud öldürmək olmazdımı? Yox! Namus qanunu tələb
edir ki, cəzalananın günahı sübut
olunmalıdır. Digər tərəfdən, əgər
paltar oğurlanıbsa, deməli, kiminsə tayfaya sataşmaq
niyyəti olub. Bu isə qan düşmənçiliyi,
neçə-neçə adamın ölümü demək
idi. Ömər koxa isə həqiqəti bilənə qədər,
günahkarı tapana qədər qan tökmək istəmir. Mərdlik
qanunu bunu tələb edir. Ölüm qəsdən deyilsə,
bilərəkdən edilməyibsə, bağışlana bilər.
Ahıl vaxtında -
çox illər keçəndən sonra Ömər koxa yenidən
böyük çətinlik qarşısında qalıb. Ələddinin
- öldürülən nəvəsinin bir təsadüf, qəza
işinin, yoxsa xəyanətin qurbanı olduğunu müəyyənləşdirə
bilmir. Ömər koxanı ən çox qorxudan odur ki, nəvəsi
namərd gülləsinin qurbanı olar. Lakin alqazaxlılar nəslinə
dərindən bələdliyi, onların düşmənlə
düşmən, dostla dost olduqlarına əminliyi Ömər
koxanı Həsən ağanın namərdlik etmədiyi qənaətinə
gətirir. Ömər koxa Həsən ağanı
bağışlayır. Mərdlik, kişilik qanunu da bunu tələb
edir. Ölüm qəsdən deyilsə, bilərəkdən
edilməyibsə, bağışlana bilər.
Alqazaxlılar nəslinin
də bu ölüm hadisəsinə münasibəti olduqca ibrətamizdir.
Güllü arvadın göstərişi ilə meyid yuyulub kəfənə
tutulur, cənazə tabuta qoyulur. Hər şey hazır olandan
sonra bütün alqazaxlılar nəsli cənazəni
çiyninə alaraq çıraqlıların evinə
üz tutur. Həm də silahsız gedirlər. Cavanlar silah
götürmək istəyirsə də, Güllü arvad
qoymur: "Əliyalın gedəcəyik, - dedi - düşmən
üstünə ha getmirik, qıranda da qıracaqlar". Məişət
süjetinin bu dramatik məqamı oxucunu çox ciddi gərginlik
altında saxlayır. "Çıraqlılar bu hadisəyə
necə münasibət göstərəcəklər"
sualı oxucunu bir an da rahat buraxmır. Cənazəni
qarşılayan çıraqlıların keçirdiyi gərginlik
oxucuya sirayət edir. Yazıçı bu məqamı
çox ustalıqla təsvirdən əlavə, həm də
çox ustalıqla həll edir.
"Ömər
koxanın dodağı səyridi. Dümağ pilə kimi
saqqalı titrədi. İndi hər şey onun bircə
işarəsindən asılı idi. Ömər koxa geri
qanrılıb boğuq səslə dilləndi:
- A bala, yer
hazırlayın!"
Roman müəllifinin təqdir
etdiyi həqiqət budur ki, ağsaqqalın bir anda qəbul
etdiyi düzgün qərar iki nəslin həyatını
xilas edir. Bütün ağrılarına, daxili təlatüm
və yanğısına rəğmən Ömər koxa ona
uzanan əli kəsməyi kişilik qanunundan kənar hesab edir
(Çünki əl sahibinin namərdlik etmədiyinə əmindir).
Oxucunu düşündürən və həm də heyrətləndirən
ağsaqqal sözünə olan ehtiram və inamın dərəcəsidir.
Bütün çıraqlılar nəsli, nə olur olsun,
Ömər koxanın bir sözünü iki etmir və etməyi
ağıllarına da gətirmir. Alqazaxlılar Güllü
arvadın sözünü qanun saydıqları kimi.
İ.Şıxlı romanda ağsaqqal sözünü,
göstərişini cəmiyyəti idarə edən qanun səviyyəsində
təqdim və təqdir edir. Həm də bu təqdimetmə
müəllif fantaziyasının məhsulu deyil, sovetləşmədən
qabaqkı milli həyatın gerçəkliyi idi.
Ömər koxanın
ölümqabağı keçirdiyi narahatlıq hissi ondan
doğur ki, o min illər ərzində formalaşmış,
daşlaşıb qanun şəklinə düşmüş
milli adət-ənənələrin, milli yaşam tərzinin
başı üstündə böyük təhlükə
dayandığını görür, zamanın sürətlə
dəyişməyə doğru getdiyini və bu dəyişmənin
heç də xeyirli olmayacağını başa
düşür. Buna görə də Şamilə son dərəcə
ehtiyatlı olmağı vəsiyyət edir.
