Münəvvər Rzayevanın heykəllər və büstlər dünyasından ştrixlər

 

Bu günlərdə İncəsənət Muzeyində əməkdar rəssam, Azərbaycanın ilk monumentalçı qadın heykəltəraşı Münəvvər Rzayevanın 80 illik yubileyinə həsr olunmuş anım mərasimi təqdim olundu. Muzeyin zalında sənətkarın əsərləri, onun həyat və yaradıcılığını əks etdirən fotolar nümayiş olunurdu. Münəvvər xanımın nəvəsi Fidan Mirqədirovanın bizə söylədiklərindən aydın oldu ki, Münəvvər xanımın sənətinə o həyatda olarkən layiq olduğu qiymət verilməyib.

Əməkdar rəssam əslən şuşalı olan Münəvvər Rzayeva (1929-2004) xalça ustası Məcid kişinin ailəsində böyüyüb. 1950-ci ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsini bitirmişdir (N.V.Tomskinin sinfi).

Münəvvər Rzayeva həyatı boyu yüzə qədər müxtəlif səpkili sənət əsəri yaratmış, onlar paytaxtda, ölkənin digər şəhərləri və rayon mərkəzlərində "məskunlaşmış". Bu maraqlı sənətçi 1943-cü ildən müxtəlif sərgilərin iştirakçısı olub. 1953-cü ildən Rəssamlıq İttifaqının üzvü idi. Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü olmuş, AMEA Nizami adına Ədəbiyyat muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərmiş, neçə-neçə heykəltəraşlıq əsərinin ömrünə ömür əlavə etmişdir.

Onun əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyində, AMEA Nizami adına Ədəbiyyat muzeyində, Ordubadi muzeyində, Siyəzən mədəniyyət evində, Bədii Fondda saxlanılır.

Yaradıcılığında ədiblərə xüsusi məhəbbətlə yanaşmışdır. Hüseyn Cavid, Sergey Yesenin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Nazim Hikmətin büstləri onun yaradıcı ömründə ayrıca yer tutur.

Monumental əsərləri az deyil Münəvvər xanımın. Onların siyahısı heç də qısa deyil: 1966-cı ildə İmişlidə Səməd Vurğun, 1969-cu ildə Bakıda Sevil Qazıyeva, 1970-ci ildə Bakıda Mikayıl Müşfiq, 1972-ci ildə Zaqatalada Sevil Qazıyeva, 1973-cü ildə Qubada Sabirin büstü, 1977-ci ildə Mərdəkanda Yesenin, 1983-cü ildə Gəncədə Məhsəti Gəncəvi, 1986-cı ildə Bakıda Ayna Sultanova, 1989-cu ildə Xızı rayonunun Sayadlı kəndində Mikayıl Müşfiq, 1998-ci ildə Gəncədə Nigar Rəfibəyli, 1990-cı ildə Qazaxda Şahnabat Nəsirova onun işləridir.

Münəvvər Rzayevanın ən son əsəri Azərbaycanın Qusar rayonunda yerləşən dağın 3763 m. hündürlüyündəki "Heydər Zirvəsi"nə bərkidilən Azərbaycanın ümumilli lideri Heydər Əliyevin tunc barelyefi (uz. 82 sm., eni 59 sm., çəkisi 42 kq.) olmuşdur. Barelyef 1998-ci ildə mayın 10-da Heydər Əliyevin 75 illik yubileyi münasibətilə alpinistlər dəstəsi tərəfindən fəth edilmiş ən uca dağ zirvəsinə bərkidilmişdir.

Münəvvər Rzayeva 2004-cü il iyun ayının 6-da - öz günündə dünyasını dəyişmişdi. Onu qiyabi olaraq çoxları tanıyırdı. Bəziləri özünü görməsələr də, Münəvvər xanımı onun yaradıcı əllərindən doğmuş, ədəbiləşmiş heykəllərində görürlər. Neçə vaxtdan bəri Bakı, Gəncə, Zaqatala, Quba və digər şəhərlərin küçə və meydanlarını bəzəyən dəyərli şəxsiyyətlərin heykəl və büstlərini öz incə duyumu ilə yaratmışdı bu incə zövqlü sənətkar.

