"HEYİF Kİ, HƏR KƏS
ALLAHIN NEMƏTLƏRİNDƏN ZÖVQ ALMAĞI BACARMIR"
Lalə Məmmədova: "Mən şöhrət
dalınca qaçmamışam, ucuz yollara getməmişəm
və kiminsə yanında başım aşağı
deyil"
"Məktəb illəri",
"Səs", "Bir üzü ağdır, biri qara",
"Kölgən olaram", "Ömür yolları",
"Kim deyir ki", "Oyna, qadası"... Bu mahnılara həyat
verən məlahətli səs sahibi Lalə Məmmədovadır.
Sadədir, kübardır, tərbiyə və mədəniyyət
sahibidir. Bugünkü şou-biznes sferasında öz yeri
olmasına baxmayaraq hər zaman qalmaqallardan qaçıb, sənəti
və ailəsi ilə məşğul olub. Ailəlidir, Nərgiz
adlı gözəl bir balası var. Onun ifa etdiyi "Məktəb
illəri" birinci sinfə gedənlərin və məzunların
himninə çevrilib. Həmkarları da, jurnalistlər də
onu çox sevirlər, bütövlükdə Azərbaycan
xalqı da. Bu sevgini o məhz Lalə Məmmədova
olduğuna görə qazanıb.
- Xoş gördük, Lalə xanım! Bəlkə,
söhbətimizi uşaqlıq xatirələrinizdən
başlayaq? Məsələn, deyə bilərsinizmi ki, Lalə
Məmmədova necə uşaq olub?
- Mən ziyalı ailəsinin
övladıyam və bunun, sözsüz ki, mənim həyata
baxışlarımın düzgün formalaşmasında
çox köməyi olub. Ailədə beş qız
olmuşuq. Çox sakit uşaq olmuşam. Musiqiyə
böyük həvəsim olub. 1-2 il fortepiano sinfinə getsəm
də, sonradan müəlliməm mənə bəzi
iradları tutandan sonra həvəsim öldü. Musiqi məktəbindən
çıxdım, həvəskar kimi ifa etməyə
başladım. Onu da deyim ki, bizim ailədə hamının
musiqidən anlayışı olub.
- Məktəbi
bitirəndə peşə seçimi qarşısında
qaldınız. Niyə məhz Xarici Dillər İnstitutuna
daxil oldunuz?
- Valideynlərim mənim ciddi bir
işlə məşğul olmağımı arzu ediblər.
Onları qınamıram, istər-istəməz gələcəyimi
düşünürdülər. Amma mən Milli
Konservatoriyamızın xanəndəlik sinfini də
bitirmişəm. Çoxlu sənətkarlar var ki, iki peşə
sahibidirlər. Məsələn, Elmira Rəhimova həm
müğənni, həm də ingilis dili müəlliməsi
olub. Həmçinin Xədicə Abbasova, Flora Kərimova həkim
olublar. Xarici dilləri bilməyim xarici səfərlərdə
olanda, hansısa başqa dildə mahnı ifa etməkdə
kömək edir.
Bir əhvalat
yadıma düşdü. Bir dəfə "Tale
yolları" verilişinə çəkilirdim. Bilirsiniz ki,
bu verilişdə daha çox həyatın çətinliklərindən,
sınaqlarından söhbət gedir. Mən də verilişdə
danışmışdım ki, ata-anamın işləməsinə
baxmayaraq təhsil haqqımı özüm vermək istəmişəm.
Bundan əvvəl heç bir restoranda, toyda
çıxış etməyi arzulamamışam. Gedib oxuyub
pul qazanmışam, təhsil haqqımı özüm ödəmişəm.
Həmin verilişdə bunları
danışmışdım.
Verilişdən sonra telefonuma mesaj gəldi.
Bir qız yazırdı: "Bilirəm ki, ürəyiaçıq
insansınız, mənim sizin köməyinizə ehtiyacım
var". Üzr istəyirəm, elə bildim ki, kiminsə səhhətində
ciddi problem var. Yazır ki, anam, atam işləmir, oxuduğum təhsil
ocağına iki min manat borcum var, mənə kömək
edin. Mən lap mat qaldım. Mənim valideynlərim işləsələr
də, mən yenə də pul qazanmağa
çalışmışam, onlara yük olmaq istəməmişəm,
sənə nəyə görə havayı pul verməliyəm,
özü də iki min manat. Hansısa bacarığından
istifadə et, sən də pul qazan.
