Aktyorların yaradıcılığı elektron layihədə əksini tapacaq
Həmidə Ömərova
belə bir sayt yaradır
Aktyorların yaradıcılığından
bəhs edən portal hazırlanır. Bu işin təşəbbüskarı
xalq artisti Həmidə Ömərovadır.
Aktrisanın məlumatına görə,
sayt Prezident yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
verdiyi qrant hesabına ərsəyə
gətirilir.
Həmidə
xanımın dediyinə görə, bu elektron layihədə əsas
məqsəd Azərbaycan kinosuna xidmət etməkdir. Eyni
zamanda, aktrisa yerli aktyorların ictimaiyyət arasında
geniş tanınmasında, onların haqqında hər
hansı bir xəbərin yayılmasında bu portalın
geniş imkanlar açacağına inanır: "Bir
neçə gün əvvəl portalın ilk hazırlıq
işləri görülüb. Portala bədii tərtibat verməzdən
əvvəl orada toplanmalı olan materialları əldə etməkdir.
Bu məqsədlə bir neçə əməkdaş
bölgələri gəzir və orada fəaliyyət göstərən
aktyor və aktrisaların bioqrafiyaları, fotoları və
portal üçün tələb olan bütün
informasiyaları əldə edir. Digər əməkdaşlar
isə Bakı şəhərində fəaliyyət göstərən
teatrlara baş çəkirlər".
Həmidə
xanımın bildirdiyinə görə, bu proses bitdikdən
sonra işin digər mərhələsi - əlifba
sırası ilə adların
siyahılaşdırılması başlanacaq. Həmidə
Ömərova vacib bir məsələyə də toxundu.
Söylədi ki, zaman keçdikcə bir sıra aktyorların
adları mədəniyyət tarixindən silinməyə
başlayır. Bu isə onlar barədə informasiya
qıtlığından irəli gəlir: "Problemi nəzərə
alıb siyahıya dünyasını dəyişən bir
çox aktyorların adlarını əlavə etmişik. Onlar
haqqında hər hansı bilgi toplamaq bir o qədər asan deyil.
Amma bütün imkanlarımızı səfərbər edib
işin öhdəsindən gəlməyə
çalışırıq. Onu da qeyd edim ki, portalda
aktyorların səhnədə və adi həyatda çəkilmiş
fotoları ilə yanaşı, xüsusi fotoqraf tərəfindən
lentə alınan yeni fotoları əksini tapacaq. Eyni zamanda, səhnə
adamları ilə ayrıca müsahibələr
aparılır ki, bu da onlar haqqında bölməyə rəngarənglik
qatacaq".
Portala
xidmət edən əməkdaşlar bu günlərdə Gəncəyə
və Lənkərana göndəriləcək. Aktrisa bölgə
səfərlərinə gələn ayın sonuna kimi yekun
vurulacağına ümid edir. Sayt iki dildə - Azərbaycan və
ingilis dillərində fəaliyyət göstərəcək.
Həmidə Ömərova hesab edir ki, bu hal onların
geniş miqyasda tanınmasına kömək olacaq.
Z.RÜSTƏM
Ayna.-2009.-4 iyul.-S.21.