Ənvər SADIQOV: "ÖZÜMÜ ZƏİF HİSS EDƏCƏYİM SAHƏDƏ QALA BİLMƏRƏM"
.
Məşhur ifaçı deyir ki, bir qrup bekarın SMS
səsverməsi estradanın gələcəyini müəyyən
edə bilməz
Robert Şuman deyirdi ki, barmaqlar alətdə beynin istədiyini yaratmalıdır. Ənvər Sadıqovu dinləyəndə açıq-aydın başa düşürəm ki, ənənəvi alət tamamilə başqa cür səslənə bilər.
- Ənvər,
ümumiyyətlə, musiqi sənin üçün nədir?
- Mənə bu sualı ilk dəfə
verirlər. Mən musiqi ilə formalaşmışam...
Valideynlərim deyirdilər ki, uşaqlıqda musiqiyə
çox kəskin reaksiya verirdim, ritmi yaxşı tuturdum,
baxmayaraq ki, indiyədək rəqs edə bilmirəm.
Böyük bacılarım musiqi məktəbinə gedirdilər,
onlar məşğul olanda mən harada səhv etdiklərini
hiss edirdim, pianoya yaxınlaşıb lazımi notu
basırdım.
Bir qədər
böyüdükdən sonra mağazada qarmon gördüm və
özümü saxlaya bilmədim: istəyirəm, vəssalam!
Valideynlərim bunun qəti əleyhinə idilər, gəl bir
olmasınlar - hər ikisi riyaziyyatçıdır, atam MDU-da
oxuyub, təbii ki, öz yeganə oğlunun da taleyini başqa
cür görmək istəyərdi. Ümumiyyətlə, məni
ciddi nizam-intizamla böyüdürdülər, indi belə tərbiyənin
bütün müsbət cəhətlərini aydın
görürəm, yeri gəlmişkən, öz
övladlarıma da tətbiq edirəm, əlbəttə ki,
başqa nəsil olduğuna görə bir qədər fərqli.
Məktəbdə pis oxumurdum, dərslərə tənəffüslərdə
hazırlaşırdım, yaddaşım yaxşı idi, amma
heç nə məni musiqi kimi cəlb etmirdi.
Bir tərəfdən tərbiyə,
digər tərəfdən musiqiyə aludə olmağım məni
küçənin mənfi təsirindən mümkün qədər
təcrid edirdi. Baxmayaraq ki, uşaqlarla futbol, bilyard
oynayırdım, amma ziyanlı şeylərdən
qaçmağım mümkün oldu, məni tamamilə
başqa şeylər maraqlandırırdı. Həmyaşıdlarımdan
çox fərqlənir və özümü məhəllə
uşaqlarının yanında rahat hiss etmirdim. Tədricən
özümü həyatı mənim kimi dərk edən
insanlarla əhatə etdim. Yeri gəlmişkən, onların
çoxuna mən yoldan çıxmağa imkan vermədim. Məsələn,
yaşıdlarımın saatlarla blokun qarşısında
çöməlib oturduğunu görəndə
yaxınlaşıb klubda mənimlə birgə məşq
etməyi təklif edirdim. Beləliklə, tədricən
öz əhatə dairəm yaranır və musiqi qalib gəlirdi.
Musiqi narkotik kimidir, amma xeyirli narkotik.
- Nəticə
əldə etmək üçün hansısa plan qururdun?
- Qətiyyən. O indi belədir
ki, qarşıya müəyyən vəzifə qoyulur, hər
bir janrdakı boşluğu doldurmaq və pul qazanmaq
üçün tam bir texnologiya hazırlanır. Bizim belə
məqsədlərimiz olmayıb, biz pul haqda düşünməmişik
və bilmirdik ki, nə vaxtsa qazana bilərik.
Mən
öz həyatımı proqnozlaşdırsaydım, əsgərliyə
getməzdim. Onda da belə idi, indi də, bir çox
musiqiçilər orduya yararsızlıq kağızı
alırdılar. Mənim görmə qabiliyyətim zəif
olduğu üçün xidmətdən yayına bilərdim,
amma rüşvət vermədim və xidmət çəkməyə
getdim, həm də yaradıcı gücümün
çiçəkləndiyi, inkişaf etdiyi bir vaxtda. İki
il ərzində əllərim daşa döndü və əvvəlki
formanı qaytarmaq mənə çox çətin oldu, demək
olar, sıfırdan başlamalı oldum.