- Sənətdəki
müəllimləriniz barəsində nələri
danışa bilərsiniz?
- Bu gün Lalə Məmmədovaya
müraciət edən bəstəkarlar, şairlər,
musiqiçilər çoxdur. Amma Lalə Məmmədova səhnədə
ilk addımlarını atanda belə deyildi. Ona inanan bir insan
olub. Həmin insan inanıb ki, məndən yaxşı
musiqiçi çıxa bilər. Bu insan Siyavuş Kərimidir.
Onun məktəbini keçdiyim üçün bu
gün səhnədə möhkəm dururam.
Birinci kursda oxuyurdum. Daim musiqiyə
qulaq asır, informasiya toplayırdım. Bir gün əlimə
kaset düşmüşdü, bir mahnı mənə
çox təsir etdi, Siyavuş Kəriminin "Hiss elə"
mahnısı məni yaman tutdu. O illərdə 20 yanvar,
Xocalı faciələri hamını
sarsıtmışdı. Siyavuş müəllim də təsirlənib
bu mahnını yazmışdı. Mən bu mahnını,
bir neçə başqa mahnını yazdırıb Dövlət
Televiziyasının musiqi redaksiyasına yollandım. O vaxt
orada baş redaktor bəstəkar Ramiz Mirişli idi. Həmin
"Hiss elə" mahnısını Ramiz müəllim mənim
ifamda çox bəyəndi və soruşdu:
"Qızım, necə gözəl ifa etmisən bu
mahnını, onu kimin yazdığını bilirsən? Həmin
mahnını Siyavuş Kərimi yazıb. Get onun
studiyasına və de ki, səni mən yollamışam".
Mən
getdim, amma Ramiz müəllimin adını
utandığımdan çəkmədim. Siyavuş müəllim
əvvəlcə məni bu sənətdən imtina etməyə
razı salmağa çalışdı:
"Görünür ki, məlahətli qızsınız,
niyə bu sənəti seçmisiniz, istər-istəməz
adama ləkə yaxmağa çalışırlar bu sənətdə,
bu sənət qadın üçün çox çətindir".
Mən artıq çantamı götürüb getməyə
hazırlaşırdım, qapı ağzında idim.
Siyavuş müəllim dedi ki, yaxşı, bir gəl oxu,
görək necə oxuyursan. Özü də müşayiət
edirdi məni. Mahnını oxuyub qurtarandan sonra mənə
dedi ki, sizi bu studiyada gözləyirəm".
Bir-iki il heç efirə
çıxmırdım, ancaq hazırlaşırdım. Biz
Siyavuş müəllimlə bir mahnının üzərində
bir neçə ay çalışırdıq. Artıq
hazır olduğum anda efirə çıxdım.
- Efirdə
ilk çıxışınızı
xatırlayırsınız?
- Bu elə bir dövrə təsadüf
edirdi ki, cəbhədən gündə bir xəbər gəlirdi.
Bəzən bir verilişi aylarla təxirə salırdılar.
Mən də hər dəfə qohum-əqrəbanı
yığırdım ki, indi məni göstərəcəklər
(gülür). O vaxtlar çox həvəsli idim. İlk
çıxışım AzTV-də "7-17" adlı
uşaq verilişində olub. Fikrət Əmirovun
"Göygöl" mahnısını ifa etmişdim.
Bu
yaxınlarda əlimə qaval götürüb muğam triosu
ilə səhnəyə çıxmışdım. Tamaşaçılar
çox təəccüblənmişdilər,
çoxları bilmirdi ki, mən xanəndəliyi, Ağaxan
Abdullayevin sinfini bitirmişəm. İndiyədək Zeynəb
Behbudova ilə muğamın incəliklərini öyrənirəm.
Hər zaman öyrənməyə meyilli olan bir insan olmuşam.
Şəxsən mən muğamdan doymuram.
- Müəllimlik
sizə çox yaraşır. Bir müəllim kimi tələbələrdən
razısınızmı?
