“Azərbaycan Ordusunun
güclü olduğu sübut edildi”
Dünən
Hərbi Analitik Tədqiqatlar Mərkəzi (HATM) və
Müdafiə və Təhlükəsizlik Sektoruna İctimai Nəzarət
Koalisiyası iyunda Azərbaycanda və ümumilikdə, Cənubi
Qafqazın müdafiə və təhlükəsizlik sektorunda
baş verən proseslərlə bağlı mətbuat
konfransı keçirdi.
IPAP açıqlansa,
ictimaiyyət hakimiyyətə dəstək verəcək
HATM
rəhbəri ehtiyatda olan polkovnik İldırım Məmmədov
iyun ayında Azərbaycanın müdafiə və təhlükəsizlik
sektorunda xeyli sayda diqqətçəkən hadisənin
baş verdiyini dilə gətirdi. Onun sözlərinə
görə, iyun ayı Azərbaycanın NATO ilə əməkdaşlığında
mühüm və əhəmiyyətli dövr oldu. İldırım
Məmmədov bildirdi ki, keçən ay Azərbaycanın iki
böyük şəhərində - Bakı və Gəncədə
ölkəmizin NATO ilə əlaqələrinə dair çoxsaylı
toplantılar, konfranslar, görüşlər keçirilib. Təkcə
iyun ayında Azərbaycan Silahlı Qüvvələrinin
nümayəndələri NATO-nun müxtəlif plan və
proqramlarından irəli gələn 20-yə yaxın beynəlxalq
və ikitərəfli tədbirlərdə iştirak ediblər.
İldırım
Məmmədovun sözlərinə görə, bütün
bunlarla yanaşı, Azərbaycanın ekspert cəmiyyəti,
ictimai təşkilatlar NATO-nun Cənubi Qafqaz, Azərbaycanla
bağlı mövcud və perspektiv siyasətinə dair
müfəssəl bilgilər əldə etməyə nail
olublar. "Son vaxtlar hiss edilir ki, artıq NATO rəsmiləri
Azərbaycanın qeyri-hökumət təşkilatları,
ekspert cəmiyyəti və müstəqil insanlarla təmas
qurmağa daha çox meyil göstərirlər. Bu həm də
Azərbaycanın NATO ilə imzaladığı Fərdi Tərəfdaşlığa
dair Əməliyyat Planı (IPAP) sənədinin müddəalarından
irəli gəlir. Bu sənəddə vətəndaş cəmiyyətinin
fəallaşdırılması kimi müddəalar əksini
tapır", - deyə İldırım Məmmədov
bildirdi.
HATM
ekspertlərinin fikrincə, Azərbaycan hazırda müdafiə
və təhlükəsizlik sektoruna ictimai nəzarət
mexanizmlərinin tətbiqi mərhələsindədir.
"Düşünürük ki, yaxın vaxtlarda bu nəzarət
mexanizmləri qanunvericilik qaydasında gerçəkləşəcək",
- deyə İldırım Məmmədov bildirdi.
Müsahibimiz
iyun ayında Azərbaycanın NATO ilə IPAP sənədi ətrafında
ciddi müzakirələrin aparıldığını
xatırlatdı: "NATO nümayəndələri bu sənədin
bir sıra hissələrinin icmal şəklində ictimaiyyətə
açıqlanması barədə Azərbaycan hakimiyyəti
ilə danışıqlar apardıqlarını və
müsbət razılıq əldə etdiklərini bildirdilər.
Bu səbəbdən ümid edirəm ki, yaxın vaxtlarda
IPAP-la bağlı müəmmalara aydınlıq gətiriləcək".
HATM rəhbərinin fikrincə, hazırda sözügedən
sənədlə bağlı ictimaiyyəti 2 məsələ
düşündürür: "Birincisi, IPAP sənədinin
cəmiyyət üçün qapalılığı nə
vaxta qədər davam edəcək, ikincisi, bu sənəddə
əksini tapan islahatlar nə vaxt yerinə yetiriləcək?".
