AZƏRBAYCANIN İLK ORDU MARŞI

                                                                                                                                              

Bu, 16 yaşlı bir yeniyetmənin Gəncəyə gəlmiş Nuru Paşaya həsr etdiyi şeirə bəstəkar-tarzən Məşədi Cəmil Əmirovun musiqi yazması ilə yarandı  

                                                                                                                                              

Yenicə yaranmış Azərbaycan Cümhuriyyətinin xilası üçün 1918-ci ilin iyununda Qafqaz İslam Ordusunun hissələri ilə Gəncəyə gəlmiş komandan Nuru Paşa şəhərin mərkəzi hissəsində, Şeyxzamanlıların evində məskunlaşmışdı. Bu da təsadüfi deyildi. Bir qədər əvvəl Gəncə Milli Komitəsinin üzvləri Nağı Şeyxzamanlı Hüsaməddin Tuğac (bu türk polkovnikini gəncəlilər rus əsirliyindən qaçırmışdılar o, komitənin idarə heyətinin aparıcı şəxslərindən biri olmuşdu) Türk hərbi qüvvələrinin Azərbaycana gəlişinin təmin edilməsi məqsədilə Türkiyədə olarkən Ənvər Nuru paşalarla Gəncədəki fəaliyyətin detallarını da müzakirə etmişdilər.

İttihad Tərəqqi uğrunda Gənc Türk Komitəsinin aparıcı simalarından olan paşalar hələ 1905-ci ildən bəri öz Gəncədəki həmfikirləri, sonralar Milli Komitə "Ədəmi-mərkəziyyət firqəsi"ni formalaşdıracaq "Difai" milli təşkilatının üzvləri haqda çox eşitmişdilər. Belə ki, vaxtı ilə sultan rejiminin təqiblərindən qaçan "İttihad Tərəqqi"nin, xüsusən onun gənclər qanadı olan "Türk Ədəmi-mərkəziyyət Liqası"nın üzvləri Gəncədə, öz məsləkdaşlarının yanında sığınacaq tapmışdılar.

Şeyxzamanlıların bacısı Münəvvər xanımın yeniyetmə oğlu, ara-sıra şeirlər yazan Salman dayılarının evində, Nuru Paşanın qarşısında özünün ona həsr etdiyi şeiri oxuyur. Qeyd edək ki, elə şeirdəki misralardan gəncəlilərin Türk ordusunun şanlı döyüş yolu rəşadətindən kifayət qədər hali olduğu sezilir:

 

 Gəncədə çalındı azadlıq suru,

Qovdu ürəklərdən zülməti, qoru,

 Dağıt düşmən quran məkrli toru,

İrəli, irəli, ər Paşam Nuru!

Çanaqqala - nurlu şəhidlik yolu,

 Türk aslanlarının bükülməz qolu,

Allahım, sən özün onları qoru,

 İrəli, irəli, ər Paşam Nuru!

 İstanbuldan gəldin Gəncəyə doğru,

Haydı, gavurlara anlat bu zoru,

Gəncədən Bakıya zəfərdir yolu,

İrəli, irəli, ər paşam Nuru!

 Ər paşam Nuru,

Ər paşam Nuru,

Turanın Aslanı,

 Nər Paşam Nuru!

 

 Yeniyetmə ikən rəşadətli Nuru Paşanı görmüş Salman Əhmədli 70 illik bir ömür yaşayacaq, ədəbiyyat aləmində az-çox tanınacaq, Əhməd Cavad, Hüseyn Cavid kimi şəxsiyyətlərlə dostluq edəcək, Gəncə Pedaqoji Texnikumunda müəllim işləyəcəkdi. Yazıçılar İttifaqının Gəncə şöbəsinin sədr müavini Salman Əhmədli güllələnmiş Mikayıl Müşfiqə şeir həsr etdiyi "Ədəbiyyat qəzeti"nə göndərdiyi üçün repressiya olunaraq ailəsi ilə birgə sürgünə göndəriləcək, oradan döndükdən sonra sovet yarımhəqiqət mühitinə ürək qızdırmadan, sakitcə, cavanlıqda daddığı azadlığın xatirələri ilə yaşayacaq, dünyasının, özünün sufi, "məcnun" ömrünün mənasına çevrilən, fəlsəfi motivlərlə dolu, "Leyli-Məcnun" mənzum romanını arxayın-arxayın, düz 33 il ərzində yazaraq ömrünün sonlarında başa çatdıracaqdı.