Qadının yaşını deməzlər. Lakin Münəvvər xanım Rzayeva heç kəsdən gizlətmirdi yaşını. Biz də gizlətmirik. Dünyadan bir xanım köçdü. 75 yaşı tamam olan gün torpağa qarışdı. Unudulmaz Müşfiqimizin təbirincə desək, göyərçin əllərilə yaratdığı neçə-neçə əsər qoydu getdi bu dünyada. Təkcə Bakının küçə meydanlarını bu heykəltəraş xanımın üç əsəri bəzəyir.

Gənc ikən qurban getmiş şairin heykəli qoyulacağı yer, mühitlə uyğun düşünülmüş, hətta onun obrazının bütövlüyü, tamlığı üçün seçilmiş qırmızı qranit yaman yerinə düşmüşdü. Cəmi 29 yaşında işgəncələrlə edam edilmiş Mikayıl Müşfiqin çılğın təbiəti, şeirlərində çağlayan Xəzərin dalğaları, küləklərin daradığı qalın saçları qırmızı qranitdən yaxşı hansı materialda öz əksini tapa bilərdi? Bir Azərbaycanda binayi-qədimdən cavan ölən adamın tabutunu qırmızıya bürüyərdilər. Qırmızı cənazə insanın qranitdən yonulması kimi rəmzi məna daşıyır. Mikayıl Müşfiqin Nizami adına Ədəbiyyat Muzeyində saxlanan heykəlində hələ ağzından süd iyi gələn, baş verdiyini anlamayan, lakin gəncliyinin, istedadının qüdrətilə ətrafa qüvvə, işıq saçan bir gəncin portretini yaratmışdı.

Rzayevanın daha bir Müşfiqi şairin doğulduğu Xızı bölgəsinin indi adamsız evsiz olan Sayatlı kəndindədir. Bu heykəl vaxtilə şairin öz əli ilə əkdiyi ağacın yanında qoyulmuşdur.

Münəvvər Rzayevanın keçən əsrlərdə yaşamış qəhrəmanları öz dövrlərinin təqibə məruz qalmış mütəfəkkirləridir. Ədəbiyyat Muzeyində Rzayevanın böyük Nəsiminin qolu bağlı dara çəkildiyi anı təsvir edən bir əsəri nümayiş etdirilir. Onun ətinə işləmiş kəndirlər şair-şəhidi təqib edən cəmiyyətin cəhaləti, quruluşun yasaqları kimi ümumiləşərək metafizik bir rəmzə çevrilir.

Ümumiyyətlə, Münəvvər Rzayevanın yapdığı heykəllərin hər bir detalı obrazın ümumi ideyasının açılmasında fəal iştirak edir. İstər bu Gəncədə üç metr yarım hündürlükdə ucaldılmış şairə Nigar Rəfibəylinin heykəlinin əlləri olsun, istərsə Sergey Yeseninin Mərdəkandakı muzeyində saxlanan, şairin əli ürəyinin üstündə təsvir olunmuş büstü olsun - əllər kompozisiyanın mühüm emosional qayəsini gücləndirməkdə mühüm rol oynayır

Nigar Rəfibəylinin monumentində heykəlin əlləri ətraf mühitlə, tamaşaçı ilə psixoloji təmas yaradırsa, Yesenin büstündə şairin narahat dünyasından, öz-özü ilə olan daxili konfliktlərindən xəbər verir. Şairin artistsayağı ruh yüksəkliyi ilə yapılmış obrazı əlinin hərəkətini tamamlayaraq sanki onun ilham pərisi Aysedora Dunkanın mövcudluğunu da mənəvi şəkildə kompozisiyaya daxil edir. Bu isə heykəlin lirik ovqatını artıraraq tamaşaçını assosiativ duyğulara təhrik edir.

