Lalə Məmmədova: "Mən
mahnılarımı tək
deyil, yoldaşım
- məsləhətçimlə seçirəm"
"O mənim
mahnılarımın ilk dinləyicisidir. Amma deyim ki, son
söz hər zaman mənim olur, axı mahnıları mən
ifa edirəm"
Sənətçi Lalə Məmmədova sərin Skandinaviya ölkəsi Norveçdən təzəlikcə isti Bakıya dönüb. Onun Norveç, Oslo təəssüratları özlüyündə
maraqlı idi. Söhbətimiz onun yaradıcı həyatının
detalları üzərinə
yönəldi:
- Norveçdən yeni
qayıtmısınız, səfəriniz necə keçdi?
-
Bildiyiniz kimi, mənə Azərbaycan və Norveç Gənclər
Təşkilatı tərəfindən təklif gəlmişdi.
Norveçin Oslo şəhərində Azərbaycan
ifaçılarının ilk dəfə olaraq konsert
proqramı baş tutdu. Siz təsəvvürə belə gətirə
bilməzsiniz ki, orada yaşayan həmvətənlərimiz
musiqimiz üçün necə darıxıb. Mənimlə
birlikdə Rəşad İlyasov, muğam
üçlüyü Sahib Paşazadə, Toğrul Əsədullayev
və Elməddin İbrahimov da bu səfərdə iştirak
edirdilər. Norveçdə təhsil alan tələbələrimizin
mənim mahnılarımı əzbərdən bildiklərini
görəndə çox gözəl hisslər
yaşadım. Əlbəttə, mənə çox
xoşdur ki, dünyanın o başında, Oslo şəhərində
mənim mahnılarımı dinləyirlər. Fəxr edirəm
ki, hökumətimiz savadlı gənclərin dünyanın ən
öndə gedən təhsil ocaqlarında oxuya bilməsi
üçün gözəl şərait yaradıb.
- Siz müğənni
kimi deyil, savadlı bir müəllimə kimi
danışırsınız. Necə oldu ki, bu cür vokal
imkanları ilə Xarici Dillər Universitetinə daxil oldunuz?
- Dillərə mənim həmişə marağım olub. Necə deyərlər, biri o birisinə mane olmur. Bu ali təhsil ocağını bitirən kimi Milli Konservatoriyaya daxil oldum və "xanəndəlik" sinfini bitirdim. Hazırda Milli Konservatoriyada ingilis dilindən dərs deyirəm.
- Müğənni olduğunuz
üçün kimə
borclusunuz?
- İlk öncə atama. O uzun müddət mənə bu sənətdən vaz keçməyi təklif etsə də, sonda mənə dəstək oldu. Müğənni olmağıma görə, əlbəttə, öz müəllimim Siyavuş Kərimiyə də çox minnətdaram.
- Bir neçə il
öncə öz toyunuzda verdiyiniz qısa müsahibədə
belə bir ifadə işlətmişdiniz:
"Mən öz yarımı və gələcək prodüserimi
tapmışam".Doğrudan da, sizin ailə
həyatınız yaradıcılığınıza
çox müsbət
təsir göstərdi.
Yoldaşınız sizi hər yerdə müşayiət
edir və sizin layihələrinizin sponsorluğu ilə məşğul olur.
Maraqlıdır, evlilikdən sonra
oxumağınız üçün
həyat yoldaşınızın
razılığını necə aldınız?
- Sualınıza dəqiq olaraq necə cavab verəcəyimi heç bilmirəm. Təkcə onu söyləyə bilərəm ki, mən öz yarımı tapdım və biz, həqiqətən də, qəlbən bir-birimizə çox yaxınıq. O, evliliyimizdən sonra öz fikrini dəyişə və məni dəstəkləməyə, oxumağıma icazə verməyə də bilərdi. Mən isə səhnəyə görə ailəmi dağıtmazdım. Hər insanın həyatda öz prinsipləri və istəkləri var. Subaylara isə məsləhətim odur ki, tələsməsinlər. Nikah haqqında yetkinlik dövründə fikirləşmək lazımdır. Gənclərimizin bir çoxu ailə həyatını 17-18 yaşında qurur və həmin ailənin təməli çox vaxt heç də möhkəm olmur.
- Lalə Məmmədova
həmkar dostları haqqında nə söyləyə bilər?
- Mənim incəsənət sahəsində
bir çox həmkar dostlarım var və mən
yoldaşımla birgə
onlarla ailəvi dostuq. Məsələn, əsl Azərbaycan
xanımları hesab etdiyim Samirə və Tünzalənin, həmçinin Elman Rəfiyevin
və Rahib Azərinin ailəsi ilə.
- Elə bir hadisə
baş veribmi ki, sizi qalmaqala çəkməyə
çalışıblar? Olubsa, siz bu vəziyyətdən necə
çıxmısınız?
-
Bu cür hallar çox olub. Bəzən elə olub ki, məni
hətta çox ciddi qalmaqallara da çəkmək istəyiblər.
Amma mən, sadəcə olaraq, buna əhəmiyyət verməmişəm
və hər şey zamanla ötüşüb gedib.
- Deyirlər ki,
yaxşı aktyor üçün pis rol yoxdur, bəs
ifaçılar üçün? Mahnılarınızı
hansı meyarlar üzrə seçirsiniz?
-
Mən mahnılarımı tək deyil, yoldaşım - məsləhətçimlə
seçirəm. O mənim mahnılarımın ilk dinləyicisidir.
Amma deyim ki, son söz hər zaman mənim olur, axı
mahnıları mən ifa edirəm. Mən repertuarda janr
müxtəlifliyinə üstünlük verirəm. Bildiyiniz
kimi, repertuarımda müxtəlif istiqamətli və
janrlı mahnılar var.
- Repertuarınızda elə
mahnı varmı ki, onu öz həyatınıza aid edir və
onun məhz sizin üçün yazıldığını
düşünürsünüz?
-
Bəli, məhz mənim üçün yazılan bir
neçə mahnı var. Mən mahnının mətninə
çox ciddi yanaşıram. Hərdən həyat
yoldaşıma deyirəm: "Bu mahnıda hər şey səndən
bəhs edir, mən onu sənin üçün ifa edirəm!"
Mənim üçün yazılan mahnılar
siyahısına, Vüqar Camalzadənin mənə
yazdığı "Ulduz" mahnısını da aid etmək
olar. Bu mahnı ilə mən 2004-cü ildə
"Asiyanın səsi" adlı beynəlxalq müsabiqədə
iştirak etmişəm. İfamdan sonra jurnalistlərin mənə
dediklərini heç bir zaman unutmaram. Onlar mənə:
"Bir çox Qafqaz ifaçılarından fərqli olaraq
mahnını öz dilinizdə oxumanıza baxmayaraq ifanız
sayəsində mahnını tam anlaya bildik" söylədilər.
Bu yarışmada Nursultan Nazarbayev məni "Milli ənənələrə
qarşı gözəl münasibət" adlı diplomla təltif
etdi.
-
Yaradıcılıq
planlarınızdan danışardınız.
-
Payız aylarında xarici ölkələrdən birində
konsert verməyi planlaşdırıram. Amma ölkənin
adını hələ ki açıqlamaq istəmirəm.
Sevinc ISMAYIL
Ayna.-2009.-4 iyul.-S.19.