Habil Əliyev sirrini açdı

 

Müharibənin "qara " xəbərləri kamança ifaçısının yaradıcılığında öz izini buraxıb

 

Azərbaycanın xalq artisti 82 yaşlı kamança ifaçısı Habil Əliyev uzun illər içində daşıdığı sirrini" Ayna"ya açdı. O, repertuarının yalnız lirika üzərində köklənməsinin səbəbindən danışdı. Dedi ki, sənətə başladığı ilk illərdə şahidi olduğu hadisələr onun yaradıcılıq həyatında silinməz izlər buraxıb: "Kamança çalmağa uşaq yaşlarından başlamışam. Həmin dövr müharibənin ilk illərinə təsadüf edirdi. Elə ki məşqə başlayırdım, qonşudan ağlamaq səsləri eşidilirdi. Hər gün bir evdən "qara" xəbər gəlirdi. Bu zaman mənim şən mahnılar çalmağım qəbahət hesab olunurdu. Bir gün elə oldu ki, "qara" xəbər bizim evə gəldi. Böyük qardaşım döyüşlərin birində həlak olmuşdu. Bir müddət sonra eyni hadisə yaxın qohumlarımın evində də təkrarlandı. Həmin vaxtdan başlayaraq bütövlükdə lirikaya kökləndim. Sonrakı illərdə nə qədər çalışsam da, ritmik musiqi parçaları çala bilmirəm".

Hazırda kamançası ilə birlikdə dincəldiyini söyləyən Habil müəllim daha çox "Segah" dinlədiyini qeyd etdi: "Əvvəllər qəmlənəndə "Segah"ı özüm çalırdım. Lakin qüvvədən düşdüyüm üçün başqalarının ifalarına qulaq asıram. "Segah" artıq mənim ruhumdadır və onu dinlədikcə çox uzaqlara yol alıram".

"İstiqlal" ordenli kamança ifaçısı daha sonra yiyələndiyi ilk musiqi sənəti barədə danışdı. O bildirdi kı, əslində, kamançadan əvvəl o, tar sənətinə yiyələnib. Sadəcə, zəif uşaq olduğundan tarı sinəsinə sıxa bilməyən H.Əliyev valideynlərimin təkidindən sonra kamança öyrənməyə başlayıb: "Mənim musiqi sənətinə yiyələnməyimdə xanəndə Əbməd Ağdamskinin böyük rolu olub. Biz Ağdaşda yaşayanda Əhməd müəllim ailəsi ilə bir neçə ay bizdə yaşamalı oldu. Həmin ərəfədə onu görmək üçün müxtəlif bölgələrdən olan məşhur musiqiçilər bizə axışırdı. Bir kənarda dayanıb onların söhbətini, musiqilərini dinləyirdim. Birdən ayağa qalxıb "mən də musiqiçi olacağam" deyərək sinəmi irəli verdim. Atam başıma sığal çəkib "olarsan, bala" dedi. Əbməd müəllim məndə olan həvəsə biganə qalmayıb tar müəlliminin yanına apardı. Lakin zəif uşaq olduğumdan tarı sinəmə sıxıb saxlaya bilmirdim. Gücüm yox idi. Peşəyə həvəsimin artmasına baxmayaraq hələ də tarı tuta bilmirdim. Müəllim dedi ki, gələcəkdə bu məndə problem yarada bilər".

O vaxtdan Əhməd Ağdamskinin razılığı və valideynlərinin təkidi ilə azyaşlı Habil Əliyev kamança sinfinə keçirilib. Bu alətin isə onun boyu üçün çox böyük görünməsinə baxmayaraq müəllimləri çıxış yolu tapıblar:" Alətin şişini dizimin üzərində deyil, oturduğum stolda saxlayırdım. Beləliklə, illər ötdü və mənim musiqiçi olmaq arzum həyata keçdi. Sonralar məni toylara, məclislərə aparardılar. Amma hər təklifə boyun əymirdim. Düşünürdüm ki, gələcəkdə yaxşı sənətkar olmaq üçün bu cür addım atmaq lazımdır. Uzun illər keçəndən sonra Bakıya gəlib sənətlə peşəkar səviyyədə məşğul olmağa başladım. 70 ilə yaxın kamança mənə övladlıq, mən də ona atalıq etdim. İndi isə uzun illərin yorğunluğunu çıxarırıq. İkimiz də susuruq".

 

Zəminə

 

Ayna.- 2009.- 7 fevral.- S. 21.