Əslində, Ömər
koxanın oğlu Şamilə "ehtiyatlı olmağı
tapşırması" yalnız dəyişən zamana
münasibətin nəticəsi deyil, yalnız dünyanın
"qana çalxalanması", "divan-dərəyə
lotu-potuların yığılması" ilə
bağlı sərvaxtlığının ifadəsi deyil, bu
həm də zamanın "uşaqları"na - elə
oğlu Şamilə də axıra qədər bel bağlaya
bilməməsi ilə bağlıdır. Müəllif milli əxlaq,
yaşam tərzinə, başqa sözlə, patriarxal həyat
tərzinin qanun və qaydalarına münasibətdə
yaşlı və gənc nəslin münasibətlərindəki
fərqi riyazi dəqiqliklə əks etdirir. Eyni hadisəyə
- Ələddinin öldürülməsinə həm
çıraqlıların, həm də alqazaxlıların
yaşlı və cavan nəslinin münasibətindəki fərqlər
bunu aydın göstərir.
Baş verən hadisə
zamanı yaşlı nəslin - Ömər koxanın,
Güllü arvadın göstərdiyi təmkin, müdriklik,
vəziyyətdən çıxmaq üçün
tökdükləri tədbirlərin səmərəliliyi
diqqətdən yayınmır. Lakin bir cəhət də diqqəti
çəkir ki, Ömər koxanın, Güllü arvadın
"buyurduqları" sözsüz yerinə yetirilsə də,
gənc nəslin psixologiyasında bu "buyruq"lara bir
etiraz jesti də var. Cənazəni apararkən
alqazaxlıların cavanlarının silah götürmək
istəməsi (yalnız nəslin ağbirçəyinin qəti
göstərişi ilə silahsız gedirlər), Şamilin
atası Ömər koxaya daxili bir hiddət, qəzəb, hətta
etiraz notları ilə köklənmiş "məsləhətin
nədi, ata, uşağın qanı batsın?" sözləri
yaşlı və gənc nəslin dünyagörüşləri
arasındakı fərqin dərinləşməyə
doğru getdiyini göstərir.
Bu fərq nədən
doğur? Ömər koxa ilə oğlu Şamil, Güllü
arvadla oğlu Həsən ağa eyni günlərdə
yaşasalar da, əslində, onlar fərqli zamanların
insanlarıdır. Ömər koxa və
Güllü arvadın ömrünün böyük hissəsi
patriarxal qanunların işlək olduğu zamanda keçib.
Onların qocalıq günləri milli həyat
tərzi və əxlaq qanunlarının işləklikdən
düşməyə doğru getdiyi zamana düşüb.
Həsən ağa və Şamil isə
patriarxallığın pozulmağa başladığı
zamanlarda dünyaya gəlib onun sürətlə pozulmağa
doğru getdiyi zamanda yaşayırlar.
Həsən
ağanın və Şamilin xarakterindəki saflıq, cəsarət,
igidlik, ölümdən qorxmamaq, ağsaqqal, ağbirçək
sözünə ehtiram və s. kimi təqdir olunası keyfiyyətlər
yaşadıqları mühitdən çox, aldıqları tərbiyədən,
gen yaddaşından gəlir. Biz Həsən
ağanın Ələddinin meyidi yanında
"başını əlləri arasına alıb
için-için, korun-korun ağlaması"nda nəhayətsiz
könül saflığı, mənəvi ləyaqət
görürük. Şamilin oğlunun
ölümü ilə bağlı yaşadığı dəhşətli
əzaba rəğmən, özünü ələ ala bilmək
bacarığını təqdir edirik. Lakin
Ömər koxa, Güllü arvadla müqayisədə,
"atalar"la müqayisədə "oğullar"ın
mənəvi dünyasındakı haçalaşmanı da
görürük.
Diqqətimizi cəlb
edir ki, Ömər koxanın hadisəyə (Ələddinin
ölümünə) yanaşması bütövlükdə
patriarxal qanunlar çərçivəsindədir. Lakin
Şamilin münasibəti bu çərçivədən kənara
çıxır. Ömər koxa Həsən
ağanın xəyanət etmədiyinə əmin olaraq onu
bağışlamağa öz içində güc tapır.
Milli əxlaq qanunlarına söykənən təbiəti
ona bu imkanı verir. Şamilin xarakterində
isə "dualizm" var. Şamil də, Həsən ağa
da ikiləşmiş xarakterlərdir. Şamilin
və Həsən ağanın xarakterindəki ikiləşmə
yaşadıqları zamanın "hava"sından güc
alır. Ələddinin ölümündə
xəyanət motivinin olub-olmadığını önə
çəkən atasından - Ömər koxadan fərqli
olaraq Şamil hadisəyə zamanın prizmasından baxır.