 Salman Əhmədli 1902-ci ildə Gəncədə doğulmuşdu. Ziyadoğlular nəslindən olan atası İmamqulu Əhməd oğlu "Difai" milli təşkilatının üzvü idi 1920-ci ildə bolşevik işğalına qarşı Gəncə üsyanında həlak olmuşdu. Anası Münəvvər Saleh bəy qızı Azərbaycan Cümhuriyyətinin tanınmış simalarından olan Nağı bəy Məmmədbağır bəy Şeyxzamanlıların böyük bacısı idi.

Cümhuriyyət qurularkən Salman kifayət qədər yetkin bir gənc idi. Şəhər gimnaziyasını bitirdikdən sonra, hələ 15-16 yaşında ikən Gəncə məktəblərində müəllimlik edirdi. Cümhuriyyətçi dayılarının, onların silahdaşları Nəsib bəy Yusifbəylinin, Xasməmmədli və Ziyadxanlı qardaşlarının, həmin Hüsaməddin Tuğacın (sürgündən qaçırılmış bu türk ordusu polkovnikinin yaralarını Salman öz əlləri ilə sarımışdı) və digərlərinin şəxsiyyətləri gənc Salmanın formalaşmasında dərin izlər buraxmışdı.

O, 1920-ci il bolşevik istilasının əzabını öz üzərində hiss edənlərdən olub. Atasını, dayısı Məmmədbağır bəyi və digər yaxınlarını itirməsi bir yana, özü də Gəncə üsyançılarına yemək apararkən düşmən topunun mərmisinə tuş gəldi. Bədəninin sol tərəfi mərmi qəlpələri ilə doldu. Ağır yaralı, huşunu itirmiş Salmanı qaçhaqaç düşmüş küçələrdən çıxararaq məscidə qoymaq mümkün oldu. Amma əsgərlər məscidə də soxuldular. Salmanı xilas edən onun başının altına qoyulmuş Quran oldu. Bir tatar əsgər bu Kitaba görə onu güllələnməyə qoymadı. Bir neçə gün məsciddə, daha 10-12 gün evdə huşsuz qaldıqdan sonra Salmanda birdən-birə həyat əlamətləri hiss olundu. Ona damcı-damcı bəhməz verməyə başladılar. Məşhur gəncəli həkim Polyakov Salmanın bədənindəki qəlpələrin bəzisini çıxardı. Amma onların bir qismi Gəncə üsyanından yadigar kimi ömrünün sonunadək Salmanın bədənində qaldı. Beləcə, Salman Əhmədli həm hərfi, həm məcazi mənada ürək tərəfi ovulmuş halda sovet dövrünə qədəm qoydu.

Qayıdaq 1918-ci ilin Gəncəsinə. Kifayət qədər tanınmış musiqiçi və tarzən, "Seyfəlmülk" adlı operanın müəllifi, Türkiyədə təcrübə keçmiş və öz təcrübəsini öyrətmiş, oradan ud və kanonu Azərbaycana gətirmiş, Gəncədə ilk musiqi məktəbi açmış, dünya musiqisinə dahi bəstəkar Fikrət Əmirov kimi oğul bəxş etmiş Məşədi Cəmil Əmirov o vaxt şəhərdə bir uşaq xoru da yaratmışdı. Salmanın şeiri Məşədi Cəmilin diqqətini çəkir və ətrafdaki qəhrəmanlıq ab-havası onu şeiri marş halına salmağa sövq edir. Məşədi Cəmil şeirə türk musiqisi motivli bir hava yazır və onu həmin uşaq xoru ilə təntənəli şəraitdə, Bakının alınması uğrunda döyüşlərə yollanan Azərbaycan-Türk əsgərləri qarşısında ifa edir.

