85 yaşında da çox gənc qalan şairimiz

 

Hüseyn Arif sözü adamları dörd saat yerindən tərpənməyə qoymadı 

                                                                     

Yayın bu istisinə baxmayaraq axşam saat 18- artıq Musiqili Komediya Teatrının zalında oturmağa yer qalmamışdı. Mərhum şairimiz Hüseyn Arifin 85 illiyi törəninə bu qədər adamın toplaşmasını burada bir çoxları onun şəxsiyyətinə poeziyasına marağın hələ güclü qaldığının bir göstəricisi kimi görürdü. Törəndə şairin qızı Zöhrə Hüseynzadə Hüseyn Arif muzeyinin əməkdaşlarının tərtibində "Şeir deyilmi..." adlı bir kitab dağıdıldı. Bu kitaba şairin hikmətli sözləri toplanmışdı. 

Yubiley törənini Hüseyn Arifin ən yaxın dostlarından şair Zəlimxan Yaqub aparmalı imiş. Lakin yurddan kənarda olduğundan onun ricası ilə bu vəzifəni MEA müxbir üzvü, şairin həyat və yaradıcılığına yaxından bələd olan Nizami Cəfərov yerinə yetirməli oldu. Onun bir fikri ilə razılaşmamaq olmazdı: "Hüseyn Arif xalq müdrikliyinin ifadəsidir. Müdriklik müxtəlif olur - intellektual müdriklik, texniki müdriklik... Xalq nə qədər müdrikdirsə, Hüseyn Arif o qədər müdrikdir. Onun poeziyası xalqın düşüncələrinin, ruhunun, dilinin birbaşa ifadəsidir".

 Sənətçilərin və aşıqların ifasında yalnız Hüseyn Arifin sözlərinə yazılmış mahnılar səslənir, qoşmalar oxunurdu. Gülyanaq, Gülyaz Məmmədovalar, Arif Babayev, Ələkram Bayramov, Teymur Mustafayev, Zöhrə Abdullayeva, Aşıq Cahangir, Aşıq Avdı, Aşıq Namiq, Aşıq İlham və başqa sənətçilərin oxuduğu və ötən onilliklərin, elə indinin özünün də sevilən populyar mahnıları yaşlı seyrçiləri xəyalən öz gənclik illərinə qaytarırdı.

 Ciddi və soyuqqanlı bir təhsil işçisi kimi tanıdığımız, TQDK sədri Məleykə Abbaszadədən, doğrusu, ilk dəfəydi bu qədər kövrək bir çıxış dinləyirdim. Demə Məleykə xanım Hüseyn Arifin şeirlərinin çoxunu əzbər bilirmiş. Şair və onun atası mərhum Mehdi Mustafayev yaxın dost imişlər, şair vaxtaşırı onlara qonaq gələrmiş: "Əgər evimizdən saz səsi gəlirdisə, bilirdik ki, Hüseyn əmi bizə qonaq gəlib. Atam deyərdi ki, Hüseyn klassikdir, böyük şairdir. Mübahisə edərdik: "Əgər klassikdirsə, niyə bizim ədəbiyyat kitabında onun adı yoxdur?" - deyə mübahisə etməyə çalışardıq. Atam deyərdi ki, qızım, siz o kitaba fikir verməyin. Onun gerçəkdən böyük şair olduğunu atam və Hüseyn əmi həyatdan gedəndən sonra anladım". Məleykə xanım şairin mənəvi ömrünün uzun olacağına inandığını söylədi.

 Şair Nəriman Həsənzadə, qocaman yazıçı Vidadi Babanlı, filoloq alim Məhərrəm Qasımlı, Qəzənfər Paşayev, xanəndə Arif Babayev, şairlərdən Eyvaz Borçalı, Əlirza Xələfli, bəstəçi Tahir Əkbər unudulmaz Hüseyn Arifdən hərəyə bir kövrək səhifə çevirdilər. "Son əlli ildə yeganə lirik şairdir ki, bu qədər folklorlaşdı. Bu gün Azərbaycanın elə bir kəndi yoxdur ki, orada məclislərdə Hüseyn Arifin bir sözü söylənməsin" - bu sözləri Məhərrəm Qasımlı dedi. "Şeir deyilmi..." hikmətli sözlər toplusuna ön sözü də Məhərrəm müəllim yazmışdır.

 Bəstəçi Tahir Əkbərin Hüseyn Arif və ispan şairi Qarsia Lorka arasındakı paralelləri maraqlı idi. Əgər Qarsia Lorka bir məşhur şeirində "mən öləndən sonra pəncərəmi bağlama" deyirdisə, Hüseyn Arif bir şeirində sevgilisinə "məndən sonra da qapımı bağlı saxlama" deyirdi və bu iki sözün sintezi çox duyğulu idi. Belə bir fikir də deyildi ki, Federiko Qarsia Lorka ispan xalqı üçün gitaranın nə demək olduğudursa" (Lui Araqon), Hüseyn Arif azərbaycanlılar üçün sazın özüdür, saz olan yerdə mütləq Hüseyn Arif də xatırlanacaq.

 Məzmunlu çıxışların, xatirələrin, tez-tez üz tutulan mənalı Hüseyn Arif lətifələrinin, şeirlərin, musiqinin, sazın bir-birini həmahəng şəkildə əvəzləməsi publikanı yorulmağa qoymurdu və adamlar düz dörd saat ərzində yerlərindən tərpənməyərək oturdular. Bu halı bu kimi törənlərdə az-az müşahidə edirik. Çox vaxt adamlar bir az oturub yavaş-yavaş dağılışırlar. Bu dəfə belə olmadı.  

 

 

İ.UMUDLU

 

Ayna.-2009.-11 iyul.-S.20.