Rzayevanın yaratdığı şairə Məhsəti Gəncəvinin milli Ədəbiyyat muzeyində saxlanan heykəli də öz emosionallığı ilə fərqlənir. Sufi təəssübkeşlərindən olan şairənin səma rəqslərini adi mütrüb rəqsləri kimi başa düşən nadanların, ilahi eşqi vəsf edən rübailərini dünyəvi duyumların ifadəsi kimi anlayan cahillərin caynağında çırpınan Məhsəti Gəncəvinin daxili təlatümləri sənətkarlıqla verilmişdir. Şairənin klassik yunan heykəllərinin siması tək nurlu sifəti, saç düzümü heykəltəraşın keçdiyi məktəbin kanonlarından yeri gəldikcə məharətlə istifadə etməsinə dəlalət edir. Bununla belə, şairənin oturuşu, gərilmiş qaməti daxilində coşub çağlayan hisslərin ekspressiyasını cilovlamağı bacaran əsl azərbaycanlı qadının təmkinindən xəbər verir.

Rzayevanın bütün heykəllərində olduğu kimi, bu əsərində obrazın etnogenezi ilk baxışdan nəzərə çarpır. Rzayeva öz qəhrəmanlarının milli mənsubiyyətini vurğulamağa zahiri geyim elementlərindən, dekorativ detallardan istifadə etməklə deyil, obrazın mənəvi keyfiyyətləri, kompozisiyanın dinamik özəllikləri vasitəsilə nail olur. Gəncə şəhərində 5 metr yarım hündürlükdə ucaldılmış Məhsəti Gəncəvi monumenti bütün bu məziyyətləri özündə daşıyır.

Münəvvər Rzayeva deyirmiş ki, təkcə Məhsəti Gəncəvinin obrazı onun həyatının 20 ilini aparmışdır. Böyük şairənin dolğun obrazını yaratmaq üçün saysız-hesabsız variantlar işləmişdir. Münəvvər Rzayeva öz əsərlərinin plastikasında bütün detallara diqqətlə yanaşır. Hətta heykəllərdə çox nadir sənətkarların əldə etdiyi gözlərin ifadəliliyinə Münəvvər Rzayeva həmişə nail olur. Monumental heykəllərində belə, obrazların baxışları məkanın, məsafənin genişliyinə üstün gələrək öz iradəsini tamaşaçıya diktə edir. Lakin bu baxışların mənası heykəldən heykələ fərqlənir. Mikayıl Müşfiqin, Ayna Sultanovanın gözlərində donub qalmış qəfil qorxu, anlaşılmazlıq, pambıqyığan maşın sürücüsü olmuş Sevil Qazıyevanın obrazındakı ötkəm, qalib baxışlarla əvəz olunur. Lakin Sevil Qazıyevanın baş yaylığının dekorativ kütləsinin pastamentdən yana sovrulması heykəlin kompozisiyasının fəzada qurulmasını təmin etməklə bərabər, bu qoçaq qızın həyatı ölümü haqqında yığcam təsəvvür yaradır. Axı Sevil Qazıyeva pambıqyığan maşının nasazlığını aradan qaldırarkən baş yaylığı saçları ilə bərabər, maşının sorucu sahəsinə ilişərək qızın ölümünə səbəb olmuşdu. Heykəldə isə dekorativ kütlə şəklində verilmiş həmin yaylığın dinamikası Sevil Qazıyevanın dünyasını dəyişən həmin məşum enerjinin timsalına çevrilmişdir.

Heykəltəraşların çoxunun müyəssər ola bilmədiyi obrazların baxışlarının ifadəliliyində Münəvvər Rzayevanın uğur qazanmasına səbəb, bəlkə , onun körpəlikdən düşüncəli, tədbirli insanların arasında böyüməsi idi. Əsl-nəcabəti Qarabağ xanlarına bağlanan bu maraqlı heykəltəraşı istər yaşlı, istərsə gənc nəsil arasında daim ağıllı insanların baxışları əhatə etmişdi. Nazim Hikmətin bu azərbaycanlı qızın bir sənət adamı kimi biçimlənməsində müstəsna təsiri olmuşdu. keçən yüzilin 60-70-ci illərində keçmiş Sovetlər Birliyində qaynayıb-qarışan müxtəlif millətlərin öncül nümayəndələrinin yaratdığı intellektual ab-havanın Münəvvər Rzayevanın yaradıcılığına təsiri az deyildi. Odur ki, Münəvvər Rzayevanın hər cür təqiblərə, təcavüzlərə məruz qalmış qəhrəmanları da bu intellektin ziyasından, dərinliyindən su içmiş obrazlardır.

 

 

Sevinc İSMAYIL

 

Ayna.-2009.-11 iyul.-S.19.