- Və
bundan sonra əfsanələr yaranmağa başladı...
-
Hə, elədir. Az qala əlimdə qarmonla məşq edə-edə
yatmağım kimi. Əslində belə bir şey olmayıb,
ordudan sonra 6 ay gündə 2 saat məşq edərək əvvəlki
vəziyyətimə gəlmişəm. Sonra klubda uşaqlara
dərs deyir və dərslərarası özüm məşq
edirdim. Sadəcə olaraq, mən çox səmərəli məşğul
olurdum, praktik olaraq, riyazi hesablamalarla mənə lazım olan
yolları tapır və sonra onları əsərlərimdə
tətbiq edirdim.
Görünür, burada genetika da əhəmiyyətli
rol oynayıb, üstəgəl, əlbəttə ki,
bacarıq. Gənc ifaçılar nəslinin bir
çox nümayəndələri indi 8-10 saat məşq edir
və elə texniki ifa məharətinə nail olurlar ki...
Musiqini dinləyir, kompüterə köçürür,
ifanı təkrarlayır və məndən üç dəfə
sürətlə çalırlar. Amma axı hər şey
sadədir - bir notu, kontrapunktu saxlamaq olar, amma elə şəkildə
ki, ürəyi riqqətə gətirsin. Texnika ilə təəccübləndirmək
olar, amma qəlbi fəth etmək - heç vaxt. Məndə
bu, şüurlu axındır, mən intuitiv olaraq hiss edirəm
ki, lazım olan notu nə vaxt basmaq, nə vaxt dayanmaq
lazımdır...
Görünür, insan belə
doğulmalıdır. Ümumiyyətlə, hiss etmişəm
ki, mənim ifa etdiyim özümün xoşuma gəlirsə,
bu, demək olar, istənilən dinləyicidə təsir
buraxır.
- Sən ifa tərzi
cəhətdən xalq çalğı musiqisində inqilab
etdin. Ümumilikdə, sənin
görünüşün - eynəkli oğlan, ziyalı, daha
çox informasiya texnologiyaları sahəsində
çalışan şəxslərə məxsus siman qarmon
kimi alətlə heç cür uyğunlaşmır...
- Ola bilər ki, elədir.
Baxmayaraq ki, burada aşkar antaqonizm yoxdur. Axı mən
özüm dəyişməmişəm, aləti özümə
uyğunlaşdırmışam. Onu hiss etdiyim kimi səslənməyə
məcbur edirəm. Qarmon çalanlarımıza diqqətlə
qulaq asmışam, gedişləri, ifa tərzlərini təhlil
etmişəm, xalq musiqisinin qarmonda necə səsləndiyini tədqiq
etmişəm... Xalq musiqisi mənim üçün hər
şeyin əsasıdır, uşaqlıqdan onu mənimsəmədən,
janrından asılı olmayaraq, uğurlu musiqiçi olmaq
mümkün deyil.
Prinsipcə, incəsənətdə
artıq hər şey düşünülüb, müəyyən
misilsiz standartlar var, qalan hər şey törəmədir,
buna görə də xalq musiqisinə əsaslanan xəttini və
orijinallığını saxlamalısan. Ümumiyyətlə,
hesab edirəm ki, istənilən ailədə ən azı bir
xalq aləti olmalıdır ki, uşaq onu görsün, daha
yaxşısı isə - eşitsin. Qarmon muğam ahəngi
ilə həm diapazonuna, həm də səslənməsinə
görə yaxşı uzlaşır. Konkret olaraq bu mənim
üçün az oldu, nə isə daha çox şey istəyirdim,
daim axtarışda idim. Paralel
olaraq "Eagles", "ABBA", "İmagination",
"Shakatak", Vaqif Mustafazadənin musiqisini dinləyirdim.
Sonuncu məni valeh edirdi, həmişə
düşünürdüm ki, onun erkən ölümü təbiidir,
çünki o, mümkün olan hər şeyi edib...
İmprovizasiya - ayrıca bir incəsənətdir, uzaqlara
aparan, düşünməyə vadar edən bir incəsənət.
