Ali məktəblərə qəbul imtahanının son qaydaları açıqlandı

 

"Ali məktəblərin bütün ixtisas qrupları üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladığı ballar elan olunduqdan sonra iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılacaq. Tələbə qəbulu müsabiqəsində I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, III ixtisas qrupunda ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər".

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev dünən keçirdiyi mətbuat konfransında məlumat verib. (APA).

Namiq Babayevin sözlərinə görə, Azərbaycan bölməsində III qrupun DT altqrupunda xarici dil fənninə nisbi bal məhdudiyyəti qoyulmur. Eyni zamanda, Azərbaycan Dövlət Aqrar Universitetinin (keçmiş Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) IV qrupa daxil olan ixtisaslara fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir. Onun dediyinə əsasən, ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılması üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Sədr müavini deyib ki, dövlət və özəl ali məktəblərdə qruplar üzrə ümumi müsabiqə vəziyyəti bir yerə qarşı 3,9 abituriyentdir. I qrup üzrə bir yer uğrunda 4,2, II qrup üzrə bir yer uğrunda 3,5, III qrup üzrə bir yer uğrunda 3,8, IV qrup üzrə isə bir yer uğrunda 4,8 abituriyent mübarizə aparacaq. Dövlət ali məktəbləri üzrə isə ümumi müsabiqə vəziyyəti bir yerə qarşı 4,5 (I qrup üzrə 4,4, II qrup üzrə 4,5, III qrup üzrə 4,6, IV qrup üzrə 4,9) abituriyentdir.

Namiq Babayevin sözlərinə görə, qəbul imtahanı verən və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq vaxtda elektron ərizələrinə daxil olub orta ixtisas məktəblərinin ixtisaslarını seçə bilərlər.

Tədbir zamanı digər məsələlər barədə də məlumat verən Namiq Babayevin sözlərinə görə, cari il iyulun 5-də 2009-2010-cu tədris ili üçün ali məktəblərə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə III ixtisas qrupu üzrə qəbul imtahanı Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində keçiriləcək. İmtahanın keçirilməsi üçün Bakı şəhərində 49, Sumqayıt şəhərində 6, Naxçıvan şəhərində isə 3 bina ayrıldığını deyən sədr müavininin dediyinə əsasən, Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən 2430 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 242 imtahan rəhbəri cəlb olunub.

"Bu il III qrup üzrə 35772 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 32535 nəfəri Azərbaycan bölməsinin, 3237 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9220 nəfərini oğlanlar, 26552 nəfərini isə qızlar təşkil edir. 19572 nəfər orta məktəblərin builki məzunu, 15700 nəfər isə əvvəlki illərin məzunudur. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1994-cü ildəndir. Bakı şəhərində 29829 abituriyent, Naxçıvanda 1904 abituriyent, Sumqayıtda isə 4039 abituriyent imtahan verəcək. Bu ixtisas qrupunda 1708 ixtisas üzrə 27 dövlət və 14 özəl ali məktəbdə 29030 plan yeri ayrılıb", -deyə TQDK rəsmisi bildirib.

III qrup üzrə "İmtahana buraxılış vərəqələri"ni almaq üçün abituriyentlərin bu gün saat 17.00-dək vaxtı olduğunu deyən komissiya sədrinin müavini əlavə edib ki, hələ də 2350 abituriyent öz elektron ərizələrinə attestat qiymətlərini daxil etməyib. O, buraxılış rejiminin çox ciddi olacağını və imtahana qadağan olunmuş əşyalarla gələn abituriyentlərin imtahan zalına buraxılmayacağını qeyd edib. Namiq Babayevin sözlərinə görə, imtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq.

Həmin gün saat 19.30-da "Space" telekanalının canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları barədə məlumat veriləcək və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları, eyni zamanda, TQDK-nın internet saytında yerləşdiriləcək. III ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başlanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər.

Komissiya rəsmisinin bildirdiyinə görə, III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 10-dan 17-dək qabiliyyət imtahanı verməlidirlər. Namiq Babayev deyir: "Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizəsində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə III ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə bilərlər".

 

 

TURAL

 

Ayna.-2009.-4 iyul.-S.7.