Onun
sözlərinə görə, IPAP sənədinin
açıqlanması ictimaiyyəti müdafiə və təhlükəsizlik
sektorunda vəziyyəti öyrənməyə
ruhlandıracaq: "Söhbət ictimai fəallıqdan gedir. Sənəd
açıqlandıqdan sonra orada əksini tapan islahatlar
hamıya bəlli olacaq və bu tədbirlərin gerçəkləşməsi
üçün ictimai dəstəyin alınması
mümkün olacaq. Ən əsası, sadə insanlar NATO-ya
inteqrasiyanın, alyans standartlarının tətbiqinin mahiyyətini
anlayacaq, beləliklə, Azərbaycanın NATO ilə əlaqələrinin
perspektivlərinə dair real konturlar yaranacaq".
Taktiki planda Rusiya
Qafqazdan uzaqlaşdırılmalıdır
HATM
rəhbəri iyunun 26-da Ukraynanın Sevastopol şəhərində
keçirilən "Qara dəniz regionu ümumavropa təhlükəsizlik
məkanında: müasir vəziyyət və perspektivlər"
adlı beynəlxalq konfransdan da söhbət açdı. HATM rəhbərinin də qatıldığı
konfransda 9 ölkədən
ekspertlər, nüfuzlu
qurumların rəhbərləri
iştirak edib. İldırım Məmmədovun sözlərinə
görə, tədbirdə
erməni nümayəndələri
də iştirak edib. "Ekspert
David Şahnazaryan ölkəsindəki
ictimai-siyasi vəziyyəti
tənqid etdi.
O
açıq bildirdi ki, onlarda qanunlar işləmir və
hakimiyyəti "qarabağlılar" işğal edib",
- deyə İ.Məmmədov qeyd etdi.
İldırım
Məmmədov tədbirdə Cənubi Qafqaz ölkələrinin
ABŞ, NATO, KTMT, AB ilə mövcud və perspektiv əlaqələrinə
dair məruzə ilə çıxış edib. O,
Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
edilməyənə qədər Qafqazda sülh və sabitliyin
olmayacağını bəyan edib. Azərbaycanlı ekspertin
bu mövzuda fikirləri konfrans iştirakçıları tərəfindən
dəstəklənib.
Ümumi
fikir belə olub ki, Cənubi Qafqazda və Qara dəniz
regionundakı münaqişə ocaqlarının
saxlanmasında Rusiyanın faktik dəstəyi
böyükdür. Kreml bu münaqişələrin tezliklə,
ölkələrin ərazi bütövlüyü çərçivəsində
həllini istəmir, çünki bu, Rusiyanın bölgədə
nüfuzunu itirməsi anlamına gələrdi. İldırım
Məmmədov dedi: "Konfrans
iştirakçılarının əksəriyyəti belə
bir fikir səsləndirdi ki, taktiki planda Rusiyanın bölgəyə
təsir və təzyiqi azaldılmalı və minimuma endirilməlidir.
Bu istiqamətdə NATO və ABŞ-ın üzərinə
böyük məsuliyyət düşür. Yalnız bundan
sonra Cənubi Qafqazın və Qara dəniz regionunun tam
demokratik inkişafından danışmaq
mümkündür".
NATO və ABŞ Rusiya
ilə həlledici savaşa hazırlaşmalıdır
HATM
rəhbəri hesab edir ki, NATO və ABŞ Cənubi Qafqazı
və Qara dəniz regionunu Rusiyanın təsir dairəsindən
çıxarmaq üçün həlledici savaşa
hazırlaşmalıdır. İldırım Məmmədov
bunu belə görür: "Bu savaş ilkin mərhələdə
bölgədəki rus hərbi baza və obyektlərinin - Ermənistandakı
Rusiya hərbi bazasının, Azərbaycandakı Qəbələ
RLS-in, Gürcüstanda işğal etdiyi ərazilərdəki
postlarının, Ukrayna sularındakı donanmanın, Moldova ərazisindəki
obyektlərinin bağlanmasına istiqamətlənməlidir. Region
ölkələri başa düşməlidirlər ki, Rusiya
heç bir zaman onların milli təhlükəsizlik
maraqlarının təminatçısı rolunda
çıxış etməyəcək. Qafqaz və Qara dəniz
regionu ölkələrinin bir yolu var - o da Avroatlantik təhlükəsizlik
sisteminə inteqrasiyadır".