- Hər
dövrdə savadlı tələbələr də olub,
savadsızlar da. Mən bir məqamdan çox razıyam ki, əvvəllər
tələbələrimizin xaricdə təhsil almaq
şansları çox az idi, bu gün isə gör nə qədər
valideyn övladlarına dəstək olur, onları xaricə
oxumağa yollayır. Mənim həmin gənclərə
böyük ümidim var. Əvvəllər Neft
Akademiyasını bitirən gənclər, məsələn,
Neft Daşlarında çalışardılar, bu isə bu
ali məktəbin məzunları bir çox xarici şirkətlərdə
işləyirlər. Əgər bu gün işsizlikdən
şikayət edən bəzi insanların üzünə
baxsaq, görəcəyik ki, həmin simada tənbəllik ifadəsi
var, işləmək istəyən insan işsiz qalmaz.
İndi heç tanışlıqla da iş düzəlmir,
hansı şirkətə lazımsız, bacarıqsız kadr
lazımdır?! Gec-tez həmin bacarıqsız kadrın yerini
işi bilən adam tutacaq.
- "Məktəb illəri" məktəbi
bitirən şagirdlərin himninə çevrilib...
-
Mahnı 1998-99-cu illərdə yaranıb. Bu mahnıdan əvvəl
də Aygün Səmədzadənin başqa bir
mahnısını ifa etmişdim. Bir dəfə Aygün
xanım Siyavuş Kəriminin studiyasına gəlmişdi.
Siyavuş müəllim mahnıya qulaq asdı və o da,
Aygün xanım da mahnını mənim səsimə
yaraşdırdılar. Hələ onda məni
tamaşaçılar tanımırdılar. Allah 190 nömrəli
məktəbin keçmiş direktoru Sona xanıma rəhmət
eləsin, bu mahnıya klip çəkilişini öz üzərinə
götürmüşdü. Bu mahnı ilə bağlı mənim
ayrı xatirələrim var. Tamaşaçılar məni bu
mahnı ilə ona görə yadda saxlayıblar ki, "Məktəb
illəri"nə ürəyimi qoymuşdum. Onu ifa edəndə
20 yanvar hadisələri, müharibə gözümün
qarşısında idi. Məktəbi bitirmiş və bitirə
bilməmiş yüzlərlə məktəblimiz, gənclərimiz
həlak olmuşdu. Mən bu acıları, ağrıları
hiss edirdim, ona görə də bu mahnı belə
alınıb.
- Bexer
söyləyib: "Nə vaxt ki qəmginsən, işlə,
bu, kədəri qovmaq üçün yeganə vasitədir. Heç
nə adamı cansıxıcı boşluqdan iş qədər
xilas etmir". Bu fikirlə razısınızmı? Bəs
sizin üçün iş nə deməkdir?
- Çox düzgün deyilmiş
bir fikirdir. Sara Bernar söyləyib ki, xoşbəxt o sənətkardır
ki, insanları öz ifası ilə xırda-xuruş problemlərdən
azad eləsin. Hər kəs öz işinin peşəkarı
olmalıdır. Öz işini bilən insan hər zaman
uğur qazanır. Mütaliə, iş mütləq
insanın həyatında olmalıdır. - "Nahar zamanı
musiqi həm musiqiçi üçün, həm də
aşpaz üçün təhqirdir". Siz buna necə
baxırsınız? - Hər bir əhval-ruhiyyənin öz
musiqisi var. Səhər insan bir musiqini dinləmək istəyir,
axşam isə başqasını. Hətta musiqi terapiyası
mövcuddur, insanı stresdən qoruyur, sağaldır. Yemək
zamanı musiqiyə gəldikdə isə, məncə, insan
gözəl musiqi fonunda çörək yeyirsə, bunun
özü bir harmoniya yaradır. Əlbəttə, çox
ritmik musiqi sədaları altında yediyin yeməyi də həzm
edə bilmirsən. Hər bir şeydə harmoniya
olmalıdır. Elə restoranlar var ki, orada canlı ansambl
musiqi ifa edir, sən isə həm rahat çörək yeyirsən,
həm də söhbət edirsən. Təəssüf ki, belə
restoranlarımız çox azdır.
- Bu il Azərbaycan ikinci dəfə
"Evrovision" mahnı müsabiqəsində iştirak edəcək...