 Bu marş 1919-cu il mayın 28-də Gəncədə Cümhuriyyətin bir illiyi münasibətilə təşkil olunmuş şənliklərdə də səslənir. İlk Azərbaycan ordu marşı sayıla biləcək bu əsərin ilk ifaçıları arasında böyük müğənnimiz, o zaman Gəncədə yaşayan gənc Bülbülün də olduğu ehtimal edilir. Salman Əhmədlinin oğlu Bəşir müəllimin söylədiklərindən də bu qənaətə gəlmək olur: "Mənim qardaşım, xalq artisti, mərhum Mobil Əhmədov 1950-ci illərin sonunda Azərbaycan Dövlət Konservatoriyasında milli vokal məktəbimizin banisi, böyük müğənni və pedaqoq, professor Bülbülün tələbəsi idi. Yay tətili zamanı Mobil, həmişə olduğu kimi, Gəncədə idi. Bir gün atam öz yazı dəftərindən əski əlifba ilə yazılmış bir şeiri asta səslə, avazla oxuyaraq Mobilə öyrətdi və ona dedi ki, "bu nəğməni müəllimin Bülbülə oxuyarsan, ancaq elə edərsən ki, nəğməni oxuyarkən yanınızda hökumət adamı olmasın".

Bakıya gedəndən sonra Mobil atam öyrədən həmin nəğməni müəlliminə oxuyur. Bülbül nəğməni dinləyir, təkrarən oxumasını Mobildən istəyir və özü də onunla birlikdə oxuyur. Mobilə deyir ki, "sənin bu nəğmən məni 40 il əvvələ apardı, gəncliyimi xatırladım". Və öz təbirincə "Müğbil, mən onsuz da bilirdim ki, sən mənim gəncliyimlə və taleyimlə bağlı olan müqəddəs Gəncəmdənsən, kimin nəvəsi və kimin oğlu olduğunu isə indi bildim. Bu, Azərbaycanın ilk təntənəli marş nəğmələrindəndir. Musiqisini not yazısına köçürüb Fikrətə (bəstəkar Fikrət Əmirov - red.) vermək lazımdır. Atasından yadigardır" deyib. Mobil söyləyirdi ki, belə də oldu. Mobil və tələbə dostu Firuddin Mehdiyev musiqini nota köçürüblər və Bülbülün telefon zəngindən sonra onu aparıb Fikrət Əmirova veriblər.

Bir qədər sonra Fikrət Əmirov "Azərbaycan kapriççiosu"nu yazdı və həmin nəğmənin intonasiyaları bu əsərdə, eləcə də onun tərtibatı ilə Əhsən Dadaşovun ifa etdiyi "Bayatı-Şiraz" rəngində yer aldı.

 On illərlə yalnız ürəklərdə gəzən bu marşı, nəhayət, Azərbaycan Cümhuriyyətinin 90 illiyinin qeyd olunduğu günlərdə ictimaiyyətin diqqətinə çatdırmağa müvəffəq olduq. Əski əlifba ilə yazılmış saralmış dəftərləri, eləcə də insan yaddaşını söz-söz incələyərək, o şərəfli günlərdən yadigar qalmış bu marşı bərpa etmək mümkün oldu. İlk səsləndiyindən düz 90 il keçdikdən sonra bu təntənəli nəğməni elə həmin Salman Əhmədlinin oğlu, Bəşir Əhmədli gəncəli qocaman tarzən Hüseyn Verdiyevlə birgə ifa etdilər. Həmin səhnəni bu sətirlərin müəllifi olan bəndəniz özünün "Cümhuriyyətə doğru üç addım" adlı sənədli filminə daxil etdi və bu film 2008-ci il mayın 28-də "Space TV" ilə nümayiş olundu.

Fikrimizcə, tarixçəsini nəql etdiyimiz bu ilk ordu marşımıza peşəkar musiqi qurumlarımız tərəfindən də layiqli diqqət göstərilməsi zəruridir.

 

 

MURAD Zakir

 

Ayna.-2009.-28 fevral.-S.19.