Ekspert
hesab edir ki, bölgə dövlətləri tezliklə
bölgə dövlətlərinin ictimai rəyinin
düzgün yöndə formalaşdırılmasına
çalışmalıdır: "İctimai azmaların
olması tamamilə mümkündür. İnsanları
yanlış yoldan çəkindirmək, düzgün yola
yönləndirmək həmişə vacib addım olub. O səbəbdən
bölgə dövlətləri ictimai rəyin
formalaşdırılmasına vəsait sərf etməlidir".
Azərbaycan ordusunun güclü olduğu sübut edildi
HAT
ekspertləri iyunun 24-də Azərbaycan Silahlı Qüvvələrinin,
Dövlət Sərhəd Xidmətinin və Daxili
Qoşunların birgə taktiki təlimini yüksək qiymətləndirirlər.
Onların fikrincə, bu kimi təlimlər tez-tez keçirilməli
və onun təbliği istiqamətində keyfiyyətli
işlər görülməlidir: "Bir neçə
gün öncə keçirilmiş təlimi çox yüksək
qiymətləndirirəm. İlk dəfə olaraq üç
qoşun növünün bu miqyasda birgə geniş tədbiri
baş tutdu. Düşünürəm ki, Qarabağ
münaqişəsinin nizamlanması çərçivəsində
gedən danışıqlar zamanı Azərbaycan düşmən
tərəfə tez-tez hansı gücə malik olduğunu
xatırlatmalıdır. Məhz bu gücün
nümayişindən sonra düşmən tərəf
yanlış yolda olduğunu anlamağa məcbur olacaq. Son təlimdən
sonra Azərbaycan ordusunun Qafqazın ən güclü ordusu
olduğu sübut edildi".
Fikir
belədir ki, keçirilmiş təlimlə bağlı yeganə
mənfi məqam onun təbliğatının yetərincə
aparılmamasıdır. Təlim başa çatana qədər
onunla bağlı ictimaiyyətə heç bir məlumatın
verilmədiyi bir qədər anlaşılmazdır. Bu kimi təlimləri
bir neçə ay əvvəldən bəyan etmək,
onların canlı yayımla ictimaiyyətə
çatdırmaq zəruridir. Bu insanlarda milli vətənpərvərlik
hisslərinin yüksəlməsinə səbəb olar.
Orduda itkilər davam edir
Dünən
Müdafiə və Təhlükəsizlik Sektoruna İctimai Nəzarət
Koalisiyası 2009-cu ilin 6 ayı ərzində Azərbaycan
silahlı qüvvələrində baş vermiş itkiləri
açıqladı. 2009-cu ilin iyun ayında 2 hərbi
qulluqçumuz həyatını itirib. Ötən ay 2 zabit
yaralanıb və ya xəsarət alıb. Araşdırmalar
göstərir ki, 1 hərbi qulluqçu əməliyyat
zamanı atılan güllədən, digəri isə xəstəlikdən
həyatını itirmişdir.
Belə
ki, iyunun 16-da Müdafiə Nazirliyinin "N" saylı hərbi
hissəsinin giziri 1974-cü il doğumlu Elnur Soltan oğlu
Quliyev küçədə qəflətən ölüb. Dərhal
hadisə yerinə gələn hüquq-mühafizə
orqanları əməkdaşları meyidi müayinədən
keçirmək üçün ekspertizaya aparıblar. Tibbi
ekspertizanın rəyinə görə, gizir infarktdan
dünyasını dəyişib.
İyunun
18-də Cəlilabad rayonu ərazisində sərhəd-keçid
məntəqəsində Dövlət Sərhəd Xidmətinin
hərbi qulluqçuları ilə İran - Azərbaycan sərhədini
keçmək istəyən 5 qaçaqmalçı
arasında silahlı toqquşma olub. Nəticədə Samux
rayon Əhmədbəyli kəndindən hərbi xidmətə
çağırılmış 1990-cı il doğumlu əsgər
İsgəndərov Elton Xaləddin oğlu qəhrəmancasına
şəhid olub, 2 zabit yaralanıb.
