Alim
Qasımov yenidən Məcnun olmaq istəyir
Xanəndə bu məşhur
operaya yeni nəfəs gətirmək arzusuna düşüb
Son
günlər "İlahi" adlı yeni mahnısı ilə
musiqi zövqümüzü təzələyən xalq artisti
Alim Qasımov bir sıra yeniliklər iddiasındadır. Bu
mahnı xanəndənin rok janrında göstərə biləcəyi
imkanlarını açdı. Əvvəlcə bu üslubda
oxumaqdan ehtiyat edən A.Qasımov sonradan fikrində
yanıldığını başa düşüb. O, azanla
başlayan həzin musiqini sonda muğamla
yekunlaşdırır. Alim Qasımovun vəd etdiyi kimi
"İlahi"yə klip çəkiləcək.
Ümumiyyətlə isə, xanənədənin yaxın
aylar üçün planları genişdir.
Onun ənənəvi
səfər proqramları bu yay daha sıx olacaq. Eyni zamanda,
Alim Qasımov çoxdan vəd etdiyi "Leyli və Məcnun"
operasını öz ampluasında təqdim etməyi
qarşıya məqsəd qoyub. Vaxtilə Opera və Balet
Teatrında Səkinə İsmayılova, Qəndab Quliyeva, Mələkxanım
Əyyubova kimi muğam ifaçıları ilə bir səhnədə
oxuyan Alim Qasımov artıq yaşının Məcnuna
uyğun olmadığını etiraf edir. Lakin o, fərqli səs
imkanları ilə operaya yeni nəfəs gətirəcəyinə
inanır. Eyni zamanda düşünmür ki, bunu opera
teatrında sərgiləməlidir: "İlin bütün
ayını, demək olar, səfərlərdə oluram.
İnsanlar üçün mənim yerdə oturub
oxumağım maraqlıdır. Lakin bu da nə vaxtsa özəlliyini
itirə biləcək. İstəyirəm, başıma
topladığım geniş kollektivlə birlikdə "Leyli
və Məcnun"a öz aspektimizdən yanaşaq. Mini
tamaşa şəklində hazırlanması
planlaşdırılan əsərin sonradan tənqidə
tuş gəlməməsi üçün bütün məqamlara
diqqətlə yanaşırıq".
Xanəndə
əlavə edir ki, Məcnunu oynamaq üçün
ifaçıda kifayət qədər potensial varsa, bunu sərgiləməlidir.
Tamaşadan söz düşmüşkən, ötən
ayların birində Opera və Balet Teatrına dəvət
olunan yeni ifaçıların eyni tamaşada
debütünü müsbət qiymətləndirir. O,
tamaşaya baxmasa da, ifaçıların istedadları barədə
xəbərdar olduğunu bildirdi: "Son illər xanəndəlik,
ümumiyyətlə, musiqi sənətinə maraq çox
artıb. Vaxt vardı, təsadüfi insanların meydan
oxuduğu barədə tənqidi fikirlər səslənirdi.
Lakin mənim müşahidələrim bunun əksini deyir.
Düzdür, sənətdə təsadüfi insanlar var və
bunlar az deyil. Lakin istedadlar o qədərdir ki, onlar özəlliklə
muğam sənətində istedadsızları kölgədə
qoyublar. Bunun üçün narahat olmağa dəyməz".
Lakin
xanəndə gənc həmkarlarının repertuarı barədə
elə də xoş fikirlər söyləmədi. Onun fikrincə,
xanəndələr ağır muğamlara bir o qədər
yaxın gəlmirlər: "Qəliz və çətin
muğamlar oxumaları məsləhətdir. Çünki asan
işin öhdəsindən hər kəs gələr. Mən
böyük səhnədə ilk addımlarımı atandan
"Simayi-şəms", "Çahargah" və s.
oxuyurdum. Bizim tarixə düşən xanəndələrin,
demək olar, hamısı çətin muğamlara imza
atıb. Hətta bu gün onların adlarının
qarşısında həmin muğamların adları çəkilir".
Xatun
Ayna.-
2009.- 4 iyul.- S.20.