“YERLİ TELEKANALLAR BOZ RƏNGDƏ GÖRÜNÜR”

 

Bəstəkar Cavanşir Quliyev hesab edir ki, kanallar sovet dövrünün qalıqlarını hələ üzərindən ata bilməyib

 

2006-cı ildən Şimali Kipr Türk Respublikasının Yaxın Doğu Universitetinin aktyorluq dramaturji yazıçılıq fakültəsində çalışan bəstəkar Cavanşir Quliyev tətil günlərini, hər il olduğu kimi, Bakıda keçirir. Son üç ildə onun incəsənətimiz üzərində apardığı müşahidələr ürəkaçan olmasa da, bəstəkar nikbinliyini qoruyur. Gələcəyin ətəyindən bərk yapışan Cavanşir Quliyev öz payına düşən işlərdən danışdı. Dedi ki, dinləyicilərini günlərin birində yazdığı əsərləri ilə sevindirəcək. Bundan öncə isə o, qonşu respublikadakı fəaliyyətindən söz saldı:

- İki ölkənin təhsil sistemi, eləcə tələbələrin hazırlığı səviyyəsində hansı fərqlər var?

- Dərsi qavrama səviyyəsi, demək olar, eynidir. Lakin tədris sistemi arasında fərq böyükdür. Keyfiyyət məsələsində Kipr öndədir. Əvvəla, onu qeyd edim ki, mənim dərs dediyim universitetdə, söhbət konkret olaraq aktyorlardan gedir, tələbələrin musiqi savadı alması mütləqdir. Onlara notu aşılayırlar. Bizdə isə bu sistem, ümumiyyətlə, yoxdur. İncəsənət Universiteti hələ sovetin qanunları ilə ayaqlaşır, köhnəlikdən çıxa bilmir. Eyni zamanda, orada yazıçılıq fakültəsi var. Hər hansı bir əsərin üzərində necə işləməyin yolları öyrədilir. Lakin bizdə hələ şairlər, yazıçılar üçün tədris fakültəsi tətbiq olunmayıb.

- Sizcə, belə hallar teatr kino sahəsinə təsir göstərir?

- Əlbəttə, göstərir. Bizim teatrların inkişafının aşağı səviyyədə olmasının səbəblərindən biri elə budur. Əsərlər yazılır səhnəyə qoyulur. Amma yadda qalmır. Düşünürəm ki, lazımi şəxslər papaqlarını qarşılarına qoyub yaxşıca düşünməlidirlər. Çünki yazıçı, şair olan bir insanın inkişafı üçün təkcə istedad kifayət deyil.

- Buradan getməyinizə səbəb yuxarıda sadaladığınız problemlərdir?

- Mən burada rahat çalışa bilmirdim. Cəmiyyətdə baş verən hadisələr dörd tərəfimi elə bürümüşdü ki, açıq fikirlə çalışa bilmirdim. Lakin son 3 ildə intensiv fəaliyyətdəyəm. Məni narahat edən heç kim, heç yoxdur. Şəraitim əladır, 4 otaqlı rahat mənzillə təmin olunmuşam. Həftədə mənə 12 saat dərs vaxtı ayrılıb. Qalan saatları balet, simfoniya mahnı yaradıcılığıma ayırıram.

- Konkret hansı əsərlərin adlarını çəkə bilərsiniz?

- Bakıya ötən gəlişimdə haqqında danışdığım "Oğuznamə" baletini artıq yekunlaşdırmışam. İndi isə Nuh peyğəmbərin xeyirxahlığından bəhs edən növbəti balet üzərində çalışıram. Bir müddət əvvəl 4-cü simfoniyanı yekunlaşdırdım. Kiprdə yaşadığım müddətdə Azərbaycan mədəniyyəti üçün çalışmışam. Ekranlardan izlədiyiniz "Cavid ömrü" filminin musiqisi mənə məxsusdur. Eyni zamanda, İrəvan Dövlət Azərbaycan Dram Teatrının "Körpü", Akademik Milli Dram Teatrının isə "Apardı sellər Saranı" tamaşasına musiqilər yazmışam.

- Bakıya birdəfəlik qayıtsanız, həmin ritmdə çalışa bilərsinizmi?

- Bu, şəraitə bağlıdır. Fikir verin, bir insan yaxşı dolanmaq məqsədilə bir gün bir neçə idarə üçün çalışır. Mən vəziyyətin bir o qədər yaxşılaşdığını görə bilmirəm. Əgər burada çalışmağa başlasam, bilirəm ki, yaradıcılığımın nəbzi yenə yavaş vuracaq.

- Mütəxəssislər hesab edirlər ki, kino, teatr sahəsində vəziyyət əvvəlki illərə nisbətən yaxşılaşıb. Siz necə düşünürsünüz?

- Mən belə düşünmürəm. Filmlərin sayı azalıb. Teatrdakı əvvəlki vəziyyət yenə hökm sürür. Kinematoqrafçılar İttifaqının üzvü olaraq vəziyyətlə maraqlanıram. Hələ ki irəliləyiş görə bilmirəm.

- Kiprdə olarkən Azərbaycan telekanallarını izləyirsiniz?

- Yox. Demək olar ki, heç birinə baxmıram. Çünki bizim kanallar sovet dövrünün qalıqlarını hələ üzərindən ata bilməyib. Daha maraqlı olan xarici kanalları izləyirəm. Bizim kanallar boz rəngdə görünür.

- Azərbaycan bu il ikinci dəfə "Eurovision-2009"da çıxış edəcək. Bu istiqamətdə Avropaya çıxışımızı necə qiymətləndirirsiniz?

- Ötənilki iştirakçıları ukraynalı mütəxəssislər hazırlaşdırmışdılar. Builki iştirakçı da eyni xətt üzrə səhnəyə hazırlaşır. Ona görə , heç deyə bilməyəcəyəm. İştirakçının imkanları üzərində yerli mütəxəssislər çalışanda biz müsabiqədə irəlidəki yerlərdən birini tutanda bunu öz qələbəmiz kimi dəyərləndirəcəyəm.

- Mahnı yaradıcılığınızda yenilik var?

- Yeni mahnılar çoxdur. Onları kimlərə təqdim edəcəyim barədə düşünürəm. Ötən ildən Aygün Kazımova üçün bir neçə mahnı yazmışam. Tənbəlliyindən onları yekunlaşdıra bilmir. Bir məqamı diqqətinizə çatdırmaq istəyirəm ki, əksər sənətçilər xalq artisti fəxri adını alandan sonra yaradıcılıq tempini aşağı salır. Əvvəl fəxri ad uğrunda bir-birinin ardınca gecə-gündüz mahnılar oxuyur, maraqlı layihələr həyata keçirirdilər. Fəxri adı qazanandan sonra isə tənbəlləşirlər.

 

 

RƏHİMQIZI Z.

 

Ayna.-2009.-21 fevral.-S.20.