Baxmayaraq ki, "qarmon"
sözü "harmoniya" sözündən əmələ
gəlib, mənə elə gəlir ki, harmoniyanı bu alətdə
ilk olaraq məhz mən tətbiq etmişəm, nə qədər
təvazökarlıqdan uzaq səslənsə də. Harmoniya
mənim nail ola bildiyim bir şeydir, musiqiyə mənim öz
yanaşmamdır.
Gündüz başqa musiqini dinləyir,
axşam toylarda çalırdım, hər dəfə hiss
edirdim ki, mənim çalğım ümumi fonda fərqlənir.
Mənə qulaq asmağa başladılar...
Valeri Kovtunu dinləyir və cidd-cəhdlə
akkordeon ifasını qarmona keçirməyi bacarırdım,
bu isə kifayət qədər çətindir. Nəticədə
o təsadüfən mənim ifamı dinlədi və 2001-ci
ildə "Exo Moskvı" radiosunda bir saatlıq verilişi
mənim yaradıcılığıma həsr etdi.
- Necə
düşünürsən, niyə bizim estradada bu qədər
primitiv mahnı və ifaçılar var?
- Zövqlər dəyişib, bu, dəqiqdir,
müəyyən janr böhranı mövcuddur. Bu təmayül,
demək olar, hər yerdə müşahidə olunur.
Görün dünya estradasında nələr baş verir:
bütün Avropa, Amerika Şərq ritmlərinə
keçib, hələlik bu onlar üçün
maraqlıdır, amma yeni heç nə təklif edilmir. Mənim
subyektiv fikrim belədir ki, incəsənətdə baş verən
proseslər istənilən ölkənin siyasi, iqtisadi vəziyyəti
ilə sıx əlaqədədir. Təəssüf ki, bu,
keçməli olduğumuz hansısa bir mərhələdir,
amma bundan sonra nə gözləmək olar, demək çətindir.
Bəzi ifaçılar istisna olmaqla, dinləməli bir
şey yoxdur, xüsusən də bizim estradada. Bir qrup
bekarın SMS səsverməsi estradanın gələcəyini
müəyyən edə bilməz, bu, sadəcə,
bazardır, zövqlə heç bir əlaqəsi olmayan bazar.
Və burada cinayətkar rolunu primitivlik təbliğ edən
televiziyamız oynayır.
Yalnız muğamımıza görə
rahat ola bilərik. Bu sahədə yaxşı iş
aparılır, mərkəzlər açılır, gözəl
müsabiqələr keçirilir və hər bir yeni
ifaçı nəsli əvvəlkindən daha yaxşı
olur. Əlbəttə, burada müəyyən qanunauyğunluq
var, belə ki, bu musiqinin elə bir mürəkkəb
quruluşu və sarsılmaz üsulları var ki, onlara xələl
gətirmək çətindir.
- Səni çox
vaxt böyük tədbirlərə bütün konsertin
aparıcı musiqiçisi kimi dəvət edirlər...
-
Akkomponement - ağır iş və böyük məsuliyyətdir,
bir növ digərlərini ardınca aparan lokomotivdir. İstənilən
ifaçıya uyğunlaşmaq lazımdır, həm də
elə ki, nöqsanlar hiss olunmasın, bu zaman hər şey digər
alətlərlə həmahəng olmalıdır.
Görünür, məndə alınır.
- Özün nəyi dinləməyi
xoşlayırsan?
- Toylardan sonra tamamilə fərqli
musiqini. Adi vaxtda isə əhvalıma uyğun olaraq həmişə
müxtəlif musiqi dinləyirəm, bəzən, ümumiyyətlə,
heç nə dinləmirəm, maşında musiqini
söndürürəm və sakitlikdən həzz alıram,
amma düzünü deyim, bu, uzunmüddətli olmur. Səssiz
dəli ola bilərəm... Hərdən nə isə dinləyirəm,
beynim isə işləyir, öyrənir. Ümumiyyətlə,
mən kamerton kimi musiqiyə uyğun sazlanıram.
- Toy mərasimlərimiz
niyə belə səviyyədədir?
- Hə, çətin məsələdir.
Təsəvvür edin ki, bəzi valideynlər
övladlarının ən mühüm gününü
unudulmaz etmək üçün toya hədsiz dərəcədə
çox müğənni dəvət edirlər. Əvvəlcə
bizim kollektiv müğənni Abbas Bağırovla birlikdə
30 dəqiqə çıxış edir, sonra mini-disklər,
prodüserlər və cangüdənlərlə birlikdə
müğənnilərin çıxışı
başlayır. Və biz toy prosesinə görə cavabdeh olan
növbətçi musiqiçilər kimi gözləməliyik
ki, 25 disk qurtarsın. Bizim üçün bu, işgəncədir!