- Həmişə demişəm
ki, bizi kimin təqdim etməsinin fərqi yoxdur, əsas odur ki,
istedadlı, bacarıqlı olsun, bizi layiqincə təmsil
etsin. Fərqi yoxdur birinci, ya onuncu yeri tutacaqsan. Birinci yeri
tutmaq hələ qalib gəlmək demək deyil. Mən Samir və
Elnurun keçənilki çıxışını
çox bəyəndim. Nə olsun ki, səkkizinci yeri tutdular,
gör nə cür yüksək səviyyədə
çıxış etdilər. Builki
iştirakçımız Aysellə
tanışlığımız telefonla baş tutub. O bir dəfə
mənə zəng vurub "Kölgən olaram"
mahnısının "minus" versiyasını istəmişdi,
mən də çox böyük məmnuniyyətlə
vermişdim. Aysel ziyalı ailənin övladıdır, onun
atası mənə Xarici Dillər Universitetində dərs
deyib. Aysel bunu deyəndə çox məmnun qaldım. Mən
Ayselin uğuruna inanıram və ümid edirəm ki, o,
müsabiqədə uğurlu çıxış edəcək.
- "Şöhrət
sərfəli olmayan əmtəədir - qiyməti baha,
özünü də saxlamaq çətindir". Şöhrət sizə həyatda
kömək edir, yoxsa mane olur?
-
Şöhrət insana çox gözəl hisslər bəxş
etməklə yanaşı, insanın azadlığını
əlindən alır. İnsan şöhrət qazandıqca
çox şeylərdən imtina etməli olur. Misal
üçün, mənim ixtiyarım yoxdur ki,
üz-gözümə əl gəzdirməmiş bayıra
çıxıb cəmiyyət içində
görünüm. İlk növbədə mən müğənni-qadınam,
hər zaman formada olmalıyam. Şöhrət mənə
hansısa ticarət mərkəzlərində gedib
alış-veriş etməyə imkan vermir, baxmayaraq ki, bundan
zövq alan insanam. İstər-istəməz hamı mənə
baxır, mən də baxışları tutub öz
qabımda olmuram. Amma, sözsüz ki, şöhrətin də
yaxşı tərəfləri var. Mən həm dövlət
tədbirlərində, həm də orta təbəqədən
olan insanların tədbirlərində hörmətlə və
sevgi ilə qarşılaşıram. Bunları qazanmaq
çox çətindir, elə saxlamaq da. Mən şöhrət
dalınca qaçmamışam, ucuz yollara getməmişəm
və bu gün kiminsə yanında başım
aşağı deyil.
- "Allah çox yatıb bekar gəzən
bəndələrini sevmir". Maşallah,
heç birisini sizə aid etmək olmaz...
- Mən,
ümumiyyətlə, səhərə qədər az qala oyaq
yatıram. Uşaqlı analar gözəl bilirlər ki,
uşaq yerində fırlananda biz bunu hiss edirik. Ona görə
də tam yuxu görmürəm, hissə-hissə yatıram
(gülür). Mən günortaya qədər yatan insanları
başa düşə bilmirəm. İnsan səhər saat
10-dan gec duranda artıq orqanizmində problemlər yaranmağa
başlayır. Axı günorta oyanan insanlar həyatın ən
gözəl anını - günəşin
çıxmasını görmürlərsə, necə
rahat, sağlam və xoşbəxt ola bilərlər?! Onsuz da,
biz dünyadan köçəndən sonra nə qədər
istəyəcəyiksə, o qədər də
yatacağıq. Düzdür, yuxunu heç nə əvəz
etmir, yorğunluğu ancaq yatmaqla aradan qaldırmaq olar, amma hər
şey zamanında və qədərində
yaxşıdır.
- Xoşbəxtliyi
bircə sözlə ifadə edin...
- Xoşbəxtlik BACARIQDIR. Bizə
Allah tərəfindən o qədər nemət verilib ki,
bunlardan zövq almağı bacaran insan, doğrudan da, xoşbəxtdir.
Heyif ki, hər kəs bunu bacarmır. Xoşbəxtliyimi
sevdiyim insanlarımın yanımda olmaqda, onların səsini
duymaqda görürəm.
Sevinc İSMAYIL
Ayna.-2009.-21 fevral.-S.19.