Ata ilə oğul arasında dialoqa diqqət yetirək:
"-
Ağlın nə kəsir, bu işdə bir namərdlik olmaz
ki?
- Nə bilim,
olanda da olar, onlardan nə desən çıxar".
Diqqət
yetirilsə, görmək çətin deyil ki, Ömər
koxa ölüm faktını yox, onun motivini önə çəkir. Şamili isə
ölüm faktı, oğlunun öldürülməsi
maraqlandırır. Onun üçün
ölümün motivi o qədər də maraqlı deyil.
Onun suala sualla verdiyi cavabda alqazaxlılara və əslində,
insana (mərdlik qanunu ilə yaşayan insana belə,
çünki biz Ömər koxanın düşüncələrindən
alqazaxlıların "dosta dost, düşmənə
düşmən" olduqlarını bilirik)
inamsızlığı aşkar görünür. Ata ilə oğul arasındakı yuxarıdakı
dialoqun davamı Şamilin patriarxal qaydalar, milli yaşam
qanunlarına axıra qədər sadiq qala bilmədiyini ortaya
qoyur. Əks təqdirdə, o, dəlillər gətirib Həsən
ağanın namərdliyini sübut etməli idi:
"- Axı nədən
ötəri, Ələddin onlara nə pislik eləmişdi?
Şamil çiynini çəkdi. İstədi papağını çıxarıb
fikirdən ağrıyan başını ovxalasın. Atasının yanında oturduğunu başa
düşəndə əlini çəkdi".
Atasının iradəsinə rəğmən, Şamilin
varlığına hakim kəsilən, içinə dolan
intiqam ehtirası (motivi nə olur olsun) yeni nəslin
simasında patriarxal qaydaların öz gücünü itirməyə
doğru getməsinin və Ömər koxaların
gücsüzləşməsinin göstəricisidir:
"Otaqda yenidən
tüstü laylandı.
Ömər
koxanın ölümü milli yaşam tərzi və əxlaq
qanunlarının gücdən düşməsinin simvolu kimi
düşünülə bilər. Ömər koxanın
sağlığında hər şeyin sakit gəlib-keçəcəyini
bilən Həsən ağanın arxayınlığı
patriarxal qanunların işləkliyini (tam gücü ilə
olmasa da), Ömər koxanın ölümündən sonra
varlığını çulğalayan narahatlıq hissi isə
partiarxal qanunların sürətlə gücdən
düşdüyünü işarələyir.
Hətta
Şamil və çıraqlıların onunla
barışmalarına rəğmən, ürəklərində
gəzdirdikləri kindən dolayı "içəridən
qovrulub yanmaları" ilə Keçəl Xondulunun "nə
vaxta qədər belə səksəkəli dolanacaqsan? Əlindən
xata çıxıb, get üç-dörd ay yat, sonra gəl,
rahat dolan" sözləri arasında tərəflərin
mövqeyi baxımından yaxınlıq aydın
görünür. Bu, Ömər koxalardan
sonrakı nəslin zamanın havasına köklənməsidir
və yaxud zamanın havasının bu nəsillərə təsirinin
güclənməsidir. Bu, təsirin
sürətlə artmasına işarədir. Zamanın mərdlik, kişilik qanununa yer qoymayan
ovqatı şamillərin içindəki
patriarxallığı zəiflədir, onda "yeni
dünya" qanunları ilə yaşamaq ovqatı yaradır.
Şamillərin içindəki patriarxallıq duyğusu zəiflədikcə,
Həsən ağalar bu mühitdə yaşamaq
imkanını və deməli, müqavimət duyğusunu
itirib "kənar dünya"lara üz
tutduqca, şəmiddinlərin ölümü
çoxaldıqca Keçəl Xonduluların gücü və
hökmü artır. Keçəl Xondulular hər
vəchlə və hər yerdə kişilik, mərdlik
toxumlarının cücərməsinə mane olur, onları məhv
etməyə girişirlər.
Romanın
sonrakı süjeti Güllü arvadın tale yolu ilə davam
etdirilir. Əslində, Güllü arvadın Ömər
koxanın ölümündən sonrakı həyatı milli
xarakterin sovetləşmə dövründəki faciəsini
ümumiləşdirir. Məhz bu həyat
yolu kontekstində müəllif sovetləşmə
dövrünün ən acı həqiqətlərini oxucuya
çatdırır. İ.Şıxlının
ən böyük uğurlarından biri yaşanılan və
yaşanmaqda olan həyatı qarşılaşdırması,
müqayisə müstəvisinə gətirməsidir.