Məncə, 10 saat fasiləsiz çalmaq,
yaradıcılıqla məşğul olmaq daha
yaxşıdır, nəinki çoxu səviyyəsiz olan
mahnılara qulaq asmaq. Toy sahibləri isə bizə də,
onlara da az pul vermir.
- Niyə
belə çox alırsınız ki?
- Ehtiyac var, ona görə. Qiymətlər
yüksəkdir, bir də indi harada aşağı qiymət
var ki? İncəsənət adamı üçün istənilən
tədbir xərcdir. Mən konkret olaraq özümü nəzərdə
tutmuram, mən çalğıçıyam, amma mən də
klip çəkməli, CD yazdırmalı, konsertlər təşkil
etməli, vergilər ödəməli oluram. Bütün
bunlar puldur. Niyə musiqiçi
yaradıcılığına görə mükafat
almamalıdır, niyə onun yaxşı maşını,
evi olmamalıdır? Mən təzə-təzə pul
qazanmağa başlayanda bir dəfə toyda ifam
alınmadı. Qonorarımdan imtina etdim, bu pulu götürə
bilməzdim. Digərləri bunu başa düşmədilər,
amma bu mənim üçün ləyaqət məsələsi
idi. Özünü ən sadə şeylərlə təmin
etmək və nəticə əldə etmək
üçün çox işləyən öz qədir-qiymətini
bilir. Məgər musiqiçi həmişə acından
ölməlidir? Sadəcə olaraq, biz göz önündəyik,
rüşvət alanlar isə nəzərə
çarpmırlar. Fərq bundadır. Və hətta bu halda,
şəxsən mən heç vaxt qarşıma var-dövlət
sahibi olmaq məqsədini qoymamışam. Mən az, zəruri
şeylərə şükür edən ailədə tərbiyə
almışam.
- Pərəstişkarlarınla
necə bacarırsan?
-
Çalğıçıların bir qayda olaraq pərəstişkarları
çox olmur. Bu mənada qətiyyən əziyyət çəkmirəm.
Həm də, mən qeyd etdim ki, instrumental musiqini intellektual
insanlar sevir, mahnının sözləri hamıya çata
bilər, instrumental ifanın incəliklərini isə
heç də hamı duymur. Hiss edirsə, bu, mütləq
düşüncəli insandır, qadındırsa, daha da
xoşdur. Xarici görünüşün burada heç bir
rolu yoxdur, həm də mənim gözüm zəif
görür.
- İndi
nə üzərində işləyirsən?
- Bu yaxınlarda "Bizim Cəbiş
müəllim" filmindən Emin Sabitoğlunun ölməz
musiqisinə çəkdirdiyim klipi təqdim etdim və onu 3
il əvvəl dünyadan köçmüş atama ithaf
etdim. Bir çoxları üçün olduğu kimi,
yaxın insanı itirmək böyük sarsıntıdır.
Etiraf edirəm ki, uzun müddət özümə gələ
bilmədim. Buna görə xatirələrimə əsaslanan
klip meydana çıxdı. Disk çıxarmağa
hazırlaşıram, bununla bağlı konsert keçirmək
istəyirəm, amma hələlik orijinal üslub üzərində
işləyirəm, standart, bayağı ssenari istəmirəm.
- Ənvər, özünü
tamamilə realizə edə bilmisən?
- Mən həmişə öyrənirəm...
Sadəcə olaraq, mən sürətlə gedən qatara
çata bildim, çətin də olsa, çatırdım.
Məndə çox şey alınırdı,
düşünürəm ki, məndən yaxşı
riyaziyyatçı da çıxardı. Amma musiqi məni,
bütün fikirlərimi tamamilə zəbt edən bir şey
idi. İstənilən digər ixtisasda da özümü belə
aparardım, yəni mütləq hansısa nəticələr
əldə etməli idim. Amma özümü zəif hiss edəcəyim
sahədə qala bilmərəm. Ola bilsin, elə buna görə
musiqidə özümü rahat hiss edirəm.
Ayna.-2009.-21
fevral.-S.21.