“Yarımçıq əlyazma”
Braziliyada çap olunub
Yazıçı Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı Braziliyada çap olunub. Müəllif bildirib ki, müasir dünya ədəbiyyatının ən zəngin qollarından birini təşkil edən Latın Amerikası ədəbiyyatı ilk dəfə olaraq öz coğrafiyasında Azərbaycan ədəbiyyatının təmsilçisi ilə görüşür və bu görüş onların öz təşəbbüsü ilə baş tutur. Nəfis tərtibatla nəşr olunmuş, portuqal dilində "O manuscritio inacabado" kimi səslənən kitabın ön sözündə Paraiba Universitetinin professoru, müqayisəli ədəbiyyatşünaslıq üzrə dünyada tanınmış mütəxəssis Sutxa Svarnaka yazır: "Mən Azərbaycan xalqının miflərindən bəhs edən bu əsərin tərcüməsindən çox məmnun qaldım. Qələmə aldığı hekayə, şeir və romanları, dram əsərləri dünyanın bir çox dillərinə tərcümə edilmiş və uğurla səhnələşdirilmiş bu dünyamiqyaslı yazıçının son dərəcə maraqlı "Yarımçıq əlyazma" romanı Braziliya oxucusunun da qəlbinə yol tapacaq. Boynuma alıram ki, bundan öncə Azərbaycan və onun mədəniyyəti haqqında çox az şey bilirdim. Mən özüm üçün yeni bir dünya kəşf etmiş oldum".
Kamal Abdulla "Yarımçıq əlyazma"nın Braziliyada nəşr olunmasını onu bir müəllif kimi çox sevindirdiyini vurğulayıb: "Daha çox bir məqamdan məmnunam. Bu da Azərbaycan ədəbiyyatının Latın Amerikasına ilk gəlişinin məhz Dədə Qorqud mövzusu ilə bağlı olmasıdır".
Əsəri portuqal dilinə
Umberto Luis Lima de Oliveira tərcümə edib. "Yarımçıq
əlyazma" romanını
ilk dəfə fransızca
nəşr etmək təşəbbüsü ilə
çıxış edən
Fransanın nüfuzlu
"L.Harmattan" nəşriyyatı
olub. Bunun ardınca rus
dilinə tərcümə
olunaraq dünyaca məşhur ədəbiyyatşünas-filosof
Lev Anninskinin ön sözüylə Moskvanın
"Xronikyor" nəşriyyatında
nəfis şəkildə
çap olunub. Rusiyanın
"İnostrannaya literatura"
jurnalı öz tarixində ilk dəfə
postsovet məkanından
olan yazıçının
əsərini dəyirmi
masa arxasında müzakirəyə çıxarıb
və müzakirənin
materiallarını öz
səhifələrində çap
etdirib. Sonra isə bu əsər Türkiyədə
nəşr edilib.
Əsərin Yaponiyada
nəşri ilə bağlı da müəllifə təklif
daxil olub və hazırda yapon tərcüməsi üzərində iş gedir. "Yarımçıq əlyazma"
yaxın günlərdə Polşada işıq üzü
görəcək.
XATUN
Ayna.-2009.-11 iyul.-S.20.