Beləliklə,
2009-cu ilin yanvar - iyun aylarında Azərbaycan Silahlı
Qüvvələrində baş vermiş itkilərin ümumi
sayı 32 nəfər təşkil edir. Koalisiyanın məlumatına
görə, itkilərin 11-i döyüş (8-i erməni
gülləsi, 2-si mina partlayışı, 1-i əməliyyat),
qalanları isə qeyri-döyüş itkiləridir. Müvafiq
dövrdə qeyri-nizamnamə hərəkətlərindən
12, xəstəlikdən isə 3 hərbi qulluqçu həyatını
itirmişdir. Yanvar - iyun aylarında 2 hərbi qulluqçunun
intihar etdiyi bildirilir. Bundan başqa, 2 hərbi qulluqçu yol
qəzasından, 2 nəfər isə hələlik naməlum
səbəbdən dünyasını dəyişib.
Ötən
müddətdə həyatını itirən hərbi
qulluqçuların 2-si Dövlət Sərhəd Xidmətinin,
qalanları isə Müdafiə Nazirliyinin hərbi
qulluqçularıdır.
Beləliklə,
silahlı qüvvələrdə qeyri-nizamnamə, intihar
halları və bədbəxt hadisələr artan xətt
üzrə inkişaf edir. Müdafiə və Təhlükəsizlik
Sektoruna İctimai Nəzarət Koalisiyası ekspertlərinin
hesablamalarına görə, 2003-2009-cu illərdə - 78 ay
müddətində Azərbaycan silahlı qüvvələri
ən azı 363 hərbi qulluqçusunu itirib. Onun 145 nəfəri
döyüş (120 nəfəri erməni gülləsi, 21 nəfər
mina və sursat partlayışı, 4 nəfər əməliyyat
tədbirləri) 217 nəfəri isə qeyri-döyüş
(46 nəfər intihar, 29 nəfər qəza, 72 nəfər
qeyri-nizamnamə hərəkətləri, 52 nəfər bədbəxt
hadisələr, 19 nəfər müəmmalı və naməlum
vəziyyətlər) itkiləridir.
Cari
ildə 13 hərbi qulluqçumuz yaralanıb və ya xəsarət
alıb. Ümumilikdə, 2003-cü ildən bəri bu və
digər səbəblərdən yaralanan və xəsarət
alan hərbi qulluqçuların sayı 28 nəfərdən
çoxdur.
İtkilərlə
bağlı rəqəmlər KİV və EİV üzərində
aparılmış monitorinq nəticəsində ortaya
çıxıb.
Tərxis olunmuş əsgərlərə
"yol pulu" verilmir
Koalisiyanın
koordinatoru ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli
bir problemə diqqəti yönəltdi. Onun sözlərinə
görə, "Hərbi qulluqçuların statusu
haqqında" qanunda göstərilib ki, əsgərlərə
tərxis olunan zaman evlərinə qayıtma xərcləri
dövlət hesabına ödənilməlidir. Lakin təcrübə
göstərir ki, bu vəsaitin ödənilməsində əyintilər
var. Yaşar Cəfərli: "Bu məsələ ordu barəsində
cəmiyyətdə mənfi rəy yaranmasına səbəb
ola biləcək əsas problemlərdən biridir. Düşünürəm
ki, tərxis haqqında fərman çıxana qədər əsgərlərin
əşya-əmlak, məzuniyyət, ezamiyyət və s. məsələlərlə
bağlı təminat problemləri həllini
tapmalıdır. Tərxis olunmuş əsgərlərə
"yol pulu"nun verilməsi məsələsi də həll
edilməlidir".
Təbii
ki, əsas problemlərdən biri tərxis olunan hərbi
qulluqçuların vaxtında hərbi hissədən yola
salınması və onun hüquqları ilə
bağlıdır. Bəzən əsgərlər tərxis
barədə göstəriş çıxmasına baxmayaraq
uzun müddət hərbi hissədə saxlanılır ki, bu
da kobud qanun pozuntusu sayılır.
C.SÜMƏRİNLİ
Ayna.-2009.-4 iyul.-S.9.