Oxucu Ömər koxanın və Güllü arvadın, həmçinin
çıraqlıların və alqazaxlıların inqilaba qədərki
həyat tərzi ilə inqilabdan sonrakı həyat tərzinin
ən səciyyəvi məqamları ilə
Sinfi mübarizənin
kəskinləşdiyi və gərginləşdiyi illərin
- 20-ci illərin sonu - 30-cu illərin təsvirini verən hissələrdə
ictimai problematika önə çəkilir. Müəllif
sinfi mübarizə prosesini milli varlığı böyük
faciələrə düçar edən sosial bəla kimi təqdim
edir. İnqilab uğrunda mübarizənin
xalq, millət mənafeyinə olmadığını, ictimai
zərurətdən doğmadığını, rus müstəmləkə
siyasətinin başqa bir üzü kimi və tələm-tələsik
icra edildiyini, insanlara olmazın bəla gətirdiyini
bütün dəhşətləri ilə birlikdə
açıb göstərir.
Romanda təcrübəsiz,
dünyagörüşü məhdud və şura təbliğatı
ilə böyüyən gənc müəllim Mürsəl
"inqilab yaratmaq lazımdır" deyib öz fikrini
"zorakılıq olmasa, uşaq dünyaya gəlməz"
deyimi ilə əsaslandıranda dünyagörmüş qoca
müəllim ona çox məntiqli cavab verir:
"Yarımçıq doğulan uşaq da çox
yaşamaz: ya anadan olan kimi ölər, ya da ağıldan naqis
olar. Təbiətin də, cəmiyyətin də
öz əbədi və əzəli dəyişməz
qanunları var. Yaz qışı, yay yazı, payız da
yayı əvəz etdiyi kimi cəmiyyət də embrioloji mərhələlərdən
keçməlidir".
Kənddə
"Uçitel" ləqəbi ilə tanınan qocaman
müəllimin dedikləri eyni zamanda müəllif
mövqeyinin ifadəsidir. Romanda inqilab cəmiyyətin "əbədi
və əzəli dəyişməz qanunları"na zidd olan zorakı ictimai hadisə kimi rədd
edilir.
Müəllifin xarakteri
milli-tarixi varlıqdan güc Alana heç bir qəhrəmanı
(Ömər koxa, Güllü arvad, Çapıq Əmrah, Həsən
ağa, Şəmiddin, Halay bəy və b.) inqilabı qəbul
etmir. Onun xalqın taleyində oynaya biləcəyi
rola vaxtilə aralarında möhkəm dostluq olan Halay bəylə
Kabı Kəsəmənlinin münasibəti
maraqlıdır. Kabı Kəsəmənli
inqilab tərəfdarıdır. İnqilab
uğrunda, "yeni dünya" qurmaq uğrunda əldə
silah gecə-gündüz dayanmadan çalışır,
ölüm-dirim savaşına girir. Halay bəy
isə müəllimdir, başını aşağı
salıb uşaqlara böyük həvəslə
riyaziyyatı öyrədir. Halay bəy cəmiyyətin
maarifçilik yolu ilə inkişafının tərəfdarıdır.
Qori müəllimlər seminariyasında oxuyarkən
Kabı Kəsəmənli Halay bəyi də inqilab yoluna
çəkmək istəmişdi. Lakin
Halay bəy yolundan dönməmişdi.
"Çeka"nın müəyyənləşdirdiyi
"troyka"nın nümayəndəsi Fətullayev
"üçlük"ün qərarına salıb Halay bəyi
güllələtmək istəyir. Kabı Kəsəmənli
günahsız olduğu üçün onu müdafiə
edir. Lakin Fətullayev Halay bəyə
ölüm cəzası kəsir və qərar yerinə yetirilir.
Bu yolla Fətullayev F.Köçərlini də məhv etməyə
nail olub. Kəndin aşığını qaçaqların
məclisində çaldığı üçün,
kasıb bir kəndlini qalada yatan Halay bəyə çörək
apardığı üçün "troyka"nın qərarına salıb güllələtmək
istəyir. Fətullayevin əlində
"troyka"nın iki ayrı üzvü tərəfindən
imzalanmış "sənəd" var. O, kimi məhv etmək
istəyirsə, "sənəd"ə
üçüncü imzanı atıb atacağı
addımı qanuniləşdirir. Fətullayevin
hərəkətləri onunla eyni cəbhədə
çalışanları da dəhşətə gətirir.
Romanda oxuyuruq: "Kəsəmənli bir xeyli fikirli-fikirli,
gözləri yol çəkmiş kimi lal-dinməz oturdu... Onu fikir götürmüşdü.
Çekanın
mərkəzdən göndərdiyi Fətullayev hər yerdə,
hər adamın simasında muzur ünsür
görürdü. Kim əlinə keçirdisə, ən
ağır cəza verməyə
çalışırdı. Qəzada qaçaqların
sayı getdikcə çoxalırdı"..
.
Salmanoğlu T.
Ayna.-
2008.- 13 dekabr.- S.18-19.